Ləman Haşımova. Qəlibləri qıran əsər

“Gil gilə, kül külə, torpaq torpağa, başlanğıcı olan hər şey sonuna varacaq, başlanan hər şey bitmişdən doğacaq”, – dedi. Bu sözlər Joze Saramaqonun “İsanın İncili” romanında İblisin dilindən deyilir.

Portuqaliya ədəbiyyatının ən görkəmli yazıçılarından biri olan Joze Saramaqo “İsanın İncili” adlı romanı ilə dünyada yeni bir cığır açmışdır. Yazar bu romanı ilə dünyada mövcud olan bütün “İncil” mövzulu dini kitablarına birini də əlavə etmişdir. Romanda təsvir olunan hadisələr müqəddəs kitablarda olduğu kimi eyni xronoloji ardıcıllıqla davam etsə də, bir fərqli məqamla digərlərindən fərqlənir. Bu da Saramaqonun hadisələrə öz çərçivəsindən yanaşmasıdır.

Dini mövqeyindən asılı olmayaraq müqəddəs kitablardan heç olmazsa birini oxuyan hər bir kəs İsanı Allahın oğlu və ya yer üzünə göndərilmiş bir elçi olaraq görür. Çox az insan İsanın doğulması, uşaqlığı, gəncliyi, ailəsi ilə münasibəti və ilk eşqi barədə düşünür. Saramaqoya qədər insanların əksəriyyəti sorğulamaq, mühakimə etmək bacarıqlarından istifadə etməyə çəkinir, düşünmədən İsanı müqəddəs varlıq kimi qəbul edirdilər. Saramaqo “İsanın İncili” adlı romanı ilə bu qəlibləri bir növ sındırır. O, romanda İsanı Məryəmin bətninə düşdüyü andan öldüyü ana qədər ən incə detalları ilə təsvir edir. Yazıçı bunu edərkən İsanın üzərindən müqəddəslik pərdəsini götürür, onun həyatını sıradan bir insanın həyatı kimi verir. Bu, cəsarət tələb edən bir addımdır və Saramaqoya baha başa gəlir. Belə ki, bu romanına görə yazıçı yaşadığı yeri tərk etmək məcburiyyətində qalır.

Necə yəni İsa da bizim kimi səhvlər edib? O da bizim kimi şəhvət hissinə boyun əyib? Onun da Tanrıya qarşı etirazları olub? – bütün bu ehtimallar insanları düşünməyə vadar edir. Düşünmə bacarığı isə insanda cəsarət, qorxmazlıq və qəzəb kimi hissləri oyadır. Yazıçının müzakirə obyekti təkcə İsa deyil, həm də Tanrının özüdür. “Tanrının heçmi yanlışları olmaz?” Bu sualın özü belə insanları qorxudur.

İsa romanda tez-tez Tanrıya qarşı çıxır. Var olan hər şeyin yaradıcısı Tanrıdırsa, onun iradəsi olmadan ağacda olan bir yarpaq belə yerə düşmürsə, Tanrı hər şeyə qadirdirsə, bəs onda baş verən haqsızlıqlara niyə göz yumur? Niyə məzlumların ahı alınarkən onlara sahib çıxmır? Tanrı varsa, bu mübarizəyə niyə bir son qoymur? Axı o istəsə, dünyada bütün pisliklər sona çatar. Ən əsası isə Tanrı bütün bunlar üçün niyə İsadan istifadə edir? Yazıçı bu suallarla yola çıxaraq biz oxucuları düşündürür.

Bütün bunlarla kifayətlənməyən Saramaqo Tanrı və İblisin dialoqunu verərək cəsarətində zirvəyə çatır. İblisin belə bütün bu pisliklərdən yorulub Tanrıdan əfv diləyərək: “Məni etdiyim hər şeyə görə bağışla və öz yuvama geri göndər” və “əgər sən gələcəkdə kimə gəldi vəd edərək sağa-sola paylayacağın “mərhəməti” bu gün məndən əsirgəmirsənsə, elə buradaca, elə bu dəqiqə Şərin həyatına son qoyulacaq və sənin oğlun da çarmıxa çəkilməyəcək. Səltənətin yalnız İsrail torpaqlarında deyil, bütün dünyaya, o cümlədən də hələlik bəlli olmayan torpaqlarda yayılacaq və bütün Kainatda Xeyirin hakimiyyəti bərqarar olacaq. Mən də mələklərin ən mütilərindən, ən etibarlısı olaraq qalacağam, çünki tövbəlidən ən etibarlısı ola bilməz”, – deyir.

Tanrı isə onun xahişini rədd edərək: “Sən mənə indiki simanda gərəksən. Xeyir Şərin cəmləşdiyi İblis olmadan yaşaya bilməz və sənsiz o qədər anlaşılmaz, o qədər dərkedilməz olar ki, mən belə onu təsəvvürümdə canlandıra bilmərəm”, – deyir. Bu isə Tanrının belə İblisə ehtiyacı olduğu gerçəyini göstərir.

Bu sətirlərdən Xeyir və Şərin, Tanrı və İblisin vahid təşkil etdiklərini, birinin ölümünün elə digərinin də ölümünə bərabər olduğunu görürük.

Əslində, var olan hər şeyin bir maddədən yarandığını (bunun adını istər Tanrı qoyun, istər başqa bir şey), həmin maddənin daxilində bir mübarizə getdiyini (Xeyir və Şərin mübarizəsi), biri olmasa, digərinin də anlamını itirəcəyini anlasaq, başımıza gələn hadisələrə (istər müsbət, istərsə də mənfi) “Tanrı belə istədi, belə də oldu” demək yerinə, “Bu hadisədən qazancım nə oldu? Niyə bu hadisəni yaşadım? Vəziyyəti öz xeyirimə çevirmək üçün nələr etməliyəm? və s. bu kimi çarəyönümlü suallarla yola çıxsaq, həyatımızın, qismətimizin heç də Tanrının əllərində olmadığını, əslində qismətimizi yazanın bizim düçüncələrimiz olduğunu aydın şəkildə görərik. Belə olan halda vicdanımızı rahatlatmaqdan ötrü günahlarımızın səbəbkarı olaraq gördüyümüz İblisə və ya Tanrıya da ehtiyacımız olmaz.

“Tanrı hər birimizə öz ruhundan üflədi”. Yəni Tanrı hər birimizə yaradıcılıq qabiliyyəti verdi. Ağıllı insanlar bu nemətdən istifadə edərək həyatlarının iplərini əllərinə almağı seçərlər, digərləri isə Tanrının onun üçün bir planı oluğuna ümid edərək səhrada yolunu itirmiş bir insan kimi yaşamağı daha üstün və zəhmətsiz hesab edər. Ən gülməlisi isə odur ki, bu tip insanlar özlərini “dindar” adlandırar və həqiqəti tapmadan bu dünyadan köçərlər.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Ləman Quliyeva. Zamanın naxışları

Ça Yan 10 , 2023
Bir ili daha geridə qoyduq. Bu zaman hara tələsir axı? Elə bil marafon qaçışındadır. Nəfəs almağa belə imkan vermir. Dönüb arxasına da baxmır. Qoyduğu izləri görsə, içi parçalanardı bəlkə də. Ya da “sizə bu da azdı”, deyərdi. Artıq qış olmağına baxmayaraq hava o qədər möhtəşəmdir ki, sanki hər meh əsəndə […]