Yuri TRİFONOV
Görkəmli rus yazıçısı Yuri Trifonovun (1925 -1981) yaradıcılığının qayəsini əsasən ötən əsrdə baş vermiş inqilab və ondan sonrakı dövrün hadisələri təşkil edir. Stalinizmin insanlara gətirdiyi eybəcərlikləri incəliklə çözən yazıçının “Çay kənarında ev”, “Tonqal şöləsi”, “~~Səbirsizlik”, “Qoca” romanları sovet dövrü ədəbiyyatının parlaq nümunələri hesab olunur. Yazıçı hekayələrində də sadə rus insanının ziddiyyətli, rəngarəng həyatlarını ustalıqla qələmə almışdır. Onun əsərləri bu gün də rus ədəbiyyatının inciləri sırasındadır.
Vera və Zoyka
(hekayə)
Nahardan qabaq çox səliqəli, təmizkar, əynində “bolonya” plaşı, yumaq üçün gətirib təhvil verdiyi camaşırları həmişə tər-təmiz olan və arasında kişi alt paltarları çoxluq təşkil edən tanış bir müştəri qadın gəldi, – kodu əlli iki səksən, – Veradan soruşdu ki, şənbə-bazar şəhər ətrafına – onların bağ evində yır-yığış etməyə getməz ki? Vera da soruşdu ki, iş çoxdurmu? Sevindiyini biruzə verməməyə çalışdı. Amma çox sevindi, çünki pul son dərəcə lazım idi, bu ehtiyac məhz bu gün səhər-səhərüzə çıxmışdı və Vera hələ də özünə gələ bilmirdi, döşəmənin laxlayan taxtasına ilişə-ilişə piştaxtayla rəf arasında qaçhaqovdaydı.Tərslikdən, bir balaca əsəbiləşən kimi, – zəhirmara qalsın onu! – həmişə döşəmənin bu laxlayan taxtasına ilişirdi.
Müştəri izah elədi: dörd otağın döşəməsini yumaq lazımdı, – üçü aşağıdadı, biri yuxarıdadı –zibili süpürmək, qışdan sonra, həmişə olduğu kimi, pəncərələrin taxtabəndini açmaq lazımdı. Qadın asan və boş şeylər haqda söhbət açırmış kimi, tələsə-tələsə, nizamsız danışır, işin təfərrüatını xırdalamamağa çalışırdı. Vera başa düşürdü ki, özünü bicliyə vurub, onunku razılıq alanacandı, əslində, orda bəs deyincə görüləsi, ağır işlər vardı, üstəlik, qışda evdə yaşayan və təmizliyə baxan heç kim olmayıb.Veranı işin ağırlığı qorxutmurdu. Buna görə də sevindi, işin çoxluğu yaxşıdı – düşündü: yəni əmək haqqı çox olacaq. Pul çox lazım idi ona. Səhər-səhər, yaşlı qadın müştəri – qırx səkkiz qırx dörd – kod nömrəsi də lap zibildi, yalxıca dörddü hamısı – adyaldan ötrü hay-küy qaldırdı, – dəyişdirmisiz,- dedi, guya altı rublluqmuş onunku, əvəzinə özgə birisinin ucuz malını soxuşdurmuşuq. Qarı haqlıydı, amma duyuq düşəndə artıq gec idi, çünki iki qəbzə qol çəkmişdi. Qablaşdırıcılar səhv-dəyişik salmışdılar, Veranın günahı ondaydı ki, təhvil verəndə yaxşı yoxlamamışdı, bircə sayına baxmışdı. Elə həmişə belə yoxlayırdı və heç nə də baş vermirdi. Altı rublluq adyalı axtardılar, axtardılar, heç yandan tapa bilmədilər. Başqa adyal təklif olundu, qarı istəmədi, özününkünü tələb etdi. Bu zaman Vera özündən çıxdı – çünki qablaşdırıcılar onu günahlandırırdılar – dedi ki, qarı qəbzi artıq imzalayıb, mən burda balaca adamam. O isə, müdirin – Raisa Vasiliyevnanın yanına getdi, Veranı, qablaşdırıcıları çağırdılar.Çığır-bağır saldılar, qablaşdırıcılar Veranın üstünə qışqırdılar, Vera da onların. Bağırmaqda Vera hamısını susdurardı, çünki səsində bir ötkəmlik, sərtlik vardı. Əsas qanqaraçılıq ondaydı ki, təkcə onu taqsırkar bilirdilər, guya heç qablaşdırıcıların günahı – zadı yoxuydu. Amma o, dəfələrlə qablaşdırıcıların dadına çatmışdı. Dəfələrlə özgəninkiləri vermişdi ki, götürün, günah etməyin, mənə başqasının malı lazım deyil. İndi heç nə eşitmək, heç nəyi yada salmaq istəmirdilər: altı rubl ödə, vəssalam. Altı rubl isə, az pul deyildi. Onu qazanmaqdan ötrü Veranın üç gün belinin donqası çıxır. İstəsəydilər, vəziyyətdən çıxa bilərdilər, ikisinin də əri qazanandı, adama bir rubldan yığsaydılar, bu iş bir qədər yüngülləşmiş olardı. Kimə deyirsən! Baş qablaşdırıcı Yevdakiya isə, hələ bir rişxənd də elədi: nə var ki, iki yarımlitrin puludu bu. Seryojaya güc düşəcək, vəssalam. Belə acıdil bir alçaq idi.Adama deyərlər ki, sənə nə dəxli var Vera pulu hara xərcləyir! Özü ərinin hesabına yaşayır, camaatın necə əzab çəkdiyindən anlayışı belə yoxdu…
– Hə, nə deyirsən, Vera? Boyun olursanmı? – deyə kodu əlli iki səksən olan qadın soruşdu (Vera macal tapıb qəbzdən soyadını oxudu: Sinitsına). – Yoxsa mən başqasıyla razılaşacam.
– Niyə ki? Özüm eləyəcəm. Tanrının izniylə düzüb-qoşarıq!
– Bəlkə özünüzə köməkçi götürəsiz? Axı siz… bir az balacasınız…
– Balaca olmağımdan narahat olmayın. Heç bir işdən qorxmuram. Zavodda kişilərlə işləmişəm, xammal daşımışam. –Vera bir az fısıldadı, axırıncı sözü sanki belə tələffüz etdi: “tasımısam”. – Köməkçi isə tapmaq olar. Taparıq!
Veranın ağlından dərhal Zoyka keçdi.O belə anlarda həmişə Zoykanı düşünürdü: iş düşəndə də, gəzintiyə çıxanda da, ərzaq dükanına quru balıq, ya qarabaşaq gələndə də. Zoyka isə – yox. Amma Vera ondan incimirdi. O bilirdi ki, Zoyka xəstədi, qara ciyəri sıradan çıxıb, buna görə həmişə acıqlıdı, narazıdı, həm də qayğıları çoxdu: iki uşaq böyüdür, üstəlik, evdə də bir qarı. Bundan başqa, Vera Zoyka ilə qətiyyən rəfiqə olmadığını da başa düşürdü. Əgər çoxdan, ikinci sinfə gedəndə dostluq etdiyi Nastenkanı nəzərə almasaq, Vera rəfiqə nə olduğunu bilmirdi. Zoyka ilə, sadəcə, qonşuydu, həm də ikisi də ərsiz idi: Veranın heç vaxt əri olmayıb, Zoykanınkı isə, beş il qabaq çıxıb gedib, aliment ödəyir.
Qadın Veranı şənbə günü saat dörddə gözləyəcəyini dedi, kağızda ünvanı yazıb verdi, oraya telefonu və soyadını qeyd elədi: Sinitsına Lidiya Aleksandrovna.
Vera naharda Zoykanı görmək ümidiyləvə bəri başdan şənbəylə bağlı soruşmaq üçün tələsik evə qaçdı. Zoyka məktəbdə süpürgəçi işləyirdi. Bazar günü yəqin ki, sərbəst olacaqdı, amma şənbə haqda öyrənib bilmək lazım idi, əgər alınmırsa, başqasıyla danışmaq gərək olacaqdı. Vera camaşırxana həyətinin o üzündə taxta barakda yaşayırdı. İşi rahat idi, iki dəqiqəyə evinə çatırdı. Qəribə şəkildə çoxmərtəbəli binaların arasına pərçim edilmiş beş ədəd taxta ikimərtəbə evi Pesçanı küçəsinin sakinləri barak adlandırırdılar. Çoxmərtəbəlilər müharibədən sonra, əllinci illərin əvvəllərində çöllüyün, zibilliyin, bostanların, mövsümi işləyənlərin daxmalarının yerində tikilmişdi. Heç kim bilmirdi ki, həmin beş baraka nədən dəyməyiblər. Bu, hər şeydən öncə, inşaatçıların səhviydi. On il əvvəl bu barakların sakinləri talelərini dəyişməyə cəhd göstərmişdilər, binalarının uçurulmasını, köçürülmələrini tələb etmişdilər. Deyirdilər ki, “bu yöndəmsiz tikililər rayonun ümumi gözəlliyini korlayır”, digər barak sakinlərinin yeni binalarda mənzillər alması da qəlblərinə toxunurdu, – axı onlar nəyə görə bunlardan yaxşı hesab olunmalıydılar? – amma görünür, səhvi düzəltmək asan deyildi, tikintilər bu yerlərdən yığışmışdı, smetalar bağlanmışdı, buna görə də uğursuzlar öz taleləriylə barışmışdılar. Barakları dörd tərəfdən altımərtəbəli hündür binalar sıxışdırırdı. Dağ vadisindəki kənd evlərinə oxşayırdı. Və çəpərləri, soğan ləkləri, pəncərələrdəki yasəmənləriylə özünün kəndsayağı həyat tərzi vardı.
Giriş qapısının yanındakı skamyada, həmişəki kimi, Zoykanın nənəsi, doxsana yaxın yaşı olan, qara örpəyini gözünün üstünəcən endirmiş Lyuba qarı oturmuşdu. Vera Zoykanın evdə olub-olmamasını soruşdu. Qarı dərin qırışlı solğun sifətini aramla endirməklə “hə” cavabı verdi; onun dişləri tökülmüş, bürüşmüş ağzı da elə qırışa oxşayırdı. O, ağzını açıb, nəsə demək istədi, Vera isə artıq eşitmirdi, pilləkənlərlə qaçıırdı: onun Lyuba qarıya yazığı gəlirdi, bəzən bu yaşlı insanı Zoyadan müdafiə də edirdi, amma dayanıb söhbətləşməyi xoşlamırdı. Nədənsə, ona elə gəlirdi ki, Lyuba qarı məzar iyi verir.
Zoya uzun, xovlu xalatındaydı, yalın ayaqlarına rezin başmaqlarını geymişdi və mətbəxdə uşaqlara sıyıq bişirirdi. Bağ evində yır-yığış barədə eşitdikdə dərhal kobud cavab verdi: gic deyiləm şəhərdən kənara çıxam, təmizlik işləri Moskvada da xirtdəkdəndi. Zoykanın onun təkliflərini süngüylə qarşılamasına Vera öyrəncəliydi. Zoya bu təklifin də dalında nəsə bir məqsəd olduğunu düşünürdü, şübhələnirdi ki, burada onun yox, Veranın xeyiri var. Vera sakitcə dedi:
– Özün bil, mən təkcə də bacararam.
Zoya dünəndən qızartdığı kartofu qızdırmağa başladı. Tavaya günəbaxan yağı tökdü, yumurta vurdu, içinə dünəndən qalma kolbasa dilimlərini tökdü, əlli qram da quş irtməyi əlavə etdi, hazırlayıb dedi: bax, bu da nahar, Tanrı hamıya qismət eləsin! Vera bilirdi ki, Zoya bir dəqiqədən sonra fikrini dəyişib soruşacaq ki, nə, necə və neçəyə razılaşdırılıb. Həqiqətən də soruşdu. Vera hələ qiymət danışmadıqlarını, işin təxminən nədən ibarət olduğunu dedi. Dedi ki, yəqin iyirmi rubl verər. Nədənsə Veranın beyninə məhz bu rəqəm həkk olunmuşdu.
– Yaxşı, sabah baş çəkərik, – Zoyka donquldandı və tavanı götürüb acıqlı bir sifət göstərərək mətbəxdən çıxdı. Dəhlizdə gözdən itəndə birdən qışqırdı: – Qarı sənə demədi? Nikolay gəlib.
– Nikolay? – Vera ah çəkdi. – Nə deyirdi?
Bu da bir cür adamdı: dərhal deməklə arası yoxdu! Vera dəhlizdə vurnuxurdu. Zoyka öz otağına yaxınlaşıb, geri qanrılmadan dedi:
– Heç bilirəm ki? Qarıyla danışırdı, ondan soruş.
Vera çaparaq aşağı – Lyuba qarının yanına qaçdı. O, Nikolayın gəldiyini təsdiqlədi, dedi ki, səni görə bilmədiyi üçün əhvalı pozuldu. Bazar günü axşamüstü mütləq gələcəyini sənə çatdırmağı tapşırdı. Vera həyəcanlandı, sevindiyindən hətta qarının yanağını marçıldatdı. Nikolayı beş ay olardı görmürdü və fikirləşirdi ki, yəqin bir də heç vaxt ona rast gəlməz. Bir dəfə “Drujba”da hansısa bir filmə baxırdılar, kinodan sonra küçədə Vera istədi ki, ərzaq mağazasına qaçıb içki alsın. Nikolay isə birdən qayıtdı ki, sağ ol, heç nə lazım deyil, bəs, gəl yaxşılıqla ayrılaq, çünki evlənirəm. Bir-birinin əlini sıxıb ayrılmışdılar. Sonra Vera bir ay xəstəhal olmuşdu, özünü zəhərləmək istəmişdi, amma Zoya onu dilə tutub fikrindən döndərmişdi.
Danışıldığı kimi, şənbə günü dörddə Vera Zoykayla Sinitsınanın “Qastronom”la üzbəüz səkkizmərtəbəli binadakı mənzilinə gəldilər. Zoyka on bir yaşlı sonbeşiyi Mişkanı da özüylə götürmüşdü, o, bir həftə əvvəl dərslərini bitirmişdi, düşərgəyə gedəcəyi günü gözləyə – gözləyə həyətdə boş – boşuna dolaşırdı.
Sinitsına onlarla gülər üzlə salamlaşdı, evə dəvət elədi, amma vaxt yoxuydu, özü də artıq “bolonya” plaşını geyinib durmuşdu. Vera teatrlardakı kimia sılqanın yanından ovalşəkilli gözəl, böyük güzgüa sılmış qarşı otağa göz gəzdirməyə macal tapdı. Veranın burdan xoşu gəldi və dərhal dedi:
– Sizin mənzil çox yaxşıdı. Burda, Çapayev küçəsində bir aktrisanın evində yır-yığış eləyirəm, o da çox gözəl bəzəyib. Sadəcə, onların dəhlizi bir az başqa cürdü… – Vera əlləriylə göstərib izah etməyə başladı.
– Oğlan da bizimlə gedəcək? – Sinitsına soruşdu.
– İcazə versəniz, əlbəttə, – Zoyka yaltaqcasına gülümsünərək, uzun arıq boynunu dilənçi kimi yana əydi: – O, dinc uşaqdı! Kömək də eləyə bilir.
Mişa gözünü döşəməyə dikmişdi. Sağ əlində kəpənəktutan tor vardı.
– Həə, yaxşı oğlandı, çox yaxşı, – Vera təsdiqlədi. – Lidiya Aleksandrovna, amma bilirsinizmi, mən bazar günü axşam saat altıda mütləq qayıtmalıyam.
– Özünüzdən asılıdı, qızlar. Çatdırıb tez qurtarsaq, nahar vaxtına da qayıda bilərsiz.
– Bəs… Vera, sən qiymət barədə, soruşmusanmı? – Zoykanın səsi yazıqlaşdı.
– Hələ yox. Qiymət barədə yerində danışarıq, görək iş nədən ibarətdi. Elə deyilmi, Lidiya Aleksandrovna? Belə düşünürəm ki, bizi incitməzsiz, elə biz də sizi. Ümumiyyətlə, pulu bir az çox götürün! – Vera özünəməxsusluqla,xırda-xırda güldü.
Dəhlizə qarabuğdayı, ağ köynək geymiş eynəkli cavan bir oğlan çıxdı. O, Verayla Zoykanı başıyla salamladı:
– Nə deyirsiz, yola düşürsüz?
– Kiril, xahiş edirəm, sən sabah gələrsən – Sinitsına dedi.
– Bilmirəm, işin gedişi göstərəcək. Səndən xahiş edirəm ki, özünü əldən salma, eşidirsən, ana?
– Qorxma, gör mənim nə gözəl köməkçilərim var, səni isə sabah gözləyəcəm. Başa düşdün, Kiril? Anatoli Vladimiroviç maşınla gələcək, o səni götürəcək. Sənə dincəlmək, təmiz hava almaq vacibdi.
Oğlu ucaboy idi, anasına yuxarıdan aşağı baxıb yüngülcə gülümsünürdü.
– Hər şey yaxşı olacaq, ana. Amma işlərim çoxdu, özün bilirsən axı…
– Anatoli Vladimiroviç səhər çıxacaq.
– Yaxşı, birtəhər gələrik.
– Oldu, sağlıqla qal! – deyə Vera adəti üzrə, kişilərə gülümsədiyi kimi, eynəkli cavana təbəssümlə baxdı, dodaqlarını sıxdı, çünki qabaqda iki dişi yoxuydu. Buna görə də danışanda fışıldayırdı.
Vera iki döşəməsilən taxtanı, içində pəncərə silmək üçün yuyucu toz paketləri qoyulmuş vedrəni götürüb pilləkənlə endi. Ardınca Zoyka düşürdü, əlində iki çanta vardı: birinin içində yemək, böyük dama-dama naxışlıya isə, pərdələr, örtüklər, çaynik, elektrik plitəsi, həm də qara rəngli bir stolüstü lampa qoyulmuşdu. Anasının dalınca adyal bağlamasını sürükləyən Mişka gedirdi. Sinitsına da balaca bir çanta və səliqəylə götürdüyü, əzməkdən ehtiyat etdiyi yaşıl rəngli qalın bir kağız bürməci gətirirdi. Bir neçə pillə endikdən sonra Sinitsına dedi:
– Qiymət barədəsə, düzü, bilmirəm… Ötən il, təxminən belə bir iş üçün on beş rubl ödəmişdim.
– Lidiya Aleksandrovna, siz ötən ili indikiylə bir tutmayın! – Vera aşağıdan qışqırdı.
– Mən bir tutmuram, sadəcə, ötən il ödədiyimi dedim. Amma sizin də mübahisə etməyiniz ağlabatan deyil: axı, işlə tanış deyilsiniz.
– Əlbəttə, əlbəttə, – Zoyka təsdiqlədi. – Baxıb sonra azılaşmaq lazımdı. Vera, sən də qəribə adamsan, eey…
– Oğlunuz qarabuğdayıdı. Atasına çəkib yəqin? – Vera ucadan dedi.
– Hə, atasına çəkib, –Sinitsına cavab verdi.
– Aha, mən də baxıram ki, siz ağsınız, o isə qara-quradı!
“Qostronom”un yanındakı dayanacaqdan taksi tutdular, Sinitsına sürücünün yanında oturdu, qalanları arxada, yükləri baqaja qoydular, Vera pəncərənin yanında əyləşdi.
İyunun ortaları, aydın və ilıq bir gün idi, bağçalar, yaşıllıqlar gülləmişdi, şənbə günlərində, həmişə olduğu kimi, bu vaxt hər tərəf–yanından ötüb keçdikləri trolleybus dayanacaqları,ərzaq mağazasının qabağı, qoca Moiseiçin tütün köşkünün həndəvəri adamlarla doluydu. Vera şüşənin bu üzündən ətrafa dörd gözlə baxır, min dəfə gördüklərini – hər pəncərəsi, hər kərpici tanış olan rayonlarını bir də süzür, sanki bir daha tanımağa çalışır, dil boğaza qoymurdu:
– Moiseiçdə növbəyə baxın eey!Gör kişilər necə düzülüb! Klavkada da dondurma üçün növbədi… Odur ha, mənim müştərim gedir! Əlli səkkiz on! Odur, odur, odur! – O, birdən çılğıncasına elə bağırdı ki, Sinitsına diksinib geri qanrıldı, sürücü isə astadan söyüş söydü. – Lidiya Aleksandrovna, bax, o gedən mənim müştərimdi! Portfelli, hə portfelli, odur, odur, odur! Əlli səkkiz on! Çox yaxşı adamdı. Həmişə özü gəlir, arvadı isə düşəndə bir dəfə. Arvadı da yaraşıqlı qadındı, onu tanıyıram. Burada, Sokol yaxınlığında institutda işləyir…
Leninqrad prospektinə çıxmışdılar, Vera isə çərənləməkdə davam edirdi. Ovqatı çox gözəl idi, elə bil, dünənki iztirablarını, adyalın altında hönkürməyini, heç nədən altı rubl ödəməli, istirahət əvəzinə bütöv bir sutkanı işləməli olduğunu unutmuşdu; elə bilirdi, bağa, quşların cəh-cəh vurduğu meşəyə gəzməyə gedir, sabah axşam isə, Nikolay yanına gələcək. Nə haqda danışırsa – danışsın, nə barədə düşünürsə -düşünsün, bildiyi təkcə bu idi ki, sabah Nikolay gələcək.
Beqavoya çatanda sağa döndülər, körpünün üstüylə gedib Vaqankov qəbirstanlığının yanından keçdilər, Veranın yadına düşdü ki, xalası burada uyuyur, qəbri nurla dolsun, baş çəkmək, üstünə gül gətirmək lazım idi, ötənilki yaydan bəri onu ziyarət etməmişdi. Krasnaya Presnyadakı köhnə evləri sökmüşdülər. Yazda zir-zibil yandırırmış kimi, bəzilərinə hətta od vurmuşdular. Sağ tərəfdə qalaqlanmış, bəzisi hələ də tüsütləyən qapqara tonqal yerləri görünür, bu kül zolağının arxasından isə, yoldan iki yüz metr aralıda beşmərtəbəli yeni evlər ucalırdı.
– Nəhayət ki, zülümdən qurtuldular, – Zoya dedi.
– Amma mənim bu evlərə heyifim gəlir. Necə olmasa köhnə Moskvadı, özü də Krasnaya Presnya, tarixibir yer, – dedi Sinitsına. – Gör onları necə də insafsızcasına yandırırlar…
– Düz eləyirlər! O taxtabiti yuvalarının nəyinə heyifsilənirsiz? – sürücü gözlənilməz bir qəzəblə dilləndi. – Orada insanlar bir-birinin başında yaşayırdı, yeddi metrdə on adam. Onlara sizin tarix çox lazımdı elə! Heç olmasa adam kimi yaşayış yeri, mənzil alacaqlar.
Sinitsına pəncərədən baxaraq susdu.
– Bilirsiniz, bu yeni evlər də yaraşıqlı deyil, – sonra dedi. – Çox eybəcərdi. Liftləri də yoxdu.
– Cəhənnəmə ki, qoy liftsiz olsun, – sürücü dedi. – Fəhlə sinfi ərköyün deyil, biz piyada da düşüb-çıxa bilərik.
– Əlbəttə! – Zoyka dedi. – Biz də gör neçə ildi baraklarımızın sökülməsindən ötrü yazırıq…
– Niyə ki? Baraklarımız mənim xoşuma gəlir, – Vera bildirdi. – Çox yaxşı baraklarımız var. Birincisi, istidi. İkincisi, dörd bir yanı yaşıllıqdı, bağ evi-zad lazım deyil, doğrudumu, Mişa? – o, çiyniylə Mişkanı itələyib qəhqəhə çəkdi.
Zoyka əlini yellədi.
– Çərənləyirsən də…
– Çərənləmirəm, doğru deyirəm, bizim baraklar hətta çox gözəldi, möhkəmdi, hələ yüz il də davam gətirəcək. – Vera bu dəfə bir az da bərkdən qaqqıldadı, sanki partlayış qopdu: “Oy, ürəyim dayandı… Oy, doğrudan da, hələ yüz il dözəcək!” Ondan başqa gülən yoxuydu. Zoyka incik halda deyinirdi, sonra sürücüdən papiros xahiş elədi və alıb birini yandırdı. Vera bir az sakitləşmişdi, xırıldaya-xırıldaya, yorğunluqla təkrar-təkrar pıçıldayırdı: “Oy, ürəyim dayandı…”və yaşarmış gözlərini ovuclarıyla silirdi.
Böyük körpünün üstündən sahilə – Lenin prospektinə, Trexqorkaya çıxdılar, çox keçmədi ki, hər iki tərəfdən taxta evlər görünməyə başladı, onların ardınca da yeni yaşayış binalarının kərpic divarları, qaldırıcı kranlar diqqəti çəkdi. Bir azdan təzə binalar da gözdən itdi, taxta evlər qaldı, sonra onlar da ötüşüb getdi, qürub günəşinin şüaları altında uzanan, zərif yaşıllığa bürünmüş təpəli çöllük göründü.
Lidiya Aleksandrovna şüşəni saldı, maşının içi təmiz çöl havasıyla doldu. Nədənsə, hamı susub havanı ciyərlərinə çəkirdi, Mişka isə mürgüləməyə başlamışdı.
Həmişəki kimi, araya sükut çökəndə və ya Vera yalqız qalanda çənəsi altına salmağa bir kimsə tapılmayanda, ağlından pis şeylər keçirdi. Yenə altı rublluq adyal yadına düşdü. Ödəmək lazım gələcək, cəhənnəməcən, o, xırdaçı deyil, amma artıq onları izləyəcək: harda bir xətaları olsa, basıb bəbəklərini tökəcək. Daha həmin yaramazları göz açmağa qoymaz. Pulu isə Raisa Vasilyevnanın sifətinə çırpacaq ki, alın, soxun gözünüzə, siz mənim altı rublumla varlı olmayacaqsız, mən isə kasıblamayacağam! Yaxşı ki, Lidiya Aleksandrovna rast gəldi, əgər adama on rubl versə, onların pulunu çırpacam sifətlərinə. Dörd rubl da Nikolayı qarşılamaq üçün qalar.
Vera Nikolay haqda fikirləşməyə başladı və canına xoş bir istilik yayıldı, eyni zamanda, həyəcandan pörtdü. Düşündükcə, həyəcanı artırdı. O lənətolmuş niyə gəlir axı? Niyə könlümü bulandırır? Vera beş aydı Seryojayla gəzir. O, tatardı, yaxşı adamdı, institutda çilingər işləyir: yaxşı qazanır, az içir, ümumiyyətlə, gözəl insandı, amma xəstəliyi var, ürəyi nasazdı. Vera Nikolayı unudaraq Seryojayla necə evlənmək haqda arzulara qapılmışdı. Seryoja ona daha çox yaraşırdı, yaşları da eynidi, onun da otuz altı yaşı var, Nikolay isə üç yaş balacadı, həmişə başına qaxırdı ki, sən artıq qarımısan.Qarımağı öz yerində, dörd il gəzmişdilər və cavanlara sarı gözünün ucuyla da baxmamışdı. O qaragün niyə gəlir indi? Bəlkə təzə arvadı ürəyinə yatmır, köhnəsi düşüb yadına? Of, Nikolay, o gördüyün ağaclar kəsilib daha…
Vera bundan başqa da çox şeylər barədə düşünürdü: Nikolayın təkidiylə oğlu Yurkanı internata yerləşdirdiyini yadına saldı, əvvəl çox acıyırdı buna, sonra vərdiş etdi, abortdan sonra necə ağrıdığını, xəstəxanada yatdığını xatırladı. Bütün qadınların yanına kişiləri gəlirdi, sovqat, məktub gətirirdilər, ona isə iki həftə nə pay gətirən oldu, nə məktub, palatada yeganə səfeh durumunda olan o idi. Qadınların ona yazığı gəlirdi. O isə özünü sındırmırdı, təkcə gecələr hönkürürdü. Nikolay on dörd gün keçəndən sonra qəfil gəldi, həyətdən pəncərəni döydü, əlində gül buketi, sifəti gülürdü, harasa uzaqlara ezamiyyətə göndərildiyini dedi, bəlkə də eləydi. Yaddaşından çox şeylər keçdi: incikliklər, xoşbəxt günlər, söhbətlər, nəvazişlər…
Maşının şossedən qəsəbə yoluna necə döndüyünü hiss etmədi, bağ evləri, tozağacları, çəpərlər bir-bir arxada qaldı. Taxta körpüylə çayın üstündən keçib yamaca qalxdılar, sağa döndülər.Yolu necə getmək barədə Lidiya Aleksandrovna göstəriş verirdi, sonra bir də sağa döndülər və köhnə bir qapının qarşısında dayandılar.
Böyük, köhnə və taxtadan olan bu bağ evi baxımsız vəziyətdəydi. Eyvanın şüşələri qırılmış, qapı taxtalanmışdı. Həyət-baca da yaman gündəydi, bir neçə uca şam ağacının dibini gəndalaş kolları, xırda küknar və ağcaqovaq pöhrələri basmışdı.
– Bu cür bağ evini hansı “zəhmətkeş”ələ keçirib? Eh… – deyə sürücü öz-özünə dilləndi. O, yüklərin maşından evə daşınmasına kömək edirdi.
Lidiya Aleksandrovnanın başı çantasından açar çıxarmağa qarışdığından Vera cavab verdi:
– Kim ələ keçiribsə, afərin! O da yaşamalıdı! Elə deyilmi, Lidiya Aleksandrovna? Doğru demirəm?
Hava qaralanacan dördü də işlədi: tör-töküntünü yığışdırdılar, zir – zibili daşıdılar, qışda nəm çəkmiş mebelləri əskiylə sildilər, kif iyi gələn, toz basmış köhnə xalçaları, həsirləri çırpdılar, süpürdülər, yudular, qaşıdılar. Lidiya Aleksandrovna başına ləçək bağladı, əyninə göy rəngli, brezentə oxşayan kobud bir şalvar, qolsuz mayka geyindi, əşyaları daşımaqda Zoyadan və Veradan geri qalmadı. Hətta Zoyka hərdən işdən yayınırdı, gah “belim ağrıdı…” – deyib bir dəqiqəliyə oturur, gah siqaret çəkməyə bağçaya gedirdi. Saat on ikiyəcən qurtarmağı qərarlaşdırdılar. Növbəti günə vur-tut ikinci mərtəbənin pəncərələrini yumaq qalmışdı.
Yorulub-üzülmüş Mişkanı ən isti otaqda yatağa uzatdılar, o dəqiqə də yuxuladı, özləri isə eyvanda şam yeməyinə oturdular. Məlum oldu ki, quru çay gətirməyiblər, Moskvadan almaq yaddan çıxıb. Lidiya Aleksandrovna hansısa qonşuya getdi. Zoykayla Vera bu vaxt eyvanda oturmuşdular, ağcaqanada görə pəncərələri bağlamışdılar, həm də artıq sərin düşmüşdü. Amma ağcaqanadlar da, elə bayırdakı soyuq havanın özü də, qırıq şüşələrdən içəri dolurdu. Onlar Veranın qazançada gətirdiyi əriştəni yeyirdilər.
– Necə bilirsən, Lidiya Aleksandrovnanın neçə yaşı olar? – Zoya soruşdu.
– Məncə, otuz beş. Mənim yaşıdım olar. Bəh! Əla əriştədi! Az gətirmişəm, elə deyil? Lidiya Aleksandrovna yaxşı qadındı, çox yaxşıdı, zəhmətsevərdi.
– Əlbəttə, həyat yaxşı olan yerdə yaxşıdı, –Zoyka dedi və uzunsov, arıq üzünü Veraya tanış olan inciklik bürüdü. Belə olanda Zoyka adətən urvatsız şeylər danışırdı. O, gözünü eyvanın tavanına, yağlı kağızdan düzəldilmiş lampa çətirinə, onun qaranlıq aynada əksinə zillədi.– Mənə elə gəlir ki, əlliyə yaxın olar. O boyda cantaraq oğlu var…
Lidiya Aleksandrovna quru çay gətirəndə Vera ondan neçə yaşı olduğunu soruşdu. Cavab verdi ki, qırx dörd; Kirilin artıq on səkkiz yaşı var, institutun birinci kursunda oxuyur. Vera çox heyrətləndi.
– O yaşı vermək olmaz sizə, Lidiya Aleksandrovna, hec cürə vermək olmaz! Sizin yanınızda mən qarıya oxşayıram, dişlərim yoxdu, üz-gözüm də qırışıb, amma sizdən səkkiz yaş cavanam. Bəs niyə belədi? Yəqin siz təbiətən sakitsiniz, mən isə hər şeydən həyəcanlanıram.
Zoyka susurdu, yenə üz-gözündə həmin gizli inciklik, fincanlara çay süzürdü.
– Məncə, siz özünüzə böhtan atırsız, Vera, siz çox yaraşıqlısız, ətli-əndamlısız, lap kömbə kimisiz,– Lidiya Aleksandrovna gülümsədi – Və yəqin ki, kişilərin xoşuna gəlirsiz, eləmi?
Vera da məmnunluqla gülümsündü.
– Necə deyim, Lidiya Aleksandrovna, həmişə yolda-izdə kimsə qəmiş olan tapılır. Hətta “ay qız” deyə çağırırlar məni. Qaranlıqda gözləri seçmir axı!
– Onların, əlbəttə, xoşları gəlir. Çünki bu, onları öz puluyla yemləyir, – Zoya dedi.
– Kimi yemləyirəm?
– Elə hamısını. Guya mən bilmirəm?
– Kimi yemləyirəm ey? Kimi? Hə?
– Kolyanı həmişə yemləyirdin? Yemləyirdin. Milis Arkaşkanı yemləyirdin? Bəlkə yox deyəsən? İndi də Seryojanı yedizdirirsən.
– Vera, doğrudan da siz belə ürəyiyumşaqsız?
– Ona qulaq asmayın, Lidiya Aleksandrovna! Yalan deyir. Ümumiyyətlə, o, çox paxıldı.
– Paxıllıq ediləsi nə var ki?..
– Əlbəttə, paxıllıq eləyir. Çünki mənə baş çəkən var, onunsa yanına ildə bir dəfə gəlirlər. Kişilər mənə hörmət edirlər, Lidiya Aleksandrovna. Hətta, çox hörmət edirlər. Mənsə onlarla bir yoldaş kimi rəftar edirəm: onlarla yeyə də, içə də bilərəm, amma azacıq, əlbəttə, çox içmək nəyə lazımdı, düz deyil? Maaş gününəcən borc da verə bilərəm. Nə qədər borc verərəm? Əlbəttə, bir-iki rubl, ya da həmişəki kimi üç rubl. And olsun ki, mən onlarla yoldaş kimiyəm, Lidiya Aleksandrovna.
– Sənin ayrıca otağın var, səfeh! – Zoyka dedi. – Biz isə on iki kvadrat metrdə dörd nəfər yaşayırıq.
Cavab vermək istəyəndə, Veranı hıçqırıq tutdu. Bir neçə dəqiqə hıçqırığıyla əlləşdi, sonra Zoykaya sarı əlini yellədi: yəni ki, səninlə danışmağa dəyməz. Hıçqıra-hıçqıra özünün köhnə dəbli, haçansa bir artist qadının bağışladığı, təzəliyi tünd yaşıl rəngli, indi isə solub-soluxmuş, ağzının zənciri əyiş-üyüş girdə çantasını dizləri üstünə qoydu, əlini salıb içini eşələdi, masanın üstünə daraq, güzgü, kağız, camaşırxanada qəbz yazdığı karandaş qırığı kimi müxtəlif əşyalar çıxarıb tökdü, nəhayət, əzik-üzük bir fotoşəkil keçdi əlinə.
– Alın, oxuyun, Lidiya Aleksandrovna. Bunu mənə Hərbi Dəniz Donanması günündə Kolya bağışlayıb. – O, bir dəfə də hıçqırdı və pıçıltıyla dedi: – Ah, ya Rəbbim, özün kömək ol…
Lidiya Aleksandrovna şəkli götürüb arxasındakı yazını ucadan oxumağa başladı:
– “Hərbi Dəniz Donanması günündə Z. Nikolaydan əziz xatirə”. – Belə…Nə demək olar, yaxşı yazıdı. Qızlar, bəlkə işığı söndürüb pəncərələri açaq? Bu dəqiqə bağın havası çox gözəldi.
– Deməli, təsəvvür eləyin, Lidiya Aleksandrovna, – işığı söndürmək üçün ayağa duran Vera dedi. – Dörd il onunla gəzmişik, bircə bu fotooşəkildən başqa məndə heç nəyi qalmayıb. Nə bir üzüyü, nə bir sırğası qalıb. Mənə isə heç nə lazım deyil.
Sarı lampa çətirinin altında işıq sönüncə, iyunda olduğu kimi, göy üzünün hələ də aydın olduğu göründü. Sərin havayla bərabər meşədən otların, iynə yarpaqlıların qoxusu da şüşəbəndə doldu.
Vera çaydanı götürüb plitədə qızdırmaqdan ötrü mətbəxə apardı.O, axşamlar azı üç stəkan çay içməyi xoşlayırdı. Orda olmadığı müddətdə Zoyka macal tapıb Lidiya Aleksandrovnaya dedi ki, Vera heç də göründüyü kimi sadə deyil, hər şeyə “hi-hi-hi”, “ha-ha-ha” eləsə də, öz işini altdan-altdan görməyi bacarır, odu ha, rayon icraiyyə komitəsindən olan müştərilərindən biri kömək elədi, oğlunu verdi internata. Özü bacarmazdı, amma müştərisi kömək elədi. Deməli, ağız açmağı bacarır. Tək yaşamaq, əlbəttə, min dəfə asandı. Bir dəfə əriştə bişirəndə, üç gün işinin adı olmur. Kinoya da gedir, Mərkəzi Univermağa da macal tapır, qonaqları da olur… “Amma mən, –Zoyka dedi, – evimdə böyüklü – kiçikli üç nəfərə baxıram, hərəkət elə görüm necə edirsən…”
Vera çaydanla geri dönüncə, Zoyka səsini kəsdi. Lidiya Aleksandrovna öz həyatından danışmağa başladı: sən demə, birinci əri səkkiz il qabaq vərəmdən ölübmüş, çox yaxşı insanmış, elmi işçiymiş. Onun ölümündən sanra Lidiya Aleksandrovna çətinliklərə düçar olub, kasıbçılıq çəkib, xəstələnib, oğlu da balacaymış, istəyiblər bu bağ evini satsınlar, çünki kooperativin pulunu ödəməyə imkanları olmayıb, axır ki, birtəhər köçü yola veriblər, yayda kirəkeş götürüblər, sonra Lidiya Aleksandrovna yaxşı bir insanla rastlaşıb, o da elmi işçi olub, oğluna da, özünə də sahib çıxıb, indi yaxşı yaşayırlar. O, haçansa yaxşı yaşaya biləcəyinə ümid eləmirmiş. Qadın gərək heç vaxt ümidini itirməsin. Əlli yaşında bir tanışı var, rəssam qadındı, bu yaxınlarda özündən səkkiz yaş kiçiyə ərə gedib. Əri də rəssamdı, onu tamamilə ilahiləşdirib. O qadının da çətin dövrləri vardı, əri yüksək rütbəli hərbçiydi, iyirmi il birgə yaşamışdılar və onu qəfil atıb getmişdi. Çünki Kirov teatrından leninqradlı bir balerinaya vurulub, çıxıb getmişdi Leninqrada. İndi bu rəssam qadın çox gözəl və xoşbəxt ömür sürür. Əri çox istedadlı dekorçudu, bizim xaricdəki sərgilərimizə quruluş verir, həmişə səfərdədi, onunçün hər şey alıb gətirib…
Verayla Zoyka susaraq acgözlüklə dinləyirdilər. İkisi də yorulmuşdu, bir-birinin ardınca əsnəyirdilər, yatmaq istəyirdilər, eyni zamanda, qulaq asmaq da keçirdi könüllərindən: Lidiya Aleksandrovnanın danışdığı həyat hekayəti onlarınkına qəti oxşamırdı, amma nələrisə xatırladırdı. Onlar Lidiya Aleksandrovnanın xüsusilə “qadın gərək heç vaxt ümidini itirməsin” sözlərinə heyran qalmışdılar. Bu, onların öz içlərində dumanlı şəkildə hiss etdikləri bir məsələydi. Amma heç vaxt belə aydın və dəqiq ifadə etmək ağıllarına gəlməmişdi. Onlar artıq Lidiya Aleksandrovnanı dinləmirdilər, hərəsi öz dünyasına qapılmışdı.
Ümidləri çoxuydu, heç vaxtda bədbinləşmirdilər. Yeniyetməlik, avamlıq dövrlərindən bəri bəslədikləri ümidləri canlarında daşıyırdılar.
Sonra hava sərinlədi, Lidiya Aleksandrovna pəncərəni örtdü, hamısı getdi yatmağa. Ev rütubət olduğuna görə, üşüyə – üşüyə, narahat yatdılar. Verayla Zoyka paltolarından əlavə evdə həsirdən, palazdan əllərinə nə keçmişdisə çəkmişdilər üstlərinə.
Səhər isə hava isti və günəşliydi, quşlar oxuyurdu. Mişkayla Vera bağçada şehli otluqda qaçır, kəpənəktutan torla kəpənək tuturdular. Uzaqdan baxanda, elə bilirdin ikisi də sarışın saçlıbalaca uşaqlardı.
Şişkin sifətli Zoyka kandarda dayanıb əl-üzünü yumamış saçlarını darayırdı.
– Sərinlədiyiniz bəsdi! Mişka, yüyür su dalınca! – deyə acıqlandı. – Təcili qurtarıb evə getməliyik. Bəsdi…
Lidiya Aleksandrovna Moskvaya zəng etmək üçün səhər – səhər stansiyaya yollanmışdı, qayıdanda kefi göylə gedirdi: saat on ikiyə yaxın ikisi də – əriylə oğlu gələsiydilər. Dediyinə görə, əri mehriban adamdı, amma təsərrüfatdan uzaqdı, dünyada ən çox sevdiyi şey sakitlik və dinclikdi. Elə buna görə də, Lidiya Aleksandrovna ev işlərini onun olmadığı vaxtda görməyə çalışırdı. Saat on birə qədər yuxarı pəncərələr yuyuldu, anbarda da yır-yığış etmək lazım gəldi, hələ sınıq taxtı ikinci mərtəbədən düşürüb bağçaya, çəpərin dibinə apardılar.
Nə saat on ikidə, nədə birdə gələn oldu. Verayla Zoyka bütün işləri bitirmişdilər, indi gözləyirdilər ki, evin kişisi gəlib pul gətirəcək. Lidiya Aleksandrovnanın özündə vur-tut yeddi rubl vardı.
Günorta hava çox isti oldu. Verayla Zoyka quyunun yanında əl-üzlərini yuyub artırmadakı skamyada oturmuşdular, sakitcə məsləhətləşirdilər ki, əlavə pul istəsinlər, yoxsa yox. Vera tərəddüd edirdi, Zoyka isə deyirdi ki, hökmən istəmək lazımdı, çünki, aralarında nə anbar, nə də aynabənd barədə danışıq olmayıb. Qanun – qaydayla iyirmi altı rubl almalıdılar. Hələ Zoya Veranı Lidiya Aleksandrovnadan soruşmağa təhrik edirdi ki, anbarın dalına atılmış boş çaxır butulkalarını ötürmək olar, yoxsa yox. Orada on altı butulka vardı, zibilliyə atırmış kimi tullamışdılar. Əgər yuyub təhvil versən, hər halda, rubl yarım pul eləyər.
– İstətirsənsə soruş, –Veradedi. – Soruş, soruş!
– Niyə mən soruşuram? Özün soruş. Sən ki razılaşmısan onunla.
– Mənim nəyimə lazımdı. – Vera saymazyana əlini yellədi. – Sülənməyim çatmır elə…
Zoykanın hətta hirsindən rəngi qaçdı.
– Belə… sülənmək deyirsən bu məsələyə? – deyə coşdu. – Əlbəttə, sənin öz əlindi, öz başın, oğlunu təhvil vermisən gedib. Bəs mən necə yaşamalıyam?
– Mən də deyirəm ki, soruş…
Mişka yaxınlaşdı, əlində ovalşəkilli, üstü samanla toxunmuş qəribə qab vardı.
– Ana, bax, yürüş suqabısıdı. – Mişa sevincək bildirdi. – Bunu oradan, küncdən, zibil yeşiyi olan yerdən tapdım. Təp-təzədi. Götürək özümüzə?
– Soruşmamış heç nəyə əlini vurma! – Zoyka suqabını onun əlindən dartıb alaraq skamyanın üstə qoydu. – Aparıb götürdüyün yerə qoyarsan.
– Tullayıblar axı bunu…
– Deməli, zibildi də, nəyimizə lazımdı. Heç yana qaçıb – çovuma, on beş dəqiqədən sonra gedirik.
– Ana-a, düşərgədə yürüşə gedəcəyik axı, mənə suqabı lazımdı… –Mişka zırıldadı.
– Qoy çantana, vəssalam, – Vera dedi.– Atıblarsa, deməli, gərəkləri deyil. Məsələ bitdi.
Mişka əlini cəld suqabına uzatdı. Zoyka isə onun əlinin üstünə möhkəm bir şillə çəkdi.
– Sənə nə dedim? Sən də, ay gicbəsər, bunu öyrətmə.
Mişka doluxsunub kənara çəkildi. Bir az dayanıb alaqapıya sarı getdi.
– Uzağa getmə, tezliklə yola düşürük! – Zoyka qışqırdı.
– Bəs çimməyə haçan gedəcəyik? Hə?
– Mənsiz çaya getməyi fikirləşmə heç! Eşidirsən? Sənə qadağan eləyirəm!
– Özün söz vermişdin… – Mişkanın öcəşkən səsi getdikcə uzaqlaşırdı.
– Çaya getmə ha! Mixail! Eşidirsən nə deyirəm?
Alaqapı çırpıldı. Lidiya Aleksandrovna ikinci mərtəbənin pəncərəsindən başını çıxarıb sevincək qışqırdı: “Gəldilər?” –“Yox, Mişa çıxdı”,– Vera cavab verdi. Zoyka isə acıqlı-acıqlı donquldandı: “Gözlə, gələcəklər… Bazar günümüzü bütünlüklə burada itirdik… Pulun yox idisə, muzdlu tutmayaydın…”
Amma Lidiya Aleksandrovna aşağı düşəndə də, Zoyka onunla yenə öz saxta, yaltaq tərzində, boynunu çiyninə əyərəkdanışmağa başladı:
– Lidiya Aleksandrovna, bilirsiniz nə soruşmaq istəyirdim? Butulkalar barədə…
Saat üçdə də heç kim gəlib çıxmadı.
Zoyka özünə yeddi rubl tələb etdi, boş butılkaları da götürüb Mişkayla çıxıb getdi, Vera isə qalıb gözlədi.
O, Lidiya Aleksandrovnayla birgə eyvanda uzun müddət oturdu, yavan çörəklə çay içdi, çünki nəsə almağa pul da qalmamışdı. Həyatı barədə məsləhətlər istədi ki, bəs Nikolay gələndə necə davransın? Təzədən onunla görüşmək istədiyini bildirsə, razılıq versinmi, yoxsa o lənətolmuşu rədd eləsin? Seryojka tatardı, çox yaxşı adamdı, mehribandı, amma anası işləri dolaşdırır. İstəyir tatar qızına evləndirsin, çünki onlar analarına qulaq asan olurlar, Seryoja isə anasının istəyi əleyhinə getməz. O, Veranın yanında nadir hallarda gecələyir, axşam olunca fikri-zikri evlərində qalırdı. Deyir, anasının nigaran qalmasını istəmir. Niyə nigaran qalmalıdı axı? Anası Veranı yaxşı tanıyır. Vera da dəfələrlə onların evində olub, bazarlıq eləyib, yuyulmuş mələfələrini, camaşırlarını özü çatdırır, şənbə günləri döşəmələri yuyur – onların ailəsi böyükdü, taxta binada üçotaqlı mənzilləri var. Volokolamskda yaşayırlar. Bəzən gecə saat ikidə trolleybus – zad olmur, Seryoja evə piyada gedir. “Anam kəsir qarşımı, yoxsa səni bu dəqiqə alardım” – deyir. Belə ki, bu məsələ çox qəlizdi, baş açmaq olmur.
Lidiya Aleksandrovna elə bir məsləhət verə bilmədi, çünki fikri ayrı yerdə idi. : “Vera, əsas odu ki, öz qadınlıq ləyaqətinizi unutmayasız” – dediyi vur-tut bu oldu. Vera razılıqla başını tərpətdi: “Düzdü, düzdü, Lidiya Aleksandrovna! Mütləq…” Vera keçmiş həyatından da söhbət açdı: Boqorodski kəndində keçən uşaqlığından, yetimliyindən, müharibədən, peşə məktəbində oxumağından, xalasının ölməyindən, özünün ev sahibəsiylə bir yerdə qalmasından, Kamışin şəhərindən olan altmış beş yaşlı bir kişinin ona girişməsindən, otağına tamah salmasını duyub, tezliklə o adamı necə qovmasından danışdı. Bera danışırdı, amma ürəyində Nikolayı düşünürdü və birdən o qənaətə gəldi ki, onunla bugünkü görüş yaxşı heç nə vəd eləmir. Uzaqbaşı, maaşını alanacan beş rubl borc istəyəcək, vəssalam. Ya bir beşlik istəyəcək, ya onluq. Bu sadə fikir ağlına necə hakim kəsildisə, o andaca susdu. Lidiya Aleksandrovna da, fikirli-fikirli susub oturmuşdu.
Vera köksünü ötürdü.
– Lidiya Aleksandrovna, bəlkə nəsə bir bədbəxtlik baş verib?
Lidiya Aleksandrovna başını yırğaladı.
– Yox, Vera, heç bir bədbəxtlik baş verməyib.
Saat beşə yaxın yağış başladı. Yağış kəsəndə, Vera getmək üçün tez-tələsik yır-yığış elədi. Onun iyirmi rubl pulu vardı. Altımış qəpik özünə götürdü, altımış qəpik də Lidiya Aleksandrovnaya borc verdi, çünki onun qayıtmağa pulu yox idi.
Vera stansiyaya çəmənliyin içindən keçən cığırla gedirdi. Cığırın hər iki tərəfindən qalxan hündür biçənək otları yüngülcə tərpənir, sanki nəfəs alırdılar, diblərindən dikələn yağış qoxulu buxar onları titrədirdi. Vera tuflilərini də çıxarmışdı. Uzun illərdi otluqda ayaqyalın yeriməmişdi. Cığırda ondan başqa heç kim yox idi və o heç yana tələsmirdi.
1966
Tərcümə: Zahid Sarıtorpaq