Klv.az saytı “Olmaz belə sadə fəlsəfə” layihəsi çərçivəsində fəlsəfə elmləri doktoru, filosof Niyazi Mehdinin esselərini təqdim edir.
Musiqini qavramaqla bağlı mənim
instruktajım
Ötən yazıda dediklərimi başqa cür deyim
Dedim ki, hərfi mənası tərcümə olan «interpretasiya» sözünün fizikada anlamı abstrakt olanın nəsnələr sırasına proyeksiyasıdır. Məktəblərdə uşaqlardan «2 alma üstə gəl 2 alma neçə edir?» soruşanda müəllim 2+2= sualını konkret almalara çevirir. Abstrakt olan nədir? Buna türklər «ayrıntı» deyirlər («mücərrəd» «təcrid» etmək sözündəndir). Gətirdiyim latın sözünün lüğəti anlamından görünür ki, hansısa nəsnədən, tutalım, tək almalardan təkliyi (tək sayını) qopraıb almalardan və bütün təkcə nəsnələrdən ayrı saxlayanda bu, olur absraksiya. Təbəssüm üzlərin qırışındadır. Təbssümü üzlərdən ayırıb sözə yapışdıraraq saxlayanda abstraktlaşdırma əməliyyətı aparırlar. Abstraksiyalar dünyadakıların görünüşlərindən uzaqlaşdırıldıqları üçün abstraksionist sənətə non-fiqurativ sənət deyirlər, yəni onun şəkillərində dağın, dərənin forması, fiqurası olmur.
Fizikada interpretasiya abstrakt olana konkretləri qayatrmaqdır. Musiqi forması, səs yamsılalarını çıxsan, dünyadakı nəsnələrin, adamların fiqurlarını, rənglərini göstərmir, ona görə abstraktdır. Proqram musiqidə, tutalım, ad dinləyiciyə qandırır ki, bu abstrakt səsləri dəniz dalğası ilə anışmada qavra! Ötən dəfəki söhbətimin yeniliyi proqram musiqisini başqa cür açmağım olmuşdu. Sən simfonik, özəlliklə avanqard musiqidən (və ya Çin musiqisindən) ləzzət alammırsansa, ancaq almaq istəyirsənsə, həmin musiqini eşidəndə fantaziyanı işlədib onu türlü şəkillərə, kadrlara çevir, yəni interpretasiya et, bu zaman anlayassan. Tutalım, musiqini dinləyəndə göz qabağına gətir ki, üstünə nur ələnir, qağayı uçur, gözəl bir qızın kipriklərini iri planda görürsən… Belə edəndə anlayacaqsan.
ƏSLİNDƏ KLİPLƏRİN, SƏHNƏDƏ MUSİQİ ALTINDA RƏQSLƏRİN, BALETİN FUNKSİYASI İNTERPRETASİYADIR.
Gəlin şərtləşək ki, «yozum» sözünün anlamına bu söylədiklərimi qoyaq. O zaman «yozum» «interpretasiya»ya tay olub əvəzində işləyə biləcək.
Bə kliplər nədir?
Yozum bilmədiklərimizi bildiklərimizin araçılığı ilə çatdırmaqdır. Musiqi abstraksiyaları bilmədiklərimizdir. Klip onları şəkillərin, rəqsin dilinə çevirəndə biz abstrakt olanı konkret olanda seyr edirik. Belədə əsl klipin, əsl baletin bir özəlliyi açılır. Sən, məsələn, öyrəşmisən «Vağzalını» filan rəqsdə seyr etməyə, yəni o rəqsə intepretasiya etməyə. Klip isə birdən-birə «Vağzalını» çox ilginc və yeni şəkillərə çevirir. Belə məsələlərdə çox vaxt olduğu kimi Batı qabaqda gedir. Onun etgisi altında qlamur estetikada, yəni gözəl paltarlar, model qadın üzləri, təmiz küçələr görüntülərində filan musiqi havası konkretliyə proyeksiya ediləndə hamı başladı belə kliplər çəkməyə. Bu proses bayağılaşanda birinci Qərb zibil küçələr, cındır paltarlar, yaraşığı azalmış üzlər estetikasında kliplər yaratdı. Bundan sonra anti-qlamur estetikada olan kliplər Türkiyəyə, sonra isə bizə gldi. Ancaq oğul istəyərəm ki, birinci anti-qlamur klip təsadüfən yox, düşünlümüş estetika kimi Bakıda, İstanbulda, ya Moskvada tapılaydı. Sənətin yeniliyi belə tapıntılardadır. Hamı «sevirəm» abstraksiyasını gözəl qızın yanaqlarına, kipriklərinə, barmaqlarına proyeksiya edir, yəni o görüntülərin araçılığı ilə yozur. Gənc bir azəri şairi isə böylə sevməsindən qəzəbini bildirən şeir yazır və beləcə, «sevirəm»i alayı cərgəyə proyeksiya edir.
Birinciliyin fəlsəfəsi
Sənətdə və elə hər yerdə birinci edənlərin, birinci deyənlərin birinciliyi yeni interpretasiyalar, yozumlardır. Maykl Cekson birinci olaraq havalarını anti-estetik sayılan ayaq-qol-duruş cizgilərinə proyeksiya etdi. İndi rəpçilər arasında geniş yayılmış yaylığın üstündən beysbol papağını qoymaq haçansa bir nəfərin jesti olmuşdu («jest» gətirən, yəni anlam gətirən deməkdir).
Bədənlə yozum
Birinci dəfə bunu mənə Vaqif İbrahimoğlu söyləmişdi: biz futbola baxanda gördüklərmizi xırda əzələ ritmində yaşayırıq və ona görə bədənimizlə qavrayışda iştirak edirik. Yadınıza salın, ürəyimizdə oyunçuya «vur» qışqıranda boğazımız gərilir, narazı olan kimi üzümüz əyilir, badalaq atmaq arzulayanda ayaqlarımız qeyri-ixtiyari, yəni bilməzə badalağın mini variantını edir. Vaqifin bu söylədikləri sənətin qavrayışı ilə bağlı ilginc nəsnələr açır. Onu hələlik yığcam diskursda bərkidək: biz musiqinin ritminə bədənimizin ritmi ilə qoşulanda ləzzət aldığımız kimi rəssamlığı da bədənimizlə, əzələlərimizlə yaşamalıyıq.
İndi elmdə «əzələ yaddaşı» var. Öz əzalarımıza sənət əsərini intepretasiya edəndə çox ilginc yozumlar alınır. Biz boyalardan başalyırıq ləzzət almağa səslərdən ləzzət aldığımız kimi. Deyəsən, bir də bu məsələyə qayıtmalı olacam.