Araz Əhmədoğlu. Çaqqallıq

(Əmin Hacılının ilk hekayəsi haqqında)

Əmin Hacılı sanki «şairlik»dən umudunu kəsib çağdaş düşüncəni başqalarına çatdırmağın gerçək yolunu nəsr ədəbiyyatında tapıb. O, bu yolu çox fərqli böyük bir addım ilə başlayıb qısa bir hekayədə özündə olan ədəbi çıxarı inanılmaz bir səliqə ilə görgüləşdirir. Bu yaradıcılığın ən gözə çarpan göstərgəsi (nişanəsi) neçə ayrı görgünü qısa bir əsərdə bir arada gətirə bilməsidir. Birinci görgüdə Səfər Çaqqal adlı baş xarakter köynəyinin üstündəki barmaq izinə bənzər quş əkizində sökülməyə başlamış əkizin çıxmış ipinə fikir vermək ilə görgüləndirilir. Ardıcıl olaraq bir geri işıqlandırma ilə bir həftə öncəyə qayıdıb divanın altındakı çaxmağını anımsayır. Üçüncü görgüdə aynada görkəminə göz gəzdirməkdə olan baş xarakter bir daha ikinci geri işıqlandırmayla qaşının tacındakı çapığa dərin daldığına görə unutmuş adını anımsayır. Adı «Səfər Çaqqal»dır. Öz adını tapmış xarakter atasıyla babasının da adlarını anımsayıb anası ölməzdən öncə dədəsinin də adını ondan öyrənməyi düşünür.

Hekayənin bircə arxetipi (archetype) aynadır. İslam düşüncəsində «Hər mömin başqasının aynası» dır. Türk irfan ədəbiyyatında ayna insanı adam edib divlikdən qurtarmasının birinci aracıdır. Nizamı, Əttar, Şəbüstəri, Rumi, Nəimi, Yəsəvi, Nəsimi, Aşıq Paşa, Yunus Əmrə kimi böyüklərimiz hamısı insana aynasını arındırmağı tapşırıb.

«Musa sifət ər aşıq isən, göylüvü arıt;

saf olmayacaq ayinə, didar ələ girməz.»

Yeddi il ardıcıl “New York Times”ın ən çox satılanlar düzməcəsində olan «O dörd anlaşma» əsərində Don Miguel Ruiz yazır: «Hər kəs bir aynadır» Bu baxışda insan, olan nə varsa, zərrəciklərinəcən özünün deyil, onu, eləcə də bütün kainatı yaradan Allaha məxsus olduğuna inanır. İnsan öz aynasında bu gerçəyi görə bilməsə, iblis olar. Karl Qustav Yunqun başlatdığı analitik psixologiya da bu aynanı «kölgə» adıyla tanıyır. Linda Qudmən kimi yazarlar bu metodun şagirdləri sayılır. Hekayənin baş xarakteri Səfər Çaqqal aynasına baxdıqca baxır. Ama nə yazıq kor gözlər aynada görmək istədiklərindən başqa heç nəyi görə bilməz.

Səfər Çaqqal sərçə kimi butadan butaya atlanan birisidir. Öz adını anımsadıqdan sonra ata-babalarının adlarını araşdıraraq öz kimliyini axtarmaq üçün aşıqlığa (quest) çıxmaq istəyir, ancaq onun sərçəlik özəlliyi onu əsl yoldan azğınlığa sürükləyir. Heç yeri olmayan bir fikir onu ardınca çəkib aparır: «Görəsən, çaqqallar neçə il yaşayarlar?» Bu durumda baş xarakterin adının fəlsəfəsi üzə çıxır. Səfərin çaqqallığı azqınlığının qaynağıdır. Çaqqal hara, soy-kökü, kimliyi düşünmək hara?! Bu çaqqalcasına sorğu istər-istəməz oxucunu da ardınca sürükləyərək dördüncü görgünü canlandırır, ancaq çox qarmaşıqdır.

Səfər Çaqqal aynanın qabağındaykən beşinci görgü eşikdən, qapı dalından gələn qadın başmaqları səsi ilə yaranır. Bu görgüdə Səfər əl-ayağını itirib köynəyini tərsə geyinir. Bu xarakter qadına, qadınlıq görsətgələrinə qarşı həssas birisidir. Batı (Qərb) ədəbi yanaşmalarında bu duruma “Edip kompleksi” deyilir. Bu kompleks Səfər Çaqqalda gizli olaraq var. Bu görgüdən sonra o keçmişdən qayıdıb gələcəyə gedir. Bu gediş Səfər Çaqqalın xarakterində heç bir dəyişiklik yaratmadığına görə o dəyişməz/yastı bir karakterdir. O, zibilləri başqaları üçün «ilin ən zibil ödülü» olaraq eşiyə çıxartmaq istəyir. Başqa sözlə «it itliyini tərgitsə də, sümsünməyini tərgitməz» ata sözünün düz olduğunu göstərməyə çalışır. Bu görgüdə hekayənin ikinci xarakteri, Səfər Çaqqalın hələ ölməmiş anası ayaqyalın pillə yolunda oturub. Səfərin daşıdığı zibildən tıncıxmış su damır. O suyun ritmiylə Səfər istədiyi sorğunu yol üstündə ayaqyalın oturmuş anasından soruşur. O düşüncədəki insan sanılmışların yaşamının bircə törətimi zibildir, zibillikdir. Onların keçmişi ilə gələcəyini birləşdirən də zibilin tıncıxmış suyunun ritmidır. Bu imgələr belə bir düşüncə yaradır: Səfər Çaqqalda olan qarmaşıq zibil düşüncələr onun keçmişindən irəli gələn zibillikdir. Bu düşüncədə düzən adlı varlıqdan heç bir iz yoxdur. Bu zibillikdə analar çaqqalların ayağı altında tapdalanmış əzik varlıqlardır. Çünki bu dağınıq düşüncələrin qurduğu uyqarlıq (mədəniyyət) zibilliyin düz özüdür.

Səfər Çaqqalın düşüncəsi köynəyini sökülməkdən qorumaq, başqa sözlə, görkəmini qoruya bilməkdir, ancaq bu hekayədə o bir işi də edə bildiyi görünmür. Bu düşüncə ondan ötəsinə çıxa bilmədiyinə görə Dədə Qorqud yazılarında, türkün aydın düşüncəsində «tanrı haqqı» olan analar ayaq altında ayaqyalın, dəyərsiz varlığa dönüşdürülür. Ən yüksək dəyərləri dəyərsizləşmiş bir kütlənin toplusu ayaq üstə yeriyən ölülər, yaşadıqları ortam isə tam bir zibillikdir.

Bəlkə də, Səfər Çaqqallardan yazmağa bu ədəbiyyat gərəklidir. Mətn bütövlükdə sözün tam anlamında ədəbi bir mətndir. Amma mətni yaradan sözcüklərin ortamı kənd söyləmidir (discourse). Bu gerçək başqa bir gerçək məqamına aparır. Yazarın çıxardan, yetənəkdən öncə daha çox oxumağa ehtiyacı var. Buna baxmayaraq Əmin Hacılını təbrik etməliyik. Günümüzə gərəkli olan ədəbiyyat baxımından demək olar yeni bir yazar dünyamıza gəlməkdədir. Gəlişi uğurlu olsun!

20 Qorapişirən /1403 (11 İyun/2024)

Qaynaqlar

– Nəsimi, S.Ə., Divan, Düzənləyici: Bəhram Əsədi, Urmiyə: Yaz Nəşr, 2019, 1199 s.

– Ruiz D.M., O Dörd Anlaşma, Klifornia: Eymber Əlın yayınları, 1997, 91 s.

– صحيح الجامع – رقم الحديث أو الصفحة: 6655 – أخرجه البزار (6193) ، والطبراني في المعجم األوسط (2114)، وابن عدي في الكامل الضعفاء فی (230/6)

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/08/28/edmund-husserl-kartezian-dusunceleri-10-24/ Məntiqi tədqiqat II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma Giriş (davamı) §4. Məntiqi təəssüratların qrammatik tərəfinə diqqət yetirməyın zəruriliyi Əsas vəziyyətin işlənməsi və hazırlanması üçün məntiqin ehtiyac duyduğu analitik fenomenologiya, hər şeyə, ilk öncə “təsəvvürlərə”, həm də daha yaxın mənada, ifadə əldə etmiş təcəvvürlərə toxunur. Bu kompleks törəmələr […]