Ləman Quliyeva. Zamanın naxışları

Bir ili daha geridə qoyduq. Bu zaman hara tələsir axı? Elə bil marafon qaçışındadır. Nəfəs almağa belə imkan vermir. Dönüb arxasına da baxmır. Qoyduğu izləri görsə, içi parçalanardı bəlkə də. Ya da “sizə bu da azdı”, deyərdi.

Artıq qış olmağına baxmayaraq hava o qədər möhtəşəmdir ki, sanki hər meh əsəndə bədənimdə yer edən toz qırıntıları təmizlənirdi. Və ilin ilk qarı. Qar dənəcikləri o qədər narın və nazlı süzülürdü ki yerə, bu gözəlliyə şeir yazmamaq mümkün deyildi. Yollara axın edən fərqli tərzdə insanlar – kimiləri ailələriylə, kimiləri dostlarıyla, kimiləri isə itlərini gəzdirərək bu havanı ciyərlərinə çəkirdilər. Bəs bu əskikliyi hiss edən sadəcə mən idimmi?

Skamyada oturub seyr etməyə başladım. Bacardığım qədər anlamağa çalışırdım. Bu gülən, əylənən insanların keçən ildən özləriylə götürdükləri heç bir iz yox idimi? Varsa əgər, görməzdən gəlirdilər yoxsa, gizlədirdilər? Bəs mənim izlərim necə? Onları görməzdən gələ bilmirdim, gizlətməyim isə çətin idi…

Bunları düşünəndə diqqətimi biri cəlb etdi. Sanki hamı ağ-qara sadəcə o rəngli idi. Özümü səhrada su tapmış kimi sevincli hiss etdim. Özümlə daşıdığım bu izlər işıqlar saçmağa başladı. Ötən ilin damğaları, gəlməsini gözlədiyim zamanın naxışları ilə bəzəndi…

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Ceyms Corc Freyzer. Ayrı-ayrı təbiət qüvvələrinin hakimləri

Ç Yan 11 , 2023
(magiya və dinin tədqiqi) Fraser J. G. The Golden Bough. London, 1923. /Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/  (davamı) Öncəki araşdırmadan bəlli oldu ki, müqəddəs funksiyaların hökmdar mənsəbinin Nemidəki Meşə Çarının, Romadakı Qurbanlar Çarı və Atinadakı alimənsəbin (hökmdar adlandırılan) timsalında rastlaşdığımız çuğlaşması klassik qədim dövrün hüdudlarından kənara çıxır və insan […]