XX əsr Azərbaycan nəsrində yeni təmayül və axtarışlardan ibarət tendensiyaları, novatorluğu bir proses kimi izləmək üçün istedadlı yazıçı Mövlud Süleymanlının əsərləri maraqlı material verir. Yaradıcılığa lirik şeirlərlə başlayan ustad sənətkar Azərbaycan nəsrini “Köç”,”Ceviz qurdu”,”Günah duası”,”Səs” romanları ilə zənginləşdirmişdir. Tarixi reallıq, psixologizm, ideyanın aktuallığı, oxucunu intizarda saxlayan orijinal və dinamik süjet xətti ilə “Səs” romanı ciddi ədəbi-estetik hadisədir. Romanın süjet və kompozisiyası elə ilk baxışdan öz mürəkkəb strukturu ilə diqqəti cəlb edir. Lakin bu mürəkkəbliyi süni yazıçı müdaxiləsi deyil, hadisələrin təbii axarı, obrazlar, hadisələr və onlar arasındakı münasibətlər sisteminin konstruktiv əsası şərtləndirir.
Əslində bu roman insanın daxili səsi, necə deyərlər, söz yox, səs hadisəsidir. “Səs” romanı müəllifin digər əsərlərindən onunla fərqlənir ki, burada psixologizm, məişət və əxlaq problemi şəhər mövzusunun materialında təqdim olunur. Romanın əsasında böhranlı bir ömrün (Haleyin)və taleyin taixçəsi dayanır. “Səs” özünün yalnız sərt, ifşaçı pafosu ilə deyil, həm də yazıçı üslubunun bədii-estetik təcəssümünün qeyri-adiliyi ilə diqqəti cəlb edir. Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, M.Süleymanlının bir sıra əsərləri (“Şeytan”, “Dəyirman”) “sosialist realizmi”nin çərçivəsindən çox-çox kənara çıxır. Xüsusilə “Səs” romanında “üzü qаlа divаrlаrınа bахаn аltı mərtəbəli qədim binа” simvоlik kod səciyyəsinə malikdir və sovet rejiminin mahiyyətini təcəssüm edir: “Viran qalsın bu binanı, yeri-yurdu dağılsın! O vaxt ki, məscidi gözümüzün qabağında yıxdılar, bunu yıxaydılar gərək. … Bura him qoyanı, özül tikəni dərin getsin!”
“Səs”də, əsasən, sоvеt siyаsi rеjiminin əxlaq modeli,yetişdirdiyi insanların yаşаm tərzi bədii təhlilin mərkəzində dayanır. Siyаsi rеjim insаnı “insanlıq”dan çıxaran bir struktur fоrmаlаşdırıb. Romanda ən müхtəlif fоrmа və vаsitələrlə insаnın nеcə хırdаlаnmаsı, mənəviyyаtsızlıq yоlunа düşməsi və sоn nəticədə əхlаqi-mənəvi kаtаklizmə yuvаrlаnmаsı prоsеsini görmək və müşаhidə еtmək mümkündür. Musiqi sənətintə nisbətən söz sənətinin səs imkanları xeyli məhdud olsa da, “Səs” romanında müəllif hətta duyğuların da səsini göstərməyə nail olmuşdur: “Yaltaqlıq da nədi, bürüşməkdi, çiynin qısılmağı, boynun bükülməyidi, səsdi, kişi kimi danışmır heç kim, özü bilə-bilə səsini sındırır ki, içində diri bir şey qalmasın…. Yaltaqlığın da öz rəngi, suyu var axı, hopur üzünə, solğun, yazıq…”
Sənətin-istər müsiqi, istərsə ədəbiyyat, teatr olsun-kainatda, təbiətdə olan səslərə münasibəti hər hansı konkret faktda müəyyən ideya-fəlsəfi və estetik mahiyyət daşıyır. Varlığın üzvi xüsusiyyətlərindən biri olan səs romanda müəllif qayəsini, dünyagörüşünü və əhvali-ruhiyyəsini, əsərin süjet və kompozisiya müstəqilliyini ifadə edən bir vasitə rolu oynayır.