Agatha Christie. Qəhvəyi kostyumlu kişi – 7

Əvvəli: Agatha Christie. Qəhvəyi kostyumlu kişi – 6

XXVI

Ser Yustasın gündəliyindən

(davamı)

Mənə ancaq sakitlik lazım olduğu barədə artıq bir necə dəfə yazmışam. Ancaq belə çıxır ki, məndə olmayan yeganə şey sakitlikdir. Həmişə fırtına və dalğaların mərkəzinə düşürəm.

Missis Bler nömrəyə dürtüləndə miss Petiqri növbəti məşhur adam barəsində hekayətimi stenoqrafiyalaşdırırdı.

– Haradadır Anna?! – o az qala qışqırdı.

Yersiz sual idi! Miss Petiqri nə düşünə bilərdi?

– Güman edirəm, öz otağında yatır – deyə soyuq cavab verdim.

– Otağında yoxdur! Həm də bu gecə dəhşətli yuxu görmüşəm!

– Bağışlayın, əzizim – onu inandırmağa çalışdım, – narahat olmağa heç bir əsas görmürəm.

– Bəs, mənim yuxum?

Hər-halda bu qadınlar dözülməzdirlər! Axı, məlumdur ki, dəhşətli yuxular pis şam yeməyinin nəticəsidir.

– Bəlkə polkovnik Reysə müraciət edəsiniz? – səbirlə ona məsləhət gördüm.

– O da heç yanda yoxdur.

Bütün hərəkətimlə bu incə məsələyə qarışmaq istəmədiyimi bildirərək dərindən nəfəs alıb, özümü kresloya yıxdım

– Ser Yustas, belə düşünürsünüz ki, Anna ilə Reys gəzməyə çıxıblar? Gecə yarısı?

– Axı, əzizim, bütün dünyaya məlumdur ki, gənc xanımlar bəzən kiçik xətalara yol verirlər.

– Demək istəyirsiniz ki…

Əgər Reys tək, Annasız içəri daxil olmasaydı, bilmirəm bu nənasız söhbət nə ilə qurtaracaqdı.

Çox keçmədən bütün otelin altı üstünə çevrildi. Onun oteldən gecə çıxdığı və sonra onu heç kəsin görmədiyini aydınlaşdırmaq mümkün oldu. Yazıq Reys ozündə-sözündə deyildi. O, ətrafda hər yanı gəzdi. Şəlalələr tərəfdə, birbaşa sıldırıma gedən cığırda qadın ayaqqabılarının izi tapıldı.

Bu haqda nə fikirləşirlər, bilmirəm, ancaq çoxdan etdiyim müşahidələrimi bildirdim:”Lunatiklərin başına heç vaxt heç bir hadisə gəlmir”. Lakin missis Bler heç cür sakitləşmədi. Onu anlaya bilmirəm. Bu yaxınlaradək polkovnik Reyslə elə dost idi ki… İndisə missis Bler polkovniki pişik siçanı izləyən kimi izləyir. Ümumiyyətlə, o özünü çox əsəbi aparır, hər tıqqıltıdan diksinir, sanki daim nədənsə çəkinir. Deyəsən, Yohannesburqa getməyin vaxtı çatıb.

Hə, yeri gəlmişkən, bu günlər çaydakı gizli ada haqqında söz-söhbət gəzir. Deyirlər, orada bir kişi və gənc qadın yaşayır. Onlar orada çoxdanmı məskən salıblar, birlikdə gəliblərmi, ya qadın sonradan gəlib – bunlar barədə heç kim bilmirdi. Hər ehtimala qarşı qəti aydın idi ki, həmin qadın miss Bedinqfeld deyil. Bu şayiə nəyə görəsə Reysi möhkəm həyəcanlandırdı.

Xeyli keçmiş Yohannesburqa gedirəm. Orada işlər yaxşı deyil. Vəziyyət kəskinləşməmiş çatmaq lazımdır. Missis Bler mənimlə getmək istəyirdi, lakin sonra fikrini dəyişdi. Bu gün axşamsa mənə yaxınlaşaraq xahiş etdi ki, ağac fiqurlardan ibarət yükünü Keyptauna göndərim və onlardan göz olmağı Peqqetdən xahiş edim. Hələ bir müddət də Peqqetdən xilas olmaq üçün əla bəhanədir! Tez Peqqetə məktub yazdım ki, yükləri alsın və böyük bədii sərvət kimi qorusun.

XXVII

Ser Yustasın gündəliyindən

Artıq Yohannesburqdayam. Burada şərait çox pisdir. Tətilçilər dəstəsi küçədə keşik çəkirlər. Yəqin kapitalistləri axtarırlar. Taksidə getmək təhlükəlidir – tətilçilər maşından sizi əlüstü sürüyüb çıxararlar.

Yenidən “Kilmorden Kastl”ın səfərdaşı olan Rivslə görüşdüm. Digər yerlilər kimi Rivsi də uzun-uzadı nitq irad etməyə öyrətmişdilər. Belələri ertəsi gün təzədən bir gün əvvəl nəyi deyib – deməmək istədiklərini uzunçuluqla isah etməyə başlayırlar. Elə iclasda da belə olurdu.

Peqqeti Keyptaunda saxlamaq üçün uzun müddət müxtəlif bəhanələr uydurdum. Lakin onu razı salmağa fantaziyam çatmadı və sabah o, mənimlə gedəcək.

İndicə hökumət məmuru ilə danışdım. O buradakı vəziyyəti kədərli tonda izah etdi və daha sakit yerə – Pretoriyaya getməyi məsləhət gördü.

– Yeni qarışıqlıqlar gözlənilir? – deyə, soruşdum.

– Tətilçilərin özlərindən real təhlükə gözlənilmir, ser Yustas. Onların arxasında naməlum güclü təşkilat durur. Əlimizə kodlaşdırılmış sənədlər keçib. Bu sənədlərdə həmin təşkilatın tətilçilərə göndərdiyi “kartof”, “güllər” və digər “göyərtilər” barədə məlumat var. Kod o qədər də mürəkkəb deyil:söhbət silahlardan və partlayıcı maddələrdən gedir.

– Maraqlı xəbərdir.

– Maraqdan da artıqdır, ser Yustas. Bu şeytan təşkilatının başçısının hazırda Yohannesburqda olması barədə əlimizdə faktlar vardır. Belə ki, hər şey gözləmək olar və buna görə də sizə iki vəsiqə veririk.

– Biri sizin adamlar, digəri tətilçilər üçün, eləmi?

– Tamamilə doğrudur.

Bu ideya xoşuma gəlmədi. Belə hallarda nə baş verdiyini yaxşı bilirəm:bir də görürsən tələsiklikdə səni istəməyən adama lazım olmayan vəsiqəni göstərdin. Pretoriyaya da getmək istəmirdim. Əgər tətilçilər dəmiryol xəttini dağıtsaydılar, allah bilir, orada nə qədər veyillənəcəkdim. Eşitdiyimə görə artıq ilk partlayışlar olub.

– Heç bir vəsiqə lazım deyil – məmura dedim, – Pretoriyaya da getməyəcəyəm. Bir özünüz fikirləşin:Pretoriyada oturub Yohannesburqdakı vəziyyəti öyrənmək olarmı? Yox, mən burada qalıram.

– Nahaq yerə, ser Yustas. Nəzərə alın ki, ərzaq məsələsi çətinləşəcək. İndinin özündə ərzağın gətirilməsi tez-tez ləngiyir.

Bu vaxt mənə teleqram gətirdilər və onu son dərəcə təəccüb içərisində oxudum: ”Anna sağ-salamatdır. Biz Kimberlidəyik. Suzanna Bler.”

Heç nə başa düşmürəm. Bu qədər vaxtı bu qız harada itib-batıb və birdən-birə Kimberliyə necə düşüb? Təpədən dırnağacan tapmacadır! Teleqramı cibimə dürtüb, məmurla xudahafizləşdim. Bu saat böyük məmnuniyyətlə tünd bir şey içərdim. Ancaq iki gündür ki, Yohannesburqda spirtli içkilər satılmır. Bir qədəh üçün nə qədər desələr verərəm. Bəlkə, Keyptaundan bir şüşə viski gətirməyin yolunu Peqqet bilir?..

Burada yaxşı əntiq şeylər mağazaları var. Gəzməyə çıxanda onlardan birinin qarşısında dayanıb, vitrindəki suvenirlərə baxırdım. Bu vaxt yenə də gözlənilməz iş baş verdi – Reys mağazadan çıxdı! Məncə, bu görüşdən o, heç də sevinmədi.

– Sizinlə Yohannesburqda rastlaşmağı gözləmirdim, polkovnik. Nə vaxt gəlmisiniz?

– Dünən – Reys quru cavab verdi.

-Əgər gizli deyilsə, hara düşmüsünüz?

– Dostlarımın yanına.

“Polkovnik o qədər də söhbətcil deyil”- deyə, fikirləşdim. Buna baxmayaraq soruşdum:

– Miss Bedinqfeldin sağ-salamat olduğunu bilirsinizmi?

– Hə – Reys başını tərpətdi. – Bütün bu müddət ərzində o, bir cavanla adada qalırmış.

– Görəsən, kimdir o bəxtəvər?

Reys özünü elə göstərdi ki, guya mənim sualımı eşitmədi.

– Nə etmək olar, – dedim, – demək istəmirsənsə, demə, lazım deyil.

– Harri Reynborn imiş. Əslində isə o, Lukasdır – nəhayət Reys bildirdi. – Onu yenə də əldən buraxdıq, ancaq hökmən tapacağıq. Lap tezliklə.

– İlahi, ilahi…- eşitdiklərimdən sarsılaraq deyindim.

– Lakin, miss Anna heç də Reybornun xəbərçisi deyil. Anna sadəcə olaraq ona vurulub. Hazırda miss Bedinqfeld Beyradadır. Yazıq İngiltərəyə qayıtmağa hazırlaşır.

– Beyrada? – təəccüblə teleqramı Reysə uzatdım. – Onda bunu necə isah edərsiniz?

Reys məndən az pərt olmadı.

– Lənət şeytana! – deyə, hiddətləndi. – Onlar Kimberlidə nə edirlər?

– Görünür, qadınları heç vaxt başa düşməyəcəyik, Reys…

Biz xudahafizləşdik. Beləliklə, mağazaya daxil olmadan ofisə qayıtdım. Hökumət məmuru məni görəndə sevindi:

– Üzr istəyirəm, ser Yustas, sizə bir neçə sualım var.

– Buyur əzizim.

– Sualım katibinizə aiddir.

– Peqqetə?

– Xeyr. Mən nəzərdə tuturam…

– Miss Petiqrini deyirsiniz? – təəccüblə səsimi ucaltdım.

– Düz tapmısınız, ser Yustas. Bizim agentlər onun əntiq şeylər mağazası “Arqasato”ya girdiyini görüblər.

– Nə olsun ki? – yenidən təəccübləndim. – Deyəsən, sizin ölkədə özünü şübhəyə salmamaq üçün bir addım da atmamalısan.

– Lakin, ser Yustas, bu mağaza bizə adamları bund qaldırmağa təhrik edən təşkilatın yığışdığı yer kimi məlumdur. Buna görə də miss Petiqrinin necə sizin katibəniz düzəlməsini bilmək istəyirdim.

– Onu mənə sizin hökumət məsləhət görüb – deyə, soyuq cavab verdim.

XXVIII

Anna Bedinqfeldin hekayəti

Bir neçə gün Livinqstonda, Nedin yanında qaldım. Harri ilə danışdığımız kimi, sonra Kimberliyə gəldim və dərhal Suzannaya teleqram vurdum. O az qala hər bir stansiyadan teleqrafla xəbər verərək yanıma tələsdi. Bununla da Suzannanın həqiqi dostluğuna bir daha əmin oldum. Emosiyalarımız sakitləşəndə axır vaxtlar keçirdiyim əziyyətli günlər barədə rəfiqəmə ətraflı danışdım. Məni axıradək dinləyəndən sonra Suzanna yavaş-yavaş, sanki hər sözünü ölçüb-biçərək dedi:

– Demək… polkovnik Reys…

Onun daha nə deyəcəyini gözləməyə hövsələm çatmırdı.

– Polkovnik Reys…- o təkrar etdi. – Ona elə rəğbət bəsləyirdim, səninçün gözəl nişanlı sayırdım… Lakin sən itən gecəsi ona qarşı səmimi hisslərim puç oldu. Sənin Reysə olan inamsızlığını xatırladım və onun hər addımı məndə şübhə doğurmağa başladı. Almazlar üçün xüsusilə narahat oldum. Onları özümdə saxlamaq getdikcə daha təhlükəli olurdu…

Suzanna ətrafı gözdən keçirdi və necə hərəkət etdiyini pıçıltı ilə danışdı.

– Əla ideyadır – deyə, bəyəndiyimi bildirdim. Bu saat bundan əlverişli yol yoxdur.

– Ancaq, sən əlini ağdan-qaraya vurmayana oxşamırsan – Suzanna gülümsündü.

O düz deyirdi. Gündüz teleqram almışdım:”Salamat çatdım. Hər şey yaxşıdır. Erik və Yustas buradadırlar. Harri bu gün gələcək. Yerində qal. Andi.” Polkovnik Reysi Erik adlandırmağı qərara almışdıq. Bu ad mənə iyrənc göründüyü üçün seçmişdik. Harri adı altında isə Qay Peqqet nəzərdə tutulmuşdu. Yohannesburqa gedən qatar axşam beş qırxda Kimberliyə çatmalı və altı tamamda yoluna davam etməli idi. Stansiyada 20 dəqiqəlik dayanacaq Peqqeti axtarıb tapmağıma və ona yeganə sualımı verməyə bəs edərdi. Suzanna da mənimlə stansiyaya getmək istəyirdi, lakin onu başa saldım ki, Peqqetlə söhbətim əlavə şahid olmadan üz-üzə olmalıdır.

Qatar azca gecikmişdi. Peqqeti çətinlik çəkmədən tapdım. Məni görən kimi özünü itirib kəkələdi:

– İlahi! Miss Bedinqfeld… hamı sizin itdiyinizi düşünür.

– Ancaq görürsünüz ki, yenidən peyda olmuşam. Sizdən yalnız bir məsələ barədə soruşmaq istəyirəm: yanvarın 8-də Marlouda nə edirdiniz?

Peqqet özünü daha da itirdi.

Mən isə təkid edirdim:

– Axı, siz orada idiniz, mister Peqqet! Deyin, nə üçün?

– Bəyəm…bəyəm ser Yustas sizə heç nə deməyib?

İndisə karıxmaq növbəsi mənə çatdı:

-Ser Yustas? O bu haqda bilir?

– Əminəm ki, bilir… Demək olar, əminəm… Onun etdiyi işarələr, zarafatlar… Məncə, o, həmin gün məni görmüşdü, bütün bu illər ərzində hər şeyi anlamışdı…

Qətiyyən bir şey anlamadım. Peqqet isə qolun-qıçın qıra-qıra üyüdüb tökürdü: – Ola bilsin, haqlı deyiləm, lakin mənə belə gəlir ki, bu cür günahsız aldat…

Fit çalındı. Peqqet vaqona qalxmaq üçün məhəccərdən yapışdı.

– Axı, Marlouda nə edirdiniz? – yenidən cavab almağa nail olmaq istədim.

– Bu mənim səhvimdir, ancaq şərait…

– Hansı şərait? – ümidsizliklə qışqırdım.

– Bağışlayın, miss Bedinqfeld, lakin bunun şəxsən sizə heç bir dəxli yoxdur.

Peqqet vaqon meydançasına qalxdı. Müvəffəqiyyətə bütün ümidimi itirərək, qarasına dedim:

– Başa düşürəm, qorxursunuz! Utanırsınız, elə deyilmi?

– Qorxuram? – o, təhqiredici tonda təkrar etdi və dərhal bir necə sözlə öz sirrini açdı. Lakin bu, mənim eşitmək istədiklərimə qətiyyən uyğun gəlmirdi. Qatar yola düşdü və mən karıxmış halda otelə yollandım. Orada məni Yohannesburq yaxınlığındakı kiçik stansiyaya getmək üçün dəqiq göstərişlər yazılmış teleqram gözləyirdi. Teleqrama Harri imzası qoyulmuşdu.

XXIX

Ser Yustas Pedlerin gündəliyindən

Peqqet artıq buradadır. O, iliyinə qədər qorxudulmuşdur. Yubanmadan Pretoriyaya getməyi təklif edir. Qəti bildirdim ki, Yohannesburqda qalacağıq. Onun başını işlə qarışdırmaq üçün Yüklərin arasından makinanı tapıb çıxarmağı əmr etdim.

– Artıq hər yeri ələk – vələk elədim, ser Yustas. Bütün yeşikləri və…

– Necə yəni bütün “yeşikləri”?

– Balacaları da deyirəm.

– Peqqet, sən neyləmisən? Xırda yeşiklər missis Blerindir. Deyəsən, qızışaraq özündən çıxıb hesabı itirmisən.

Peqqet döyülmüş uşaq kimi dayanmışdı. O, səhv etməyi xoşlamırdı.

– Yaxşı, onları yenidən qablayın, sonra isə Yohannesburqu gəzməyə çıxın – deyə, məsləhət gördüm. – Ola bilər ki, sabah bu şəhərin yerində tüstülənən xarabalıq qalsın və baxıb zövq almağa heç nə olmasın… Öz aramızdır, o yeşiklərdə nə vardı?

– Dəri, şlyapalar, bəzi zənbilciklər.

– Missis Bler belə şeyləri görəndə bir düjün alır – dedim.

– Bir də orada plyonkalı kasetlər, əlcəklər və buna bənzər şeylər var.

– Peqqet, necə oldu ki, bu şeylərin mənimki olmadığını o saat anlamadın?

– Ser Yustas, elə bildim bu yeşiklər miss Petiqrinindir.

– Yeri gəlmişkən, Petiqri haqda… Və mən Peqqetə yerli hakimiyyətdə doğmuş şübhələr barədə danışdım. O saat da ona yazığım gəldi. Peqqetin gözlərində mənə tanış olan ehtiras alovu qızışdı və o, “Kilmorden” və hansısa kaset barədə son dərəcə dolaşıq, uzun əhvalatı danışmağa başladı. Sonra isə nəfəsini azca dərib elə bu gün Reybornu gördüyünü söylədi.

– Kimi? – təkrar soruşdum.

– Reybornu. Onunla miss Petiqri əntiq şeylər mağazasına girdilər. Onların mağazadan çıxmalarını xeyli gözlədim və axırda dallarınca içəri daxil oldum. Amma orada yox idilər. Görünür, ehtiyat qapıdan çıxıbmışlar.

Peqqetin gözlərində qığılcım oynayırdı. O, açıq-aşkar hücumda idi.

-Buna görə də, ser Yustas, oteldə məlumat toplamağa başladım. Xidmətçilərdən biri xəbər verdi ki, ötən gecə miss Petiqrinin otağından bir kişi çıxanda görüb.

-Bir gör ey! Bu vaxta qədər katibəmin cinayətkar olduğunu bilmirdim.

– Lakin, artıq Peqqet mənim replikalarıma fikir vermirdi. O, demək olar ki, əldə etdiyi məlumatlardan şişib partlayırdı. O sözünə davam etdi:

-Cinayətkarlıqdan da o yana keçib, ser Yustas. Xahiş edib, miss Petiqrinin nömrəsinin açarını aldım və qapını açanda nə görsəm yaxşıdır?!

– Ora-bura atılmış şeylər arasında ülgüc və üz qırxmaq üçün krem!

– Bu saat Peqqetə belə şeylərin bəzən qadınlara da lazım olduğunu izah etməyin mənası yox idi.

– Bax, belə, ser Yustas. Bu qadın – paltarını dəyişmiş kişidir!

Peqqet ixtiralarından özünü itirərək gözlərini mənə zillədi.

– Nə edəsən, – bacardığım qədər sakit dedim. Bəlkə, bunu əvvəlcədən də onun ayaqlarından bilmək olardı.

– Bağışlayın, ser Yustas, hələ bəzi başqa şeylər də var. Marlou barədə hər şeyi bildiyinizi çoxdan eyhamlarınızdan başa düşmüşəm.

– Nə demək istəyirsən?

– O vaxt mən Florensiyaya getməmişdim.

– Məsələ hər saat qəlizləşir, Peqqet. Bəs, həmin müddətdə harada olmusunuz?

– Marlouda, arvadımın yanında.

– Kimin arvadının? – heç nə anlamayaraq soruşdum.

– Öz arvadımın, ser Yustas. Evli olduğumu sizdən gizlətmişdim. Sizi aldatmışam, bağışlayın.

Bu xəbər aydın səmadan düşən doluya bənzəyirdi.

– Çoxdan evlisiniz?

-Artıq səkkiz ildir. Axı, şəxsi katibin işə büsbütün sədaqətli olması üçün onun subay adam seçilməsi qəbul edilib. İşi itirməkdən qorxduğum üçün sizdən gizlətmişəm… Mümkünsə, bağışlayın.

– İlahi! Uşaqların da var?

– Dördü birdən, ser Yustas.

Qulaqlarıma inanmadım.

– Bu haqda bir başqasına demisiniz?

– Yalnız miss Bedinqfeldə.

Ruhdan düşmüş Peqqeti otaqda qoyub, küçəyə çıxdım. İndicə üstümə yağdırılan informasiyanı dərk etməliydim. Bu da Petiqri əhvalatının gedib çıxdığı əntiq şeylər mağazası. İçəri girmək üçün məndə qarşısıalınmaz istək yarandı. Mağazanın sahibi təlaş içərisində qabağıma yüyürdü.

– Gün aydın, ser! Sizi nə maraqlandırır? Dəri? Əntiq şeylər?

– Bu qəbildən nəsə qeyri-adi bir şey – dedim.

– O-o… ser! Razı qalacaqsınız. Buyurun! – Və sahib qonşu otağın qapısını itələdi.

Onun ardınca getdim. Bu, bağışlanılmaz səhv idi.

 

Davamı: https://klv.az/2022/11/28/agatha-christie-q%c9%99hv%c9%99yi-kostyumlu-kisi-8/

 Tərcümə edən: Novruz İbrahimoğlu

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Afaq Məsud. Sərçələr

Ça Noy 22 , 2022
Klv.az saytı Afaq Məsudun “Sərçələr” hekayəsini Gülşanə Xudiyevanın səsləndirməsində təqdim edir. (754) Afaq Məsud “Sərçələr” – YouTube