Ötən il Serbiyada Vaqif Səmədoğlunun “Azadlıq və mən” adlı şeirlər kitabı nəşr edilib. “Computech” nəşriyyatı tərəfindən çap olunan kitabı serb dilinə Nina Simiç tərcümə edib. Nəşrin ön sözünün müəllifi tanınmış ədəbiyyatşünas Veselin Misniçdir. Nəşrin ön sözünü təqdim edirik.
Şair, dramaturq, pianoçu və əsl mədəniyyət xadimi olan Vaqif Səmədoğlu XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli ustadlarındandır. O, bütün ömrünü musiqidən ilhamlanaraq yazıb-yaradan şair kimi yaşayıb. 1939-cu ildə Bakıda anadan olan şair 2015-ci ildə doğulduğu şəhərdə dünyasını dəyişib. İlk dəfədir ki, Vaqif Səmədoğlunun şeir kitabı, daha doğrusu, seçilmiş poetik toplusu serb dilinə tərcümə olunaraq çap edilib. Müəllifin şeirlərinin çoxu sərlövhəsizdir – nömrələnərək verilib və onlar əksərən, ellipsislə bitirlər. Bu isə topludakı nümunələrin özəl cəhətidir.
Böyük şairlərin ədəbi irsi sərhədləri aşaraq daha geniş oxucu auditoriyada yayılmağın mütləq bir yolunu tapır. Daha geniş auditoriyaya xitab edən bu cür nadir ədiblərin irsi artıq yalnız bir bölgəyə, bir millətə aid olmur. Beləcə onlar dünya söz mirasının bir hissəsinə çevrilirlər. Vaqif Səmədoğlu böyük Azərbaycan şairidir, amma bütövün bir hissəsi kimi dünyanın da böyük şairidir. Bu iddia zamanla öz təsdiqini tapır – Vaqifin artıq aramızda olmadığı vaxtlarda da onun əsərləri sevilərək oxunur. O, öz yazdıqlarını mükəmməl səviyyəyə çatdırmaq məsələsində də olduqca istedadlı idi. Bunları diqqətə çatdırarkən, onun şair bir atanın, piano ifaçısı bir ananın qurduğu ailədə, incəsənət atmosferində böyüdüyünü də qeyd etmək lazımdır. Çox güman ki, valideynlərinin hər ikisindən ona istedad miras qalıb. Amma Vaqif öz mənəvi dünyasının çağırışlarına qulaq verərək, Tanrının bəxş etdiyi istedadın fövqünə qalxa bilib. Vaqif əbədi bir yola qədəm basana kimi onun bu özünəməxsus dünyasının, istedadının meyvələri hələ tam layiqincə qiymətləndirilməmişdi. Onun bir şair, dramaturq, musiqişünas, pedaqoq kimi verdiyi töhfələrin, yaratdığı nümunələrin əhəmiyyəti zamanla yerini alıb, müxtəlif ölkələr, mədəniyyətlər arasında yayılır. Bu məqam özü də şairin böyüklüyündən və ədəbi xadim kimi tutduğu mövqedən xəbər verir. Lakin Vaqifin poetik irsi zamanla daha çox dəyər qazanıb, sevilib. 60-cı illər bir ölkədə həm tarixi, həm sosial baxımdan ictimai bir oyanış dövrü kimi qəbul edilir. Həmin illər Azərbaycanda da etnik-milli köklərə qayıdışı körükləyən hadisələr kütləviləşmişdi. Yeni ifadə formaları, dünyaya, həyatın özünə münasibətdə fərqli baxış bucaqları formalaşmışdı.
Ədəbi nümunələrin tərcüməsi zamanı xüsusi poetik ifadələr, adətən, itir. Buna baxmayaraq, Vaqif Səmədoğlunun şeirlərinin ötürdüyü güclü ideyalar, çatdırdığı fikirlər, onun bəşəri fikirləri başqa bir dilə tərcümə olunarkən də, təsir gücü azaltmır. Vaqif Səmədoğlunun poetik irsini serb dilinə tərcümə edən Nina Simiç Paniçin bu çətin işin öhdəsindən layiqincə gələ bilmək üçün böyük əmək sərf etdiyini danmaq olmaz. Tərcüməçi bizi bu dahi Azərbaycan şairinin poeziya dünyası ilə peşəkar tərcümələri ilə tanış etdi.
“Sükut şair” obrazı Vaqifin ədəbi taleyinin ədəbi simvolu idi. Sovetlər birliyi dövründə senzuranın təzyiqindən yaxa qurtarmaq üçün əsərlərinin çapından imtina etmiş şair əvəzində düşüncə azadlığını və duyğu təlatümünü qoruya bildi. O, nə hansısa siyasi, nə də ideoloji təkliflər qarşısında baş əydi. Uzun illər bu sükutun və özünütəcridin əzabını çəkdi. Əsərləri nəşr olunmasa da, oxucu auditoriyasına açılmasa da, həmin illərdə də şair yazmağa ara vermədi. Ədəbi səhnədəki ilk çıxışlarından etibarən, Vaqif fəlsəfi dərinliyi, orijinal qiraət üslubu ilə hər zaman ədəbi-ictimai mühitin maraq obyektinə çevrildi. Bu məqamda Səmədoğlu kimi axtarışlar izində olan şairlər üçün qətiyyətli seçimlər etmək, bugünə yox, hədəfə köklənməyin çox vacib amil olduğunu vurğulamalıyıq. Şair yanar dağların belə sükuta qərq olduğu ağrılı torpaqlarda dünyaya gəlmişdi və özü də o, bu məmləkətdə sönməyən yanğınların yalnız insanın ürəyində şölələndiyini yaxşı bilirdi. O, çox yaxşı başa düşürdü ki, bu dünyada sükutdan və ölümdən daha əbədi bir şey yoxdur. Buna görə də düşüncələrinin qanadını qırmadan, özünü qəfəsə məhkum etmədən yaşadı. O, ya bədənini kölgələrin arasında gizləyib, ya da tamamilə qaranlığın mənəvi mağarasında gözdən itdi. Şairin bu metafizik səyahətlərdən tək qazancı öz dünyasının sükutundan, qaranlığından coşan və artıq sadəcə özünə aid olmayan duyğularını şeir çərçivəsində oxucuya ötürülməsidir. Bu misralar arasına ölüm və heçlik məfhumları girəndə belə şairin poetik sehrləri həyatdan bəhs edir.
Şeir və şairin sözü az qala müqəddəs kitablardan başqa bütün mənbələrdən silinmiş bu tarixlə həmrəydir. Ancaq bu kitabların da ömrü sona yaxınlaşır, ya yox olurlar, ya da onları oxuyan olmur. Odur ki, keçmişlə bağlı izlər də yox olmaq üzrədir. Zamanla və mənəvi yoxsulluq ucbatından yox olmaq təhlükəsi yaşayan şeylər isə yalnız bir şairin qeyri-ixtiyari yaratdığı qalada, ən təhlükəsiz, toxunulmaz hiss etdikləri sığınacaqda – bir şeirin içərisində yer tapırlar.
Şair Səmədoğlu şeirlərində qətiyyən bu özünəməxsus kədərdən əl çəkmir, bütün ümidsizliklərə baxmayaraq, həyatın gözəl olduğuna inanır, insanın bütün ömrü boyu apardığı mübarizənin mahiyyətini dərk etməyə çalışır. Bütün cəbhələrdə bacardığı qədər qara qüvvələrlə mübarizə aparır, davası bitməyənlərlə birgə savaşır. Çünki bu qara qüvvələr gözəlliyin olmadığı hər yerdə ən müxtəlif forma və biçimlərdə, bəzən seçilməz qədər solğun rənglərdə insanların yoluna çıxır və onları yanlış istiqamətə yönləndirə bilirlər.
Vaqifin poeziyası bəşəri, insani dəyərləri, dövrün səsini yaymaq üçün bütün siyasi rejimləri, ictimai institutları, hətta çox vaxt öz duyğularını belə arxa planda qoyur. Yazılı nitqin, sözün fövqəladə dərinliyinə hakim olan Vaqif Səmədoğlu məhz bu məna ustadlığına görə Azərbaycan nəzminin innovatorlarındandır. Onun bütün lirikası özünüdərk ehtirası, başqalarının dünyalarını tanımaq və dərinliklərini kəşf etmək marağını əks etdirir. Şair şeirlərində eyni zamanda cəmiyyətin, həyatın, insan psixologiyasının fəlsəfi şərhini də verir. Vaqif Səmədoğlunun poeziyası Şərqin ruhundan süzülən müdriklik, hikmət üzərində ucalsa da, üslubu, ifadələri moderndir. Oxuduqca həyat reallıqdan qopub uğurlu bir bəstənin son akkordlarına keçid edir…
o gün ilk dəfə səsləndi ömrün son akkordları…
Heç eşidilməyəcək bir bəstə… Şairin böyük arzuları yoxdur:
şair kimi yox,
şeir kimi ölmək istəyirəm – əvvəldən-axıra
bir şeir kimi xatırlanmaq istəyir.
Göz yaşları eyni rənglənib hamımızda…
Günəş ağac və çay səhnədə, deyir şair.
Və davam edir:
Nyu-Yorkda Allaha çatmaq istəyən evlər,
Bakıda siqaret tüstüsü ilə dolu,
14 kvadratmetrlik bir otaq var…
Suallar çoxalıb, qüdrətli misralar formasında ruhunun sahillərinə dalğa-dalğa çırpıldıqca, şairin cavabları heç də həmişə bir şeirin içində təqdim olunmur. Bu cavablar maraq süfrəsinə Tanrının əli ilə göndərilir, oxucuda cavabın doğruluğuna şübhə qalmır. Şair sanki şübhəni oxucu ilə birgə həll edir:
İlahi, bu da Sənin əməlin,
burda da Sənin əlin!
Səni tapacaqlar, İlahi,
yuvan istər dayaz olsun,
ya dərin…
Hər yanda, hər şeydə
Sənin barmaq izlərin…
Suallar nə qədər cürətkar və idarəedilməz olsa da, cavablar əlinizin altındadır…
Eşidirsənmi?
Amma necə eşidəsən…
İki il, yeddi ayın ayrılığıyla tutulub qulaqlarımız,
Bir yandan da bu yağış…
Bu yağışda canavarlar da
adam olub yorğan-döşəyə girmək istəyirlər.
…Şair “Yeddi məktub” adlı şeirində yazır. Belə davam edir: Qəfil kölgəmi görürəm, palçıqlı qarın üstündə gücsüz-gücsüz yellənir. Bu qədər əllər arasında yalnız üşümək istəməyən əllərimə baxıram. Dünya uşaqlığımın küncə qoyulduğu yerə oşxayır. Yenə də heç nədən şübhə duymayan bir müəllif var:
Barmaqlar arasından
axıb gedir ömür.
Nə barmaqlar səninmiş,
nə ömür sənin…
Şairin əzaba ehtiyacı var, yel dəyirmanının işini layiqincə yerinə yetirə bilməsi üçün azğın küləyə ehtiyacı olan kimi. Bəs, sabah nə olacaq sualı onu həmişə düşündürür:
Dəlixana həyətində
Bir ağac da dəli oldu…
Xışıldadı yer üzünün,
Ən əlacsız yarpaqları,
Dəlixana divarını
Öpdü çinar budaqları…
Gəl gedək, sonra çıxaq kilsədən,
şəhərə çıxaq birbaş.
Və baxaq yanımızdan ötən adamların sifətinə.
Görək evə qədər gözümüzə dəyəcəkmi,
İsa peyğəmbərə oxşayan bircə kişi, ya qadın…
İmkanlar sonsuzdur, bu sonsuzluq içində ancaq seçdiklərimiz bizim ixtiyarımızdadır. Hər şey insanın öz əlinin içinə verilib seçilmək üçün: intihar, həbs, qürbət…
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada…
Nə olursa olsun, şair həqiqəti açıq-aydın dərk edir:
Gecələri özüm sayaram,
üzümə açılacaq neçə səhər var?
Onu da daxili bir maraq bürüyür, onu sonsuzluğa yola salanlara suallar yağdırır:
Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Bəyənəcəksənmi məni?
Bəndəni hansı gözlə görəcəksən?
Məzarıma nə baş daşı qoyun, nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın geyib getsin…
Şair güc oyununun həm şahididir, həm də bütün bunlardan bixəbər kimi davranır. Rolu, iştirakçısı olmadığı insanların bir-birinə qarşı oynadığı kənardan müşahidə edir. Müşahidələrini çək-çevir edərkən bu oyunların insanların düşündüyü qədər gərəkli və əhəmiyyətli olmadığı qənaətinə gəlir. Şairin fəlsəfəsində ətalət özü subyektə təsir etmək istəyən fərdlərin, hadisələrin zamanla uzlaşmasını təmin edir.
…Bu poetik səyahətlər onu arzusuna çatdırırdı, yazarkən görünməz olmasını da təmin edirdi. Şairin sonsuz duyğu – fəlsəfə dənizinin üstünə görünməzlik dumanı kimi çökür. Lakin bu duman onun özünü gizlətsə də, zirvəni fəth etmiş şeirlərə çata bilmir. Özü görünməz, poeziyası zirvədə olan bir şairdir o.
Edebiyyatqazeti.az