Bahar Zamanı. Və Tanrı şahiddi ki, kimsəyə toxunmadım sənə toxunmadığım tək

Və Tanrı şahiddi ki…

Və Tanrı şahiddi ki, səni unutmamışam
Barmağının ucundan dodaqlarına kimi..
Saçlarının qoxusun, əllərinin istisin
Sayaram bir-bir sənə
Hər sözündə neçə ah, neçə köks ötürmə var
Sayaramee istəsən..

Və Tanrı şahiddi ki, o gün bu gündü təkəm
Tək deyirəmee sənə..
Bürünüb yalnızlığın məsumiyyət rənginə
Bozam, siyaham.. azam
Gəlsən gözüm üstəsən..!

Və Tanrı şahiddi ki, kimsəyə toxunmadım
Sənə toxunmadığım tək
Əl-əl, saç-saç yox oldum..
Bəzən hamıya döndüm, bəzən birdən çox oldum
Dağıldım yerə-göyə, özümü söyə -söyə
Dizimə döyə döyə…
Dedilər ki “xəstəsən..”

Və Tanrı şahiddi ki, sonsuzluğa dönüşdün
Bəlkə də bu dünyaya say olmağa gəlmişdin
İki, üç və sairə, yüz yuvarlaq dairə
Ən böyük ortaq bölən..
Məndimeee mən qarabəxt, məndim dərdindən ölən
Saatın, ayın, ilin,
Sən zamanın üstəsən..!

Və Tanrı şahiddi ki, yuxuma dərman qatıb
Gətirmişəm ki ölüm..
Ölümü qatar-qatar ötürmüşəm ki.. ölüm
Ən yüksək mərtəbədə ev tutmuşam ki.. ölüm
Bax anama and olsun sağalmışam ki ölüm..
Sən kefini pozma ha..
Deməsinlər yastasan.

Və Tanrı şahiddi ki, səndən sonra olmadı
Titrəmələr falanlar
40 yaşında doğrular, 3 yaşında yalanlar..
Sən məni anlamazsan, danışsam nə fərqi var
Amma yalan nə deyim..
Amma gəl..! Gəl gör ki var.
Sən ümidin qatili, sən arzunun cəlladı
Sən getməyə ustasan..

Və Tanrı şahiddi ki, səndən sonra öldü ee
Güvən də, etibar da
Nəyim vardısa təmiz, nəyim vardısa məsum
Qalmışdı o bahar da..
Elə bildim sən təksən və belə qalacaqsan
Mənim gözümdən düsüb, mən də doğulacaqsan
Deyirdim ki.. olmaze bir də belə məhəbbət
Hec kimdə tapmadığım əlin, gözlərin, səsin..
Səpilibee aləmə..
Sən indi hər adamda sən indi hər kəsdəsən!
Və tanrı şahiddi ki..
Unudaram.. istəsəm.

 

***

Bir bilet alasan ona çatsan
Baxa gözlərinə deyə “hardasan?”
Susasan.. Soyuqdan tir-tir
Əsəsən..
Öpəsən, öpəsən
Sözün kəsəsən..
Dönəsən başına elə dönəsən
Qayıtdığı yerdə, döndüyü yerdə
(Dönəsən başına elə dönəsən,
Heç belə dönməyib Günəşə Yer də..)
“Darıxdım” deyəsən gülə sözünə
Bağrın çat-çat ola, dilin tutula
Darıxdım deyəsən..
Bu darıxmaqda
Gözlərin həbs ola əlin tutula..
(Çıxa axırına göz baxa- baxa
Ürəyinə girə, ağlında qala)
Kişisən ağrıdan qıvrılma indi
Kişisən.. ağrıma, döz baxa-baxa.
(Düşəsən dünyanın ən pis gününə
Xərçəng taleyinə, ilan ilinə)
Diz çöküb deyəsən
“Bağişla məni”
Bağişla, bağışla məni əlinə..
Qəfil ürəyinin sancısı tuta
Ona nəfəsini qurban kəsəsən
Yara nəfəs nədi, yara səs nədi?
Ümidi kəsəsən, əli kəsəsən..
Ümiddə, arzuda birdən çox ola
Bir sürü kəsəsən, karvan kəsəsən..
Bir bilet alasan, Yara çatasan..
Deyəsən: -Gəlmişəm,
deyim.. gedirəm
Deyim ki “sevgilim, deyim ki yarım
Belə nənəm demiş “qadam” bağişla!
Qanıma qırmızı,gözümə işıq
Ruhuma can verən
Adam bağ-ışla!

 

***

Sən gedərsən arxanca,
sallanıb qalar qolum.
Başımdan örpək düşər,
dodağımdan “Sağ ol”um.
İçim içimi yeyər,
çölüm doymaz özümdən.
Səni daşıyan gəmi
uzaqlaşar gözümdən.
Bir qağayı səsiylə
dəniz danışar, dinər.
Dalğalar mənə gələr
yenə də sənə dönər…
Mən də çəkib gözümü ,
mən də üzüb əlimi
Bilərəm daha yoxsan…
Görüşərik, Kapitan!

Nə limanlar qocalar,
Nə insanlar yorular.
Yenə kimsə qayıdar,
Kimlərsə unudular.
Göz yaşı ayrılıqlar
İntiharlar dənizi.
Gəmilər qovuşdurar,
Sonra ayırar bizi
Sən də çıx göyərtəyə
Bax dənizə darıxsan,
Görüşərik, Kapitan!

Bu necə təsəllidi,
Bu nə biçim yalandı?
Sən görüşərik dedin,
Ürək həmən inandı…
Bilirdim o yolların
Geri dönüşü olmur.
Bilirdim balıqların
Sahildə işi olmur.
Mən yenə də inandım
Baxıb güldüm üzünə
Pıçıldadım astadan
Görüşərik, Kapitan!

Bu dəniz dəli dəniz,
Göz yaşımdan duz alar.
Hər gedənin ardından
Dəniz bir az azalar…
Oxumaz qağayılar
Yaddan çıxar balıqlar.
Gedən gedər… Qayıdan –
Bir gəmi darıxmaqlar…
Belə olmur ayrılıq…
Belə getməzlər, Adam…
Görüşərik, Kapitan!

Səndən sonra neynəyim?
Hara gedim bu gündə?
Dəniz mənim içimdə
Mən dənizin içində.
Öldürüm balıqları,
Qırım qağayıları.
Dənizə yas saxlayım
Hər ilin may ayları…
Deyim, ay atam dəniz,
Anam, bacım, qardaşım,
Dostumdun…Utan dəniz!!!
Bir qız asıb özünü
Kəndiri yosunlardan.
Xəbərdə verəcəklər,
Aç TV-ni birazdan…

Görüşərik, Kapitan!

 

***

Səni kimə tapşırım, səni harda gizlədim?

Səni necə axtarım, səni harda gözlədim?

Bir yağımlıq bulud ol, catlayan torpağıma

Mən səni qışdan qabaq, qardan, yağışdan qabaq,

min ildi ki bitməyən, bitsə də səs etməyən

soyuq savaşdan qabaq

Gözlədimee… gözlədim.

Yenə keçmərəm səndən, sonum ol, sonuncum ol!

Gəl başımın ağrısı, ürəyimdə sancım ol!

Hamı dağılsın getsin, sən yığış gəl birdənəm,

Ovucumun içinə, gözümün bəbəyinə,

Qollarım arasına, gəl, yığış gəl… birdənəm.

Deyim ki, nədi dərdim…

Sən gələnə ölmərəm… çalışaram ölmərəm.

… Gözümü yollarına, saçımı yastığına

İzimi torpağına səpərdimee səpərdim…

Səni mənə gətirən, bu həsrəti bitirən,

Ayağından, əlindən, dizlərindən öpərdim.

 

***

Mən dərdin dərd arısıyam

Dərddən dərd çəkirəm, ata

İçimdə hər gün Aşura

Hər gün qan tökürəm, ata.

Nə əlimdən bir iş gəlir

Nə dost gəlir, nə eş gəlir

Bax, evimə dərviş gəlir

Səcdəyə çökürəm, ata.

Sürgünə gəlmiş əsirdim

Həyat dərsindən kəsildim

Bir vaxt sənə tələsirdim

İndi gecikirəm, ata.

Tək yaşayıb, tək qalıram

Xəstə olub, sağalıram

Yollarına bağ salıram

Ağaclar əkirəm, ata.

 

***

Mən bu bəxti ha boyadım… olmadı

 

Bu nağıl da sona çatdı almasız

Mən gözlədim, kimsə aldı, apardı

Gizlənsəm də lap tanrının yanında

Bu dərd məni gözü yumlu tapardı

 

Düşün, bir də dönüşü yox bu yolun

İpin harda qırılacaq bilmirsən

Get… gedənlər karvanına qoşul get.

Anan çıxıb görəcək ki gəlmisən

 

Qucaqlayıb saçlarını ağlasa

Əlin qalxmaz gözlərini siləsən

Sığallayıb dizlərinin yarasın

Deyəcək ki “nələr gördün bala sən”

 

Deyərsən ki “yer yarıldı, göy düşdü”

Mən bu bəxti ha boyadım… olmadı

Bir boşluq ki oyuq-oyuq açıldı

Ha daşıdım, ha gətirdim, dolmadı.

 

***

Bir avqust səhəri soyuyub tamam

Buz tutdum, günəş də əritməz məni.

Elə kövrəlmişəm, elə qəmginəm

Qayıtsa anam da kiritməz məni..

Çıxıb bu dünyanın lap cızığından

Baxıb görmüşəm ki, o dünya yoxdu

Elə bilmişəm ki, azarlamışam

Üşüyür əllərim, əsir ayağım.

Sürgün yollarına, dustaq gözlərim

Girovdu əllərim, əsir ayağım

Baxıb görmüşəm ki, o dünya yoxdu

Avqustdu… bəs niyə mənə soyuqdu?

Bəs niyə heç kimin xəbəri yoxdu?

Çöldə külək əsir, çöldə tufandı..

Bəlkə də heç kimin xəbəri yoxdu

Tanrı bilir təkcə… mənim havamdı..

Bu dəli küləyin, qərib yağışın

Nəsə bildiyi var, nədisə demir

Bir avqust günündə,bu günəş altda

Qapan öz içinə, yığıl köksünə

Bürün taleyinə… sığın bəxtinə

Dişlə dodağını, qır barmağını

Dola saçlarını, qoluna dola

Did dağıt içini, özünü gəmir

Bu dəli küləyin dəli yağışın

Nəsə bildiyi var… nədisə demir.

Mən belə binədən üzü yolayam

Məni yollar doğub, yollar böyüdüb

Məni daş altında dağ çəkə-çəkə

Həsrət gəvələyib, kədər üyüdüb

Məni bu avqusta, bu soyuğa ver

Uzaq dur birdənəm… əlllərin donar

Bir də elə baxma, bir də danışma

Bir də qucaqlama saçımı elə

Birdə əllərimlə verib əl -ələ

Bir də qurban olum, danışma elə

Axı təzə-təzə soyuqlamışam

Söz vermə günəşi, vəd etmə daha

Uzaq dur, birdənəm əllərin donar

Bu avqust ayında belə havada

Adam ümid edər, adam inanar..

Daha nə ümidəm, daha nə arzu

Yoruldu bu ruhdan, sıxıldı bu can

Səni gözləyəcəm son gücüm ilə

Bu gündən avqustun axırınacan.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Qulu Ağsəs. Özündәn başqa heç kәsi hәrlәmir bu köhnә Yer valı

Şb Sen 14 , 2024
*** Tanımadığım ölkәyә zәng vurub şeir oxuyuram – ovqatımın ad günündә. Bilmirәm, o tәrәfdәki şiddәt altındadı, ya hәzzin üstündә?.. Açılı ağzını görmәdәn, bәrәlә gözünü görmәdәn, telefonda üzündәn şeir oxuyuram – adamın üzünü görmәdәn. …Xәttә hardansa yad sәs qarışır dörd oktavalı: “Özündәn başqa heç kәsi hәrlәmir bu köhnә Yer valı… ”