Andrey Platonovun “Çevenqur”u ilk dəfə Azərbaycan dilində

Dövlət Tərcümə Mərkəzi Rusiya Tərcümə İnstitutunun qrant layihəsi çərçivəsində rus ədəbiyyatının görkəmli nümayəndəsi, dünya şöhrətli yazıçı Andrey Platonovun məşhur “Çevenqur” romanını Azərbaycan dilində nəşr edib.

Dünya ədəbiyyatşünaslarının qənaətincə, mövzu baxımından lirik satira, fəlsəfi, ideoloji roman, xalq epopeyası, faciəvi utopiya və antiutopiya kimi müxtəlif janr və ədəbi cərəyanları özündə birləşdirən əsər “Andrey Platonovun “Çevenquru” adlı Ön sözlə təqdim edilir.

Əsərin orijinaldan Azərbaycan dilinə tərcümə müəllifi – tanınmış tərcüməçi İlqar Əlfi, redaktorları – Bəhlul Abbasov və Şəfiqə Şəfadır.

 

Andrey Platonovun “Çevenqur”u

 “Çevenqur” Andrey Platonovun utopik sosial-fəlsəfi romanıdır. Əksər ədəbiyyatşünasların fikrincə, roman müəllifin özünün sağlığında yekunlaşdırdığı ən əhəmiyyətli əsəridir.

1926–1928-ci illər arasında qələmə alınmış romanda real hadisələr və onların cərəyan etdiyi məkan mif məntiqi ilə dəyişdirilsə də, hərbi kommunizm və Yeni İqtisadi Siyasət (YİS) dövrünü əhatə edir. Romanın baş qəhrəmanı Aleksandr Dvanov o dünyaya marağı ucbatından özünü göldə boğan atasını erkən yaşlarında itirib. Aleksandr “kommunizmi əhalinin özbaşına fəaliyyətində” axtarmağa yollanarkən inqilabın səyyar cəngavəri, Dulsineyası Roza Lüksemburq olan yeni Don Kixot – Stepan Kopenkinlə rastlaşır.

Romanın qəhrəmanı özünəməxsus inqilabi qoruğa – Çevenqur adlı şəhərciyə gedib çıxır (bu ad baş qəhrəmanın duyğularına görə, “uzaq ölkənin cazibədar səsi”ni xatırladır). Şəhərin əhalisi kommunist Cənnətinin lap tezliklə gələcəyinə əmindir. Onlar işləməkdən (əməli xeyir baxımından əhəmiyyətsiz iməcilikləri çıxmaq şərti ilə) imtina edir, hər şeyi yalnız Günəşin öhdəsinə buraxırlar: bitkilərlə qidalanır, qadınları qətiyyətlə ümumi elan edir, burjua ünsürləriylə qəddarcasına haqq-hesab çəkirlər. Çevenqurdakı inqilabi proseslərə fanatik Çepurnı, Aleksandrın “böyük inkvizitorun rüşeymlərini canında yaşadan” ögey qardaşı Prokofi Dvanov, cəllad-romantik Piyusya və başqaları rəhbərlik edirlər. Sonda şəhər ya kazakların, ya da kadetlərin hücumuna məruz qalır; qəddar döyüşdə kommunanın müdafiəçiləri özlərini əsl epik qəhrəman kimi göstərirlər.

Yazıçının başqa əsərlərində olduğu kimi, “Çevenqur” romanında da N.F.Fyodorov, A.A Boqdanov, V.V.Rozanov, K.E.Siolkovski, Albert Eynşteyn, Ziqmund Freyd və hətta V.İ.Vernadski, A.L.Çijevski, Georgi Gurciyev və Otto Veyningerin ideyaları ilə tanışlığı hiss olunur. Romanın mümkün mənbələrindən biri də Aleksey Kruçyonıx və Vladimir Xlebnikovun “Günəş üzərində qələbə” pyesidir.

“Çevenqur”, əsasən, bir-birinə daban-dabana zidd olan interpretasiyalar doğurur: antikommunizmdən (“inqilab hakimiyyətə yeni sarsaqların gəlməsidir”) tutmuş neobolşevizmə (“inqilabdan sonrakı dəhşətlərin inqilabaöncəsi dəhşətlərlə əsaslandırılması”) qədər. Müxtəlif tənqidçi və tədqiqatçılar “Çevenqur”u povest, lirik satira, menippeya (ciddi gülüş janrı), fəlsəfi roman, ideoloji roman, insanın təşəkkülü haqda roman, roman-səyahət, xalq epopeyası, faciəvi utopiya, antiutopiya kimi nəzərdən keçirirlər… Baş qəhrəmana xas saflıq və ləyaqətdə Platonovun İsa Məsih haqqında düşüncələri də öz təzahürünü tapıb; “Çevenqur”un motivi və bir çox epizodları “İncil”i xatırladır.

 

Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:

 

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Baku Book Center”

“BookZone” kitab evi

“Çıraq” kitab evi

“Çinar” kitab evi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

 

aztc.gov.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Henri Millerin aforizmləri

C Fev 2 , 2024
“Nə işim, nə pulum, nə də ümidim var. Mən dünyanın ən xoşbəxt adamıyam”. *** “Biz həyatdan başqa hər şeydən həzz ala bilirik”. *** “İncəsənət məhz ədəb-ərkan gözləmədiyinə görə incəsənətdir”. *** “Heç vaxt kiməsə xeyirxah görünmək üçün yardım etməmişəm. Sadəcə, başqa cür bacarmadığıma görə köməklik göstərmişəm”. *** “O, ya çox hiyləgər, […]