Yeqzar Cəfərli. Cənab K

Kafkaya postmodern göndərmə 

Kim nə deyir, desin, kitabı vərəq şəklində oxumaq daha maraqlıdır. Şəxsən mənim səsli kitab dinləməyə səbrim çatmır. Elə bilirəm ki, rəhmətlik nənəm başımın üstündə dayanıb nağıl danışır. Kitab oxumaq hər zaman gözəldir. Xüsusilə, yağışlı havada verdiyi həzz bir başqadır. Yağış damcılarının həzin sədaları altında barmaqlarım kitabın səhifələrini ötürür, növbəti absazın həyəcanı yenicə doğulan uşağın hiss etdiyi ilıq sərtliyi xatırladır.

Mətnə hər zaman mətn olaraq qiymət verirəm. Tərif mətni olsun, ya da sağlam mətn fərq etməz. Hər ikisində söz oyunları, estetika var. Birinci tip mətnlər obrazın özünün belə bilmədiyi xüsusiyyətlərini canlandırır, ikinci növ mətnlər isə bizi öz sehri ilə cəzb edir. Əlbəttə, bir də məna və təsvir fərqi var. Qəhrəmanımız Cənab K da yazacağı yeni kitabın maketini cızır, əsəbləşir, bükdüyü vərəqləri yenidən həyata qaytarır. Bir neçə gündür müsahibə verməli olduğu jurnalistlə vaxt təyin edib görüşmək qərarına gəlir.

– Sizinlə sabah saat 5-də Tənhalar parkında görüşsək, olar?

– Əlbəttə, cənab K, mümkündür.

Tənhalar parkı gülümsəyən havanın təsiri ilə təkliyini unudur, donuq insanların minnətli baxışları ilə tənhalığına təkrar-təkrar üsyan edir.

Cənab müraciət formasından xoşlanmayan qəhrəmanımız söhbətin əvvəlində rəsmiyyəti kənara qoymaq üçün jurnalistə göz ağardır.

Jurnalistin sualları dolu kimi yağdıqca cənab K dili topuq vura-vura cavab verəcəyini düşünsə də, cəh-cəh vuraraq bülbül kimi ötməyə başlayır.

– Mətbuat sənin yazacağın kitabı sərt tənqid edir. Həqiqətən, “Dünyanı xilas edəcəyəm”i yazmısan, yoxsa bu sadəcə şoudur?!

– Kitabımın başqa bir adı da “İnsanlıq kitabı”dır.

Jurnalistin sonuncu sualı K-nı altdan yuxarı silkələyir. Sonuncu dəfə belə bir hissi ABŞ-da Maykl adlı dükan sahibi yaşamışdı, 11 sentyabr 2001-ci ildə.

Jurnalist cümlələrinin sürətini bir az da artırır. Əslində isə əsəblə təəccübü birləşdirib yeni bir psixoloji reaksiya kəşf etməkdə idi.

– Bu müqəddəs kitab səni təhlükəli bir oyuna sürükləyir.

– “İcazənizlə nəşriyyata tələsirəm. Redaktorla görüşməliyəm”. – deyə cənab K dik atılır.

Baş və işarə barmaqlarını çənəsinə söykəyən jurnalist armudu stəkandakı sonuncu damcıları qurtumlayır, tezbazar şələ-küləsini yığışdırıb aradan çıxan K-nın itməkdə olan siluetinə ah çəkir.

Cənab K nəşriyyatdan qayıdarkən yolda düşünmədiyi nəsə qalmır. Kitabın çapına veriləcək cavab isə beyninin bir hissəsini onsuz da işğal etmişdi.

Həzin bir yaz səhəri, nəhayət, “Parlaq kitablar” nəşriyyatı sükutu pozur. Cənab K həyəcanla əsas ofisə çağırıldığını, baş direktorla görüşəcəyini həzm etməyə çalışaraq ünvanı yazmaq üçün vərəq axtarır, iki-üç əşyanı yerə salandan sonra balaca bir kağız parçası tapır.

“Dəlilik kağızı”nı əlində büzə-büzə çək-çevir edən baş direktor cənab K-nın gözlərinə baxır, kitabın üstündə yenidən işləməli olduğunu deyərək şaqqanaq çəkir, ara-sıra bir-iki lətifə də danışır.

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 7

(magiya və dinin tədqiqi) Fraser J. G. The Golden Bough. London, 1923. /Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/ (davamı)   Qədim insanlar qiymətli daşların sehrli xassələrinə böyük önəm verirdilər. Böyük ehtimal vardır ki, insanlar hələ onları zinət əşyaları kimi gəzdirməzdən çox-çox əvvəl onlardan tilsimli, sehrli şeylər kimi istifadə etmişlər. Məsələn, […]