“Uliss” romanına ilk reaksiyalar

Coysun “Uliss”i yazdığı vaxtlarda Eynşteyn işıq şüalarını əyir, Froyd qeyri-şüur konsepsiyasını irəli sürür, Şönberq atonal harmonik seriyalar yaradır, kubistlər ikiölçülü rəsm müstəvisini həndəsi abstraksiyalarla kəsib keçirdi. Bu hadisələrə ilk reaksiyalar ancaq ki mübahisəli ola bilərdi. “Uliss”in nəşri də elə bir həngamə yaratmışdı ki, İngiltərə və Amerikada kitabın oxunması qadağan edilmişdi. “Uliss” 2 fevral 1922-ci ildə kitab olaraq nəşr olunanda ingilisdilli ədəbiyyat əbədi olaraq dəyişdi. Çox az sayda insan kitabdakı işığı görə bildi. Tənqidçi Edmund Uilson “New Republic” jurnalındakı yazısında (1922) romanın ədəbiyyat ənənəsindən uzaqlaşdığını, roman janrı üçün standartları yüksəltdiyini və “bəlkə də sıravi insan şüurunun indiyə qədərki ən gerçək rentgeni” olduğunu deyir. “Uliss” ilk olaraq Fransada ingilis dilində nəşr edildi. Coysun qırxıncı doğum günündə, bilavasitə Parisdəki naşiri Silviya Biç ona “Uliss”in birinci nəşrinin ilk nüsxəsini verdi. Amma ingilisdilli oxucuların leqal yolla bir nüsxə əldə etməsi on iki il çəkəcəkdi. Coys həmin illərdə romanın gündəmdə qalması və söz azadlığı üçün hərarətlə mübarizə aparırdı. “Uliss”in nəşrinə qarşı açılan cinayət işi Qərb aləminin müasir həyatın vədlərinə və təhlükələrinə uyğunlaşma problemlərinin simptomu olmaqla yanaşı, keçmişin boyunduruğundan azad olmaq mübarizəsinin simvolu idi.
Virciniya Vulf, “Təxminən 1910-cu ilin dekabrında insan xarakteri dəyişdi” iddiasını irəli sürür (Bu rəy Rocer Frayın Sezan, Qogen, Van Qoq kimi postimpressionistləri təqdim etdiyi və ciddi reaksiya ilə qarşılaşdığı sərgiyə istinad olaraq verilib). Bu da Coysun on ildən çox əxlaq qanunları, müəllif hüquqları, gömrük və poçt orqanlarında üzləşdiyi ayrı-seçkiliklə bağlı verdiyi mübarizəni təsdiqləyir. 1933-cü ildə ABŞ Məhkəmə Hakimi Con Vulsey “Uliss”ə ədəbsizliklə bağlı cinayət işində bəraət verərək romanın ABŞ-də nəşrinə imkan yaradır. Coys kontinental Avropanı erkən modernizmin mərkəzi olaraq görürdü və 1904-cü ildə İrlandiyanı həmişəlik tərk etdi. Təcrid olunmuş Dublindəki həyatla və İrlandiya siyasəti ilə əlaqəsini kəsməsi Coysun beynəlxalq ədəbi dairələrə girməsinə səbəb oldu. Ölkəsi ilə münasibəti hər zaman ziddiyyətli olmuşdur, sənətini formalaşdıran təsirləri həm mənimsəmiş, həm də inkar etmişdir. Stefen “Uliss”dəki bir xadimənin qırıq güzgüsünü İrlandiya sənətinin simvolu kimi qəbul edir. Coys İrlandiyada özünü yad hiss edirdi, dəfələrlə geri qayıtsa da, İrlandiya ilə siyasi əlaqə qurmaqdan boyun qaçırdı. Ölkənin tarixinə heyran idi, amma vətəninin provinsializminə olan nifrətini də gizlətmirdi: “Bu ölkədə doğulan bir insanın ruhu üzərinə uçmasın deyə dərhal tor atırlar. Mənə millətdən, dildən, dindən danışırsan. Mən bax bu torlara rəğmən uçmağa çalışacağam” (“Sənətkarın gəncliyindəki portreti”). Coys “Uliss”i 1915-ci ildə, Sürixə köçdüyü il yazmağa başlamışdı; bundan əvvəlki on ilin çox hissəsini Triestdə keçirmişdi. Coysun niyyəti “avropasayağı” bir bədii əsər yazmaq idi, amma din və musiqi kimi mövzularda İrlandiyalılığından əl çəkə bilmirdi. Katolikliyi inkar etsə də, Katolik təlimi onun hər zaman dəyər verdiyi bir şey olaraq qaldı. Gənclik illərindəki müğənnilik karyerasında və şeirlərində İrlandiyayaməxsus bir həssasiyyət və melanxoliya var idi, sonrakı əsərlərində də bu izlər görünəcəkdi. Belə ki, Cuna Barnes “Uliss”dəki müğənninin səsini eşitdiyini deyir. Edmund Uilson Coysun üslubunun təhkiyə əsasında deyil, simfoniya kontekstində formalaşdığını qeyd edir.
Başlanğıcda Coysun yazıları Ezra Paundun diqqətini cəlb edir. Paund Coysu Amerikadakı “The Little Review” jurnalının redaktorları ilə tanış edir. 1918-ci ildə “Uliss”in ilk fəsilləri bu jurnalda nəşr olunmağa başlayır. 1920-ci ildə isə bu cəhd onlara baha başa gəlir – haqlarında ədəbsiz nəşriyyat adı altında cinayət işi açılır. 1922-ci ildə Parisdəki “Shakespeare and Company” kitab evinin sahibi Amerikalı Silviya Biç “Uliss”i çap etməyi təklif edir. Min nüsxə hazırlanır və dərhal beynəlxalq məntəqələrə paylanır. Həmin ilin sonlarına yaxın Londondakı “Egoist Press” nəşriyyatı Fransada iki min nüsxəlik ikinci nəşri edir. Nyu York poçt işçiləri beş yüz nüsxəni ələ keçirib yandırırlar. 1923-cü ildə “Egoist Press” beş yüz nüsxəlik üçüncü nəşri həyata keçirir, amma dörd yüz doxsan doqquzu ingilis gömrük məmurları tərəfindən ələ keçirilir. “Uliss” qaçaq yollarla yayılmağa başlayır, xətalar və əskiklərlə dolu pirat versiyalar hazırlanır və yalnız illeqal olaraq satılır. Qaçaq nəşrlər satmaqla ad çıxarmış nəşriyyatçılardan biri olan Samuel Rot Coysun qəzəbinə tuş gəlir. Dünyanın aparıcı yazıçıları “Uliss”in pirat nəşrlərinə qarşı imzatoplama kampaniyaları aparırlar. Tənqidçilərin Coysun əsərə biçdiyi dəyəri anlamaması “Uliss”in şöhrətini daha da artırır. “Uliss” başlanğıcda heç də təəccüblü olmayan bir yanlış anlaşılma ilə qarşılanır: Coysun pornoqrafik bir əsər yazdığı düşünülür. Bundan əlavə, “Uliss”in süjetini anlaya bilməmək bir çox oxucunun zəhləsini tökür. Coys belə bir süjeti qəsdən bəlli etməmişdi. Hər nə qədər “Uliss”in süjeti son dərəcə qarışıq olsa da, qurduğu sxemi uzun müddət gizli saxlaya bilmişdir.
Coysun da iftixarla dediyi kimi, tematikanın və süjetin açılması alimləri və tədqiqatçıları illərlə məşğul edəcək, bu da əsərin ölümsüzlüyünü təmin edəcəkdi. 1930-cu ildə Stüart Gilbertin “Uliss”in süjetinin bəzi hissələrini yayımlamasına icazə verir, amma sonradan bu qərarının reklam məqsədi güdən bir manevr olduğunu və əslində böyük bir xəta olduğunu etiraf edir. “Odisseya” ilə “Uliss” arasındakı paralelliklər Homerə işarə olaraq qəbul edilir və bu gün də geniş miqyasda müzakirə edilir. “Uliss”də cinsiyyət orqanlarını, bədən funksiyalarını və ayıblanan digər insani xüsusiyyətləri təsvir edən ifadələr və hissələr yer alır. Coys gündəlik həyatı bütün bayağılığı ilə, yüz ölçüb bir biçərək analiz edir deyə cəmiyyət zəncir çeynəyirdi. Virciniya Vulf belə deyir: “Cənab Coysun “Uliss”də tabuları qırması, mənə elə gəlir ki, nəfəs almaq üçün mütləq pəncərəni sındırmalı olan çarəsiz bir adamın şüurlu və planlı davranışıdır. Ara-sıra pəncərələrin sındırılması möhtəşəmdir, amma bu qədər enerji sərf etməyə gərək var idimi?” T.S.Eliot isə “Uliss”in “bütövlükdə on doqquzuncu əsri geridə qoyduğunu” deyərək yerə göyə sığdıra bilmir Coysu.
Coys çox yaxşı bir Flober oxucusudur və Danteyə heyrandır. İbseni oxumaq üçün dan dili öyrənir və ilk tənqidi yazısı da İbsenin “Biz ölülər oyananda” tamaşası ilə bağlıdır. Yeytslə tanış olanda Yeytsin ondan təsirlənməyəcək qədər yaşlı olduğunu ifadə edir. Yeyts də bu komplimentə “Uliss”i oxuya bilmədiyini etiraf edərək qarşılıq verir. Coys gerçək çağdaş oxucuların ozamankı yazıçılar və sənətkarlar olduğunu düşünürdü, bu səbəbdən əsərinin oxunması üçün əzmlə mübarizə aparırdı. Məktublar yazır, tənqidi yazılar toplayır, “Uliss” dastanının hər xırda detalını qeydə alırdı. Hərarətli cavablar almaq onun xoşuna gəlirdi. Dostlarına və tanışlarına nüsxələr göndərirdi. Dostu Robert MakAlmon kitabı bitirmə zəhmətini belə çəkmədən rəy yazdı və Coysa kitabı pəncərədən tullamağı düşündüyünü bildirdi. Coys isə belə cavab verdi: “Uliss”i pəncərədən tullama. Pirros Arqosda bu şəkildə ölmüşdü. Həm də birdən aşağıdan Sokrat keçər”. “Uliss”ə çox sürətli və ifrat reaksiyalar gəlirdi. Malkolm Koley “qurbağa gölünə atılan daş” metaforunu istifadə edərək belə deyir: “Qısamüddətli bir səssizlik oldu, daş suya atıldı və “göldəki bütün qurbağalar bir ağızdan danışmağa başladı”.

Tərcümə edən: İlahə Abasova

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Oldos Haksli. Cəsur yeni dünya

Be Avq 7 , 2023
Əvvəli: https://klv.az/2023/07/31/oldos-haksli-c%c9%99sur-yeni-dunya-10/ (davamı) ALTINCI HİSSƏ     1          Leninada Bernardın qəribə, həqiqətən də çox qəribə olması barədə fikir formalaşmışdı. Elə qəribə idi ki, sonrakı həftələrdə Lenina bir neçə dəfə Nyu Meksika tətili barədə fikrini dəyişdirib Benito Huver ilə Şimal qütbünə getməyin daha yaxşı olduğu barədə düşündü. Ancaq […]