Narın əllərində sıxışıb ağ gül ləçəkləri. De gözəlim, ayrılıqmı bizə qonaq gəlib? Bəs yaxşı, hardadı o güllərin özləri? Olmaya yağışdan əvvəl qara buludmu gəlib?
Etmə inad, görməyəcəm o nişanəni. Gözlərimə korluq, dilimə lallıq gəlib. O güllər deyilmi əkildiyi bağın sakini, bizim evə neyçün belə xəbərsiz gəlib?
Ayrılığı Allah qonağı bilmirəm, düzü. Deyirəm bunu dinə qarşı gəlib. Dinsizlik hesab edəcəklər bu sözü, sevgidən təmiz din nə zaman gəlib?
Yenə yağış yağır, yenə qara buludlar, ürəyimə bir ox batır, əcəlmi gəlib? Nə əcəl, sevgidən közərən alovlar bütün qəlbimi külə çevirib.
Əllərində ağ güllər görünür uzaqdan. Deyəsən, qorxduğum gün yaman tez gəlib. Eh, ağ güllər, nə çıxar bu sevdadan? Ayrılıq əziz, sevdalım yad kimi gəlib…