Mənsurə Əhmədova. “Əli və Nino” roman, yoxsa multimədəni model?

“Sən Asiyaya dözə bilmədiyin kimi, mən də Avropaya dözə bilməyəcəyəm. Gəl burada, Asiya ilə Avropanın hiss edilməyən şəkildə bir-birinə qarışdığı Bakıda qalaq”.

Bu sözlər Qurban Səidin (Məhəmməd Əsəd bəy) 1937-ci ildə qələmə aldığı “Əli və Nino” romanındakı Əli obrazının dilindən səslənir. Antroposentrik ədəbi nümunələrdəki ənənəyə əsaslansaq, adından da göründüyü kimi bu əsər iki şəxs arasındakı münasibətə əsaslanmışdır. Lakin bu əsərdə müəllif reallığı təsvir etmək üçün təkcə insani münasibətlə kifayətlənmir, həm də bunu milli, mədəni, dini, siyasi və məişət istiqamətində göstərməyə çalışır. Əsərin süjeti və strukturu sadə olsa da, müəllifin çatdırmaq istədiyi məsələlər və niyyəti bir o qədər mürəkkəb və müzakirəyə açıqdır. Eynilə romanın müəllifinin kimliyi haqqındakı müzakirələr kimi.

Roman türk əsilli, müsəlman Əlixan Şirvanşir və gürcü əsilli, xristian Nino Kipiani arasındakı saf məhəbbət fonunda fərqli mədəniyyətlərin təsvirinə əsaslanmışdır. Əsərdə olduqca xüsusi və unikal obrazları görmək olur. Bunlardan ən əsası Əlixan obrazıdır. Onun üzərinə böyük yük düşür, lakin o, bu yükü nə dərəcədə daşıya bilir, bu sual altındadır. Ümumilikdə, Əlixan real insan obrazı kimi təsvir edilsə də, əslində, o, bir çox məfhumun prototipidir. Roman boyunca biz Avropa, Asiya, Şərq, Qərb, Müsəlman, Xristian kimi təzad doğuran obrazları görə bilirik. Bütün bu obrazlar ya ağ, ya da qara kimi təsvir olunur. Lakin bunlarla yanaşı, nə ağ, nə də qara olmayan, həm “ağ”dan, həm də “qara”dan bəhrələnən, əslində isə boz olan Bakını, Bakının fonunda isə Azərbaycanı görmək olur. Azərbaycanla yanaşı, “Azərbaycan”ın sevdiyi Gürcüstün obrazı da xüsusi diqqət çəkir. Belə ki, “Azərbaycan”ın təmsilçisi olan Əlixanın gözəllik və sevgi anlayışı “Gürcüstan”ın üzü olan Ninoda cəmləşir.

Bu iki obraz bütün etnik, dini, mədəni, məişət və siyasi fərqlərinə baxmayaraq anlayış, birlik və vəhdət fonunda parlaq gələcəyin ümidini yaşatmağa çalışırlar. Onlar bir-birini inkar etmir, əksinə anlayış göstərir və bu empatiya, əslində, multimədəniyyətin əsasını təşkil edir.

Əsərdə təsvir olunan münasibətlər birbaşa vahid bir mərkəzə istiqamətlənmişdir. Nəzərdə tutulan bu mərkəz isə mədəni, etnik, dini, məişət və siyasi fərqləri nəzərə almadan insan konseptini təcəssüm etdirir. Bu vahid insan konseptini biz humanizm və tolerantlıq fonunda birinci olaraq Əlixan obrazında, ikinci olaraq isə Nino obrazında görə bilirik. Əslində isə, Əlixan bugünkü nəzəri olaraq tolerant və multikultural hesab olunan Azərbaycanın insani modelidir. Bu modelə həm əskiklikləri və istiliyi ilə şərqi qəbul edən, həm də inkişafı və soyuqluğu ilə qərbi dəyərləndirən Əlixandan başqası uyğun ola bilməzdi.

Ümumilikdə, “Əli və Nino” romanı çox sadə dilə, incə üsluba və xəfif təsvirlərə malik olsa da, bir o qədər incə, lakin vacib detallara toxunur. Bu baxımdan, bir sıra tədqiqatçılar tərəfindən Azərbaycanın kimlik kartı hesab olunan bu əsər, əslində, bugünkü Azərbaycanın beynəlxalq çərçivəyə tanıdıla bilən modeilini təşkil edir. Təsadüfi deyil ki, “Əli və Nino” romanı dünyanın 33 dilinə tərcümə edilmiş və 66 ölkədə dərc edilmişdir. Eyni zamanda bir neçə dəfə ekranlaşdırılmış, şərəfinə Batumidə abidə ucaldılmış və “Əli və Nino” adı sloqana çevrilərək özünü bir çox sahədə göstərməyə başlamışdır. Bu əsər təkcə sevgi romanı deyil, heç təkcə siyasi roman da deyil. Bütün bu detallar sadəcə əsas mahiyyət üçün vasitədir. Reallıqda isə, bu əsər insani münasibətlərin mədəni fərqlər fonunda təsvir oluna biləcək ən unikal ekvivalentidir.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Dilbər Zeynalova. “Səs”in disfoniyası

XX əsr  Azərbaycan nəsrində yeni təmayül və axtarışlardan ibarət tendensiyaları, novatorluğu bir proses kimi izləmək üçün istedadlı yazıçı Mövlud Süleymanlının əsərləri maraqlı material verir. Yaradıcılığa lirik şeirlərlə başlayan ustad sənətkar Azərbaycan nəsrini “Köç”,”Ceviz qurdu”,”Günah duası”,”Səs” romanları ilə zənginləşdirmişdir. Tarixi reallıq, psixologizm, ideyanın aktuallığı, oxucunu intizarda saxlayan orijinal və dinamik süjet […]