Məmməd Araz yaradıcılığı Litva ədəbiyyat portalında

Litvanın geniş izləyici auditoriyalı  “rasyk.lt” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Məmməd Arazın ingilis dilinə tərcümə edilmiş “Müharibə olmasa” şeirinin yayınına başlayıb.

Şairin təqdim olunan şeirinin ingilis dilinə tərcümə müəllifi – Kanada şairi və tərcüməçisi Patrik Vudkokdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “rasyk.lt” portalı mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Aleksandr Puşkin, Ceyn Ostin, Vladimir Nabokov kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

 

Müharibə olmasa

 

Əridib silahları

Biz marten sobasında,

Körpü yarada billik

Yerlə Mars arasında, –

Müharibə olmasa!

Yer min illik barını

Bircə gündə yetirər,

Alim ayı, ulduzu

Dartıb yerə gətirər, –

Müharibə olmasa!

General gözündə də

Bu hissi duyur adam:

“Tullayıb çinlərimi

Bir kənddə sədr olaram, –

Müharibə olmasa!”

Bəşərin qapısından

Vaxtsız ölüm gen düşər,

İnsanın saçlarına

Yüz yaşında dən düşər, –

Müharibə olmasa!

Sevənlər aləmində

Nə qəm, nə həsrət olar,

Bəşərin gülləsi – söz,

Sözü – məhəbbət olar –

Müharibə olmasa!

aztc.gov.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

İsa İsmayılzadə. Güllələr demədi...

Şb Yan 27 , 2024
Poeziya kəhkəşanının ulduzları Güllələr demədi… Getdilər. Getdilər fit çala-çala, Getdilər atları çimizdirməyə – Bizi aparmadılar, Qulançar yığmağa, moruq dərməyə Bizi aparmadılar.   Yalvarıb-yalvarıb dil tökəndə biz, onlar üstümüzə od ələdilər, qışqırıb-təpinib, hədələdilər: “Hələ uşaqsınız… nə yaşınız var…”   Bir gün xəbər gəldi: dava başlanıb… Onlar əsgərliyə çağırıldılar. Nə tütək çaldılar, […]