“Real həyat yoxdur,
biz dünyada deyilik”
Artur Rembo
“Başqaları yaşayarkən
yaşamaq mümkündürmü?”
Yohan Volfqanq Höte
“Ölüm ölkəsinə çatmaq üçün insanın qısa bir müddət də olsa,
öz mövcudluğunun xaricinə çıxması bəsdir. Və ədalət humanist deyil,
kor və rəhmsiz qanunların ədalətidir”
Milan Kundera
Sıcaq, sımsıcaq bir günün tən ortasında “Taksim Sənət Mərkəzi”ndə “An və yaddaş” adlı rəsm sərgisini izləyirəm. Sərginin “Yaddaş və an”, “Meqapolis” və “Sürü” tabloları heyran edir adamı. “Sürü” tablosunun qarşısında xəyala dalıram. Gündəlik həyatın sıxıcılığı, fərdi və ictimai qovğalar, “xərçəng addımlarla yeriyən mediatik populizm”, siyasi fırıldaqlar və onların arxasını, ayağını gücləndirən yaltaqlıq savaşları, axmaqlıq sürüləri. Hamısı sanki eyni filmin şəridləri, fraqmentləri kimi axır gözlərimdən. Əziz Nesinin “Padşaha girən paya” hekayəsinin kinematoqrafik səhnələri canlanır yaddaşımda. Tablolara baxdıqca Kunderanın anla, yaddaşla bağlı iki romanı düşür yadıma. “Gülməyin və unudulmağın kitabı” və “Astagəllik”. “Sürü” tablosuna gülürəm və ustad Kunderanın var olmağın ağırlıq bürcünə qarşı ən yaxşı yolun gülmək və unutmaq formulları barədə baş sındırıram. Sürünün əsarətindən də xilas olmağın ən yaxşı yolu gülmək və unutmaqdır. Sənət mərkəzindən çıxanda telefonu cibimdən çıxarıram və votsapın 12 oxunmamış mesajı boylanır mənə. Daxil oluram. Mesajlardan 8-i Milan Kunderanın vəfatıyla bağlı başsağlığıdır. Bəziləri kədərli, bəziləri isə ələ salarcasına yumorlu. Əvvəlcə sarsılıram, heç kimə cavab vermirəm, sonra kədərim qəribə bir təbəssümlə əvəzlənir. İçində yaşamağa məhkum olduğun yumorsuz dünyadan xilas oldun, Kundera. Necə deyirdin? “İnsan düşünür, Tanrı gülür”. Tanrı düşünəndə isə Kundera yazıb, yazır və yazacaq. Onu hər dəfə oxuduqca yenidən yazacaq, yeni oxucunun duyğuları, düşüncələri və gözləri ilə. Orxan Pamuk demişkən, bu işi, yəni ölümü böyütmədən, səssizcə getmək lazım idi, elə də getdin. Yazmaq istədiyin bütün romanları yazdınmı? Bütün külliyatını dəfələrlə oxuyan biri kimi deyirəm ki, bəli, səninlə doyunca söhbət edə biləcəyim qədər, mənimcə, yazdın.
İstiqlal caddəsində qələbəliyin içinə qarışıram. Beynimdə min bir sual dolanır. 94 il bəs etdimi Kunderaya? Gedənlərin gəlmədiyi dünyada həyatla barışa bildimi? O öz romanları ilə yazıda, roman sənətində ölümsüzdürmü? Yoxsa bu ölümsüzlük sevdası yazı adamlarının quruca təsəllisidirmi? Özümü ixtiyarsız şəkildə Nişantaşının dar, dolambaclı küçələrində, oradan da Pamukun “Məsumiyyət muzeyi”ndə tapıram. Həmişə qarış-qarış gəzdiyim muzeyin eksponatları nədənsə mənə çox cansız, fani təsir bağışlayır. İçimi qəribə bir astagəllik bürüyür, darıxıram, şairləri, yazıçıları sevərək, həm həyatdan, həm ölümdən qorxaraq…
Bir neçə il əvvəl İngiltərənin Mançester Yunayted futbol klubunun əfsanəvi baş məşqçisi Ser Aleksandr Çempen Ferqyuson ağır insult keçirir. Həkimlər Aleks Ferqyusonu beyin əməliyyatı edirlər. 78 yaşlı Ferqyusonun ayılanda ilk sözü “Xatırlayıram?” olur. Çünki insan xatırladığı müddətdə yaşayır. Bir də xatırlanması var insanların. Sıravi adamlar nə qədər yaxşı olsalar da, ölümlərindən sonra qısa, limitli yaşayırlar. Onları görən adamlar sağ olduğu müddətcə var olurlar. Sənət adamları isə əsərləri ilə daima mövcuddurlar, var olmağın dözülməz yüngüllüyündə də, yaşamağın ağırlıq bürcündə də əsərləri ilə həyatları davam edir. Milan Kundera “Zarafat”, “Gülməyin və unudulmağın kitabı”, “Var olmağın dözülməz yüngüllüyü”, “Ölümsüzlük”, “Ayrılıq valsı”, “Gülünc eşqlər”, “Astagəllik”, “Bilməmək” (“Cəhalət”), “Mənasızlığın təntənəsi” romanları ilə intellektual-psixoloji ədəbiyyatın fərqli nümunələrini yaratdı. Var olmağın ekzistensiyası ekzistensializmin sonuncu və nəhəng imzası ilə məna və dəyər qazandı. Sanki Milan Kundera hər gün yumor hissi azalan dünyanın gülüşünü, yumorunu apardı özüylə.
Onu ekzistensializm ədəbi cərəyanının yaşayan klassiki, ən son nümayəndəsi adlandırırdılar. Heç vaxt birmənalı qarşılanmadı. Vətən xainliyi ilə damğalandı. “Zarafat” və “Var olmağın dözülməz yüngüllüyü” romanlarından başqa ciddi bir əsər ortaya qoymadığını deyənlər də oldu. Əsərlərinin yalnız müəyyən bir dövrə aid olduğunu da söylədilər. Bəzilərinə “Roman sənəti”, “Pərdə”, “Bir görüş”, “Təhrif edilmiş vəsiyyətlər” kitabları bədii əsərlərindən daha maraqlı gəldi. Son romanı “Mənasızlığın təntənəsi” Avropada bədii-estetik məzə, zarafat kimi qiymətləndirildi. Guya Kunderanın digər romanları həmin məzə və zarafatdan uzaqıymış. Halbuki Kundera ədəbi-estetik görüşləri və yaratdığı sənətiylə bütün izmlərin zirvəsindədir. O, insanın daxilindəki “məni”, fərdi düşüncə və duyğuları axtardı, bədii kəşflərə çıxdı. Özünün deyimi ilə desək, “məni” axtarması paradoksal bir narazılıqla nəticələndi. Daha doğrusu, davam etməkdədir. Şüurlu və ya şüursuz şəkildə məni dərketmə prosesi yaşayan insan Kunderanın romanlarında tamamilə gözlənilməzdir. Kafkadan belə fərqlənir. Əgər Kafkada situasiyalar fərqlidirsə, Kunderada psixoloji, intellektual yozum, gündəlik həyatın sənətdə yeni əks olunma formaları yenidir. Bu yenilik klassik romanların tərif və təsvirlərindən kəskin şəkildə fərqlənir. Tutaq ki, Floberin romanlarında xarici mühit və aləm birbaşa insanın daxili ilə bağlıydı. Digər klassik romanların qəhrəmanlarına da baxsaq, vəziyyət belədir. Ancaq Kundera həqiqətsonrası dövrün təhkiyəçisidir. Ətraf mühit insanın daxilini elə bir şəkildə məngənəyə salıb ki, mənəvi dəyərlərin heç bir mənası qalmayıb. Dözülməz yüngüllükdə can verir. İnsanın gələcəyi ilə bağlı ehtimalların sərhədlərini keçib Kunderanın romanları. Bu baxımdan ustadı Kafkanın estetik görüşlərindən sonrakı mərhələni təmsil edir o.
Modern roman Prust, Kafka və Coys triosuna aiddir. Kundera bu fikirlə razılaşmırdı. Haqlıydı da. Çünki modern roman üçün uzun bir siyahı hazırlamaq olar. Və özündən əvvəlki və sonrakı yazıçılara da Franz Kafka başçılıq edir. Mən kiçicik siyahımda əsas fiqurları belə düzərdim: Kafka, Prust, Coys, Brox, Müzil, Qombroviç, Friş, Rob Qriye, Qaddis… və Kundera…
Onun romanlarını belə xatırlamaq olar: İlk romanı “Zarafat” gündəlik, ötəri rejimlərin qulu, köləsi olan adamların bir gün həmin sistemdən necə zərbə ala biləcəklərini ədəbiyyatın dili ilə ifadə edir. Fransız şair Lui Araqon əsəri XX əsrin ən böyük romanlarından biri adlandırır. Ön söz yazır kitaba. Kundera Araqonun ön sözünü kitabdan çıxarır, çünki əsər getdikcə siyasiləşir. Halbuki Kundera siyasi roman yazmamışdı. Sadəcə, siyasətin, Kommunist partiyanın oyuncağına çevrilən, yaltaq bir gəncin ironik, tragikomik hadisə ilə üzləşməsini göstərir. Sevgilisi Marketaya məktub yazan Lüdviq zarafatla Trotskinin adını çəkir və bütün “karyerası”, çabaları, “zəhməti” puç olur. Partiyadan azad olunur, həbs edilir və ondan sonra nifrət dolu bir insana çevrilir Lüdviq.
Milan Kundera “Kimlik” romanı ilə artıq bir dəyər ifadə etməyən insan bədəninin görünməyən, gizli tərəflərini kəşf edir. Əsərin qəhrəmanı Şantal özündən yaşca xeyli kiçik sevgilisi Jan-Markla təsəlli tapmaq istəyir. Lakin onu heç kim və heç nə ovutmur. Kimliyimiz nədən ibarətdir? Köhnələn bədənimizdən? Heç bir haqq, səlahiyyət verilmədən bu dünyaya, bu bədənə və ruha məhkum edilmişik!
“Ölümsüzlük” romanında özünün, Heminqueyin və Hötenin obrazını yaradır. Ölümsüzlüyü iki yerə bölür. Birincisi, qadın bədənindəki zərifliyin, estetikanın, qocalmaq istəməməyin ölümsüzlük çabasıdır. Digəri isə Heminquey, Höte kimi sənətkarların yazıda var olmaları, ölümsüzlüyüdür.
Kundera “Gülünc eşqlər” romanında həkim Havelin Don Juanlığını yazır. Dəyişən, yenilənən dünyada mümkün olmayan Don Juanlıqdır bu. Saxta, erotik eşqbazlığa tragikomik bir yanaşmadır. Havel öz spermasını uşağı olmayan qadınlara ötürməklə bir müalicə üsulu seçir. Bir gün romanı oxuyan praqalı bir həkim Kunderanın qarşısını kəsir və deyir: Sizi tənqid edəcəm, həkimləri pis göstərmisiz. Necə də Mehdi Hüseynlə İsa Hüseynovun o məşhur dialoqunu xatırladır. “Çap olunmağa başladığım ildən bir fakt. Mehdi Hüseyn: “Səni tənbeh eliyəcəm”. Oçerkdə niyə öz atandan yazmısan?” Həkim yalnız öz peşəsinin təəssübünü çəkir. Normaldır. Amma romanı anlamayıb. Yazıçının məqsədi həkimləri pisləmək və ya hər hansı saxtakarlığı göstərmək deyil, tragikomik həyat situasiyasını sənətin dili ilə ifadə etməkdir. İnsanın mövcudluq problemi “Gülünc eşqlər” romanının digər qəhrəmanları Eduardla Alisin eşqində sorğuya çəkilir. Burada Eduard və Alisin fonunda insanın fikirlərinin və bədəninin taleyin bir yamağından ibarət olması çözülməyə çalışılır. Çözülürmü? Əlbəttə ki, xeyr. Roman çözmür, insan həyatının qaranlıq bir tərəfini təqdim edir. Elmin və tarixin görmədiyi yönləri.
“Ayrılıq valsı” ən çox “Gülünc eşqlər” romanına bənzəyir. Əslində, Kundera hər bir romanında yeni, eksperimental forma və məzmun yaratmağa çalışır. “Yazı sənətinin həndəsəsi” hər dəfə bir-birindən fərqlənir. “Ayrılıq valsı”nın komponentlərindən olan ginekoloq Skreta da “sonsuz” qadınları “sonlu”, uşaqlı etməyə çalışır. Həyatın mənası yemək, seks və çoxalmaqdırmı? Roman bu sualı verir. Burada hər şey ötəridir. Həyat kimi. Romanın digər qəhrəmanı Klima və onun bircə gecəlik sevgilisi olan Ruzena arasındakı eşq həyatın da necə təsadüfi və istənilməyən bir məcburiyyət olduğunu göstərir. Həyatımızı yaşamağa macal yoxdur. İnsan faciəsini belə yaşamaq haqqından məhrum bir tragikomediyanın və ayrılıq valsının içindədir. Özündən, mahiyyətindən ayrılmış bir şəkildə inorqanikdir. Halbuki orqanik ola bilərdi…
“Cəhalət” romanında İrena və Yozefin üstünə Homerin Odisseyasının kölgəsi düşür. Özlərindən, İthakalarından ayrılıblar. Xatirələr hücum edib yaddaşlarına. Zaman və məkanın yenilənməsi, dünyanın çöhrəsinin dəyişməsi insanın cahilliyini dəyişdirə bilməyib. Praqa baharında öz ölkəsindən didərgin düşən İrena daha əvvəl özündən, sevdiyi adamdan hicrət edib.
“Gülməyin və unudulmağın kitabı”nda Kristine, Tamina, Karel və Marketanın həyatından etüdlər verir. Kristine bir maşından – plastik əməliyyatlardan çıxan qadınlarla insanın, ananın doğduğu xanımlar arasındakı incə ştrixdir, fərqdir. Orqanik və inorqanik hərəkətləri ilə. Karel bir qadınla, Marketayla kifayətlənməyən kişilərin ümumi obrazıdır. Bir qadınla kifayətlənməyin əlçatmazlığı, özəlliyi və gözəlliyi bir illüziya kimi gülmək və unudulmağın yaddaşından keçib gedir. Tamina ölmüş ərindən qalan xatirələri unutmamaq üçün bədənini belə qurban verməyə hazırdır. Həyatda humanist duyğular eşq və mərhəmətdir, bəlkə də. “Gülməyin və unudulmağın kitabı” iyrənməyin yaddaşının mərhəmət və eşqin yaddaşını üstələyə biləcəyini ifadə edən lənətli anların bədii kəşfidir.
“Astagəllik” Kundera və xanımı Veranın dialoqu ilə başlayır. Vera xanım soruşur ki, niyə küçədə qoca bir qadını öldürsələr, cınqırı çıxmayacaq, heç nə etməyəcək bu adamlar heç ölməyəcəkmiş kimi sürətli bir şəkildə avtomobil sürürlər? Kundera bu romanında surətin unutmağı, astagəlliyin yaddaşı, xatırlamağı ifadə etdiyini esseistik bir üslubda çözməyə çalışır. Bənzərsiz bir strukturu olan roman-essedir “Astagəllik”.
“Var olmağın dözülməz yüngüllüyü” nə deməkdir? Pozitivist fəlsəfə insanı təbiətin ən şərəfli varlığı adlandırır. İdealist fəlsəfəyə görə də insan canlıların ən şərəflisidir və ən gözəl şəkildə yaradılıb. Homo sapiens dövründən homo deus olma çağına addımlayır insan? İnanmıram. Yuval Noah Harrarinin antropoloji araşdırmaları nəticəsiz qalmaqdadır. İnsanlıq inadkarlıqla homo deus olma iddialarını rədd etməkdədir. Təbiətin şərəflisi olmaq üçün natura, orqaniklik lazımdır. Modern insan daha çox homo nekansdır, yəni öldürəndir. Öldürür, təbiəti və Tanrını. Təbiət yoxkən, insan təbiətin ən şərəflisi necə ola bilər? Yaradan, Tanrı ölmüşkən, yaradılan necə ola bilər ki, ən gözəl təqvimdə yaradılsın, mövcud olsun? Belə bir dünyada insan var olmağın dözülməz yüngüllüyü altında əzilir. Var olmağın dözülməz yüngüllüyü yaranır. Tomaş və Terezanın yaltaq bir mühit və meqapolisin xaosundan təbiətin qoynuna qaçmaları və orada ölmələri idealist və pozitivist görüşləri birləşdirir. Tanrının və təbiətin varlığında, ağırlığında qovuşmaqdır bu.
Kundera ən nihilist və pessimist situasiyalarda da optimistdir. Çünki güclü bir gülüş və yumorla zəngindir. Milan Kunderanın sənəti “içində yaşamağa məhkum olduğumuz” yumorsuz dünyada gülməyin dözülən yüngüllüyü, xəfifliyi, astagəlliyidir. Bu gülüş bizi gələcəyə, gələcəklərə doğru aparır. Bu anda bir yazımın adı düşür yadıma. Gələcək gələcəkmi? Kunderaya görə, avanqardistlər və böyük sənət əsərləri yaradanların əsas təsəllisinin gələcəyin onları haqlı çıxaracaqlarını düşünmələridir. Daha sonra isə deyir: “Əvvəllər mən də gələcəyə əsərlərimiz və əməllərimizin yeganə səlahiyyətli hakimi kimi baxırdım. Gələcəklə aşna olmağın dövrlə ayaqlaşmağın ən pis forması və daha güclü və iqtidarda olana qorxaqca yaltaqlıq etmək olduğunu çox gec dərk etdim. Çünki gələcək indiki zamandan həmişə daha güclüdür. Nəticədə, bizi ittiham edəcək əsas gerçəklik də odur. Və təbii ki, heç bir səlahiyyəti olmadan edəcək bunu. Bəs gələcək gözümdə heç bir dəyər ifadə etmirsə, mən kimə bağlanım, kimə aid olum? Tanrıyamı? Vətənəmi? Xalqamı? Fərdəmi? Cavabım həm səmimi, həm də bir o qədər gülməlidir: Mən Servantesin rədd olunan, xor görülən mirası olan roman sənəti xaricində heç bir şeyə bağlı deyiləm”.
Və “Həyat başqa yerdədir” romanında Praqada, kommunist bir cəmiyyətdə var olmağın dözülməz yüngüllüyünü yaşayan Yaromilin obrazı ilə bütün böyük Avropa, dünya şairlərinin ümumiləşmiş obrazını yaradır. Artur Rembo, Lermontov, Puşkin kimi şairlərin həyatı ilə Yaromilin varlığı iç-içə keçir. Zaman və məkan koordinatlarını dağıdır Kundera. Eyni zaman və məkanda baş verən hadisə kimi təqdim olunur şairlərin həyatı. “Həyat başqa yerdədir” romanı dünya ədəbiyyatının ilk ensiklopedik, cəsarətli eksperimentlərlə zəngin romanlarından biridir. Şairin, şeirin, yazıçının, romanın funksionallığını itirdiyi dünyada həzin, məhzun bir ayrılıq valsı çalır var olmağın dözülməz yüngüllüyündən yaxa qurtaran Milan Kundera…
Edebiyyatqazeti.az