Maraqlıdır ki, qadın yazıçıların əksəriyyəti tarixən ilk əsərlərini kişi imzası ilə dərc etdiriblər. 2020-ci ildə təşkil edilmiş “Adını Geri Al” adlı kampaniya nəticəsində kişi təxəllüsü ilə yazan qadın yazıçıların əsərlərindən 25 kitab seçilərək öz “qadın” adları ilə yenidən nəşr edilib. Bu məqalədə ədəbiyyata xüsusi rəng qatan 5 qadın yazıçı barədə məlumat verilir.
Vincent Evinq təxəllüsündən istifadə edən yazar Nihal Yeğinobalı kişi adlarından istifadə edən nadir qadın yazarlardan biridir. O, özünü əvvəllər Vinsent Yuinq adlı Amerika yazıçısı kimi təqdim edib. İlk romanını “Gənc qızlar” adı ilə nəşr etdirib. Bu kitab illər ərzində yenidən nəşr edilir.
O zamanlar gənc qadının seksual məzmunlu roman yazması heç də xoş qarşılanmazdı və nəşri asan olmayacağından kitab sanki tərcümə kimi nəşr olunurdu. Roman psevdotərcümənin məşhur nümunəsidir.
Yeğinobalı “Kadınca” jurnalının 1988-ci il avqust sayında dərc olunan müsahibəsində deyir: “Özümə deyirdim ki, roman yaza bilərəm, amma mənə dedilər ki, “sən hələ gəncsən, böyüyəndə yaza bilərsən”, müxtəlif iradlar. Tərcüməçilik hesabına çörəkpulu qazandığım üçün belə bir təşəbbüsdə iştirak etməyə vaxt ayıra bilmədim. Bir gün nəşriyyatdan mənə dedilər ki, təcili tərcümə lazımdır. Bundan sonra nəşriyyata dedim ki, mən aldığım jurnalda çox yaxşı seriallaşdırılmış Amerika romanı oxumuşam və o romanı tərcümə edə bilərəm. Müəllif hüququ ilə bağlı problemlərin qarşısını almaq üçün tarixi geri köçürdüm və onlar qəbul etdilər. Beləliklə, romanı hər gün, sanki tərcümə edirmiş kimi yazdım. Yazdığım hissəni hər axşam çap etməyə göndərirdim. Ertəsi gün əvvəlki günün son cümləsindən başqa bir şeyim olmayacaqdı. 1,5 aya bitirdim. Bu belə oldu”.
Bütün dünyada tanınan britaniyalı yazıçı Ceyn Osten sadə və düz nəqli, kitablarında hadisələrə fərqli və ironik baxışı ilə yanaşan ən məşhur qadın yazıçılardan biridir. Əsərlərindəki güclü qadın personajları ilə müasir romançılığın nümayəndələrindən biri hesab olunur. Onun “Qürur və Qərəz” kimi də tanınan “Eşq və Qürur” romanı dünya klassiklərindən birinə çevrilmiş şah əsərdir.
İngilis yazıçısı Aqata Kristi detektiv ədəbiyyatının ən önəmli adlarından biri və detektiv Herkül Puaro obrazının yaradıcısıdır. O, Fransada olarkən vaxt keçirmək üçün oxuduğu detektiv hekayələrdən daha yaxşı detektiv hekayələr yaza biləcəyini düşünərək ilk dedektiv romanını “Üslublardakı sirli hadisə”ni yazıb.
Virciniya Vulfun adını çəkmədən bu məqaləni bitirmək mümkün olmazdı. 1882-ci ildə anadan olmuş britaniyalı yazıçı Vulf yazıçılıq karyerasına atasının kitabxanasında özünü təkmilləşdirməklə başlayıb. Feminist və modernist üsluba malik olan müəllif şüur axını texnikasından istifadə edərək yazdığı əsərləri ilə bu gün ən çox oxunan yazarlardan biridir.
Virciniya evdə təhsil aldığı üçün tez-tez ailəsi ilə vaxt keçirir və bu, onun emosional dünyasında və ədəbi üslubunda özünü göstərir. Anası və atasının ölümü Virciniyada təsvirolunmaz emosional zərbə yaradır və onun üçün heç bir şey əvvəlki kimi olmur.
Ömrü boyu psixi depressiyadan xilas olmayan Virciniya Vulf 59 yaşında intihar aktı nəticəsində təəssüf ki, həyatına son qoyub. Virciniyanın melanxolik münasibəti onun əsərlərində də özünü göstərir. Təbii ki, həm əhatə etdiyi mövzular, həm də bədii yazı texnikası onu dövrün digər yazıçılarından fərqləndirir.
“Özünə aid otaq” bəlkə də yazıçı Virciniya Vulfun ən asan və çox oxunan kitabı idi. Çünki mövzu çox konkret idi: Qadın və Ədəbiyyat. Kişilərin yorulmadan qadınlara təkrar etdiyi “əbədi” və “əzici” bir sual var: “Siz də bizim qədər düşünmək qabiliyyətinə malik olduğunuzu iddia edirsiniz. Əgər belədirsə, niyə Şekspir kimi bir dahi yetişdirə bilmədiniz?
Leyla Ərbil Türkiyədə Ədəbiyyat üzrə Nobel Mükafatına namizəd olan ilk qadın kimi bir çox ilklərə imza atıb. 1950-ci illər nəslinin ən nadir yazıçılarından biridir. Sərbəst dili və inqilabi mövqeyi ilə həmişə başqalarından fərqlənib. Leyla Ərbil hətta özünəməxsus durğu işarələri sistemini də inkişaf etdirir.
Ərbili sevməyimizin əsas səbəblərindən biri, onun əsərlərində ailə, qadın, evlilik, seksuallıq kimi “danışmaqdan qorxulan” mövzuları cəsarətlə və kinayə ilə işlətməsidir. Onun 1985-ci ildə nəşr olunan “Qaranlıq günü” romanı, müəllifi tanımaq üçün yaxşı bir başlanğıc kitabı ola bilər.
lent.az