13 dekabr 2023-cü ildə Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin “İnteqrativ dərs” layihəsi çərçivəsində dil və ədəbiyyat müəllimliyi və filologiya ixtisası üzrə III kurs tələbələri üçün açıq dərs keçirilib.
Departamentin müəllimləri filologiya üzrə fəlsəfə doktorları Qardaşxan Əzizxanlı və Ülvi Babasoy roman tarixində “Lamançlı Don Kixot”un rolundan, onun poetikasından, həyat və sənətdə doğurduğu suallardan söz açaraq, “saflığın və dürüstlüyün” kitabını yazan Servantesin ilahi təhkiyəsindən danışıblar. Mühazirəçilər əlçatmaz Dulsineyada olan keyfiyyətləri əsas götürərək bu əsərin, eyni zamanda “Leyli və Məcnun” səviyyəsində eşq dastanı olduğunu, romandakı var olmayan eşqin var olan gözəlliyini vurğulayıblar. Onlar dünya ədəbiyyatında üstün yeri olan “Lamançlı Don Kixot”dan gətirdikləri konkret misallar əsasında “mətn işində mətn” texnikası sərgiləyən, az qala hər abzasında bənzərsiz yumoristik, ironik, parodik deyimlər olan əsərin çoxsaylı özəl xüsusiyyətlərinə diqqəti cəlb ediblər.
Açıq dərs tələbələrin və mühazirəçilərin qarşılıqlı sual-cavabı ilə yekunlaşıb.