Əli Şirin Şükürlü. Entropiya

 

Ədəbi suprematizm:

 

Entropiya

 

İki ayrı-ayrı məkan və iki oxşar hadisə barədə

söz açmaq istəyirəm. Nə tənhalıq, nə ayrılıq, nə təklik,

nə də onların romantikasından danışmaq fikrim var doğrusu.

İstəyim ayrı-ayrı məkanlarda eyni hadisəni təsvir etməkdi sadəcə;

eyni, həm də fərqli az da olsa.

 

Birinci məkan: Bakı. Cavid prospekti – fontanın yanı.

Su şırnağını yaradan hovuz, hovuzda qurğular.

Elə nizamla qalxıb enir su şırnağı, sanki əzəldən

belə yaranıb, heç bir təzyiqə məruz qalmadan:

öz-özünə nizamlı, fərqli və cürbəcür formada.

Eyni cür qalxıb enir amma, fərqli trayektoriyalar cızsa da …

Dayanır birdən. Az sonra yenidən su fontanı.

Bütün qalxıb-enmələr, dayanmalar və tükənmələr eyni,

yoxolmalar hətta oxşar, mən bilirəm, hər yerdə hər zaman eyni.

 

Və bir quş enib, dimdikləyir etinasız

nizamlı, yaraşıqlı cürbəcür formalı su şırnağını.

 

Təəssüf! Yaxınlaşdığım an qalxdı havaya,

bir uçuş trayektoriyası da beləcə yarandı üzü səmaya.

Hər dəfə üzü yuxarı uçar quşlar ürkərkən, fikir vermişəm,

üzü aşağı isə ancaq təhlükə hiss etmədikdə –

bu da bir şəkli yəqin yaşamaq instiktinin.

 

İkinci məkan: kənd. Kəndin yaxınlığında yaşıllıq – gözoxşayan.

Yaşıllıqda boru və borudan fışqıran su şırnağı.

Yenə üçdu səmaya yaxınlaşdığım an

məndən bir az aralı

yaşıllıda arxayı-arxayın gəzişən, arabir

su şırnağını dimdikləyən tənha quşcuğaz.

Diqqətimi tənhalıq yox yenə, ayrı şey çəkir doğrusu:

eyni uçuş, eyni səma, eyni trayektoriya.

Eyni ürkəklik həm də …

 

Ayrı-ayrı məkanlarda

eyni hadisəni müşahidə etdim, deyəsən:

tək-tənha quş – (romantikadan uzaq),

eyni səma, eyni trayektoriya, eyni uçuş.

Amma əsas bir fərq vardı

müşahidə etdiyim bu hadisələrdə;

dəqiq bilirəm, əsas bir fərq –

amma dəqiq bilmirəm həm də?! –

bütün məkanlar sanki dəyişmiş forması

bir-birinin və imitasiya sadəcə.

 

Eyni cür yaşayar sanki yaranan nə varsa,

ən mükəmməli də,

ayrı-ayrı formalarda olsa da belə;

eyni cür çoxalar, eyni cür azalar, eyni cür tükənər –

eyni cür dağılar və yox olar: Oxşarlıqlar nəzəriyyəsi –

sadə görünsə də, isbatı çətin fərziyyələr –  üstündə səylə çalışdığım.

Bayaq ona görə demişdim “mən bilirəm, həm də bilmirəm”.

Belə baxanda,

hər bir yaranışı eyni təsadüfi proses təsvir edər,

zahirən fərqli görünsə də.

Müşahidələr yanlış təsviri gerçək hadisənin.

 

Odur ki, müşahidə etdiyim iki fərqli, həm də eyni hadisədən

çıxış edib deyirəm, özü də təsəlli üçün demirəm,

həqiqət olduğu üçün deyirəm:

Sonda hər şey düzələcək, inanın,

ən mükəmməl şeylər də sonda düzələcək, –

dağılacaq yəni.

 

…  – 06.06.2023

 

 

yağış, gölməçə və günəş

(minimalist şeir)

 

yağış

 

yağış yağış

 

yağış yağış yağış

 

yağış yağış yağış yağış …

gölməçə gölməçə gölməçə… gölməçələr

 

yağış yağış yağış yağış …

 

yağış yağış yağış …

 

yağış yağış …

 

yağış …

 

gün çıxır

 

gün çıxır gün çıxır

 

gün çıxır gün çıxır gün çıxır

 

gün çıxır gün çıxır gün çıxır gün çıxır …

quruyur gölməşələr

 

yenə yağış

yenə yağış yenə gölməçə

yenə yağış yenə gölməçə yenə günəş

………………………………………………….

yaranan hər şey

öz-özünü sonsuz təkrar edər

 

… – 01.04.2017

 

 

Dəyişməzlik

(şeir-esse)

 

Ağac – hasarın arxasında, qonşu həyətdə. Budağı sınıb ağacın.

Aşıb hasarın üstündən səkiyə. Yaxşı ki sınıb. İndi deyəcəm niyə;

çox böyümüşdü, eybəcər görünürdü öz nəhəng görkəmiylə.

Budaq sınıb, ayrılıb ağacdan. Bir sınıq yeri, iki yara. Biri  budaqda, o biri

ağacda. Bir ayrılıq –  ən azı iki yara imiş sən demə.

Budaq sınıb, sərilib səkinin üstünə. Yaxşı ki sınıb, daimi deyil ki heç nə.

Bir dəyişməzlik var daimilikdə; zəhləm getmiş monotonluq.

 

Qadın – yaşlanıb. Amma hələ də gözəllik boylanır vücudundan.

Qadın yaşlanıb, azalıb bir gözəllik; zaman hissə-hissə aparıb onu özüylə.

Qadın yaşlanıb. Yaxşı ki yaşlanıb; gedib bir gözəllik asta-asta, gəlib başqa biri.

Başqa biri – bax, yaşlı qadınla üz-üzə gələn o gənc, o gözəl qızın simasında.

Yaxşı ki gedir bir gözəllik, başqası gəlir. Yoxsa bezdirər adamı dəyişməzlik,

gözəl olsa da.

 

Ağac – budağı sındı o gün möhkəm külək əsəndə. Ağac. Budağı sındı.

Nə yaxşı sındı. Dəyişdi bir az ağac, azalsa da ayrılıq bahasına.

Ağacın budağı sındı; nə yaxşı. Nə yaxşı yan keçdi o gözəl, o yaşlı qadın

sınan budaqdan. Axı o, o gözəl qadın gəzdirir tükənən gözəlliyi hələ də.

 

Ağac – sındı budağı. Yaxşı ki sındı, artıq eybəcər görünürdü nəhəng görkəmiylə.

Ağac – sındı budağı. Yaxşı ki sındı. Nə yaxşı – sındı. Nə yaxşı yan keçdi sınan

budaqdan o gənc, o yaraşıqlı qız. Axı o, o gənc yaraşıqlı qız

gözəllik daşıyır hələ ki, gözəllik daşıyır zamanın ağuşuna.

 

Ağac – sındı budağı. Nə yaxşı sındı.

Qadın. Gözəl, yaşlı qadın sağ qaldı. Nə yaxşı sağ qaldı, bir az da qocaldı.

Ağac – sındı budağı. Nə yaxşı sındı.

Qız. Gənc, gözəl qız sağ qaldı. Nə yaxşı sağ qaldı. Yaşayır dəyişən gözəllik.

 

Nə yaxşı sındı ağac. Nə yaxşı qocalır qadın. Nə yaxşı yaşayır qız.

Nə yaxşı daimi deyil heç nə. Yoxsa bezdirər adamı dəyişməzlik, əbədi olan –

həmişə “indi”.

 

… – 26.09.2013

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Tərlan. Tankalar

Şb Avq 12 , 2023
  *** Səninlə xoşdur bir balıncı tən bölmək. Ancaq neyləsək, ikimiz bir misraya sığmayacağıq heç vaxt…   *** Nəm budaqların gözündən yarpaq düşür yaş əvəzinə. Nəhəng hönkürtüsünü içinə çəkib bir tut…   *** Qara daş üstdə öz xəttini hərfləyir köhnə qəbirlər… Külək söndürmüş şamdır müəllif hüquqları…   *** İndi sən […]