Əli Bəbiroğlu. Əsrin poeziyası, yaxud həyatın poetik fəlsəfəsi

V “Məmməd Araz Poeziyası günü” çərçivəsində şairin 90 illiyi münasibətilə keçirilən respublika üzrə şeir müsabiqəsinin təqdimetmə mərasimində etmədiyim çıxış

Bir əsr bütövlükdə bir ömrü əhatə edir. Əsrin hər kəsə görə dəyişən nisbiliyi vardır. Kiminin ömür – tale əsri bir il, kiminin tale – yaradıcılıq əsri min illərə gedib çıxa bilir. Dünyanın bir çox eraları vardır; Kitab erası, döyüş erası, qədim dövrlər erası, ən yeni tarix erası, Müstəqil Azərbaycan dövrü erası, Məmməd Araz erası və bir də var, Hamlet İsaxanlı erası. Şair – tərcüməçi, jurnalist – redaktor, müəllim – alim Qardaşxan demişkən: “Başlandı bizim era”.

Xəzər Universitetinin yaradılması hörmətli prof. Hamlet İsaxanlının iradəsinin ortalığa qoyduğu ən görkəmli ideyalarından biridir. Bu münasibət yazısında “ən”, “daha”, “lap” ədatlarından istifadə etmək istəməzdim, çünki Hamlet müəllimin həyat və yaradıcılığında bu “ən”lərin, “daha”ların sayı – hesabı onlarla, yüzlərlədir. Belə deyirlər ki, hər bir yaradıcı nisbətən özünü yazır, özünü yenidən yaradır. Hamlet müəllimin özünə oxşayan, özü kimi səmimi olan Xəzər Universitetinin müəllim və tələbə kontingenti bu fikri çox gözəl təsdiqlədi.

Əslində,  həyatın poeziyası həmişə öndədir, lakin olur ki, insan onu fəlsəfəyə dəyişir. İnsanlar bu ilahi qanunu – ömrün poeziyasını – bilərəkdən ya bilməyərəkdən həyatda qarşılaşdığı həyatın çılpaq, aksiom həqiqətlərinə dəyişməli olurlar, dahi Füzuli demiş: “Feldir əsli – rizayi həq, nə kim əslü nəsəb, Xaki – fərmanbər bəşər, asi mələk şeytan olur”. Deməli, həyatda Allahın iradəsinin də öz həqiqətləri vardır. Cəhənnəmdən keçməyən cənnət əhli olmadığı kimi, poeziyadan da keçməyən dünya adamı yoxdur.

İstisnasız olaraq bütün insanlar poeziyadan keçirlər, sonradan həkim, mühəndis, sürücü olurlar. Ömrü boyu poeziyada qalanların qismətinə şeir özü qayıdır. Poeziya nifrətdən daha əvvəl sevgi, istək və məhəbbətdir, ona aşiq olub vuruluruq və bu adla ədəbiyyata gəlirik, amma illər keçdikcə daha çox onun poetik fəlsəfəsini sevməyə başlayırıq.

Şopenhaur yazırdı: “Nədən desən yazmaq olar, təki iradə göstərib ortalığa ideya qoya biləsən”. Azərbaycan şeirinin Şopenhaueri Məmməd Arazın poeziya günü çərçivəsində keçirilən respublika üzrə şeir müsabiqəsi bu layihənin rəhbəri Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, şair Qardaşxan Əzizxanlının və sözsüz ki, Xəzər Universiteti kollektivinin iradəsi kimi ortalığa qoyulub. Keçirilən müsabiqə ilə bağlı əməyi və əməli keçən hamıya təşəkkür edirəm, xüsusilə, Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova və Dillər və ədəbiyyatlar departamentinin dosenti tənqidçi – esseist Ülvi Babasoy başda olmaqla hər kəsə. Əməyi ona görə ki. Bu təşəbbüs və iradə ayların zəhməti və başqaları üzərində onların qoyduqları haqdır, onun qiyməti ən azı minnətdarlıqdır, əməli ona görə ki, bu həm də maddiyyatdır.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Ç May 1 , 2024
Əvvəli: https://klv.az/2024/04/24/edmund-husserl-kartezian-dusunceleri-19/  (davamı) Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ § 49. “Başqasının” təcrübəsınin intensional izahının gediş layihəsi “Obyektiv dünyanın” mənim birqaydalı dünyam əsasında varlıq mənasının quruluşu bir neçə səviyəyə malikdir. Birinci olaraq “başqa eqo”nun və ya “ümumiyyətlə başqalarının” quruluş səviyyəsini, yəni mənim özümün konkret varlığımdan kənar edilən (birinci […]