Tabularla dolu bu dünya çox sıxıcıdır. Adamı ətrafa, insanlara küsdürür. Tükənən enerjiyə, yerlə-yeksan olan əhvala odur cavabdeh. Yanlış kodlanmış böyük-kiçiklik, səhv qəbul edilmiş “yazılmamış qanunlar”, ədalətsiz qadın-kişi münasibətləri, yersiz dəyərlər, sırf bir yerdə dayana bilməyən insanın vaxtını öldürmək üçün uydurduğu boş, mənasız adətlər – bütün bunlar hamısı adamı bezdirir…
Onlara dözməyin tək yolu, yəqin ki, az düşünmək, reallığı dərk etməməkdir. Məsələ odur ki, bu reallıqları dərk etməklə qalmır, bütün bu inkar etdiklərinə nəticə gözü ilə baxır, hələ bir onlara səbəb də uydurursan. Axı sən düşünürsən! Bax bu bəzən əsəbpozucu ola bilir. Çünki insanların bunu anlamaması və onların kortəbiiliyi səni cana doydurur. Amma nə yalan deyim, əksər vaxt da mental olaraq rahatladır. Ən azından rədd etdiyin o tabuların səbəbsizliyi içində batıb qalmırsan. Yoxsa o yarımçıq anlama beynində elə bir xaotik vəziyyət yaradar ki, Allah qorusun, dəli olarsan! Bu səbəb-nəticə əlaqəsi bir-birini gözləməlidir. Səni narahat edən, beyninin əks reaksiya verdiyi hər nəticəyə səbəb tapmağa məcbursan, əks halda suallar altında əzilə bilərsən. Bəlkə elə buna görədir, Nitşe axırda dəli olub ata sarılır. Yəqin, filosof elə bir həddə çatır ki, atın duyğularını anlayır, amma insanları anlamağı öyrənə bilmir. Ona görə də, nə qədər nəticə, bir o qədər səbəb. Yoxsa izah edə bilmədiyimiz nəticələr bizi suallara boğar.
Bütün bunları qoyduq bir qırağa. Ən çətini bilirsiniz nədir? Olduğun cari durumun nə qədər ədalətsiz, əyri bir xətlə əlaqələnmiş tərs mütənasib hadisələr yığını olduğunu dərk edirsən. Çətin olan dərk etmək deyil ha, çətini bundan sonra gəlir. Sən o dərk etdiyini ifadə edə bilmirsən və öz içində özünü yeyib-bitirirsən. Bu “ifadə edə bilməmə”ni də iki cür başa düşə bilərik. Ya ümumiyyətlə, sözə tökə bilmirsən, yəni vəziyyət o qədər xaotikdir ki, onu ard-arda düzüb nitqə çevirmək mümkünsüz olur. Ya da ki, mühit və o mühitin tabuları, yersiz stereotipləri səni susdurur. Çünki danışsan da, səni anlamazlar, bəlkə, anlayarlar da, amma həqiqət acı olduğu üçün qəbul etməzlər və səni mühakimə edərlər. Beləcə, sən dəli olmağa bir addım daha yaxınlaşarsan…
Bütün bu fikirlər ağlıma niyə gəldi, heç özüm də bilmirəm. Deyəsən, hamısına səbəb ağcaqanaddır…
Qarmaqarışıq səslər, görüntülər içindən güclə gözümü açdım. Sən demə, beynim yan otaqdan gələn qarışıq televizor səsini eşidir, lakin oyana bilmədiyim üçün onları yuxuda canlandırırmış. Oyandığım zaman başımda küt ağrı vardı, gözlərimdə ağırlıq hiss edirdim. Yanımdakılara, – imkan verin yatım da, – deyə tənə etdikdən sonra yadıma düşdü ki, yuxusuzluğuma görə gecəki ağcaqanad günahkardır. Baxmayaraq ki, yanvar ayı idi, arxada qalan soyuq aylar da ağcaqanadları tam ortadan qaldırmamışdı. Gecə yerimə təzəcə uzanmışdım ki, qulağımın dibində o əsəbpozucu vızıltı səsi eşidildi. Dik atıldım. Cəld telefonumun işığını yandırıb onu axtarmağa çalışdım, amma boş cəhd idi. Elə bil işığı görən kimi qeyb olurdu. Bu proses bir neçə dəfə təkrar olundu. Hər dəfə şirin yuxuma zəhər qatırdı. Axı rahat yatmaq mənim haqqımdır, bu yaramaz varlıq məni niyə dinc qoymur,- deyə beynimdən keçirirdim ki, yenə saçlarımın içində gəzən uzun vızıltını eşitdim. Yəqin, “istədiyini etməkdə azad olduğunu” deyirdi. Bütün qanım qaraldı. Bu dəfə telefona qane olmadım, qalxıb otağın işığını yandırdım. Gur işıqdan yuxulu gözlərimin özünə gəlməsi bir neçə saniyəmi aldı. Nə illah etdimsə, ağcaqanadı görə bilmədim. Qaranlıq olan kimi hakimiyyəti ələ alan bu balaca düşmən işıqda yox olurdu. Çarəsizcə yatağımın üzərində oturdum. Nə qədər vaxt keçdi, bilmirəm. Bu müddətcə məni narahat edən bütün məsələlər beynimin içində dövrə vurmağa başladı. Ağcaqanad və insan arasında nə əlaqə var onu da bilmirəm, amma bu vızıltı mənə bütün boş stereotipləri xatırlatdı.
Uzun sözün qısası, inkar etdiyim və rədd etməyə çalışdığım bütün tabular, yersiz, bilmirəm daha kim tərəfindən yaradılmış anonim qayda-qanunlar “hörmət” və “ayıb” sözləri altında gizlədilir. Bir növ “mədəni” formada insanlar əzilir. Bu kəlmələr altında kifayət qədər yanlış düşüncə yatır. Görəsən, bu sözlərin əsl semantikasını neçə nəfər anlaya bilir. Əminəm ki, əksəriyyət əsl mənadan kilometrlərcə uzaqdır. “Hörmət” sözü semantik və məntiqi baxımdan ehtiram, möhtərəm, hürr və hürriyyət kimi sözlərlə eyni iyerarxiyanı paylaşır və ilkin mənası azadlıq sözü ilə bağlılıq təşkil edir. Yəni kimliyindən və mövqeyindən asılı olmayaraq, hər kəs fikir və düşüncəsində azaddır və bu azadlığı, bu sərbəstliyi hamı qəbul etməlidir. Yəni hörmət etməlidir.
“Ayıb” sözü isə eyib, əyri, ayrı sözləri ilə semantik cəhətdən yaxındır, bir növ, “qohum”dur. Kütlənin qəbul etdiyindən fərqli fikir və davranış sanki düz xətdəki “əyri”yə çevrilib “ayıb” hesab olunur. Realda isə ayıb olan nədir? Əsl ayıb başqalarının haqlarına kobud şəkildə müdaxilədir. Əgər özündən qeyri varlığa hörmət edilmir, azadlığı nəzərə alınmır və hüququ tapdalanırsa, bu, insan adına əsl eyibdir. “Hər kəs başqalarının hüquqlarına müdaxilə etmədiyi müddətcə davranış və danışığında azaddır”. Bəli, başqalarının hüquqlarına müdaxilə etmədiyi müddətcə! İnsanı digər canlılardan ayıran əsas məsələ də elə bu fərqi anlamaqdır. Digərlərinin azadlığına hörmətlə yanaşıb, əsl eybin onların hüquqlarına edilən müdaxilə olduğunu dərk etmək, “hörmət” və “ayıb” konseptləri arasındakı balansı qorumaq kifayət qədər böyük problemləri həll edəcək sehrli yoldur. “Ayıb” haqqın tapdalanmasıdırsa, “hörmət” azadlığın dərkidir. Hüquq və azadlıq arasındakı sərhədi düzgün müəyyənləşdirmək əsl insan özəlliyidir. Bunun əksi uçmaqda və qidalanmaqda azad olan ağcaqanadın mənim rahat yatmaq hüququma kobud müdaxiləsini xatırladır. Axı insanın ağcaqanaddan bir fərqi olmalıdır…