Nurəddin Ədiloğlu. Danışan tabutlar

 

                                                                          DANIŞAN TABUTLAR

İllər əvvəl Rusiyada qətlə yetirilən həmvətənlərimizin xatirəsinə həsr etdiyim bu hekayətdəki problem bu gün də öz aktuallığını itirməyib.

                                         

…Yayın ilk günü mənim üçün şad xəbərlə də başlaya bilərdi; lap elə qohumlarım kənddən zəng edib xəbər verərdilər ki, böyük bacının oğlu Ceyhunun toyudur, durma gəl! Ya da gözün aydın olsun, Rusiyada həbs olunan ortancıl bacının oğlu Qaraş azadlığa buraxılıb!.. Amma üzüdönüklükdə və zalımlıqda ad çıxarmış çərxi fələk mənimlə çoxdan kəc düşmüşdü, elə öz saydığını sayırdı. Ona görə də bəd xəbərlərə daha öyrəncəliydim. Ürəyimə dammışdı ki, on ildən çox Rusiyada yaşayan bacım oğlu Ceyhun da bəzi dəliqanlı yaşıdları kimi öz əcəli ilə ölmək üçün doğulmayıb! Quş təki qanad açıb Vətəndən uzaqlara gedən belə gənclər elə bil canlarını Tanrının ölüm mələklərinə hədiyyə etməkçün aparmışdılar. Ona görə də tabutları göy üzüylə dönürdü qürbətdən Vətənə. İllah da ki, Ceyhun boy-buxununda, görkəmində olan cavanları mələklər əziz-girami balası kimi sevib əzizləyirdilər. Düzdür, mələklərin övladı olmur. Ona görə əzizləyib oxşadıqları Ceyhunu doğma anasından çox erkən ayırdılar; ruhunu da quş tək ağuşlarına alıb göyə – Tanrının dərgahına apardılar. Görəsən, öz vəzifə borcunu vaxtından qabaq yerinə yetirən ölüm mələyi Tanrının hansı mükafatına layiq görülür? Axı, bu gənclərin ata – analarını, bacı-qardaşlarını, sevgikləri qızları gözü yaşlı qoyan ölüm mələyinin nəyinə gərəkdi belə mükafat?

Qəlbimi ağır nisgil bürümüşdü. İnsan həyatının faniliyi barədə düşüncələr içimə pessimist ab-hava doldurmuşdu. Göy üzündəki buludların da rəngi ağarmışdı. Hüznlə qüruba doğru əyilən Günəş üfüqdən asılmış matam bayrağını xatırladırdı. Ceyhunun tabutunu gətirən təyyarə qəm – qüssəyə qərq olmuş doğma Vətən səmasından pərişanlıqla yerə enirdi. Gözləmə zalında canlama əmələ gəldi. Doğmalarını qarşılamağa gələnlərin əlindəki gül-çiçək dəstələri ötən insanların bir-birinə sevgisindən, arzu-istəklərindən soraq verirdi. Burada elə o gül-çiçək rəngli cib yaylıqları ilə gözlərinin yaşını silənlər də az deyildi. Bu, sevinc yaşlarına bənzəmirdi. Görünür, tabut qarşılamağa gələn tək biz deyildik.

Təyyarədən endirilən iki tabutu yük anbarına apardılar. Amma anbarın həyətində başqa tabutlar da vardı, onları şimal istiqamətindın Bakıya uçan təyyarələr gətirmişdi. Mən Ceyhunun tabutuna baxa-baxa bacımı düşünürdüm. Oğlunun ölümündən xəbərsiz bacım indi, yəqin ki, əkib-becərdiyi bostanı sulayırdı. Neçə vaxt idi ki, Ceyhunla Coşquna yemiş-qarpız payı ayırıb, həsrətlə yollarını gözləyirdi. Bəlkə də, bacım günün bu vədəsi ən çox da Ceyhunu qınayırdı: “Ay saqqalı ağarmış, harda qaldın gəl çıx də! Axı, sənin toy-düyünün olacaq…” Fikirlər ürəyimi yun kimi didirdi. İndi Ceyhunun ölüm xəbərini bacıma necə verim?.. Yük anbarının işçilərindən biri mənim bərk kövrəldiyimi görüb, əlini bir tabuta uzatdı:  – Üçüncü gündür ki, burdadır, hələ də dalınca gələn yoxdur!..

Bəlkə düşünürdü ki, bu sözlər mənə təsəlli olacaq, əksinə, daha da kövrəlib için-için ağladım. Mənə bir an elə gəldi ki, unudulmuş tabut söhbətin onun haqqında getdiyini duyub dillənəcək. Burada nəyə, kimə görə yubanmağının səbəbini, deyəsən, yalnız özü bilirdi. Tabutun üstündə soyadı və göndərildiyi ünvan yazılmışdı. Oxumağa macal tapmamış birdən kimsə əlini çiynimə qoyub xırıltılı səslə dedi: – Başın sağ olsun, adaş! – Bu sözləri deyən hündürboylu, sapsağlam vücudlu kişinin əlləri də tabut kimi ağır idi. O, Ceyhunun tabutu ilə birlikdə gətirilən sink tabutdakı cavanın əmisi olduğunu bildirdi: – Mən qardaşım oğlunun qatilini tanıyıram, bizimkilərdəndi… Qardaşoğlunu Zabratda dəfn edib, qayıdacağam o Xabarovsk xaraba qalmışa, qisasımı almamış geri qayıtmayacağam!..

O, sual yağan gözlərini mənə zillədi. Elə bil uzaq Xabarovskdan Azərbaycana növbəti tabut göndərmək üçün özünə ortaq axtarırdı. Mən anbarın həyətindəki tabutları ona göstərib dedim: – Bəlkə, bu cavanların qatilləri heç o qədər də uzaqda deyil.

Mənə adaş deyən kişi bir anlığa duruxdu, deyəsən, nə demək istədiyimi anlamamışdı. – Axı, bu cavanlar o xaraba dediyin Xabarovsk şəhərinə ölmək üçün deyil, insan kimi yaşamağa getmişdilər, – dedim.

Hava limanında tabut daşımağa vərdiş eləmiş təcili yardım maşınlarının sürücüləri hər ikimizə müştəri gözü ilə baxıb qımışırdılar. Sonra ortaya qəribə sakitlik çökdü. Ancaq mənə elə gəlirdi ki, o səssizlikdə təkcə tabutlar danışırdı.

 BİRİNCİ TABUT: “Kimsə burada qatillərdən söz saldı. Hə, hə, əslində bizim qatillərimiz burada – Vətən, xalq, haqq-ədalət deyə-deyə vəzifə kürsüsünə dırmaşanlardı. Mənim qatillərim vaxtilə bizim kimi gənclərin işlədiyi fabrik-zavodları hərraca qoyub dağıdanlardı… Axı mən Qarabağa göz dikən düşmənlə döyüşlərdə ağır yaralanmışdım. Atəşkəsdən sonra iş üçün ağız açmadığım idarə, təşkilat qalmamışdı. Daş ürəkli əcnəbi patronlar öz Vətənimdə mənə iş vermədilər. Özümüzünkülərsə vicdanları ilə alver edirdilər. Neft daşlarında adi fəhlə işləmək üçün məndən 1500 dollar istədilər. O pulu qazanmaq üçün Rusiyaya üz tutdum. Axırım da belə oldu… Əgər mən burada özümü dolandırmağa iş tapsaydım, Rusiyanın o ucqar şəhərində nə ölüm axtarırdım?!”

İKİNCİ TABUT: “Siz bu dünyanın ən bəxtəvər ölüsüsünüz, xoş olsun o biri dünyadakı halınıza! Sizi heç olmasa torpağa tapşırmaq üçün aparmağa gəliblər. Amma üç gündür ki, burdayam. Məni iyirmi gün əvvəl qədim bir rus şəhərinin bazarında başıqırxıq, gözüqızmış “yeni faşist” ruhlu cavanlar öldürdülər. Kəndimizə teleqram da göndərilib. Ailəmizdə yeganə işləyən, pul qazanan mən idim. Qətlə yetirildiyim şəhərdə bizimkilərin sayı yerli əhalinin sayını ötüb keçirdi. Odur ki, şəhərin qubernatoru qərar vermişdi ki, bizi fabrik-zavodlarda işə qəbul etməsinlər. Mən də bazarda alver eləməyə başladım. Qazancıma o qədər şərik çıxan məmur tapılırdı ki, heç son zamanlar evə  əməlli-başlı pul da yollaya bilmirdim…”

ÜÇÜNCÜ TABUT: “Eh rəhmətliyin oğlu rəhmətlik, bəs sən bilmirsən ki, indi hər yerdə rüşvətxor məmurlar var? Mən də burda öz milli məmurlarımıza pul verməkdən boğaza yığılmışdım. Düzü, mən sizin kimi Qarabağda vuruşmamışam. Ancaq ağlım kəsəndən bilirdim ki, dünyaya səpələnən daşnak törəmələri bizimlə ədalətsiz savaş aparan terrorçulara silah-sursat göndərir. Düşündüm ki, hərəmiz bir daşnak dığasını zavala gətirsək, onda torpaqlarımıza tamah salanların toxumu kəsilər… Mən də eləmədim tənbəllik, bir-iki  daşnakın qulağını çərtib cəzalandırdım. Amma nə faydası, ey mənim axirət yoldaşlarım. Yad millətdən olan qanun keşikçisi mənə aman verdi. Dedi: – Sənin bu cinayət əməlin daşnak cəlladlarının Xocalıda törətdiyi orta əsr vəhşiliyinin yanında nədir ki?!. Get yaşa!.. Əcəb yaşadım! Vay özümüzünkülərin əlindən – axtarış verib məni tapdılar. Dedilər ki, bəyəm sən Allahın bacısı oğlusan? Niyə Rusiya bazarlarında elədiyin qəhrəmanlığı gedib Qarabağda göstərmədin? Dedim əstəğfurullah, mən Allahın bacısı oğlu deyiləm, hələ üstəlik nə nazir oğluyam, nə də deputat-zad qohumum var. Heç məmləkətimizin hərraca qoyulan əmlakından nəslimizə bir tikə də pay düşməyib. Bir halda ki, Vətənin sərvətini yeyib şişən nazir oğulları Qarabağın yolunu tanımır, mənim  kimi kasıb-küsubun qatıldığı müharibənin  nə faydası olacaq? Müharibədə yurdun yerdə dağı-daşı, göydə quşu savaşmasa, kasıbı canından, varlısı malından-pulundan keçməsə, onda hansı qələbədən danışmaq olar? Dedilər, sən də neçə ildir ki, Rusiyada pul qazanırsan, ver, canını qurtar! Bax, beləcə düz on il mən öz doğma ölkəmin vətəndaşı olmağa çalışdım. Bir ətək pul verib aldığım pasportun möhürünün mürəkkəbi qurumamış, gör başıma nə iş gəldi. Heç olmasa, sənədsiz- filansız düzü-dünyanı gəzib, dolaşırdım. Sən demə, sənəd adamın ünvanını ölümə nişan verən kağız tələsindən savayı bir şey deyilmiş… Heyif verdiyim o pullara… Hələ üstəlik restoranda verdiyim qonaqlığın ləzzəti milli məmurun qursağından getməyib! O pulları özümə toy eləmək üçün yığmışdım… Görünür, bu ölkədə nadürüst  məmurların qursağı dolsun deyə hələ bizim kimi çox oğulların anası ağlar qalmalıdır…”

Sonra tabutlar bir-birilə vidalaşdı. “O dünyada görüşənədək!” – dedilər. Tabutları aparan təcili yardım maşınları hava limanından uzaqlaşdılar.

***

Ceyhunun tabutunu aparan maşının pəncərəsindən dalğaları şahə qalxan dəniz görünürdü. Şüşəni döyəcləyən Bakı küləyi elə bil Kərbəla çölündə şəhid olanlara həsr edilmiş mərsiyəni pıçıldayırdı.

…Uşaq vaxtı Ceyhun beşikdə yatmağı xoşlamazdı. Bacısı Günəş, qardaşı Ruslan körpə ikən xəstəlikdən ölmüşdü. Ceyhun da elə bil balaca beşiyi ölən körpələrin məzarına oxşatmışdı. Həmişə anasının qucağında yuxuya gedərdi. Beşiyə qoyan kimi oyanıb ağlayardı… Dilli-dilavər Ceyhun indi tabutun içindԥ lal-dinmԥz uzanmışdı. Yollar maşını da, maşının içərisindəki tabutu da beşik kimi yırğalayırdı. Mən tabuta baxa-baxa, bacım oğlunun ayaqyalın isti qumların üstündə həyət – bacada oynadığı günləri xatırlayırdım. Ceyhun o qumların üstündə oynaya-oynaya boya-başa çatıb, pəhləvan cüssəli gənc olmuşdu. O qumlar sanki onun ayaqlarına yapışıb, bütün dünyanı gəzib dolaşmışdı. Bəlkə, o qumlar indi tabutun içində, əbədi yuxuya getmiş Ceyhunun ayaqlarından hələ də qopmamışdılar. Qulağıma Ceyhunun səsi gəldi:

 

   Sonum Qumlu Bazıdı

   Haqdan gələn yazıdı

   Yadlar aldı canımı

   Qəbrimi el qazıdı…

 

Qumlu Bazı kԥndimizdəki qəbiristanlığın köhnə adıdır. Qədim zamanlarda dənizin ləpədöyəni hündür təpəlik olub. İki əsrdən çox idi ki, ölülər Qumlu Bazıda torpağa tapşırılırdı. Son illər Bazıda cavan məzarları xeyli artmışdı. Analar cavan oğullarının məzarlarını qırmızı parçalara bürüyürdülər. O al-qırmızı parçaları oğullarının bəy otaqlarını bəzəmək üçün toy xonçasında saxlamışdı analar… Qumlu Bazıda Rusiyanın şəhərlərində qətlə yetirilən gənclərin məzarı Vətən uğrunda şəhid olan yaşıdlarının məzarından iki dəfə çox idi. Hələ qürbətdə ömrünü başa vurub, kəfənsiz-qusulsuz ölənləri demirəm. Qürbətdə şah kimi kef-damaq içində yaşasalar da öləndən sonra onların məzarlarına ana-bacılarının acı göz yaşları qarışmamışdı.

Anasını oğul toyuna həsrət qoyan Ceyhunun nakam taleyinə isə sanki göydə mələklər də yas saxlamışdı. Tabutunün üstü göz yaşlarından islanmışdı. Hərdən mənə elə gəlirdi ki, o hələ də adına QÜRBƏT deyilən uzaq yerdədir, nə vaxtsa sağ-salamat geri dönəcək! Ancaq Aydın əmimin telefon zəngi mənim gümanımı alt-üst elədi: – Biz hazırlığımızı görmüşük (yəni Ceyhunun qəbirini qazmışıq)… Hava çox istidir (yəni meyiti çox saxlamaq olmaz!)… Hardasınız?..

Dəhşət idi. Yol mənə uzun görünürdü, yoxsa pəhləvan Ceyhunun tabutunu aparan maşının gücü tükənmişdi? Əmimlə danışanda mənə elə gəldi ki, əlimi uzatsam kəndə çatar. Toy toğlusunun burma buynuzu kimi qıvrılan ilğımlı yollarsa uzandıqca uzanırdı. Dünyanın ən uzun qürub çağıydı o gün! Bacımgilin həyət-bacası gözlərimdə canlandı: İlahi, ora qürbətdə cavan oğlu, əri, qardaşı ölən nə çox məsum-çarəsiz və çöhrələri yaslı qarapaltarlı qadın yığışıb! Mənim Arzu bacım da bəd xəbərdən agah idi. Dönüb bostanda Ceyhunun adına saxladığı yemişlərə baxıb, nalə çəkirdi:

 Bostanda tağım ağlar,

 Susuz yarpağım ağlar,

 Sağam özüm ağlaram,

 Ölləm torpağım ağlar.

…Sonra uğultu qopdu, boğanaq qalxdı. Külək çöl-bayırın barını-bərəkətini sanki göyə sovuracaqdı. Kənd yolundan qum dənəcikləri burula- burula havaya qalxıb, Qumlu Bazıya sarı yan aldı. O qumlar külək toxtadıqca təzə qazılmış məzara düşürdü.  Sağlığında hər gəlişində Ceyhunun ayağına döşənən o xırda qum dənəcikləri uşaq vaxtı onun ayaq izlərini öpüb-oxşamışdılar. İndi sanki ölüm xəbərini eşidib özlərini Ceyhundan qabaq dəfn eləyirdilər.

…Yolda bəzəkli-düzəkli gəlin maşınları görünürdü. Toy havası üstündə köklənmiş adamlar təcili yardım maşınındakı tabutdan xəbərsiz idilər. O tabutdakı cavanın da  bu yay axşamların birində, bəlkə də payız günü toyu olacaqdı. Gəlin aparan o bəzəkli-düzəkli maşınlardan biri də Arzu bacımgilin həyətinə dönəcəkdi…

“Bəy otağı görməyən nakam Ceyhunum lay-lay”. Bacımın səsi uzaqdan qulağıma düşmüşdü. O səs mənim kimi Ceyhunu da təşvişə salmışdı sanki. “Dayı, anamdan muğayat olun!..” – deyə dilləndi tabutdan. Mən bu an nə edəcəyimi düşünürdüm.

Yolun kənarındakı yarımçıq biçilmiş zəminin içində  xarab olmuş kombaynın sahibi də qaşqabağını tökmüşdü. İndi özünü dünyanın ən bədbəxt adamı hesab edən o kombaynçı bəlkə də bilmirdi ki, dünyanın ən ağır dərdi  anasının üstünə cavan oğlunun tabutunu aparmaqdı. Kəndin girəcəyində tənha bir qoca əl ağacına söykənib yaxınlığında əylənib-gülən cavanlara baxırdı. İndi öz cavanlıq çağını xatırlayan o əldən düşmüş qoca da, yəqin ki, hələ ölüm haqda heç nə düşünmürdü.

***

…Bacımgilin hüznlə dolu həyətində izdihamı görəndə təcili yardım maşınının sürücüsü həyəcanlandı: – Müəllim maşın təzədir, bəzən dərd insanları həddindən çıxarır, ələlxüsus da qadınları. Qəzəblərini tabut gətirən maşına tökürlər. Hətta özümü də bir dəfə möhkım əzişdiriblər. Deyirəm, necə olsa, sizi eşidərlər!..

– Narahat olma! – dedim. Ancaq onun keçirdiyi təlaş hissi ötüb-keçmədi. “Dayı, anamdan ehtiyatlı ol, özünü maşının altına atar!..” Ceyhun son dəfə tabutun içindən dilləndi.

– Ceyhun gəlir, Ceyhun gəlir! – xəbər gedib kəndin hər tərəfinə çatmışdı. Hər dəfə Ceyhundan şax rus pulu, göy ABŞ dolları alan məmur bəy də idarədə oturub əllərini ovuşdururdu: – Ay can, ay can, builki kurort pulum da düzəldi. Qoy zəng edib bir cüt putyovka sifariş edim… Birini özümə, birini də cananıma…

– İştahına qoz halvası! Ay əbləhin biri əbləh, bu dəfə Ceyhunun özü yox e, tabutu gəlir!..

Bunu deyən hər kim idisə məmurun başına çırtma vurdu. Məmur da əsəbilışib dedi: – Eh, sən çox bədbəxt adamsan, heç vaxt məmurluğun, möhürün ləzzətini bilməyibsən. Ona görə ağzını köndələn qoyubsan. Nə olsun ki, ölüsü gəlir? Rusiyadan gələn ölülərin biri sənin kimi burda işsiz – kücsüz gəzən yüz diriyə bərabərdir. Sən burdan-bura seçkiyə gəlməyəndə onlar gəlir, həm də biz istəyən namizədə səs verirlər. Hələ başqa haqq-hesablarımızı demirəm…

Ceyhungilin həyətindən ucalan vay-şivən səsi məmur bəyin sözlərini eşidilməz etdi. Yay günəşi çoxdan qüruba enmişdi. Ceyhunun balzamlaşdırılmış  meyitini sink tabutdan çıxarıb, yuyucuxanaya apardılar. Kimsə heyrətlə: – Elə bil indi hərəkətə gəlib, əməlli-başlı danışacaq! – dedi. Ölüyuyanlardan ən yaşlısı onun sözünə güc verdi: – Hə, elə bil heç ölməyib. Dərin yuxuya gedib, bədəni də gül kimi tər-təmizdir. Bircə başının arxasında güllənin açdığı kiçik dəlik var…

Sonra həyət-bacaya sığmayan ağlaşma səsindən sanki Ceyhun da yuxudan oyandı: ” – Hə, indicə ayağa qalxacağam. Axı mənim tabutuma heç kimin gücü çatmaz. Özüm tabutumu öz çiynimə götürüb, məzarıma aparacağam…”

Ceyhunun xəyalı get-gedə əriyib bürkülü yay axşamının alaqaranlığına qarışdı.

…Mollanın oxuduğu “Ərrəhman” surəsinin sədaları altında tabut izdihamın çiynində yırğalana-yırğalana Qumlu Bazıya – əbədiyyət yuvasına sarı yol aldı.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Ç İyn 26 , 2024
Əvvəli: https://klv.az/2024/06/19/edmund-husserl-kartezian-dusunceleri-10-15/  (davamı) Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ § 57. Daxili-psixi və eqoloji-transsendental şərhlər arasında olan paralelliyin aydınlaşdırılması Bundan çıxış etməklə, daxili-psixi olanla eqoloji-transsendental olanın izah edilməsi arasındakı zəruri paralelliyi və ya artıq əvvəllər deyildiyi kimi, xalis psixikanın monadaların öz-özünə obyektivləşdirilməsi olduğunu bildirən həmin faktı aydınlaşdırmaq şətin […]