Cinayət çox zaman özü ilə cəzanı da gətirir. Fyodor Dostoyevskinin “Cinayət və cəza” əsərinin baş obrazında olduğu kimi. Rodion Raskolnikov maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyur və öz taleyini tanrının əlindən alıb qara-qura yazı ilə yazmağa başlayır. Onu cinayətə də üzləşdiyi məhrumiyyətlər məcbur edir.
Bəs məhrumiyyətlərdən başqa, ona bu addımı atdıran nə idi? Nə üçün insan özünü bu cür çarəsizliyə məhkum edirdi? Bunun, bəlkə də, başqa bir səbəbi düşüncəsinə hakim kəsilən ideologiyadır. O ideologiya ki, onu seçilmiş şəxs kimi hiss etdirir və onun törətdiyi cinayətlər adi insanların törətdiyi cinayətlərlə bir tutulmamalıdır. Bir növ tarixə adını qanla yazdırmış Atilla, Napaleon, Çingiz xan kimilərlə… Çünki adi insanlar arasında baş vermiş konfiliktdən doğan cinyatdə tökülən qanla, Çingiz xanın qılıncından axan qan bir deyildi. Adi adamın kimisə öldürməsi cinayətdirsə, Napaleonun kimisə öldürməsi qəhrəmanlıqdır. Raskolnikov da özünü bu cür aliləşdirir ki, öz əməlini daha ali bir məqsəd uğrunda aparılan mübarizə zənn edir. Bu insanın düşüncəsində cinayət nəzəriyyəsi yaranır və törətdiyi qətli gələcəyinə yatırım kimi düşünür.
Raskolnikov və ailəsi (anası və bacısı) çox yoxsuldurlar. Əslində, onu bu cür hadisələrə yoxsulluq vadar edir. O, universitetdə təhsil xərclərini ödəyə bilmədiyinə görə oradan qovulur, daha sonra isə kirayə puluna görə gizlənməyə məcbur qalır.
Raskolnikov deyir ki, kütlə ona görə yaşayır ki, onun arasından dahilər çıxsın. Amma hansı kütlədən nə məqsədlə bax o müəmmalıdır…
Əsər boyu Raskolnikovu bir sual narahat edir: O, ləyaqətli insandırmı? Onun başqalarını mühakimə etmək haqqı varmı? Buna səbəb isə onun vicdanı idi. Yəni o tam qeyri-adi insan deyildi. Adilərdə olan vicdan vardı onda… Sonra isə Roskolnikova vicdanı əzab verir və o törətdiyi cinayəti etiraf edir. O, özünü cinayətə görə yox, daxili zəifliyini qiymətləndirmədən cinayətə getdiyi üçün ittiham edir.
Raskolnikov katorqaya göndərilir və Sonya da onu müşayiət edir. Sonda qəhrəman qeyri-adilik iddiasından imtina edir. Reallığa qovuşan qəhrəmanımız Sonyaya bəslədiyi sevgidə özünə arxa tapır.