18 avqust Milli Sərhəd Qoşunlarının yaranması günüdür
(Yazıçının arxivindən)
(bir parçat)
Səhər açılır. Üfüqdə yanğın var.
Səhər açılır. Sərhədçi ürəyində yanğı var.
Sərhədçi sərhəd çəpər deyil, qala deyil! Çaşma, sərhəddə dur, amma sərhədi aşma! Bil ki, insan olmasaydı, sərhəd də olmazdı. Qəbilə, millət, dövlət olmasaydı, sərhəd də olmazdı. İndi ki, sərhəd var, onda möhkəm dayan! Nə qədər ki, sən burda varsan, dövlətin müstəqildir. Elə ki, sən burda olmayacaqsan, bura başqa sərhədçilər gələcək, onda Vətən müstəqil olmayacaq
Sərhədçi eşit! Sərhədin də sərhədi var. Durduğun yerdəcə dur! Səndən bu yana atan-anan, bacın-qardaşın, oğlun-qızın, yarın-yoldaşın, doğulduğun, üstündə iməklədiyin, durub-yeridiyin torpaq var–VƏTƏN TORPAĞI! Bu torpağın üstündə doğma ocağın, göz açıb-gördüyün ata yurdun, elin-oban, kəndin, şəhərin var. Bu harasıdır hələ– bənövşə, lalə, nərgiz, qərənfil, qızılgül… sənin doğma güllərin, çiçəklərin var. Fəxr etdiyin ağacların var– çinar, palıd, tut, əbrişim, sərv…Göllərin var- Göy göl, Maral göl… Çayların var–Kür, Araz, Girdiman, Samur… Şahdağ, Babadağ, Kəpəz, Murov kimi dağların var. Qayaların var, dərələrin, uçurumların, düzlərin, küdrülərin var. Alma, armud, üzüm bağların… yemişanlı, böyürtikənli meşələrin var.
Göz bəbəyin kimi qoru bunları, sərhədçi! Sənin durduğun yer gözlə görünən sərhəddir. Amma dünyada gözlə görünməyən sərhədlər də var. Çox sərhədçini bada verib bu sərhədlər. Sən də sərhədi keçmə heç!
Bərk dayan, səndən bu yanda bizim qocaman tariximiz, ata- babalarımızın qəbirləri, qədim abidələrimiz, xalçalarımız, bayatılarımız, şerimiz var.
Sən ayaq geri bassan, bayaq sadaladığım nə varsa, hamısını gözü yaşlı qoyarsan, insanların sinəsinə dağ çəkilər, evlər dağılar, yanar, qarət olar, dağların qəddi əyilər, ağacların qol-budaqları qırılar, güllər- çiçəklər solar. Yurd yerləri qaralar, çaylar, göllər quruyar, dəniz daşar, su basar VƏTƏNi, şoranlığa çevrilər cənnət torpağımız, – əgər sən bircə an gözünü yana çəksən!
Sən indi bil ki, bu açılan səhər sərhədçiliyin də səhəridir. İlkin qədəmlərini atır sərhədçiliyimiz.
Səhər açılır. Otların, yarpaqların üstünə səpələnmiş şeh damcıları inci kimi parıldayır. Bunlar sənin incilərindir. Bu bir damla göz yaşına bənzəyən şeh Vətənindir. Vətənin bir damcı şehinə görə də şəhid olmağa dəyər.
Bu şehləri qoru, sərhədçi!
Səhər açılır. Özünə balalarına yem axtaran quşlar sərhədi o yana, bu yana keçirlər, onlara dəymə! Səhər bu yana keçir, qoy keçsin! Günəş bu yana keçir, qoy keçsin! Külək bu yana keçir, qoy keçsin! Quşlar bu yana keçir, qoy keçsin! İntizar baxışlar, həsrət, ümid keçir, qoy keçsin! Onlara toxunma!
Səhər açılır, sərhədçi! Sənin saqqızını oğurlayıb bu yana saqqız keçirənləri qoyma! Sərhədin alaqapılarında, körpülərində durmusan, bal arısına oxşamalısan; bu yana çiçəklərin şirəsini çəkib, gətirənləri burax. Zəhər daşıyanları buraxma!
Elə bu taydan da o taya xeyirxahlığı, yaxşılığı burax! Sərhəd halal ilə haramın görüşdüyü yerdir.
Halal sənə söykənib, halalın sərhədi var. Sən halalı qoru! Haramın sərhədi yoxdur. Sərhəd olmayan yerdə sərhədçi də yoxdur. Vətən sənin dağ kürəyinə sığınıb. Sənə arxayındır. Sənin ən qorxulu düşmənin… Burda qoy bir haşiyə çıxaq,- Dədə Qorquda qayıdaq…
“…Bəkil deyirlərdi, bir yigit vardı. Oğuzdan köç elədi. Bərdəyə, Gəncəyə varıb, Vətən tutdu… qondu, qarovulluq elədi”.
Bəkil bəlkə də ilk sərhədçimiz olub, onun adı “bəkləmək” felindəndir (Bəkçi,gözətçi, keşikçi, qarovulçu). Bəkil bir dəfə də ov vaxtı atdan yıxılır, ayağı sınır. Atını, silahını oğlu İmrana verir ki, getsin sərhədi qorusun!
Düşmən… Görək düşmən kimdir?
Bir axtarıb tapan varmı görən Dədə Qorquddakı Şöklü Məlik kimdir, Təkur kimdir və kafirlər nə kafirlərdir? Dədə Qorqudçular nə deyirlər desinlər, mənə elə gəlir ki, onda da düşmən elə erməni imiş, onda da elə belə namərd imişlər. Hər alim “erməni” sözünü bir cürə yozur. Çox millətin adını ona qonşu olan millət qoymuşdur. Tarixən bir-birinə yaxın yaşadıqlarına görə xasiyyətinə bələd olandan sonra türklər, farslar, ərəblər erməniyə “ər” (kişi, igid) və “mən‘” (deyil, olmayan) sözlərindən əmələ gələn “erməni” dedilər.
Dəfələrlə eşitmişdik, oxumuşduq və bir daha gördük ki, nankor qonşularımız, doğrudan da, ər deyilmişlər…
Sərhədçi, ayıq ol! Yenə qayıdıb görək Bəkil oğlu İmranın başına nə gəldi… Elə ki, Təkur eşitdi ki, Bəkilin ayağı sınıb, kafirləri göndərdi onu tutub gətirsinlər, başını kəssinlər. Kafirlər gəlib gördülər ki, at Bəkilindir, silah da onundur, amma özü Bəkil deyil. Yenə də qorxub qaçdılar. Təkur dedi ki, hara qaçırsınız, bu Bəkil deyil. Vuruşdular. İmran çox gənc idi, az qalmışdı ki, basıla. Üzünü göyə tutdu, Allahdan kömək istədi. Bir nərə çəkdi. Təkuru atdan saldı, sinəsinə çökdü. Təkur aman dilədi…
Sərhədçi, bu tarixin ibrət dərsidir. Sənin babaların– ilk sərhədçilər Bəkil və İmran düşməni yaxşı tanıyırdılar… Sən də tanı!
Sən tək deyilsən. Sənin indi Sərhəd Qoşunun var. Sən onun sıra nəfərisən.
Get-gedə sərhədlərin böyüyəcək, onun hər qarışında durmalısan, hər qarışını qorumalısan!
…Sərhəddə səhər açılırdı. Bu səhər başqa yerlərin səhərinə bənzəməz. Günəş o taydan doğurdu– qonşu məmləkətdən, soyuq idi. Elə ki, sərhədi keçdi, oldu doğma, isti. Günəşə dəymə, günəş hamınındır. Ermənini buraxma!
Səhər açılırdı. Səhər küləyi də xəfif-xəfif suların üstü ilə sürüşüb keçirdi bu taya. Küləyi də burax. Ermənini buraxma!
Səhər varsa, həyatımız da var. Bu dünyada bizi səhər, qayğı və ümid yaşadır.
Səhər güzgüdür. İllah da ki, sərhəddə açıla! Yuxudan oyanıb görəsən ki, hələ sağsan!
Ta qədimdən zalım hökmdarlar ölümə məhkum olunmuşları səhər tezdən edam edirdilər ki, məhkum yanıb-yaxılsın, peşman olsun ki, bu gözəl dünyanın qədrini bilməyib. Amma zalımlar bilmirdilər ki, ölümə məhkum olunmuşlara yaxşılıq eləyirlər. Onlar daha da xoşbəxt ölürlər; son səhəri, son günəşi o biri dünyaya aparırlar, ümidlə ölürlər.
Səhər açılır. Zülmət gecələrdə səhərin açılmasını gözləmirmi hər birimiz? Oyanmaq ümidinə yatırıq hər gecə, oyanmamaq olar elə-beləcə. Amma oyanırıq, çünki əhdimiz var. Oyadır bizi qayğılar…
Səhər açılır, sərhədçi! ХХ əsrin səhərində görünən iki dahi, iki böyük vətəndaş– Mirzə Cəlillə Mirzə Ələkbər Sabir yada düşür. Onlar özləri də elə səhər idilər– əbədi səhər. Təəssüflər olsun ki, Mirzə Cəlillə Mirzə Ələkbər Sabir dəyirmanında üyünmədi bu millət. Ayrı-ayrı yerlərdə bitmiş sünbüllərik, dənlərik. Hərə öz xırmanında döyülüb, hərə öz xırmanı ilə öyünür. Birləşə bilmədik ki, bilmədik…
Səhər açılır, sərhədçi! Səhər bu yana keçir, qoy keçsin! Günəş bu yana keçir, qoy keçsin! Külək bu yana keçir, qoy keçsin! Quşlar bu yana keçir, qoy keçsin! Düşməni qoyma! Şəri, yanğını, tüstünü, ölüm və qanı qoyma! Qoyma ki, düşmən sərhəd boyu irəliləsin. Qapqara bir niyyəti var onun.
Səhər açıldı, sərhədçi! Sabahın xeyir!
Qoy sabahların xeyirə açılsın! Möhkəm dur, sərhədçi!
Açılan səhərimizi axşama döndərmək istəyən çoxdur Günümüzü, gündüzümüzü zülmətə çevirmək istəyən çoxdur. Sərhədçi, tut səhərin ətəyindən, sarıl silahına!
Sərhədçi, VƏTƏNi, səhəri, günəşi qoru! Sən var ol ki, VƏTƏN də var olsun!
ALLAH SƏNƏ YAR OLSUN!