Zenfira Mayılova. Dantenin yolu…

Bugünədək işlənilmiş ədəbi mövzular içərisində ilahi, tanrı, cəhənnəm, cənnət, axirət kimi mövzular aktuallıq təşkil edir. İtalyan ədibi Dante Aligyeri də bu mövzu qatarında səyahət edənlərdəndir. O, “İlahi komediya” əsərində bu tip mövzulara münasibətini özünəməxsus şəkildə əks etdirib.

Əsərdə öncəliklə qəhrəmanın cəhənnəmə səyahəti təsvir edilir. Cəhənnəm vəhşi iştaha tabe olmaqla və ya saxtakarlıq və pis niyyətlə insan zəkasını təhrif edərək mənəvi dəyərləri rədd edənlər üçün qorunan yer üzərində doqquz konsentrik işgəncə dairəsi kimi təsvir edilmişdir. “İlahi Komediya” günahın tanınması və rədd edilməsini təsvir edən ruhun cəhənnəm vasitəsilə Allah qatına səyahətini təmsil edir.

Əslinə qalarsa, biz yaxşı bilirik ki, Dante özü zamanında kraldan da üstün olan kilsəyə qarşı çıxmış və buna görə də təqiblərə məruz qalmışdır. “İlahi komediyası”na nəzər saldıqda isə görürük ki, Dantenin cəhənnəmə saldığı insanlar dövrünün acı gerçəkliklərini əks etdirən, əxlaqi çöküntüsü olan və bəzi müxtəlif şəxslərin olduğu bir yerdir.

Əsərdə cənnət və cəhənnəm ilə yanaşı başqa bir xüsusi məkan obrazı olan əraf isə “var və yox”, “bugünlə sabah”, “olmaq və ya olmamaq” kimi dərin məhfumların atasıdır. Ya nəticə çıxarıb cənnətə pak gedərsən, ya da ki, elə ərafdaca ilişib qalarsan…

Bəs sevgi? Dante, əslində, təkcə tanrını sevgi kimi qələmə verir. Özü ədalətli hökmdar olur və öz dövrünə qarşı əzəmətli duruşunu qələmi ilə göstərir. Dante özünəməxsus şəkildə hər bir dərdin, bəlanın tək çarəsinin sevgi olduğunu isbat etmiş və bu seviginin nişanəsi olaraq ideal qadın obrazları yaratmışdır. Dantenin cənnətin qapısında qarşılaşdığı və taleyində misilsiz rol oynayan Beatriçenin təsviri təsadüfi deyildir. O, sevginin günahların fövqündə olduğunu sübut edərək bu qadın obrazını yaratmış və Beatriçeni dünya ədəbiyyatında bir ideala çevirmişdir. Milli klassikamızın dəyərli nümyəndəsi Nizami Gəncəvi isə sevgini qadın ağlı və zəkası ilə birləşdirmiş. Nigar, Şirin, Fitnə kimi misilsiz qadın obrazları yaratmışdır.

Dante Beatriçe ilə cənnətin 7 qatını gəzir. Sanki tanrısı olan sevginin mükafatını qəbul edir…

Ümumiləşdirsək, məhəbbəti təcrübədən çox mücərrəd bir məfhum, konkret həyat prosesi kimi görən Dante, onu təriflərə, qəliblərə sığdırmamış və Beatriçedə toplamışdır. Ona görə, sevgi kiməsə və ya nəyəsə maraq, bağlılıq, səmimi yaxınlıq hissi, dərin şəfqət, kiməsə görə də, hər hansısa şəxsin və ya əşyanın rifahını arzulamaq, ona səmimi bağlılıqdır.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ülvi Babasoy. Paylaşmaq mədəniyyəti

Filip Rotun “Arzu professoru” romanının qəhrəmanı Kepeş keçmişlə indi arasında çapalayır. O, ənənəni də, müasirliyi  də yaşaya bilmir. Keçmişlə bağlar qopub. Nə o yanlıqdır, nə də bu yanlıq. Qaçılmaz  bir durumdadır. Kepeşin ekzistensial uyumsuzluğu daha çox fərdin düşüncə dünyası ilə bağlıdır. Azərbyacan Xalq Cümhuriyyətinə qədər isə yaddaşın bütün formaları dağınıq […]