Ceyms Corc Freyzer. Qızıl budaq. Magiya və din – 1

 

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923.

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

(davamı)

Əvvəlki fəsildə gətirilmiş misallar simpatik magiyanın iki şaxəsinin: homeopatik magiyanın və kontagioz magiyanın işinin ümumi prinsiplərini şəkilləndirmək üçün yetərlidir. Gətirilən misalların bəzilərində, gördüyümüz kimi, ruhların müdaxiləsi nəzərdə tutulur və dua və qurbanvermənin köməyilə onların iltifatını qazanmaq cəhdi edilir. Amma ümumən belə hallar istisnalardır. Onlarda magiya dinlə qovuşuq halda çıxış edir. Xalis halında rast gəlindiyi yerdə magiya bir təbii hadisənin ruhani və şəxsi vasitəçinin müdaxiləsi olmadan zəruri və dəyişməz şəkildə başqa bir hadisənin ardınca gəlməsini nəzərdə tutur. Beləliklə, magiyanın təməl fərziyyəsi müasir elmin baxışı ilə üst-üstə düşür: həm magiyanın, həm də elmin əsasında təbiət hadisələrinin nizamına və eynicürlüyünə möhkəm inam durur. Ovsunçu şübhə etmir ki, eyni səbəblər həmişə eyni nəticələr doğuracaqdır, müəyyən ovsunlamalarla müşayiət olunan lazımi ayinin icrası labüd şəkildə arzulanan nəticəyə gətirib çıxaracaqdır, bir şərtlə ki, ovsun, cadu başqa bir cadugərin daha güclü caduları ilə puç edilmiş olmasın. Maq ali qüvvəni dilə tutmur, səbatsız hərdəmxəyal kəcxasiyyət fövqəltəbii varlığın lütfünə bel bağlamır, qorxunc ilahi qarşısında özünü alçaltmır. Ancaq o onu nə qədər böyük saysa da, onun hakimiyyəti hərki-hərki və sərhədsiz hakimiyyət deyil. O ona yalnız başa düşdüyü sayaq öz sənətinin qaydalarına və ya təbiət qanunlarına ciddi şəkildə əməl etdiyi qədər sahib və malikdir. Bu qaydalara xor baxmaq, bu qanunları pozmaq (hətta azacıq da olsa belə) özünü uğursuzluğa düçar etmək və hətta öz həyatını ən böyük təhlükəyə məruz qoymaq deməkdir. Maq, ovsunçu təbiət üzərində ali hakimiyyətə iddia edirsə də, bu hakimiyyət onunçün konstitusion, məhdud səlahiyyətləri olan və qədim adətə tam uyğun bir şəkildə həyata keçirilən bir hakimiyyətdir. Odurki magik və elmi dünyagörüş arasındakı oxşarlıq əsaslı oxşarlıqdır. Hər iki halda fərz edilir ki, hadisələrin ardıcıllığı tam bəlli və təkrarlanan ardıcıllıqdır və təzahürlərini dəqiq hesablamaq və öngörmək mümkün olan dəyişməz qanunların fəaliyyətinə tabedir. Təbii proseslərin gedişindən dəyişkənlik, səbatsızlıq və təsadüfilik götürülüb rədd edilmişlər. Həm magiya, həm də elm şeylərin səbəblərini bilən və təbiətin nəhəng və mürəkkəb mexanizmini hərəkətə gətirən gizli yaylara, düymələrə toxunmağı bacaran kəslərin qarşısında ucsuz-bucaqsız perspektivlər açır. Onların hər ikisinin insan zəkası üçün malik olduqları cazibədarlıq və onların biliklərin toplanmasına verdiyi çox güclü stimul da elə buradan irəli gəlir. İndidəki puç olmuş ümidlər səhrasının ötəsində onlar usanmış tədqiqatçını gələcəkdəki sonsuz qazanışlara, nailiyyətlərə doğru irəli səsləyir. Magiya və elm insanı bir növ ucalardan uca bir dağın zirvəsinə qaldırırlar, orada qatı dumanlar və buludların arxasında uzaq, lakin fövqəladə bir cah-cəlalla ziya saçan, arzuların işığında qərq olan bir səma şəhərinin görüntüsü peyda olur.

Magiyanın məsum qüsuru onun hadisələrin qanunauyğun ardıcıllığını ümumən fərz və qəbul etməsində deyil, bu ardıcıllığı idarə edən xüsusi qanunların təbiəti barədə yanlış təsəvvürdə olmasındadır. Simpatik magiyanın əvvəlki səhifələrdə nəzərdən keçirdiyimiz azsaylı misallarını təhlil etmiş olsaq, onda artıq qeyd etdiyim kimi, aşkar olar ki, onlar təfəkkürün iki təməl qanunundan birinin, yəni məhz zaman və məkanda ideyaların oxşarlıq üzrə assosiasiyasının və ideyaların yanaşılıq üzrə assosiasiyasının yanlış tətbiqləridir. Homeopatik, və ya imitativ magiyanı həyata oxşar ideyaların yanlış assosiasiya edilməsi, kontagioz magiyanısa – yanaşı ideyaların səhv assosiasiya edilməsi doğurur. Assosiasiyanın bu prinsipləri özlüyündə qüsursuzdurlar və insan intellektinin fəaliyyət göstərməsi üçün mütləq zəruridirlər. Onların düzgün tətbiqi elmi verir; onların yanlış tətbiqi isə elmin nikahdankənar bacısını – magiyanı verir. Buna görə hər cür magiyanın zəruri şəkildə yanlış və bəhrəsiz olduğunu iddia etmək bayağı və az qala cəfəngiyatdır; axı əgər o həqiqi və effektiv olmuş olsaydı, onda o artıq magiya deyil, elm olmuş olardı. Öz tarixinin ən erkən çağlarından insan köməyilə təbiət hadisələrinin qaydasını öz xeyrinə çevirə biləcəyi ümumi prinsiplərin axtarışına cəlb olunmuşdur. Çoxəsrlik araşdırma prosesində o, biriləri səmərəli, o birilərisə sadəcə atıq pasa (şlak) olan saysız belə prinsip toplayıb yığmışdır. Həqiqi prinsiplər “sənətlər” adlandırdığımız tətbiqi elmlərin tərkibinə daxildirlər; magiya isə yalançı prinsiplərdən ibarətdir.

Beləliklə, göründüyü kimi, magiya elmin yaxın qohumudur.  Onun dinə hansı münasibətdə olduğunu aydınlaşdırmaq qalır. Şəksiz ki, bu suala cavablarda bizim dinin təbiətinə dair baxışlarımız öz əksini tapacaqdır. Buna görə o, onun magiyaya münasibətinin tədqiqinə keçənədək müəllifdən din anlayışının təyinini (tərifini) gözləmək olar. Heç bir predmet barədə fikirlər dinin təbiəti barədə olan fikirlər qədər güclü ixtilafda deyillər. Dinin hamını qane edə biləcək tərifini vermək mümkün deyil. Müəllif yalnız, birincisi, din deyildikdə nəyi başa düşdüyünü ifadə edə, ikincisisə, bütün əsər boyu ardıcıl surətdə bu termini həmin mənada işlədə bilər. Bir sözlə din dedikdə mən insanın fövqündə duran, belə hesab olunduğu kimi, təbiət hadisələrinin və insan həyatının gedişini yönəldən və ona nəzarət edən qüvvələrin rəhmə, amana, dincliyə, hüzura gətirilməsini başa düşürəm. Bu cür anlamda din nəzəri və əməli ünsürlərdən, yəni məhz ali qüvvələrin mövcudluğuna inamdan və onları rəhmə gətirib razı salmağa canatmaqdan ibarətdir. Əlbəttə, birinci yerdə inam durur, çünki ilahiyə yaranmazdan, onu razı salmazdan öncə ona inanmaq lazımdır. Amma əgər din dini fəaliyyət tərzinə doğru aparmırsa, onda bu artıq din deyil, sadəcə teologiyadır, çünki əziz (müqəddəs) Yaqubun təbirincə desək, “əməlsiz iman ölüdür”. Başqa sözlə, əgər kimsə öz davranışında ən azı müəyyən qədər allah qorxusunu və ya allah eşqini rəhbər tutmursa, o dindar deyil. Digər tərəfdən, dini inama əsaslanmamış davranışı da dindarlıq adlandırmaq olmaz. İki şəxs özlərini eyni sayaq apara bilər, amma bununla belə onlardan biri dindar olacaq, o birisisə yox. Əgər insan allahdan qorxaraq və ya onu sevərək hərəkət edirsə, o dindardır. Amma əgər o, insana olan sevgisindən və ya insandan qorxmasından çıxış edərək hərəkət edirsə, o, davranışının ümumi rifahla uzlaşmasından və ya onunla ziddiyətdə olmasından asılı olaraq əxlaqlı və ya əxlaqsızdır. Buna görə inam və hərəkət və ya, ilahiyyat dililə desək, iman və əməllər, bunlarsız mövcud ola bilməyən din üçün eyni dərəcədə mühümdürlər. Lakin dindarlıq heç də həmişə və hökmən mərasim formasını almır, yəni dualar edilməsindən, qurbanlar verilməsindən və digər zahiri ayin hərəkətlərindən ibarət olmur. Onların məqsədi ilahini razı salmaqdır. Amma əgər ilahi, ona iman gətirənlərin fikrincə, qanlı qurbanlardan, mədhiyyələrdən və şəninə buxur yandırılmasından deyil, mərhəmətdən, bağışlamadan və paklıqdan məmnun qalırsa, onda onu səcdəyə yıxılmaqla, mədhiyyələr söyləməklə və məbədləri bahalı nəzir-niyazla doldurmaqla deyil, insanlara qarşı safürəkli, mərhəmətli, şəfqətli olmaqla razı salmaq hər şeydən daha yaxşı olardı. Axı belə hərəkət etməklə onlar gücləri, təpərləri çatan qədər ilahi varlığın kamilliyini təqlid etmiş olurlar. Dinin nəcib ilahi müqəddəslik və yaxşılıq ideyalarından ilhamlanmış yəhudi peyğəmbərlərinin usanmadan təbliğ və tətbiq etdikləri etik, mənəvi tərəfi belədir. Məsələn, Nixey peyğəmbər belə deyir: “Ey insan, sənə nəyin xeyir (yaxşılıq) olduğu və Rəbbin səndən nə istədiyi bəyan edilmişdir: ədalətli davranmaq, mərhəmətli əməlləri sevmək və Rəbbinin qarşısında başıaşağı, dərrakəli gəzib dolanmaq” (Mix.6; 8). Və daha sonrakı zamanlarda da xristianlıq dünyanı fəthetmə gücünü tanrının mənəvi təbiəti və insanların üzərinə qoyulmuş bu təbiətlə uzlaşma vəzifəsi barədə elə həmin yüksək təsəvvürdən əxz etmişdir. “Allah-Oğul və Allah-Ata qarşısında pak və şüursuz iman, –deyir müqəddəs Yaqub, –qəm-qüssələrində yetimlərə və dul qadınlara hamilik etmək və özünü bu dünyadan pak saxlamaqdır” (Yaq. 1; 27).

                                                        (davamı var)                                                                                    

             Tərcüməçi: Obaçı

Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Magiya və din – 2 – KLV

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Niyazi Mehdi. Qlamur estetikanın bayağılaşması...

Klv.az saytı “Olmaz belə sadə fəlsəfə” layihəsi çərçivəsində fəlsəfə elmləri doktoru, filosof Niyazi Mehdinin esselərini təqdim edir.   Musiqini qavramaqla bağlı mənim instruktajım Ötən yazıda dediklərimi başqa cür deyim Dedim ki, hərfi mənası tərcümə olan «interpretasiya» sözünün fizikada anlamı abstrakt olanın nəsnələr sırasına proyeksiyasıdır. Məktəblərdə uşaqlardan «2 alma üstə gəl […]