Ceyms Corc Freyzer. Ayrı-ayrı təbiət qüvvələrinin hakimləri

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923.

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

 (davamı)

Öncəki araşdırmadan bəlli oldu ki, müqəddəs funksiyaların hökmdar mənsəbinin Nemidəki Meşə Çarının, Romadakı Qurbanlar Çarı və Atinadakı alimənsəbin (hökmdar adlandırılan) timsalında rastlaşdığımız çuğlaşması klassik qədim dövrün hüdudlarından kənara çıxır və insan toplumunun öz inkişafının bütün mərhələlərindəki – barbarlıqdan tutmuş sivilizasiyayadək, – ümumi cəhətidir. Bundan başqa, inamauyar görünür ki, bu hökmdar-kahin kahinlik ülviyyətni taxt-tacla birləşdirərək çox vaxt təkcə elə adına görə deyil, həm də faktik olaraq hökmdardır. Bütün bunlar Qədim Yunanıstan və İtaliya respublikalarındakı mənsəbcə hökmdarların hökmdar-kahinlərin mənşəyinə dair ənənəvi baxışı təsdiqləyir. Yunan-italik ənənəsində haqqında xatirələr qalmış ruhani və dünyəvi hakimyyət birliyinə əslində çox yerdə rastlandığını göstərərək biz ən azı bu rəvayətin həqiqətlə bağlı olmamasına dair şübhəni aradan qaldırmış olduq. İndi biz belə bir sual verməyə haqlıyıq: həqiqətəbənzər rəvayətin onları bizə gətirib çatdırdığı kimi, Meşə Çarının mənşəyi Romadakı Qurbanlar Çarının və Atinadakı vəzifəcə hökmdarın mənşələrinə oxşar deyilmi? Başqa sözlə, onun vəzifəsi irsi idimi? Qismətinə yalnızca elə dini funksiyalar və taxt-tacın zəif kölgəsini saxlayaraq respublikanın siyasi hakimiyyətdən məhrum etmiş olduğu hökmdar sülaləsi olmayıbmı? Bu suala inkari cavab vermək üçün ən azı iki dəlil vardır. Onlardan birincisi Nemi kahininin iqamət yeri, o birisisə – Meşə Çarı titulu ilə bağlıdır. Əgər onun sələfləri çar olmuş olsaydılar, o, şübhəsiz, Roma və Atinanın devrilmiş hökmdarları kimi, soyunun haçansa sahib olmuş olduğu taxt-tac olan şəhərdə yurd salmış olardı. Bu şəhərsə Arik(ts)iya olmalı idi. Arikiya gölün qırağında, bu meşə tapınağından üç mil aralıda yerləşir. Gərçi əgər Nemi kahini hökmdarlıq etmişdisə də, bunu şəhərdə deyil, meşədə etmişdir. Elə bu sayaq da Meşə Çarı titulunun özü də bizə o gümana çox az yer qoyur ki, o, haçansa bu sözün adi mənasında hökmdar olmuşdur. Daha böyük ehtimal var ki, o, təbiətin, daha düzü, təbiətin bir hissəsinin (məhz elə meşələrin) ağası, hakimi idi ki, bu titulu da elə buna görə qazanmışdır. Təbiətin ayrı-ayrı hissələrinin hakimlərinin, yəni belə sanıldığı kimi, ayrı-ayrı təbiət qüvvələrini idarə edən şəxslərin, yəqin ki, indiyədək bizi maraqlandırmış olan və ayrı-ayrı hissələrindən daha çox təbiəti bütövlükdə idarə edən ilahi hökmdarlardan daha çox Meşə Çarı ilə oxşarlıqları olmuş olardı. Belənçi hökmdarlarla bağlı yetərincə misallar vardır.

Konqo çayının mənsəbinin yaxınlığında, Bommanın yanındakı təpədə Namvulu Vumu – Yağış və Fırtına Hökmdarı yaşayır. Yuxarı Nilin bəzi qəbilələrində, bəlli olduğu kimi, bu sözün adi mənasında hökmdarlar yoxdur. Onların hökmdarlar olaraq ehtiram göstərdikləri, – ilin gərəkli vaxtında, yəni yağış mövsümündə yağış yağdırmaq qabiliyyəti aid edilən Yağış Ağalarıdır (Mata Kodou). Martın sonunda yağışlar başlananadək ölkə qızmar günəşin yandırıb yaxdığı bəhərsiz səhralardan ibarət olur, xalqın ən böyük var-dövləti olan mal-qarasa otsuzluqdan qırılıb batır. Martın sonu yaxlaşır və bütün ailə başçıları Yağış Ağasının yanına gəlib ona inək bağışlayırlar ki, o, solmuş, qurumuş örüşlərə mübarək su göndərsin. Yağış yağmadıqda adamlar toplaşıb hökmdardan yağış tələb edirlər; göy buludsuz olmaqda davam etdikdəsə, onlar hökmdarı tutub qarnını yırtırlar, çünki inanca görə, o orada leysanları gizlədir. Bari qəbiləsində belə Yağış Ağalarından biri yağışı zınqırovdan torpağa su çiləməklə yağdırırdı.

Oxşar vəzifə Abissiniyanın ucqarlarında yaşayan tayfalarda da var. Onu müşahidəçilərdən biri belə təsvir edirdi: “Barsa və kunamoların onu adlandırdıqları kimi alfainin, yəni kahinin vəzifəsinin bir önəmli özəlliyi vardır: düşünürlər ki, o, yağış yağdırmağı bacarır. Keçmişdə belə bir vəzifə algedlərdə də vardı və indiyədək o, nuba zənciləri arasında adi bir işdir. Barsaların ona kömək üçün müraciət etdikləri alfaisi öz ailəsi ilə Tembaderdən bir az aralıdakı dağda tənha yaşayır. Xalq ona pal-paltardan və bar-bəhərdən ibarət töycü verir və onun böyük tarlasını əkib becərir. O – şahlar şahıdır və vəzifəsi irsən qardaşına və bacısı oğluna keçir. Belə hesab olunur ki, ovsunlarla o yağış yağdırır və çəyirtkələri qovur. O, xalqın gözləntilərini doğrultmadıqda və ölkədə uzun sürən quraqlıq baş verdikdə alfaini daşqalaq edib öldürürlər; özü də ilk daşı ona ən yaxın qohumu atmalıdır. Biz ölkəni gəzib dolaşdığımız zaman alfai vəzifəsini hələ də bir qoca tuturdu, amma eşimişdim ki, yağış yağdırma ona çox təhlükəli bir iş kimi görsənmiş və o, bu vəzifədən imtina etmişdir.”

Kambocanın xəlvət meşələrində Od Ağası və Su Ağası kimi tanınan iki sirli hökmdar yurd salmışdı. Onların şöhrəti nəhəng Hind-Çin yarımadasının bütün cənubuna yayılmışdı. Qərbə bu şöhrətin yalnızca zəif əks-sədası gedib çatmışdı. Bizə bəlli olduğu qədər, hər il sovqat və ənamlar göndərib və ondan eyni qarşılığı gördükləri Kamboca kralı ilə daimi əlaqə saxlamasaydılar, onların mövcudluqlarının özü belə bir əfsanə olmuş olardı, beləki onları heç bir avropalı görməmişdi. Onların icra etdikləri hökmdarlıq funksiyaları – sırf ruhani və ya mistik səciyyəli idilər. Onların heç bir siyasi hakimiyyəti yoxdur. Verilən bir xəbərə görə, onlar heç bir insan sifəti görməyərək və heç vaxt bir-biri ilə qarşılaşmayaraq, tamamilə tək-tənha yaşayırlar. Onlar növbə ilə yeddi dağda yerləşən yeddi qüllədə yaşayır və hər il bir qüllədən başqasına keçirlər. Adamlar gizlincə ora yaxınlaşır və əl çatan yerlərə onların mövcudluqları üçün qüllədə növbə ilə yaşaya bilmələri üçün yetəcək qədər. Ancaq çoxları müddət başa çatanadək ölürlər.

Su Ağası və Od Ağası vəzifələri bir, başqa xəbərlərə görəsə iki çox şan-şövkətli hökmdar xanədanlarında irsi vəzifələrdir. Onlar daimi maaş alır mənsəbə böyük təəşşüqlə can atırlar; yer boşalanda bütün namizədlər (onlar can-cüssəli olmalı və uşaqları olmalıdır) qaçıb gizlənirlər. Başqa bir mənbə də varis namizədlərin taxt-tacı qəbul etmək istəmədiklərini etiraf edərək, hökmdarların yeddi qüllədə tərki-dünya edilmələrini təsdiqləmir. O, onlar cəmiyyət arasına çıxdıqları zaman xalqın bu mistik hökmdarlar qarşısında səcdəyə düşdüklərinə şahidlik edir, zira əks təqdirdə, inanca görə, müdhiş bir tufan ölkəni viran qoyar. Elə barələrində daha sonra danışacağımız bir çox başqa hökmdarlar kimi. Od və Su Ağalarına öz əcəlləri ilə ölməyə izn vermirlər, çünki bu onların ad-sanına xələl gətirmiş olar. Hökmdarın halının ümidsiz olmasına əmin olan təki onu xəncərlə öldürürlər. Nəşini yandırıb külünü ədəb-ərkanla toplayır və beş il ərzində camaatın sitayiş obyektinə çevirirlər. Külün bir hissəsini arvadına verirlər, o, onu qutuda (küldanda) saxlayır; ərinin qəbrinin üstünə ağı deməyə gedəndə qutunu o belində gəzdirir.

Nəql edirlər ki, fövqəltəbii qabiliyyətləri heç bir şübhə doğurmayan hökmdarlardan biri (Od Ağası) və ən nüfuzlusu el şənliklərində xeyir-dua verib ibadət edir və Yanın, yəni ruhun təqdisinə qurbanlar verir. Belə hallarda ona xüsusi bir yer ayrılır: getdiyi yola ağ pambıq-kətan parçalar döşənir. Hökmdar titulunun bir xanədan içində qalmasının səbəbi ondadır ki, bu ailə məşhur talismanların sahibidir və əgər onlar dərgahdan kənara çıxarılsalar, öz qüvvələrini itirmiş və ya yox olmuş olarlar. Bu təbərrüklərin (tutiyaların) sayı üçdür: Kuy adlanan sürüngən bitkinin meyvəsi, – onu daşqın zamanı dərmişlər və illər keçməsinə rəğmən o təzətər qalmışdır; palma-rotanq da çox köhnədir, amma solmaz çiçəklərlə bəzədilmişdir; və nəhayət, özündə Yanı, yəni onu daim qoruyan və onunla möcüzələr törədən ruhu ehtiva edən qılınc. Deyirlər ki, bu, qanı döyülərkən qılıncın tiyəsinə tökülmüş və istəmədən törətdiyi xətanın bağışlanması üçün könüllü surətdə ölmüş bir kölənin ruhudur. İlk iki təbərrükün köməyilə Su Ağası suyu o qədər qaldıra bilər ki, o, bütün dünyanı basar. Əgər Od Ağası sehrli qılıncı qınından bir-iki barmaq çıxararsa, günəş batar, adamlar və heyvanat dərin yuxuya dalmış olar; gərçi o, qılıncı qınından tam çıxararsa, qiyamət qopar. Yağış yağdırmaq üçün bu ecazkar qılınca öküz, donuz, toyuq və ördək qurbanları kəsirlər. Onu pambıq və ipək parçalara bükülmüş halda saxlayırlar; Kamboca kralının hər il göndərdiyi ənamlar içində görklü qılınc üçün zər-zibalı örtüklər də olur.

Hər iki sehrli monarxın cəsədini ölkənin adətinə rəğmən torpağa basdırmır, yandırırlar, dırnaqlarını, eləcə də diş və sümüklərinin bir hissəsini böyük izzətlə tutiya kimi qoruyub saxlayırlar. Nəş dəfn tonqalında yandığı əsnada mərhum cadugərin qohum-əqrəbası meşəyə qaçıb gizlənir və qorxudan tir-tir əsirlər ki, onlardan birini tutub indicə boşalmış vəzifəyə qoyarlar. Camaat axtarışlara başlayır və gizləndiyi yeri tapdıqları ilk şəxs Od və ya Su Ağası olur.

Ayrı-ayrı təbiət qüvvələrinin hakimlərinə aid misallar bunlardır. İtaliya Kamboca meşələrindən və Nilin başlaqlarından çox uzaqlardadır. Və hərçənd biz Su,Yağış və Od Ağalarını tapa bilsək də, Meşə Çarı titulu daşımış Aritsiyalı kahinə bir uyğunluq tapmaq üçün hələ onun omonimini aşkara çıxarmalı olacağıq. Ola bilsin, onun ardınca çox da uzaqlara gedəsi olmadıq.

(davamı var)

Tərcüməçi: Obaçı

Davamı: Ceyms Corc Freyzer. Ağaclara sitayiş – 1 – KLV

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

İslam Türkay. Elə bil çağırır məni uzaqlar (şeirlər)

Ca Yan 12 , 2023
Alqışlar İstilər boğurdu dağı, aranı, Göylər itirmişdi çəni-dumanı. Başladı, başladı bahar leysanı- Yarpaqlar əl çaldı…   Göylər asım-asım bulud gətirdi, Ağaclar elə bil cırıq çətirdi. Başladı, başladı payız leysanı,- Son yarpaq, son bahar tir-tir əsirdi, Budaqlar əl çaldı…   Bayırda qar idi, qarda bir qarı, Qar qarını sevməz, qarı da […]