Ramil Əhməd. Metamorfoz

Dayanar yol kənarında

hər gün bir uşaq.

Hər gün bir uşaq

dayanar yol kənarında.

Çəkər yolların tozunu kirpiklərinə,

soruşar atasını hamıdan.

Bilməyənlər “görmədim” deyər,

Bilənlər başını tumarlayıb keçər…

Atasının ayaqqabısını

geyinib qaçan uşaq

maşınları da ötüb keçəcəyini düşünər…

Bağlaya bilmədiyi ayaqqabının ipləri

dolaşar ayaqlarına –

yıxılar üzüüstə,

yıxılar atasızlığa.

Hərif hər gun ataya məktub yazar

hərfsiz bir əlifbada.

Tanrıdan, bir də mələklərdən başqa,

kimsə bilməz bu əlifbanı.

Tək qalınca,

çəkilib bir küncə

göndərər bütün parabüzənləri

atasının dalınca:

“Uc, uc, qarı nənə, mənə atamı gətir”.

Bir daşın üstünə çıxıb

əllərini yuxarıya uzadan uşaq

Allaha toxunacağını düşünər.

Qalxar hündürə, laaap hündürə –

barmaqlarının ucuna!

Amma yenə toxuna bilməz,

çatmaz əlləri Ona…

Bir gün ürkər,

görəndə çiynindən çıxan

ağappaq, ağappaq lələkləri…

“Ata! Ata!”, – qışqırar.

Qışqırar, pərən salar çiynindəki mələkləri.

Atar özünü lələklərinin ucundakı həsrətdən,

nə ölüsünü görən olar, nə dirisini:

yer üzündə bir uşaq azalar,

güy üzündə bir mələk çoxalar.

 

aydinyol.aztc.gov.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/02/07/edmund-husserl-kartezian-dusunceleri-10-8/  (davamı) Düşüncə IV. TRANSSENDENTAL EQONUN ÖZÜNÜN KONSTİTUTİV PROBLEMATİKASININ AÇILIŞI § 39. Assossasiya passiv genezisin prinsipi kimi Bütün həmin predmetlərin quruluşu üçün, passiv genezisin universal prinsipi, son nəticədə aktiv yaranışları qabaqlayan assossasiya prinsipidir. Şübhəsiz, assossasiya onu ilkin formalara münasibətdə deskriptiv olaraq göstərmək üçün, intensional problemlərə məxsusdur və özünün intensional funksiyalarında, […]