Fidan Musayeva. Şərif Ağayarın “Şəkil” hekayəsində müharibənin psixoloji portreti

Şərif Ağayarın “Şəkil” hekayəsi insan psixologiyasının mürəkkəb tərəflərini, ailə münasibətlərini, uşaqlıq xatirələrini, günah və peşmanlıq hisslərini əks etdirən psixoloji məzmunlu əsərdir. Hekayədə Qarabağ müharibəsinin insan həyatında yaratdığı mənəvi və sosial problemlər ön plana çəkilir. Müəllif böyük ictimai faciəni bir ailənin və evin kiçik üzvünün yaşantıları fonunda təqdim edir.

Əsərin ilk cümləsi – “Babamı mən kor eləmişdim” – etirafı oxucunun diqqətini nəzarət altına alaraq süjet boyu hadisələrin gedişatında fərqli insan talelərini izləməklə yanaşı müharibənin iki fərqli nəslin psixologiyasında yaratdığı travmanı, ağrını əks etdirir. Bu cümlə oxucuda dərhal sual yaradır və hadisələrin səbəbini öyrənmək istəyi doğurur. Yazıçı bütün məlumatları başlanğıcdan açıqlamır, hadisələrin mahiyyətini tədricən açır. Belə başlanğıc süjetə maraq qatır və oxucunu qəhrəmanın daxili dünyasına yaxınlaşdırır.

Hekayənin birinci şəxsin dilindən nəql olunması da kompozisiya baxımından əhəmiyyətlidir. Hadisələr qəhrəmanın xatirələri və düşüncələri vasitəsilə təqdim edilir. Keçmişə qayıdış və hadisələrin mərhələli şəkildə açıqlanması süjetin psixoloji təsirini artırır.

Əsərin əsas qəhrəmanı olan uşaq obrazı psixoloji baxımdan maraqlıdır. O, hadisələri böyüklər kimi qiymətləndirmir, ətrafında baş verənləri öz yaşına və düşüncə tərzinə uyğun qavrayır. Babasının sərt davranışları və ailə üzvlərinə qarşı tələbkarlığı onda qorxu və narazılıq yaradır. Bu hisslərin təsiri ilə uşağın şəkildə babasının gözlərini deşməsi cərəyan edən hadisələrlə üzvi şəkildə birləşdirilərək müharibə ağrısını, psixoloji yaşantının təsirini qüvvətləndirir.Uşağın uşaq düşüncəsi ilə atdığı addımla hadisələrin sonrakı gedişatında babanın görmə qabiliyyətini itirməsi uşağın özünü günahkar hesab etməsi, vicdan əzabı çəkməsinə səbəb olur. Müəllif burada uşaq psixologiyasının mühüm xüsusiyyətini – uşağın hadisələrə bəzən məntiqi olmayan, lakin özü üçün inandırıcı görünən izahat verməsini göstərir.

Baba obrazı əvvəlcə sərt, əsəbi və tələbkar insan kimi təqdim olunur. Süjet boyu yalnız Qarabağ müharibəsinin deyil, babanın II Dünya savaşında keçirdiyi hisslər, yaşantılar və müharibə ağrıları insanın mənəvi, əxlaqi, psixoloji travmalarının qaynağına çevrilir. Hadisələrin inkişafında nəvənin ona münasibəti dəyişir. Qəhrəman babasının yaşadığı çətinlikləri gördükcə ona qarşı mərhəmət və bağlılıq hiss edir. Beləliklə, nəvənin hisslərində qorxudan mərhəmətə, qəzəbdən peşmanlığa doğru dəyişiklik baş verir. Bu münasibət əsərin emosional təsir qüvvəsini artırır.

Hekayənin adının “Şəkil” olması təsadüfi deyil. Şəkil əsərdə adi bir əşya olmaqdan çıxaraq keçmişin, ailə xatirələrinin və vicdan əzabının rəmzinə çevrilir. Şəkil həm də yaddaşın qorunması vasitəsidir. Zaman keçsə də, uşaq həmin hadisəni unuda bilmir. Beləliklə, müəllif kiçik bir detalda insanın keçmişlə mənəvi bağlılığını və bəzi xatirələrin uzun müddət yaddaşdan silinmədiyini göstərir. Şəklin gözləri ilə babanın görmə qabiliyyətini itirməsi arasında qurulan əlaqə hekayədə psixoloji gərginliyi artırır.

Hekayədə Qarabağ müharibəsinin insan həyatına təsiri də mühüm yer tutur. Müəllif müharibəni yalnız döyüşlər və dağıntılar, itkilər fonunda deyil, insanların gündəlik həyatında yaratdığı iztirablar, yaşantılar vasitəsilə təqdim edir. Qaçqınlıq, maddi çətinliklər, çadırda yaşanan ömür, doğmaların taleyi ilə bağlı narahatlıq və itkilər əsərin dərin fəlsəfi, psixoloji qatlarına enməyə imkan yaradır.

Bu yanaşma müharibənin yalnız tarixi və hərbi hadisə olmadığını, eyni zamanda insan münasibətlərini və psixologiyasını dəyişdirən faciə olduğunu göstərir. Yazıçı böyük ictimai problemi fərdi talelər vasitəsilə təqdim etməklə müharibənin görünməyən, mənəvi nəticələrinə diqqət çəkir.

Hekayənin dili əsasən sadə, anlaşıqlı və emosional təsir gücünə malikdir. Müəllif mürəkkəb təsvirlərdən çox, hadisələrin psixoloji məzmununu açan detallara üstünlük verir.

Əsərin güclü tərəflərindən biri yığcam süjet daxilində böyük mənəvi problemləri açmaq, bir-birindən fərqli insan psixologiyalarını səciyyələndirməkdir. Uşağın şəkilə etdiyi müdaxilə zahirən adi hərəkət olsa da, onun ətrafında günah, məsuliyyət, qorxu, sevgi və peşmanlıq kimi hisslər birləşir. Bununla belə, bəzi epizodların və obrazlararası münasibətlərin daha geniş işlənməsi əsərin psixoloji dərinliyini artıra, hadisələr arasındakı keçidlərin daha ətraflı qurulması kompozisiyanın bütövlüyünə xidmət edərdi.

“Şəkil” hekayəsində ənənəvi süjet elementləri qorunsa da, əsas diqqət xarici hadisələrdən daha çox insanın daxili aləminə yönəlir. Klassik hekayələrdə hadisələrin ardıcıl inkişafı və xarici konflikt daha qabarıq görünə bildiyi halda, bu əsərdə xatirə, daxili narahatlıq və psixoloji konflikt mühüm yer tutur. Qəhrəmanın düşüncələri və keçmişə münasibəti hadisələrin mənasını müəyyənləşdirir.

Bu xüsusiyyətlər hekayəni psixoloji nəsrə yaxınlaşdırır. Müəllif oxucuya hazır nəticə təqdim etməkdənsə, onu obrazların davranışlarını və hadisələrin mənəvi tərəflərini müstəqil qiymətləndirməyə sövq edir.

“Şəkil” hekayəsində müəllifin əsas uğuru böyük mətləbləri kiçik bir detalın fonunda ümumiləşdirmə ustalığıdır.

Əsərin müsbət cəhətləri sırasında diqqətçəkən başlanğıcı, birinci şəxsin nəqlindən istifadəni, uşaqlıq psixologiyasının təsvirini, şəkil obrazının simvolik mənasını və müharibə mövzusunun fərdi insan taleyi ilə əlaqələndirilməsini göstərmək olar. Hekayə müharibənin şərh olunması, təqdim olunmasından fərqli olaraq onun dramatizmini, psixoloji travmasını ayrı-ayrı fərdlərin talelərində obrazlaşdırmaq, bədii detalın assosiativ çalarlarında izləmək baxımından uğurlu nəsr nümunələrindəndir.

Nəticə etibarilə, Şərif Ağayarın “Şəkil” hekayəsi yalnız baba və nəvə münasibətlərindən bəhs edən ailə hekayəsi deyil. Bu əsər uşaqlıqdan yetkinliyə doğru mənəvi inkişafı, vicdan əzabını, peşmanlığı və müharibənin insan taleyində buraxdığı izləri əks etdirir. Hekayənin əsas bədii üstünlüyü hadisənin zahiri böyüklüyündə deyil, onun insanın daxili aləmində yaratdığı təsirdədir. Yazıçı adi bir şəkli yaddaşın, vicdanın və keçmişdən qurtula bilməməyin simvoluna çevirərək oxucunu insan münasibətləri, məhv olan talelər haqqında düşünməyə sövq edir.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir