Agatha Christie. Qəhvəyi kostyumlu kişi – 5

Əvvəli: Agatha Christie. Qəhvəyi kostyumlu kişi – 4

XVI

Ser Yustas Pedlerin gündəliyindən

(davamı)

Nəhayət, Keyptaundakı “Nelson” oteli. Yol təəssüratı uğurlu idi. Lakin böyür-başımda dolaşan bəzi dedi-qodular məni əsəbiləşdirirdi. Mənzil başına çata-çatda Peqqet səfehcəsinə bir sərxoşla vuruşmuşdu. Hərçəndi yaxasını yaxşı qurtarmışdı. Yalnız gözünün altı şişib göyərmişdi. Ciddi bir zədəsi yox idi. Elə hey can atırdı ki, mənə nəsə qorxulu və gizli bir əhvalatı söyləsin.

-ser Yustas, verdiyiniz teleqramı şifrlədim və sizə göstərmək istədim-Peqqet söyləyirdi. –Dəhlizə çıxanda gördüm şübhəli bir tip gizlənməyə yer axtarır. Buna görə də onu izləməyə başladım.

– Axı, niyə Peqqet?

– Ser, bu bölmədə yalnız sizin və polkovnik Reysin kayutu yerləşir. Buralarda hərlənmək o tipin nəyinə gərək idi?

– Polkovnikin sizin köməyə ehtiyacı yoxdur. Elə mənim də.

– Bilirsinizmi?-Peqqet davam etdi.-Bu adam Reyborn idi! Əmin idim ki, o, gizli tapşırıq almaq üçün Reysin yanına gedirdi.

– Bu nə cəfəngiyyatdır danışırsınız? Nə üçün onlar müşavirəni gecə yarısı keçirirlər? Birlikdə bir fincan kofe içmək bəhanəsilə görüşə bilməzdilərmi?!

Lakin Peqqetin təslim olmaq fikri yox idi:

– Ser Yustas! Həmin axırıncı gecə gəmidə nəyinsə baş verdiyinə inanın. Axı, mənim üstümə cummaq Reybornun nəyinə lazım idi? Üstəlik də bu cür azğıncasına?

– Həmin adamın Reyborn olduğunu nədən bildiniz?

Reybornun təcavüzkarlığını Peqqet inandırıcı izah edə bilmədi. Lakin məhz onun hücumuna məruz qaldığına tam əmin idi.

– Yox, nə isə dolaşıq düşüb!-Peqqet sakitləşmək bilmirdi.-Yeri gəlmişkən, Reyborn bu saat haradadır?

Doğrudan da, o, haradadır? Sahilə düşəndən bəri heç yanda görməmişəm. İnzibatçı bildirdi ki, oteldə belə bir adam yaşamır. Əcəb işdir! Katiblərimin biri yoxa çıxıb, digəri əyyaş kökündədir. Daha Peqqeti özümlə apara bilmərəm. Adam arasına onunla çıxsam, səhərisi bütün Keyptaun məni lağa qoyacaqdır.

Bir müddət keçəndən sonra

Qəribə işlər baş verirdi. Keyptauna qədər bütün yol boyu möhkəm yerdə saxlanılan Milreyin məktubunu götürüb Generalın yanına getdim. Nə olsa yaxşıdır? Zərfi açanda məlum oldu ki, onun içində məktub-zad yoxdur. Zərfin içərisinə məktub əvəzinə ağ vərəq qoyulmuşdu. Məni xəcalət təri basdı! Bu qoca, axmaq Milreylə əlaqəyə girmək üçün şeytan məni yoldan çıxarmışdı! Peqqet, ərinin tabutu dalınca addımlayan dul qadın halətində yeriyirdi. Onun bu görkəmi məni lap dəli edirdi!

Daha bir xəcalət! Bu gün axşam Milreydən cavab alınmışdır. İkinci katib götüməyimə o, son dərəcə təəccüblənib. Heç demə, Milrey mənim yanıma heç kəsi göndərməyib və Reyborn-zad tanimaq belə istəmir.

– Hər ehtimala qarşı-Peqqetə bildirdim, bu əhvalatda bir xatircəmlik var:siz zəhərlənməmisiniz, adi qastritdən əziyyət çəkmisiniz.

Xeyli vaxtdan sonra

Peqqet görünür öz fəlakətinin hayında idi. O bir-birindən cəsarətli ideyalar verirdi. Məsələn, təsdiq edirdi ki, “qəhvəyi kostyumlu kişi” məhz, elə Reyborndur. Şübhə etmirəm ki, Peqqet həmişə olduğu kimi haqlıdır. Lakin bütün bunlar heç də ürəkaçan fikirlər deyil. Rodeziyaya mümkün qədər tez yola düşmək lazımdır. Ümid edirəm ki, bu bəhanə ilə Peqqetdən yaxa qurtaracağam. Həqiqətən də liman əyyaşlarının fizionomiyasına malik katibi özümlə aparmayacağam ki.

– Bundan başqa, əziz dost-deyə Peqqetə bildirdim-əgər polis cani Reybornu yaxalamaq istəsə, siz burada hər dəqiqə lazım ola bilərsiniz.

– Bəs, sizin məqalələriniz, məruzələriniz necə olsun?

– Birtəhər keçinərəm.

– Missis Bler qulluqçusu ilə gedir?-deyə o maraqlandı.

– Missis Bler? – mən təəccübləndim.

– O dedi ki, öz vaqonunuzda ona yer təklif etmisiniz.

İlahi, tələsiklikdə bu barədə büsbütün unutmuşam.

– Daha heç kəsə yer vəd etməmişəm ki? – həyəcanla soruşdum.

– Polkovnik Reysi də dəvət etmisiniz.

Bu yerdə artıq üz-gözümü turşutdum:

– Bəlkə, səfərdaşlıq xatirinə miss Bedinqfeldi də dəvət edək? Elə katiblik vəzifəsini də ona tapşıraq? Deyəsən, bir dəfə o, ağzından qaçırtdı ki, makinada pis çap etmir.

Bu təklifim o saat Peqqeti özündən çixartdı. Anna Bedinqfeld, düşündüyüm kimi, onun heç xoşuna gəlmirdi. İndisə Peqqeti bezdirib ondan canımı qurtarmaq üçün sevimli Annanı dəvət etməli idim.

XVII

Anna Bedinqfeldin söhbəti

“Kilmorden Kastl” sahil boyu üzürdü. “Bura Afrikadır ki… Cənubi Afrika”- gözlərimə inanmasam da, özümü arxayınlaşdırırdım. Reyborn göyərtəyə çıxıb, məndən bir az aralı dayandı. Sonra lap yaxına gəldi.

– Miss Bedinqfeld-kifayət qədər həlimliklə sözə başladı, – icazə verin, sizdən üzr istəyim. Sizə qarşı kəmhövsələ, həm də kobud olmuşam.

Barışıq əlaməti olaraq əlimi ona uzatdım. O, əlimi sıxaraq sözünə davam etdi:

– Hər şeydən əvvəl necə bir bulvar əhvalatına düşdüyünüzü hiss etmirsiniz. Ötən gecəni xatırlayın və başa düşün: bu adamlar amansızdırlar. Lakin sizin bu kələfdən qurtarmaq imkanınız var:qoy onlar elə bilsinlər ki, siz yanlış yoldasınız. İşdir, birdən onların əlinə keçsəniz, məsləhət görürəm, höcətlik etməyin, nə bilirsiniz danışın. Bu, sizi xilas edə bilər.

– Hesab edin ki, qarışqalar kürəyimdə gəzir, mister Reyborn – dedim. Bəs, məni xəbərdar etmək hardan ağlınıza gəlib?

– Bunu sizə göstərdiyim axırıncı xidmət sayın. Kim bilir, sahilə düşmək mənə qismət olacaqmı…

– Nə dediniz? – həyəcanla dilləndim.

– Qorxuram, qəhvəyi kostyumlu kişi olduğumu bilən təkcə siz olmayasınız.

– Əgər məndən şübhələnirsinizsə, mən bircə söz belə…

– Yox – Reyborn qətiyyətlə dedi. – Sizdən şübhələnmirəm, miss Bedinqfeld. Lakin burada, gəmidə hər şey barədə səndən də, məndən də yaxşı məlumatı olan adam var. Ancaq ümid edirəm ki, hələlik o susacaq.

Reyborn sakit idi. Yaxud da sakit görünürdü. Nə olar, əgər o oyunçudursa, onda etiraf etmək lazımdır ki, bu heç də pis deyil. Hər ehtimala qarşı, uduzan adam kimi o, özünü alicənab aparırdı.

– Allah bilir, bu nə ilə qurtaracaq – o, əlavə etdi, – çətin ki, bir də bəxtimiz gətirə.

– Taleyin qismətinə güvənərik!

– Deməli, əlvida!

O, əlimi möhkəm sıxdı və aşağı göyərtəyə endi. Yəni, görəsən o mənim həyatımdan həmişəlik getdi?..

Yolun son saatları sakit keçdi. Gəmidə heç bir hadisə baş vermədi.

Suzanna təkid edirdi ki, onunla birgə “Nilson” otelinə düşüm. Etirazlarıma baxmayaraq o, bütün xərcləri öz üzərinə götürdü. Qaldığımız otağın eyvanı Teyblbey körfəzinin əsrarəngiz mənzərəsinə açılırdı. Suzanna saysız-hesabsız çantalarında krem axtaran zaman, mister Pedlerin restorandan necə tutqun halda çıxdığını xatırladım.

– Təsəvvür edirsənmi, – rişxəndlə dedim, – bu gün səhər restoranda mister Pedlerə elə gəlib ki, ona köhnə balıq sırıyıblar, buna görə də nimçəni döşəməyə tolazlayıb.

– Sadəcə ser Yustas da mənim kimi erkən durmağı xoşlamır – deyə, çantaları eşələyən Suzanna gülümsündü. – Bəs, Peqqet necədir səninçün? Onun gözlərinin altı dəhşətli dərəcədə göyərib. Maraqlıdır, görəsən onu kim bu kökə salıb?

– Boş şeydir. Məni gəmidən atmağa cəhd elədi…

Və gecə hadisələri barədə Suzannaya danışdım.

– Məsələ get-gedə ciddiləşir – deyə, o tutuldu. – Görəsən Peqqet gecəyarısı məni də vaqondan itələməz ki?

– Suzanna, hələlik səndən şübhələnmirlər. Ancaq ilk təhlükə hiss olunan kimi mən Klarensə teleqram göndərərəm.

– Bəri bax, bu gözəl ideyadır! Blank da var! Necə yazaq? Gəl belə quraşdıraq:”Gizli əhvalata cəlb olunmuşam. Zəhmət olmasa, min funt göndər. Təcili. Suzanna.”

Məsləhət gördüm ki, bəhanəni və “zəhmət olmasa” ifadəsini çıxartsın. Bunun cavabında Suzanna mətnə:”Vaxtımı əla keçirirəm” sözlərini əlavə etdi.

Öz nömrəmə qalxanda heç gözlənilmədən yerli diyarşünaslıq muzeyinin direktorundan məktub aldım. Məktubda bildirilirdi ki, direktor və arvadı professor Bedinqfeldin qızı ilə tanışlıqdan çox şad olarlar və onu öz villalarında nahara gözləyirlər. Düzü, gizlətmirəm, atamın xatırlanmasını və sevilməsini öyrənmək mənim üçün xoş idi. Ən yaxşı paltarımı geyinərək göstərilən ünvana yollandım. Meci villası başqalarına nisbətən bir az aralı, dağ yamacında yerləşirdi. Məni gülümsər çöhrəli xidmətçi oğlan qarşıladı.

– Mənə missis Raffini lazımdır.

O məni dəhlizdən keçirərək kabinetə apardı. Addımımı kandardan içəri atan kimi qapı arxamca örtüldü. Qarşımda hündürboylu, qırmızısaqqal danimarkalı kişi dayanmışdı.

– Bizə gəlməyə razı olduğunuz üçün çox razıyam, miss Bedinqfeld.

Zahiri görünüşüylə o, muzey direktoruna qətiyyən oxşamırdı. Yalnız orada anladım ki, tələyə düşmüşəm.

XVIII

Bir anlığa bu gün səhər gəmidəki söhbəti xatırladım. Reyborn məsləhət görmüşdü ki, “nə bilirsinizsə onlara danışın”. Onun bu məsləhəti indi kömək edərdimi? Qeyri-iradi qapının dəstəyindən yapışdım. Yad kişi irişdi:

– Artıq siz buradan çıxmayacaqsınız!

– Nə haqla belə danışırsınız? Polisə xəbər verərəm…

– Tyav-tyav-tyav! – o lap it kimi hırıldadı.

– Qulaq asın, – bacardığım qədər arxayınlılıqla dedim. – Dostlarım buraya gəldiyimi bilirlər, əgər vaxtında qayıtmasam axtarmağa başlayacaqlar.

– Ah, dostların… Konkret olaraq kimdir onlar?

– Məsələn, missis Bler.

– Aldatmayın. Saat on birdən sonra onunla görüşməmisiniz, məktubu isə daha gec almısınız.

Əvvəldən məni izlədiklərini başa düşdümsə də, hər halda küyə getməməyi qərara aldım:

– Deyəsən, telefonu unutmusunuz. Missis Bler mənə zəng etmişdi, nömrədən çıxmazdan qabaq ona bu dəvətnamə barədə danışdım. Ünvanı da bildlrdlm.

Qırmızısaqqalın sifətində narahatlıq duyuldu, lakin dərhal sözümü kəsdi:

– Bəsdir, sabah hər şeyi ayırd edərik. İndisə səni elə gizlədərik ki, heç şeytan da tapa bilməz.

Məni çardağa sürüyüb əl-ayağımı sarıdılar, ağzıma dəsmal tıxayıb getdilər. Əbəs yerə əl-qolumu açmağa cəhd göstərdim. Bir az çabalayıb gücdən düşərək huşumu itirdim. Ayılanda qaranlıq düşmüşdü. Bədənim göynəyirdi. Toz basmış çardağın pəncərəsindən ay işığı süzülür və məndən bir az aralıda, küncdəki nəyinsə üzərinə düşərək əks olunurdu. Görəsən, şüşə qırığıdırmı? Ona çatmaq üçün sarınmış əl-ayağımla döşəmədə bir xeyli ora-bura yumalandım. Bir qırıq yolu nə qədər vaxta qət etdiyimi demək çətindir. Nəhayət ki, birtəhər dəsmalı da itələyib ağzımdan çıxartdım və köks dolusu nəfəs aldım. Qurtuluş! Əzginlikdən səntirləyərək qapını itələdim. Xoşbəxtlikdən açıq idi. Pilləkənlə ustufca aşağı düşdüm. Hollun qapısı ağzında xidmətçi oğlan mürgü döyürdü. Onu qəfil gördüyümdən az qala qışqıracaqdım. Qapı arxasından səslər gəlirdi. Maraq ehtiyata üctün gəldi və daha bir neçə pillə aşağı düşdüm. Qırmızısaqqalın səsini o saat tanıdım, o biri səs də tanış gəldi. Qapının açar yerindən baxdım:qırmızısaqqalla yanaşı… mister Çiçester dayanmışdı!

– Bu qıza inanma! O sadəcə kələk gəlir!-mister Çiçester əsəbiliklə dedi. Onun harada olduğunu heç kim bilmir.

– Onda, bəlkə, onu öldürək – özü də dənizdə?

– Tələsmək lazım deyil. “Polkovnik” ondan bir şey qopartmaq istəyir. Siyahını ver görüm!

O saat anladım ki, “onlar almazlar barədə öyrənmək istəyirlər”.

– Bu belə – hansısa tarixlər, adlar, ünvanlar barədə qırmızısaqqalla söhbətini qurtaran Çiçester nəhayət ki, dedi: – Sabah saat onda bu kağızları “polkovnik”ə apararam. Sən isə bizim hər şeylə maraqlanan missi iki gözlə nəzarətdə saxla.

Onlar holldan çıxanda mən artıq yuxarıda idim. Cəld kəndirlə özümü sarıyıb yerdə uzandım. Ancaq, çardağa heç kim qalxmadı.

Səhər açıldı. Səhər yeməyindən sonra Çiçesterlə danimarkalı çıxıb getdilər. Aşağıda tam sakitlik olanda ustufca pilləkənlə aşağı düşdüm. Hollda heç kəs yox idi. Həyət qapısının rəzəsini çəkəndə ürəyim az qala yerindən çıxacaqdı. Azadlıq! Yoldan keçənlərdə açıq-aydın maraq doğuraraq küçə boyu yüyürürdüm:üst-başım, pal-paltarım toza və hörümçək toruna bürünmüşdü. Haqqımda nə düşündüklərinin mənim üçün heç bir fərqi yox idi. Ən başlıcası paroxod yola düşənədək Durbana çatmaq və Çiçesterin orada olub-olmadığını öyrənmək idi. Axı, onu villada görməyimdən xəbəri yoxuydu. Və yalnız onun izilə gizli “polkovnik”i tapmaq olardı.

Ümidim puça çıxdı:yol maşını ilə limana çatanda “Kilmorden Kastl” açıq dənizə çıxmışdı.

XIX

Otelə qayıtmaqdan başqa ayrı çarəm qalmadı. Suzannanın otağına girəndə o, yerində donub qaldı:

– Bu nə halətdir, Anna? Haralarda idin? Nə baş verib?

O məni dinləyə-dinləyə özünəməxsus tərzdə şərh edirdi:

– Düzü, heyf! Nədənsə bütün macəra əhvalatları sənin başına gəlir! Məni heç kim sarımır, incitmir!

Və zarafatyana içini çəkərək soruşdu:

– İndi biz neyləyək?

– Sən ser Yustasla Rodeziyaya gedəcəksən.

– Bəs, sən?

– Mən isə Durbana. Çiçesterin dalınca.

Qatar Durbana axşam yola düşürdü. Gələcək planları müzakirə etmək üçün kifayət qədər vaxt vardı.

– Bilirsənmi, Anna, bu Çiçester peşəkar aktyordur-missis Bler inamla dedi.-Gecə stüardessasını bir xatırla. Əgər yenidən o cür geyinsə onu tanıyarsanmı?

– Əmin deyiləm…

Lançda polkovnik Reys də bizə qoşuldu.

– Bəs, bizim ser Yustas haradadır? – Suzanna ondan soruşdu.

– Onun nəsə işi var-polkovnik cavab verdi. – Deyin görüm sizə məlumdurmu ki, qəhvəyi kostyumlu kişi bizim gəmidə gizlənirmiş?

Yaxşı ki, bu vaxt polkovnik mənə baxmadı.

– O Peqqetdirmi? – həyəcanımı boğaraq soruşdum.

– Yox, Reynborn imiş. – Artıq onu tutublar? – Suzanna maraqlandı.

Mən nəfəsimi də şəkmirdim.

– O yoxa çıxıb.

– Bəs, bu yeniliyi ser Yustas necə qəbul etdi? – Suzanna soruşdu.

– Taleyin bəxş etdiyi təhqir kimi.

Az sonra biz ser Yustasla qarşılaşdıq və o, bizi çaya dəvət etdi. Yazıq tamam düşgünləşmişdi.

– Lənətə gəlmiş əcnəbi qadın – deyə, o hiddətləndi. – Yaxşı, siz deyin, nə üçün o, Böyük Britaniyanın bir heylə evlərii içərisində məhz Mill-hausu seçib və orada da qətlə yetirilib? Ona bir pisliyimmi keçmişdi? Bu azmış kimi hələ üstəlik qatil həyasızcasına mənə katib düzəlir! Bütün bu katiblərdən usanmışam! Onlar ya kimisə öldürür, ya da içib dəmlənirlər. Peqqetin gözünün altındakı “fanarları” görmüsünüzmü? İndi nə edim? Belə “gözəlçəylə” səyahəti necə davam etdirim? Miss Anna, mənə kömək etməyə razı olmazsınız?

– Təşəkkür edirəm, ser Yustas, ancaq mən bu gün Durbana yola düşürəm. Axşam qatarıyla.

Ser Yustas etiraz etməyimdən dilxor oldu. O dərhal Peqqeti çağırıb, Rodeziyaya səfər üçün təcili katib tapmağı əmr etdi. Onlar höcətləşəndə biz missis Blerin nömrəsinə əkildik.

– Suzanna, eşitdin? Peqqet burada qalır! Bir şey fikirləşməliyik!

– Lakin nə?

– Gəl belə edək, sən Pedlerlə Reysi güdəcəksən, mənsə… Durbana gedəcəyəm. Ancaq, onlar üçün, başa düşürsənmi? Əslində Keyptaunda qalıb Peqqeti güdəcəyəm. Görünür, zahiri görünüşümü bir az dəyişməli olacağam.

İndisə işə başlayaq. Sakit guşələrdən birində xudmani bir otaq tapıb, otaq kirayələdim. Ötən gecə məni taqətdən elə salmışdı ki, dərhal yuxuladım və bir də səhər oyandım. Qatar Rodeziyaya saat on birdə yola düşürdü. Buna görə də gərək bütün dəstə Keyptaunu tərk edənə qədər gözləyəydim. Əmin idim ki, həmin anı Peqqet də səbirsizliklə gözləyir.

Oteldən çıxarkən az qala bir kişi ilə toqquşacaqdım. O, şlyapasını çıxarıb üzr istədi və yoluna davam etdi. Bir anlıq mənə elə gəldi ki, onu haradasa görmüşəm. Arxamca addım səsləri eşidəndə qəfil dayanıb baxdım:həmin nəzakətli kişi idi. İzlənirəmmi? Özümü mağazaya verdim və vitrinin yarığından gördüm ki, o, qapının ağzında dayandı. Hər şey aydın oldu. Başında gizli “polkovnik”in durduğu böyük bir dəstənin apardığı ciddi oyuna düşmüşdüm. “Polkovnik” oyunun beyin mərkəzi idi və əməliyyatı kənardan təhlükəsiz idarə edirdi. Polkovnik Reys də hər şeydən əvvəl onları “ovlamaq” istəyirdi. Bəs, bu ölüm tamaşasında mənim rolum nədən ibarət idi? Canilərə təkcə almazlarmı lazımdır, yoxsa onlar üçün təhlükəli sirləri bildiyimi düşünərək məndən yaxalarını qurtarmaq istəyirdilər?

Bu saat dünyada bircə nəfər – Harri Reyborn məni xilas edə bilərdi. Ancaq, o haradadır?

Bunları düşünəndə həqiqətən məni dəhşət bürüdü. Özümü iri, saz maşının yoluna çıxmış qum dənəsi tək hiss edirdim. Hər an maşın məni basıb əzə bilərdi. Birinci dəfə məni Reyborn qurtardı, ikinci dəfə özüm birtəhər aradan çıxdım. Bəs, indi? Yox, sakitləşmək, özünü ələ almaq lazımdır. Bir də ki, hər küncündə polis dayanan, inkişaf etmiş, həmişə qələbəlik olan bir şəhərdə onlar mənə nə edə bilərdilər?

Mağazadan çıxıb cəld addımlarla kişini ötdüm və yaxınlıqdakı kafeyə girdim. Əyləşib kofe sifariş verdim. Məni izləyən də ardımca gəlib qapının ağzında əyləşdi. Ürəyim istəməsə də güc-bəla ikinci fincanı içirdim ki, kişi gözlənilmədən kafeni tərk etdi və o saatca yanında… Peqqet peyda oldu. Onlar nə haqdasa qısaca danışdılar, sonra Peqqet saatına baxıb harayasa tələsdi. Məni izləyən isə küçəni keçib polisə yaxınlaşdı və kafe tərəfi göstərərək nəyi isə ona izah etməyə başladı.

Peqqetlə onun düşünüb nə tələ qurduğu indi mənə aydın oldu! Bu saat məni bir bəhanəylə, deyək ki, oğurluq üstündə həbs edə bilərdilər. Çaşqınlıqla Peqqetin jestini təkrarladım – saata baxdım. On birə az qalmışdı, on birdə isə dostlarım Rodeziyaya yola düşürdülər. İndi bildim, Peqqet niyə tələsirmiş…

Kofenin pulunu ödəmək üçün çantamı açdım və özümü itirdim:onun içində pulla dolu kişi portmanatı vardı. Bir saniyə də ləngimədən küçəyə sıçradım. Kişi və polis artıq kafeyə tərəf gəlirdilər. Və mən adamlar arasında itərək Peqqetin getdiyi səmtə yüyürdüm. Yolayrıcında kiməsə çığırdım: ”Stansiya! Hansi tərəfdədir stansiya?!”

– Sağa! – kimsə qorxmuş halda cavab verdi.

Düz on bir tamamda özümü stansiyaya yetirdim. Qatar yavaş-yavaş tərpənirdi. Məni saxlamaq istəyən vağzal xidmətçisini itələyib, ayaqlığa tullandım. Xilas olmuşdum!

Qatar sürətini artırdığı vaxt Peqqet platformada göründü. Sevincimi gizlətmədən ona qışqırdım: ”Qud bay, mister Peqqet!” və ona əlimi yellədim.

Nəfəsimi dərəndən sonra bələdçiyə yaxınlaşıb, məni ser Pedlerin şəxsi vaqonuna aparmasını xahiş etdim. Polkovnik Reys yaman təəccübləndi:

– Miss Anna? Hardan belə?! Siz ki, Durbana getməyə hazırlaşırdınız?

Suzanna dinməzcə mənə baxdı və gözlərilə daha çox sual yağdırdı.

Yalnız polkovnik Reysə tərəf dönərək, sakitcə cavab verdim:

– Bu gündən ser Yustas mənim şefimdir. Mən gecikmədən onu görməliyəm.

– Lakin müsaidənizlə, – polkovnik anlaşılmazlıq içərisində dilləndi, – bu saat Pedler təzə katibəsinə nəsə diktə edir. Peqqetin göndərdiyi katibəyə. Görünür, Pedler bəri başdan onu makinaya bağlamaq istəyir.

– Mənim şefimdə nə vaxtdan bu cür işləmək həvəsi yaranıb – deyə təəccübləndim və polkovniklə birlikdə ser Yustasın yanına getdim.

Biz həqiqətən onu “ən gərgin anda” tutduq. Kifayət qədər cəlbedici olmayan paltar geyinmiş hündürboylu qadını – bədbəxt makinaçını Pedler söz atəşinə tutmuşdu. Qadının qələmi bloknot üzərində az qala uçur, pensnesi burnunun üstündə titrəyirdi.

– Gün aydın! – gülərüzlə dedim.

Məni görən ser Yustas az qala çeçədi, katibəsi isə sanki qulağının dibində açılan qəfil atəşdən diksindi.

– İlahi! Gör dünyada nələr olur?! – deyə, Pedler özünə gəldi. Siz ki, Durbanda idiniz!

– Belə qərara gəldim ki, təklifinizi qəbul edim, ser! – səsim yaltaqlığa qədər incə idi.

– Nə qədər səmimidir! Bu, sizin tərəfinizdən nə qədər səmimidir, miss Anna!-Pedler çox mütəəssir olmuşdu.

Katibə öskürdü.

– Ah, belə…-ser Yustas bir balaca üz-gözünü qırışdırdı. – Demək, harda qaldıq, miss Petiqri? Deyəsən, burda… “öz məruzəsində…” Nə olub, miss? Niyə yazmırsınız?

– Məncə, miss Petiqrinin karandaşının ucu qırılıb-polkovnik mənə aydın olmayan qəribə ahənglə dedi və katibənin karandaşını götürərək tələsmədən yonmağa başladı.

 

Davamı: Agatha Christie. Qəhvəyi kostyumlu kişi – 6

 Tərcümə edən: Novruz İbrahimoğl

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ceyms Corc Freyzer. Qızıl budaq. Hava üzərində magik nəzarət – 3

  (magiya və dinin tədqiqi) Fraser J. G. The Golden Bough. London, 1923. /Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/  (davamı) Yağış yağdırma ayinləri Cənub-Şərqi Avropada elə indilərdə də icra olunmaqdadırlar. Onlar nəinki yuxarıda sadalanmış mərasimlərlə eyni bir məntiqi özülə dayanırlar, həm də elə həmin məqsədlərlə icra olunan ayinlərlə təfsilatlarında belə […]