İsa İsmayılzadə. Güllələr demədi…

Poeziya kəhkəşanının ulduzları

Güllələr demədi…

Getdilər. Getdilər fit çala-çala,

Getdilər atları çimizdirməyə –

Bizi aparmadılar,

Qulançar yığmağa, moruq dərməyə

Bizi aparmadılar.

 

Yalvarıb-yalvarıb dil tökəndə biz,

onlar üstümüzə od ələdilər,

qışqırıb-təpinib, hədələdilər:

“Hələ uşaqsınız… nə yaşınız var…”

 

Bir gün xəbər gəldi: dava başlanıb…

Onlar əsgərliyə çağırıldılar.

Nə tütək çaldılar, nə fit çaldılar,

fikirli  oldular, ağır oldular…

 

Yola salanlara qoşulanda biz

yalvarıb-yalvarıb, dil tökdü onlar:

“Gəlməyin, qayıdın… geri qayıdın…

Qayıdın atları çimizdirməyə,

Qulançar yığmağa, moruq dərməyə”.

 

Biz getdik atları çimizdirməyə,

qulançar yığmağa, moruq yeməyə,

düşüb arxamızca gəldi uşaqlar,

Dilimiz gəlmədi bir söz deməyə.

 

Onların yoxluğu düşdü araya,

Oyunlar, “məclislər” qaldı yarımçıq.

Toylar da seyrəldi, toyxanalar da,

aşıq da havanı çaldı yarımçıq –

 

Kəndimiz yamanca uralanmışdı,

hərdən korun-korun yanırdı ocaq.

Bir ağzıgöyçək də qaralanmışdı:

“Deyəsən, gedənlər qayıtmayacaq” –

 

Mərmilər, güllələr fit çala-çala

Hey böyür-başından ötdü onların.

Kətmən vura-vura, ot çala-çala

baxdıq yollara.

 

Getdilər, getdilər Berlinə sarı,

getdilər, getdilər ölümə sarı.

Güllələr demədi: geri qayıdın.

Lülələr demədi: geri qayıdın,

qəlpələr demədi: geri qayıdın,

hələ uşaqsınız, nə yaşınız var…

 

Xatirə

İşıqlar təzəcə yanmışdı kənddə,

Dedin ki, yanında yer saxlayarsan,

qaçıb gələcəyəm kinoya mən də.

Cığırlar, səkilər əl-ələ tutub,

sürünüb gedirdi kluba sarı.

Aramızda düşüb qaldı o axşam

hər gün aşdığımız bir kənd hasarı.

 

Bir vaxt on beş yaşlı gur həvəsimiz

yamaca dırmaşdı, dərəyə endi.

Sol yanım boş qalıb elə o gündən,

Hey dolub-boşalıb elə o gündən.

 

Bir səs tanıyırdım səsinə oxşar,

Bir söz tanıyırdım –

umu-küsünə oxşar,

hansı döngədəsə yoxa çıxdılar.

 

İndi otuz yaşlı gur nəfəsim var,

indi on beş yaşlı sərt həvəsim var.

Sol tərəfdə ürək, sağda – xəyalın,

arada – boşluq.

Mən isə yenə də sizə qoşulub,

çıxıram yollara ayağıyalın…

 

Həsrət

Sən qanadlı xəbər kimi,

yad qapını açan gündən –

Həsrətinlə yaşayıram bir otaqda,

həsrətinlə yaşayıram bir torpaqda,

bir dünyada.

Qatarlarda, təyyarələrdə, gəmilərdə

sənəd kimi öz yanımla

gəzdirirəm həsrətini.

Ora-bura sürüməkdən

bezdirirəm həsrətini.

İstəyirəm, azdıram mən həsrətini

alqış dolu salonlarda –

bacarmıram.

İstəyirəm, azdıram mən həsrətini

dalanlarda,

döngələrdə,

izdihamlı küçələrdə –

bacarmıram.

Həsrətinə gücüm çatmır, sənə – əlim,

İstəyirəm, həsrətini

Meşələrə, dənizlərə atıb gəlim –

Bacarmıram.

Həsrətinə gücüm çatmır, sənə – əlim.

Süfrəmdəki çörək deyil, həsrətindir,

sinəmdəki ürək deyil, həsrətindir

hey döyünən.

Ürəyimin başını mən

ovuduram bir uşaqtək.

Səndən qalan xatirələri,

olub-qopan həsrətini

ürəyimin qabağına atıram mən

oyuncaqtək,

öz başımı qatıram mən

bir uşaqtək.

Həsrətini içirəm mən,

həsrətini çəkirəm mən.

 

Nə yaxşı ki, həsrətin var!..

Həsrətinlə yaşayıram bir otaqda,

həsrətinlə yaşayıram bir torpaqda,

bir dünyada,

Yaşayıram,

yaşayıram,

yaşadıram həsrətini.

 

Adsız şeir

Saxlayım saatımı, söndürüm işığımı –

Heyfim gəlir saata da,

işığa da,

özümə də,

qaranlığa da.

Əl çəkin,

dodaqlarım bağlı qalsın

nənəmin qapısı kimi.

Gözlərim durulsun,

əllərim fikrə gestin.

Susum, susum

bir namərdin qəsdi kimi.

Sahildə qumları,

 

göydə ulduzları,

yerdə adamları,

nadanları

saymaq istəyirəm.

Canınız yanırsa mənə,

əl çəkin yaxamdan, əl çəkin:

bir mühasib çağırın,

ya da ağıllı bir maşın –

hesablasın görək

nə qədər yalan udmuşam,

nə qədər qəzəb,

neçə arzuma başsağlığı verilməyib,

nələr keçib könlümdən, yuxumdan…

 

aydinyol.aztc.gov.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Poeziya kəhkəşanının ulduzları

Be Yan 29 , 2024
Vaqif Bayatlı Odər (1949) Şair, tərcüməçi. “Xəzər” dünya ədəbiyyatı dərgisinin yaradıcısı. “Tənha ulduz altında”, “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, “Ən gülməli ölü”, “Yupyumru bir eşq ilə” adlı şeir kitablarının müəllifidir. A.Axmatova, M.Svetayeva, Y.Yevtuşenko, A.Voznesenski, R.Börns və digər şairlərin əsərlərini dilimizə çevirib. Rusiyanın “Molodaya qvardiya” nəşriyyatında nəşr edilən “Sıçrayış” kitabına […]