Nərmin Şeydayeva. Kölgəsiz

(Hekayə)

Qızmar günəşin yenicə özünü göstərdiyi bir yay günü kitabxanaya doğru addımladım. Uzun müddətdən bəri oxumaq istədiyim bir kitabı – Anna Kareninanı, nəhayət, götürüb, havasında kitab oxumağı çox sevdiyim dəniz sahilinə getdim. Sanki bu gün şəhərə sakitlik çökmüşdü. Əvvələr insanların çox olduğu sahildə indi demək olar ki, heç kim görünmürdü. Boş oturacaqların birində əyləşdim. Sakitlik məni sevindirdi, rahatlıqla kitab oxuya bilərdim. Kitabı açdım, ilk səhifədən oxumağa başladım:

“Lev Nikolayeviç Tolstoy. ANNA KARENİNA

Qisas qiyamətə qalmaz

Birinci hissə

Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrinsə hər biri özünə görə ayrı cür bədbəxtdir.

Oblonskilərin evində aləm bir-birinə dəymişdi…”

– Əyləşmək olar? Anidən gələn səs fikrimi yayındırdı.

Bu səsdən başımı qaldırdım, əvvəlcə əsəbləşmək istədim, “axı kitab oxuyuram, məgər görmürsüz?” demək istədikdə, onun üzünə baxdım və susdum. Qəhvəyi saçlarına dən düşmüş, üzündə qırışlar yaranmış qoca başım üzərində dayanaraq sual dolu nəzərlərlə mənə baxırdı. Simasında tanış olmayan bir ifadə vardı.

– Buyurun, – dedim.

O əyləşdi. Diqqətlə ona baxdım, tanış olmayan bu simada bir doğmalıq vardı. Özü susur, gözləri danışırdı. Dəniz rəngli mavi gözlərində sanki sonrasında sakitlik olsa belə, bir çox həyata son qoymuş fırtına baş vermişdi. Bu sakitlik xoşbəxtlikdən deyil, bədbəxtlikdən nişanə idi. O, göz oxşayan dənizin maviliklərinə baxaraq bir müddət susdu.

Kitaba baxaraq dedi:

– Xoşbəxt və bədbəxt ailələr…

– Siz bu kitabı oxumusunuz? – deyərək ona baxdım.

– Jurnalların birində roman haqqında kiçik mətn və romana aid olan bu sitatı oxumuşdum. Biz qocalar bilirsiz, jurnal oxumağı çox sevirik, – o gülümsəyərək əlavə elədi.

– Siz necə düşünürsünüz, xoşbəxtlik və bədbəxtlik nədir?

– Xoşbəxtliyi bir sitat ilə ifadə etsəm, Roma imperatoru Publiy xoşbəxtlik haqqında demişdir: “Xoşbəxtliyi tapmaq asan, qorumaq isə çox çətindir”.

– Maraqlıdır, sitatları sevdiyiniz hiss olunur, bəs bədbəxtlik? Bununla bağlı hansı sitatı deyə bilərsiniz? – deyərək sual dolu nəzərlərlə ona baxdım.

– Jurnallar bu dəfə köməyimə çata bilməyəcək. Amma sənə real həyatda yaşanmış bir taleyi danışa bilərəm. O şəxs ki həyatın bəxtsiz tərəfinin zərbələrinə məruz qalıb…

Ona diqqətlə baxaraq danışmasını gözləyirdim. Bir anlıq bura kitab oxumaq üçün gəldiyimi unudub sadəcə onu dinləmək istədim. Bir müddət susdu. Sanki, danışmaq onun üçün çətinləşdi. Sonra sözünə başladı:

– “Xoşbəxt yaşamaq arzusu, şən zarafatlar, özünün və ətrafdakı insanların simasında gülüş yaratmaq – bütün bunlar onun həyatının bir parçası idi. Lakin, bu xoşbəxtlik uzun sürmədi. Həyat yenə öz qəddar tərəfini ona göstərdi. Oğlunu çox sevən və həyatı boyu onun daha yaxşı həyat keçirməsi üçün çalışan bir ata. Bir gün bəd xəbərdən sonra ata üçün həyat dayanmışdı. O, öz oğlunu itirmişdi. Bu dünyada ata mənəvi cəhətdən mövcud deyildi. Bu ağrı onun qəlbində bir göynərti, sızıltı yaradırdı. Yaşadıqlarını dilə gətirmir, sadəcə susur və hər şeyi qəlbinin dərinliklərində yaşayırdı. Oğlunu itirmək onun həyatına bir qaranlıq salmışdı. O isə bu qaranlıqda yaşayırdı. Bu qaranlığı gülüş və şən zarafatları ilə gizlətməyə çalışırdı. Oğul yoxluğu ilə barışa bilmirdi, təsəllisi isə Ümid adlı nəvəsi idi. O, yaşaya bilmədiyi ümidlərini bu balacada yaşatmaq istədi. Övladını itirmiş bir ata üçün bu “balaca” bir ümid yeri idi…” – cümləsini tamamlayaraq yaşla dolu gözlərini gizlətməyə çalışdı.

Simasındakı tanış olmayan fərqlilik indi göz önündə idi.

– Sitat deyil, bir atanın bəxtsiz həyat hekayəsi, – səsi titrəyərək dedi.

Bu səs məni onun dünyasından uzaqlaşdırdı.

– Artıq getmək vaxtıdır, qızım.

Ona heç bir söz demədim. Ayağa qalxdı və dedi:

– Qızım, əgər səni narahat etdimsə üzr istəyirəm.

Bayaq dilə gətirə bilmədiyim sözləri xatırladım. O sözləri səsləndirməsəm belə, düşünməyim məni utandırdı.

– Xeyr, bu gün həm kitablarda yazılmış bir sitat, həm də yazılmamış bir həyat hekayəsi dinlədim. Təşəkkür edirəm. Nə qədər ki, həyat davam edir onda hər zaman ümid var deməkdir. O ataya səbr arzulayıram.

– Çox sağ ol, qızım. Doğru deyirsən, gecə sadəcə günəş doğana qədər davam edir.

O yavaş-yavaş ayağa qalxdı. İrəliləməyə başladı. Arxasına çevrilib: “Qızım, bilirsən çətin ömür yolu keçmiş insanlara cənnət öz qapılarını açır” – dedi və simasında acılı bir təbəssüm yarandı.

– Nə üçün? – dedim.

– Çünki bu həyat kifayət qədər cəhənnəmi onlara yaşadır.

O, bu sözləri deyib yoluna davam etdi. Lakin diqqətimi çəkən bir məqam oldu. Onun kölgəsi görünmürdü.

Gözlərimi gecənin qaranlığına açdım və yuxudan ayıldım. Yanımdakı saata baxdım. 02:30. Nə üçün bu vaxt oyanmışdım. Öz-özümə düşünən zaman yuxumu xatırladım. Onu və dediyi sözləri düşündüm. Uzaq olduğu qədər də yaxın olan, tanımadığım bir insan, bu qarşılaşma mənə təsir etmişdi. Otağımdakı pəncərəyə yaxınlaşdım. Göydəki göz oxşayan, öz parlaqlığı ilə gecənin qaranlığını işıqlandıran milyonlarla ulduza baxdım. Buna heyran olmamaq mümkün deyildi. Gecənin aydın səmasında heyrətamiz işıq zolağı göründü – ulduz axını baş verdi. Ulduz axını haqqında bir əhvalat eşitmişdim: “Əgər ulduz axını baş verirsə, bu zaman bir insan dünyasını dəyişir və bir ulduza çevrilir”. Yuxuma qonaq olaq bu qoca, onun həyat hekayəsi haqqında düşündüm. İndi anladım. Bir insan daha bu dünyadan ayrılaraq ulduza çevrilmişdi.

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Fikrət Sadıq. Sərhəddə səhər

C Avq 18 , 2023
18 avqust Milli Sərhəd Qoşunlarının yaranması günüdür (Yazıçının arxivindən)   (bir parçat) Səhər açılır. Üfüqdə yanğın var. Səhər açılır. Sərhədçi ürəyində yanğı var. Sərhədçi sərhəd çəpər deyil, qala deyil! Çaşma, sərhəddə dur, amma sərhədi aşma! Bil ki, insan olmasaydı, sərhəd də olmazdı. Qəbilə, millət, dövlət olmasaydı, sərhəd də olmazdı. İndi […]