“Sizin ən yaxşı hekayəniz sizə ən çox aid olandır”
Tomas Uzell
“Evdar bir xanım səkkiz yaşlı oğlunu mətbəxdən peçenye oğurlayarkən tutur. Qalanını siz gətirin”
Con Ceri Fitzcerald
Bir dəfə İzmirdə olarkən, portağal ağaclarından bir-iki dənə portağal dərən adamlara şahid oldum. Və xoş bir təbəssümlə qarşıladım bu halı. Bir nəfər isə əlində sellofan torba acgözlüklə daraşmışdı gözəlim portağalın budaqlarına. Adam necə də görməmiş idi.
Hekayədə an və ya hadisə mərkəzdə dayanır. Hadisə təhkiyəni yaradır. Təhkiyə bağlıdır hadisəyə və birinci hadisədən sonra ikinci və üçüncü hadisə gəlirsə, mətnin reallığı, mövcudluğu başlayır. Nərmin Kamalın “Qarovulçunun oğlu” hekayəsində anlar hadisəyə çevrilərək matruşka kimi bir-birinin içindən çıxırlar. “Abşeronun şimal çimərliklərində xilaskar işləyən kasıb bir oğlana atasından yaxşı pul qaldı. İl də tamam oldu, amma o bu ata payının üstündən bir manat da götürməyə qıymırdı”. Məkan da dəqiqdir, Abşeronun şimal çimərliyidir. Hekayənin sonu və nəticəsi bu iki cümlədə verilib. Hekayə səbəb-nəticə əlaqəsinə əsaslanır. Hadisələr Abşeronun şimal çimərliklərindən başlayıb, İzmirdə tamamlanır. Oxucunun yaddaşında isə davam edir. Çağdaş ədəbiyyatşünaslıqda belə hekayələrə kompozisiyası olan mətnlər deyilir.
Hekayənin qəhrəmanı Fəridə qarovulçu işləyən atasından pul qalıb. Fərid ünsiyyətdə olduğu qadın və onun uşağı ilə İzmirə səyahət edir. Həmin pulu atası qarovulçu işləyərək, min bir tənə, söz götürərək oğlu üçün yığıb. Fərid belə bir əziyyətlə qazanılmış pulu havaya sovurmağı özünə sığışdırmır. İlk baxışda klassik, səbəb-nəticəli hekayədir; sosial bir problemə duyğusal, sentimental yanaşmadır. Ancaq elə deyil. Nərmin Kamal bu hekayədə plakatları, reklam lövhələrini belə danışdırır. Özü də hekayəni plakat və şüara çevirmədən. “Başının üstündə, iki binanın arasındakı dar dəhlizdə Türk Cümhuriyyətinin yüzüncü ili şərəfinə al-qırmızı bayraqlar, şən plakatlar asılmışdı. O plakatlar deyirdi: “İkinci yüzyıla hazırız!”
Reklam lövhələrini danışdırmaq normaldır, narıngiləri danışdırmaq isə anormal, nadir estetik hadisədir. “Ancaq Nata ümidini üzmədən hər divardan sallanan sarmaşığın çiçəklərini Fəridə göstərir, hər keçən iti, pişiyi sığallayır, böyük narıngi ağaclarını qucaqlayır, özü də bu ağaclardan biri olub, onu heç kəsin tanımadığı bu təzə yerdə bitmək istəyirdi”.
Nərmin xanımın hekayəsində zaman mətnin məna estetikasını formalaşdırır. Özü də bu zaman çox elastikdir. Zamana dəyişən məkan da əlavə olunanda hekayənin məna çalarları genişlənir. Fəridin atasının qarovulçu işlədiyi məkan və zaman statik deyil, dinamikdir. Bu dinamika həmin zaman və məkanın ətraflı, vizual təqdimatından qaynaqlanmır. Ata və oğulun keçirdiyi hisslərin dərinliyindən yaranır. Bəs bu dərinlik bizə, oxucuya lazımdırmı? Məhz Nərmin Kamal “lazım deyil” deyir, Fəridlə yaradılan fərdi situasiyalarla isə mühiti, toplumu yaradır. Niyə bir oğul atadan qalan pulu xərclərkən vicdan əzabı çəkməlidir ki? Əgər ata min bir əzaba qatlanıb övladı üçün qarovulçuluq edir və yaşının ahıl çağında da dinclik tapmırsa, cavab vermək çətindir. Belə bir toplumda yaşamaq və fərd, Fərid olmağın hekayəsidir bu. Və hekayənin bu anında ədəbiyyat, sənət yaratmaq çabası da önəmini itirir. Hadisə ədəbiyyatı da, həyatı da əvəz edir.
Rast Hills hekayələri süni və təbii mətnlərə ayırır. Ona görə, Pol Roşun “Çexov və Mopassan üslubu” ilə bağlı tezisində qüsurlar var. Hills Roşdan fərqli olaraq, Mopassanın hekayələrini sintetik hesab edir. Çünki Çexov təbii bir andan doğan hekayə yazır və naturaldır. Nərmin Kamalın “Qarovulçunun oğlu” hekayəsi anlardan doğan hadisə hekayəsidir və təbiidir. Deməli, təbii hadisə hekayəsi də yazmaq mümkündür. Hills düşünür ki, təcrübəsiz və gənc yazıçılar süni mətnlərə üstünlük verirlər. Çünki bu yolla təcrübəsizlik və istedadsızlıqlarını ört-basdır edirlər. Hətta bunu “cəsarətli eksperiment” də adlandırırlar. “Qarovulçunun oğlu” hələlik, Nərmin Kamalın ən natural hekayəsidir.
Əsas qəhrəman Fəridin dərdi haqda ilk cümlədə məlumat verilir, hətta oxucuda ona qarşı simpatiya yaranır. Köməkçi obraz atadır ki, o da hadisələri açır. Fəridin istirahətə getdiyi Nata və onun qızı Maşa isə (burada balaca qızın adı Məryəmdir, Maşa deyirlər. Və Maşanın ayıya olan marağı isə “Maşa və Ayı” cizgi filminə eyhamdır) hadisələrin bir mozaika kimi yayılmasına səbəb olur ki, çoxcəhətli baxış nöqtələrinə kömək edirlər. İzmirdə plakatların danışması, şəhər və ölkə haqda bədii informasiya vermələri, Fəridin rakı içə-içə bahalaşmaya şahid olması isə mətn duyğu, konflikt, problem, oxucu ilə ünsiyyətə girəbilmə bacarığı, yazıçının demək istədikləri və istedadı ilə birbaşa əlaqəlidir. “Onun fikirlərini bir xadimə səliqə-sahmana salsaydı, bu çıxardı ortaya: “Pulu qazanıb yerinə qoyacağam. Elə bil atamdan borc almışam, borcumu qaytarıram. Bu pul nəyəsə daha yaxşı bir şeyə xərclənməyə layiqdi, minqat yaxşı bir şeyə.” Hesabı iki yüz türk lirəsi oldu. Evinə getmək istəməyən kişilər kimi oturub qaldı. Yenə rakı sifariş etdi. Eyni rakını, eyni qədərini. Bu dəfə hesabı beş yüz türk lirəsi etdi. O içənə qədər qiymət dəyişmişdi”.
Nərmin Kamal hadisələr, dialoqlar (bəzən də Fəridin monoloqları ilə), düşüncələr, Nata və Maşanın reaksiyaları ilə hekayəni qurub. Deməli, nə Pol Roş, nə də ki, Rast Hills haqlıdır. Hekayəni qurub natural mətn yaratmaq mümkündür. Teodor Adorno deyir ki, ən yaxşı reallıq olmayandır. Nərmin xanım “Qarovulçunun oğlu” hekayəsi ilə olmayan bir reallıq yaradıb.
Bir dəfə İzmirdə olarkən, portağal ağaclarından bir-iki dənə portağal dərən adamlara şahid oldum. Və xoş bir təbəssümlə qarşıladım bu halı. Bir nəfər isə əlində sellofan torba acgözlüklə daraşmışdı, gözəlim portağalın budaqlarına. Adam necə də görməmiş idi. Zahiri planda adam görməmişdir. Daxili kontekstdə elə bir ehtiyacı ola bilər ki, bu addımı atır. Misal üçün, özü və ya ailəsi acdır. Bəs qalanı? Qalan… qalanını isə siz tamamlayın.
edebiyyatqazeti.az