Xuan Severino Mallari – Həmid Piriyevin yeni hekayəsi

Bu hadisə XIX əsrdə Filippində baş verib.

Tarixən Filippin arxipelaqında müxtəlif xalqlar yaşamışdı – aborigenlərdən tutmuş, papuaslara qədər. Tarixin müxtəlif dövrlərində burda çoxlu dövlətlər olmuşdu və hərəsinin də öz dini vardı: büdpərəstlik, buddizm, induizm, islam…

XVI əsrdən başlayaraq ispanlar arxipelaqı işğal etdilər, keçmiş dövlətləri və dinləri ləğv edib katolisizmi yaymağa başladılar. Nəticədə, əhalinin çoxu tezliklə katolik oldu.

Ancaq hər nə qədər olmasa da, köklü əhalidə büdpərəstlik inancları qalmışdı. Gizlətmişdilər, amma tam məhv etməmişdilər.

1785-ci ildə varlı əyalətlərdən birində Xuan Severino Mallari adlı oğlan uşağı doğulmuşdu. Milliyyətcə kapampanqan idi. İspanlar döyüşkənliyinə görə bu xalqı yüksək qiymətləndirirdilər. Hətta ispanlar arasında atalar sözü də yaranmışdı: “Bir kastiliyalı və üç kapampanqan – dörd kastiliyalı edir”. Özü də, onların döyüşkənliyindən istifadə edən təkcə ispanlar deyildi, onlardan qabaq hollandlar da kapampanqan gəncləri məmnuniyyətlə orduya qəbul edirdi.

İspanlar gəlməmişdən Xuan Severinonun doğulduğu yerlərdə bütpərəstlik yox, İslam hökm sürürdü. Amma müsəlmanlıqda da, xristianlıqda da yerli əhalinin gizli bütpərəst inancları vardı.

İspanlar bunu bilirdilər. Ona görə də Filippində bütün rahiblər ispanlar idi. Yerli əhali ilə nə qədər yaxşı əlaqədə olsalar da, hər halda, yerli əhalini belə vacib mövqeləri tutmağa qoymurdular.

Xuan Severino belə şəraitin hökm sürdüyü vaxtda doğulub böyüyür. Uşaqlıdan diribaşlığı və istedadı ilə seçilir.

Maniladakı Kral Universitetinin ilahiyyat fakültəsini uğurla başa vurur və onu rahib köməkçisi vəzifəsinə təyin edirlər. Amma bu cavan oğlanı təmin etmir. Onun öz hədəfi vardı və müstəqil rahib olmaq istəyirdi.

Çox çalışır və nəhayət, buna nail olur. 1809-cu ildə ona rahib rütbəsi verirlər. Mallari Filippin əhalisindən ilk katolik rahib kimi tarixə düşür.

1812-ci ildə isə onu doğma yurduna – Maqalanq şəhərciyinə göndərirlər.

Mallari qısa vaxtda hamının hörmətini qazanır və yerli əhali olan ispan rahiblərə etibar etmədikləri sirrlərini belə verirlər. Axı o özlərindən biri idi…

Kilsə də onun işindən razı idi.

Gözəllik duyumu yüksək səviyyədə olan Mallari həm də rəssamlığı və xəttatlığı bacarırdı. Kilsə üçün yazdığı hesabatları gözəl xətlə yazmaqdan əlavə, əlyazmaların kənarına orta əsr üslubunda rəsmlər də çəkirdi.

Heç nədən narazı deyildi Mallari. Ürəyi istəyən işi, onu sevən və ona etibar edən əhali, üstəlik də, onunla qürur duyan anası!

Düzdür, deyirdilər ki, anasının bir az çatışmazlığı var, üstəlik də, batil inanclara həddindən artıq inanırdı. Amma nə olsun. O da bu cür adamdır da.

Mallarinin şəhərində sakitlik hökm sürürdü. Əhali kilsə ayinlərinə gəlirdi, özünü narahat hiss edənlər rahibin – yəni Mallarinin yanına gəlib günahlarını etiraf edirdi, yüngülləşib gedirdi işinin-gücünün dalınca.

Amma günlərin birində, səhər küçədə tanınmaz hala salınmış meyit tapırlar. Bu hadisə 1816-cı ildə baş verir. İndiyə qədər bu şəhərdə belə şey olmamışdı. Əhali təşvişə düşür, çarə kimi Mallariyə müraciət edirlər. O, kilsədə ayin təşkil edir, camaatı müəyyən qədər sakitləşdirə bilir.

Yerli idarəetmə orqanı qatili tapmaq üçün əl-ayağa düşür, amma heç bir ipucu tapa bilmir. Əvəzində isə təzə meyitlər tapılır. Şəhərin müxtəlif yerlərində. Dəqiq hesablanmış aralıqlarla.

Hər şeyi bunu göstərir ki, şəhərdə silsiləvi qətllər törədən kimsə var…

Şəhərin rahatlığı pozulur, hava qaralandan sonra heç kim küçəyə çıxmağa cəsarət etmir…

Qurbanların sayı isə… artır… Hamısının bədənində və üzündə maçeta izləri…

İspan arxivlərində o hadisə ilə bağlı ətraflı məlumat qalmasa da, vəziyyəti təsəvvür etmək elə də çətin deyil. Şəhər on il qorxu içində yaşayır.

Növbəti kim olacaq?

Harda olacaq?

İdarəetmə orqanları, sadəcə, çiyinlərini çəkirlər. Qatili tapmaq mümkün deyil.

1816-cı ildən 1826-cı ilə qədər əlli yeddi meyit tapılır.

Nəhayət, illərdir gizlədilmiş batil inanclar boy verməyə başlayır… Bəlkə, bu qara ruhların işidir? Axı nağıllarda adamları öldürən ruhlardan söhbət açılır. Görəsən, hansı günahımıza görə bizi belə cəzalandırırlar?

Çarə nədir? Əlbəttə ki, Mallari.

Mallari ata, dua oxu, günahlarımızı bağışla!..

1826-cı ildə camaatın sevimlisi, az qala, xilaskar gözüylə baxdıqları Mallari ata qəflətən xəstələnir. Xəstəliyin simptomlarını və səbəbini bilmirik, bircə bunu bilirik ki, Mallari ata daha vəzifəsini yerinə yetirə bilmirdi.

Onun yanına başqa rahib göndərirlər. Təzə gələn rahib həm ayinləri keçirirdi, həm də xəstəyə qulluq edirdi.

Əlbəttə, bu rahib Mallarinin evinə girib-çıxırdı. Günlərin birində o, Mallarinin anbarında dağ boyda qalaqlanmış qanlı əşyalar və maçetalar tapır.

Rahibin yadına düşür ki, bir neçə aydır bu şəhərə göndərilib, amma o gələndən təzə meyit tapılmayıb.

Yoxsa…

Rahib vaxt itirmədən polisə xəbər verir.

Hər şey aydınlaşır.

Hamının sevdiyi, gözəl xasiyyəti və əl qabiliyyəti olan, gül-çiçək şəkilləri çəkən mehriban Mallari ata manyak qatil imiş! O elə adam idi ki, yüz il qala, heç kim ondan şübhələnməzdi.

Mallari əməlini etiraf edir, kimi harda, necə öldürdüyünü ətraflı danışır.

Səbəb kimi isə anasını göstərir.

Hə, anasını!

Anası bir dəfə möhkəm xəstələnibmiş. Onlar bu qərara gəlirlər ki, yerli cadugərlər onun anasına cadu edib, qara ruhları onun üstünə göndərib. Mallari anasını sağaldıb xilas etmək üçün adam öldürmək qərarına gəlir. Qara ruhlara qan lazım deyil? Olmasın anasının qanı, olsun bir başqasının qanı. Qan qandır da…

Mallarini həbs edirlər. On dörd ildən sonra – 1840-cı ildə isə asırlar.

kulis.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Ç İyl 24 , 2024
Əvvəli: https://klv.az/2024/07/17/edmund-husserl-kartezian-dusunceleri-10-18/  (davamı) Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ § 61. “Psixoloji genezisin” ənənəvi problemləri və onların fenomenologiyada aydınlaşdırılması Biz insan və heyvanın əhatə dünyasında, psixofiziki, fizioloji və psixoloji genezisin məlum təbii elmi problematikası ilə rastlaşırıq. Ona mənəvi genezis problemi də daxildir. O bizə uşağın inkişafı üzrə, hər […]