Qulu Ağsəs. Görən, Allah təkdi, yoxsa Onu təkləyiblər?..

***

Külli-aləm,

bəni-Adəm,

göyün yeddi qatı,

torpağın altı…

hansı bilər? –

görən, Allah təkdi,

yoxsa, Onu təkləyiblər?..

 

***

Şəhərə duman yağıb,

elə bil yumurtanın sarısını çıxarıb,

yerinə Bakını salıblar,

hər yan

ağ,

ağ,

ağ…

Küçədə üç adamla

öpüşdüm bu gün.

biri də adımı düzgün demədi,

duman,

yağ,

yağ,

yağ…

 

***

“İnsan niyə ikiüzlüdü, axı?!” –

ilk dəfə

sevdiyinin

o üzündən,

bu üzündən öpəndən sonra

üçüncü üzünü

axtarmışdı dodağı…

 

***

Baxırsan ki:

axşam yazdığı iki sətir

səhər müəllifə qoşulub

çörək dalınca gedir…

Baxırsan ki:

Yer adlı bu şar

hələ çox hərlənəcək

nə qədər ki,

təzyiqi var…

Baxırsan ki:

əməllicə uzanıb ömür –

deyirlər, daha heç kəs

bir-birindən ötrü ölmür…

Baxırsan ki:

dünən bir baxışa bənd olanlar

bu gün əsiridi baxış sayının,

İlahi, bağışla,

bu gəlişimdə imkan olmadı –

nə sənin üzünü doyunca görüm,

nə də dünyanın…

 

***

Dünyanın o başında –

səni neçə şahlar satıb,

Qadın,

necə şairlər qələmə alıb,

səni bütün kişilər

sevib-aldadıb,

Qadın…

Dünyanın bu başında –

mənə ancaq üzr istəmək qalıb

sənin qarşında…

 

***

Dünən bir yağış yağdı –

Uşaq noğulu,

damlaları tərli,

yol yorğunu;

Yerə düşən kimi

biri qaçıb

dənizin kirli üz-gözünü təmizlədi,

islanmasın deyə,

tindəki heykəl

əlindəki kitabı

qoltuğunda gizlədi…

Deyirəm, imkan olsa,

bir gün yığışıb –

mahnı kimi

təzədən sifariş verək bu yağışı!

Dünən bir yağış yağdı –

dizimdəki quru yelə,

adam qocalanda

axsamır ha,

sadəcə, ayağını sürüyür

son mənzilə…

 

***

Mənimki

tək adamlarla yox,

heç heyvanlarla da tutmur…

Bir məktəb payızı –

kəndimizdən köçməsinlər deyə

qara daşı o üzünə çevirdim,

amma durnalar geri dönmədi…

Bir əsgər yayı –

azdığım səhrada

boz küçüklə rastlaşdıq –

mən sevincdən hürdüm,

amma o, şeir demədi

(ta üçüncünü dənəmədim)…

İndi axşamlar

sahilə gedirəm,

oturub qumun üstündə

dənizdə batan

qayaya dua edirəm…

 

edebiyyatqazeti.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: https://klv.az/2023/11/06/oldos-haksli-cesur-yeni-dunya-21-4/ (davamı) ON ALTINCI HİSSƏ Hər üçünü Dünya İdarəedicisinin iş otağına gətirdilər. – Ford həzrətləri bir az sonra aşağı düşəcək – deyən qamma eşik ağası çıxıb getdi. Helmholts yüksək səslə qəhqəhə çəkdi. – Məhkəmədən çox kofein qonaqlığına oxşayır – dedi və hava doldurulmuş kreslolardan birinə sərələndi. Dostunun yamyaşıl dilxor sifətini […]