Yeqzar Cəfərli. Şeytan da uşaq olanda günahsız idi…

(Mənsur şeirlər)

 

Mən kiməm? Mən özüm deyiləm! Əslində, biz fərqli adamlarıq…

Mən yaxşı olanda özüm pis, özüm pis olanda mən yaxşı oluram. Vicdanım da qeybə çəkilib. Bəlkə də, sosial problemlər tanış olmağımıza imkan vermir. Bilmirəm…

Vicdandan qorxan da deyiləm. Tapsam, ona ilk sualım belə olacaq: “Niyə gizlənmişdin?” Vicdanımsa susacaq, susacaq və qəfildən haqyıracaq! “Mən olduğum yerdəyəm, sadəcə sən gözləməyi bacarmırsan…”

*

Qartalı tənqid edə biləcək ən potensial namizəd balıqdır. O da ki, sudan başını çölə çıxarmadıqca…

Bütün balıqlar bir gün susuzluqdan bezib sahilə cıxacaqlar, tək-tək, həm də ölərək… Nə qədər ki böyük balıqlar balaca balıqları yeyir, onların sahilə sağ çıxması imkansızdır.

Bir gün köpək balıqları olmayanda adamlar daha çox balıq ovuna çıxacaqlar. O zaman da balıq tapmayacaqlar… Dünyadakı ən böyük canlının balina olmasını insanlar hələ də həzm edə bilmirlər. “Əsas mənəvi böyüklükdür” şüarını da bu səbəbdən uydurublar…

*

Bir gün sonuncu qatarı gözləyəcksən, tunel işıqlandıqca qəfil diksinəcəksən. Böyük qaranlıqların içindəki o işıq sənə ümid olacaq…

Həmin gün evə bir az tez gedəcəksən, həyat yoldaşını öpərək on illik öpüş susqunluğunu bir neçə saniyə donduracaqsan. Balaca oğlunun barmaqlarını sayıb, qarnını sığallayacaqsan…

Bir gün kafedə itirdiyin vaxtın önəmini anlayıb ağlamaq istəyəcəksən, ağlaya bilməyəcəksən. “Kişi ağlamaz” deyə yox ha! Sadəcə və sadəcə ağlaya bilməyəcəksən, vicdanın kimi göz yaşın da səndən küsəcək…

Və bir gün ala-toranlıqda bir neçə bulud başının üstünü kəsdirəcək. Onları ürəkdən söyəndən sonra yatmağa gedəcəksən və ayılanda görəcəksən ki, həyat utopiya deyil, insanlar isə absurddurlar…

*

Allah dostları ifadəsi möminlərdən çox uşaqlara aiddir. Əsil dindarlar uşaqlardır. Ölülərə və uşaqlara Quran oxumaq olmaz. Cinlərin də uşaqları olur, şeytan da uşaq olanda günahsız idi…

Şeytan insanların içindədir. Uşaqlar böyüyənə qədər şeytan yuxuda olur. Uşaqlar öləndə şeytan cəhənnəmə, böyüyəndə cənnətə gedir.

Bütün uşaqlar anadan yox, Allahdan doğulurlar əvvəlcə. Uşaqlar güləndə kəpənəklərin ömrü uzanır. Əslində isə heç bir böcək uşaqların əlində ağrı hiss eləmir…

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: https://klv.az/2023/07/10/oldos-haksli-c%c9%99sur-yeni-dunya-7/ (davamı) DÖRDÜNCÜ HİSSƏ 1. Lift “Alfa Soyunma Otağı”ndan gələn kişilərlə dolu idi və onlar dostcasına başlarını yelləməklə və gülümsəməklə Leninanı salamladılar. O sevilən bir qız idi, buradakıların demək olar ki, hamısı ilə nə vaxtsa gecəni birlikdə keçirmişdi. Salamlarına cavab verərkən, şirin oğlanlardır deyə düşündü. Sevimli oğlanlardılar! Ancaq kaş […]