Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 7

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923.

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

(davamı)

 

Qədim insanlar qiymətli daşların sehrli xassələrinə böyük önəm verirdilər. Böyük ehtimal vardır ki, insanlar hələ onları zinət əşyaları kimi gəzdirməzdən çox-çox əvvəl onlardan tilsimli, sehrli şeylər kimi istifadə etmişlər. Məsələn, yunanlar ağac rənginə çalan daşı ağac əqiqi adlandırır və zənn edirdilər ki,  əgər onu bal arağında həll edib içsələr, süddaşı qadınların südünü xeyli çoxaldar. Yunanlar həmçinin ilan daşı deyilən bir daşa da inanırdılar və onun guya ki, ilan çalmasından sağaltdığını düşünürdülər. Onun təsirliliyini yoxlamaq üçün bu daşı narın üyütmək və ilan çalan yerə tökmək tövsiyə edilirdi. Şərab rəngli daş olan ametist (“ayıq” deməkdir) öz adına görə o xüsusata borcludur ki, qədimdə belə düşünürdülər ki, onu gəzdirən adam həmişə ayıq olur (sərxoş olmur). Mehriban yaşamaq istəyən iki qardaşa üzərlərində maqnit gəzdirməyi məsləhət görürdülər ki, bu maqnitlər onları “bir-birinə cəzb edərək” dalaşmağa qoymasınlar.

Qədim hindli ayin kitablarında belə bir qayda vardır: zifaf gecəsində bəy göydə ulduzlar sayrışanadək gəlinlə dinib-danışmadan oturmalıdır. Qütb ulduzu görünən kimi bəy onu gəlinə göstərib deyirdi: “Sən sabitsən, möhkəmsən, mən səni seyr edirəm. Ey şanlı ulduz, mənimlə də sabit ol!” Sonra arvadına tərəf dönərək o, belə deməlidir: “Brihaspati səni mənə verdi. Mənimlə yüz payız yaşa və məndən, öz ərindən oğul-uşağın olsun”. Bu ayinin məqsədi aydındır: taleyin dönüklüyündən və bu dünyadakı bəxtəvərliyin səbatsızlığından qaçınmağa çalışmaq üçün ulduzun sabitliyinə təvəkkül aparmaq. Con Kitsin[1] son sonetində də elə bu cür bir istək ifadə olunmuşdur:

Onda mən, ey parlaq ulduz, olardım səntək səbatlı,

Zülmət gecələrdə tək-tənha işıq saçmazdım.

Sahilyanı diyarların sakinlərini sonsuz qabarma və çəkilmələrin yaratdığı mənzərə duyğulandırmaya bilməz. Buna görə də burada nəzərdən keçirdiyimiz rəğbət və oxşarlıq kobud fəlsəfəsinin prinsiplərinə əsaslanaraq, onlar bir tərəfdən, dəniz qabarmaları və çəkilmələri, digər tərəfdənsə, insanın, heyvan və bitkilərin həyatları arasında “görünməz qarşılıqlı əlaqəni” və “gizli ahəngi” müəyyən etməyə  qabildirlər. Bu adamlar qabarmada sadəcə elə bir simvolu deyil, daha çox bolluğun, çiçəklənmə və həyatın səbəbini görürlər, halbuki çəkilmə onlar üçün uğursuzluq, acizlik və ölüm simvoludur. Breton kəndlisi xəyal edir ki, qabarma zamanı səpilmiş yonca yaxşı boy verəcək, amma əgər onu çəkilmə zamanı və ya su aşağı düşəndə əksən, guya o heç vaxt ərsəyə gəlməz, onu yeyən inəklərsə çərləyib ölər. Kəndli qadınsa belə hesab edir ki, nehrə yağı hər vaxtdan daha yaxşı qabarma zamanı tutulur; nehrədə köpüklənən süd qalxmış suyun səviyyəsi düşənədək köpüklənməkdə davam edəcəkdir; qabarma zamanı quyudan çəkilən su, yaxud da elə bu zaman sağılmış süd onu qaynadarkən güvəcdən və ya qazandan aşıb daşacaqdır.

Qədim insanların fikrincə, hətta suitinin dərisi cəmdəyindən ayrıldıqdan sonra belə dənizlə gizli bir əlaqədə olmaqda davam edir və guya çəkilmə zamanı onun qırışları bir yerə yığışır. İddia etdikləri kimi Aristoteldən[2] gələn başqa bir antik inanca görə, istənilən canlı varlıq yalnız çəkilmə zamanı ölür. Pliniyə inansaq, insanlara münasibətdə bu inanc Fransa sahilində özünə təcrübi təsdiq tapır. Filostrat da bizi əmin edir ki, Kadizdə ölənlər heç vaxt canlarını su qalxanda tapşırmırdılar. Avropanın bəzi hissələrində hələ də həmin xurafat qalmaqdadır. Kantabriya sahilində düşünürlər ki, insanlar xroniki xəstəlikdən və ya vaxtından əvvəl məhz elə qabarma çəkilməyə başladığı anda ölürlər. Portuqaliyada, Uelsin bütün sahili boyunca və Bretan sahilində deyirlər ki, belə bir inanc vardır ki, su qabaranda insanlar doğulur, çəkiləndəsə ölürlər. Belə bir xurafatın İngiltərədə olması Çarlz Dikkens tərəfindən də təsdiqlənir. “Sahildəki insanlar, – deyir c-b Peqqotti,- yalnız su tam çəkilib gedəndə ölürlər. Və qabarma başlamayınca, yəni su qalxmayınca da doğulmurlar.” Ölümlərin əksəriyyətinin çəkilmə zamanı baş verdiyi fikri Nortumberlenddən tutmuş ta Kentədək İngiltərənin bütün şərq sahilində beyinlərdə özünə yer etmişdir. Şekspir, yəqin ki bu boşinamla (xurafatla) tanış idi, çünki Falstafı “məhz elə çəkilmənin başladığı saat on iki ilə saat bir arasında” ölməyə məcbur etmişdir. Bu inanca biz Şimali Amerikanın Sakit okean sahilində hayda hindularında da rast gəlirik. Bu tayfadan olan kişi ölüm ayağında olanda onun gözünə ölmüş dostlarının oturub avar çəkdiyi qayıq görünür. O, qabarma ilə birgə ona ruhlar diyarından göndərilən salamı çatdırmaq üçün gəlir. Dostları ona, “bizimlə gəl, yoxsa indicə çəkilmə başlayacaq, biz qayıtmalıyıq” deyirlər. Port-Stifens adalıları (Yeni Cənubi Uels) ölüləri yalnız qabarma zamanı basdırırlar, çünki belə hesab edirlər ki, əks halda çəkilən su mərhumun ruhunu uzaq bir yad ölkəyə aparacaqdır.

Ömürlərinin uzun olmasını təmin etmək üçün çinlilər mürəkkəb cadu fəndlərinə əl atırlar. Onlar guya ki, homeopatik prinsiplərə uyğun olaraq ilin fəsillərindən, insanlardan və şeylərdən axıb gələn sehrli qüvvəni tutmağa çalışırlar. Bu xeyirli təsirlərin keçiricisi kəfəndən başqa bir şey deyildir. Bir çox çinlilər kəfənlərini hələ yaşarkən hazırlayırlar. Onu biçib tikməyi onlar ona görə subay qızlara və gənc qadınlara tapşırırlar ki, dərzinin hələ çox yaşayacağını və əlbəttə ki, onun həyat qüvvəsinin bir hissəsinin kəfənə keçəcəyini və bu yolla da kəfənin təyinatı üzrə işlənəcəyi anı bir çox il gələcəyə atmağı düşünürlər. Mərhumun geyimini uzun ildə tikməyə üstünlük verirlər, çünki çinli şəkk etmir ki, uzun ildə tikilmiş kəfən daha artıq dərəcədə ömür uzatmaq qabiliyyətinə malik olacaqdır. Dəfn libasının bir hissəsinə ­– üstündə qızıl saplarla “uzunömürlülük” sözü yazılmış göy uzun ipək paltara bu qiymətsiz xassəni verməyə xüsusilə böyük səylər edilirdi. Yaşlı adama “uzunömürlülük libası” adı altında tanınan bu cür bahalı, gözəl xalat (cübbə) bağışlamaq çinlilərdə oğul ehtiramı və diqqətinin bir göstərgəsi sayılır. Paltar öz yiyəsinin ömrünü uzatmaqdan ötrü olduğundan, o, onu çox vaxt, xüsusən də təntənəli hallarda geyinirdi ki, qızıl heroqliflərlə bəzədilmiş geyimin xeyirli təsiri o anda özünü tam göstərmiş olsun. Hər şeydən öncə o onu doğum günündə geymək fürsətini əldən verməz, çünki sağlam düşüncə çinliləri öz doğum günündə ilin bütün qalan hissəsində sərf olunan həyat enerjisi ehtiyatı yaratmağa sövq edir. Bədəninin hər bir hissəsi onun xeyirli təsirinə qərq olmuş şıq bir libas geyinmiş xoşbəxt “adgünlü” həvəslə dostlarının və qohumlarının təbriklərini qəbul edir, onlar ona möhtəşəm dəfn libası və bu qədər gözəl və faydalı bir hədiyyə vermiş övladlarının ona qarşı ehtiramı ilə bağlı heyranlıqlarını bildirirlər.

“Oxşar şey özünə oxşarını törədir” müddəası başqa bir çin inancında da öz tətbiqini tapır ki, ona görə şəhərlərin taleyinə onların forması təsir göstərir. Bu tale guya ki, şəhərin formasının ən çox oxşadığı predmetdən asılıdır. Rəvayətə görə, forması çapaq balığını xatırladan qədim Sinçe-fu şəhəri tez-tez formaca balıqçı toruna oxşayan qonşu Yunçun şəhəri sakinləri tərəfindən viranedici basqınların qurbanı olurdu. Bu, Sınçe-fu sakinlərinin ağlına mərkəzdə iki hündür paqoda ucaltmaq xoşbəxt fikri gələnədək davam etdi. Şəhərin üzərində indiyədək yüksələn bu paqodalar xəyali tora düşən xəyali çapağı dolaşdırmağa “imkan verməyərək” onun taleyinə ən uğurlu bir təsir göstərdilər. Qırx il  bundan öncə şanxay müdrikləri[3] bir yerli üsyanın səbəbini müəyyən etməyə çox səy göstərdilər. Müfəssəl incələmədən sonra onlar bu fikrə gəldilər ki, üsyanın səbəbi böyük yeni məbədin forması imiş: məbəd, nə yazıqlar olsun ki, tısbağa, yəni onların inamına görə çox pis xasiyyətli bir heyvanın formasında tikilibmiş. Müşkül çox ciddi idi, təhlükəni önləmək üçün yubadılmaz tədbirlər tələb olunurdu. Məbədi uçurtmaq günah, onu olduğu kimi saxlamaqsa səhəri buna bənzər, ola bilsin, daha pis bəlalara düçar etmək demək idi. Ancaq geomantiyanın yerli bilicilərinin dühası bu çətinliyi dəf etdi və təhlükəni şəhərdən sovuşdurdu. Tısbağanın gözlərini simvolizə edən iki quyunu su ilə dolduraraq Şanxay müdrikləri bu bədnam heyvanı yerindəcə “kor etdilər” və bu yolla da onu gələcəkdə qada-bəla gətirməyə naqabil etdilər.

Bəzən homeopatik magiyaya şəri onu təqlid etməklə aradan qaldırmaqdan ötrü əl atırlar. Beləcə əsl qadanı yalançı qada ilə əvəzləməklə taleyi aldatmağa can atırlar. Madaqaskarda tale ilə bu gizlənqaç oyunu sistemləşdirilmişdir. Yerli inanclara görə hər bir insanın taleyi onun doğulduğu gün və saatla təyin olunur və onlar bəduğur olarlarsa, bu insanı təhdid edən qada-bəlalardan yalnızca onları “çıxarmaq” və “dəyişdirmək” yolu ilə qaçınmaq olar. Bəlanı müxtəlif cür çıxarmaq olar. Məsələn, əgər insan ikinci ayın (fevralın) birinci günündə anadan olmuşdursa, onda o böyüyəndə, inanca görə, onun evi hökmən yanacaqdır. Yeni doğulmuşun yaxınları bu fəlakətin qabağını almağa çalışırlar: onlar tarlada və ya davar qaşarında bir mərək tikir və onu yandırırlar. Ayinin təsirinin gərəyincə olması üçün çağanı anası ilə birgə mərəyə salmaq, onu yandırmaq və sonra mərək uçub dağılanadək onları aradan çıxarmaq lazımdır. Yağıntılı noyabr ayı Madaqaskarda göz yaşı ayı sayılır. Noyabr ayında doğulmuş uşağın bəxti qara olar. Öz gələcəyinin üstünü alan qara buludları dağıtmaq üçün onun elə bircə dəfə qaynar qazanın qapağını qaldırıb onu hər tərəfə silkələməsi kifayətdir. Qapaqdan düşən damcılar onun gününə ağlayacaqlar və onun özü artıq göz yaşı tökməyəcəkdir. Əgər qızın qədərinə qəm-qüssə içində gələcək uşaqlarını özündən əvvəl məzara qoymaq dəhşətini görmək “yazılmışsa”, onda o bu faciəni aşağıdakı qaydada özündən uzaqlaşdıra bilər. Qız şalanı (cırcıramanı) öldürüb onu kəfənləyirmiş kimi bir əskiyə bükür.  O, onun üstündə Rahilə öz balalarının başı üstündə ağladığı kimi canı-dildən ağlayır. Bundan sonra o bir yığın başqa şalaları (cırcıramaları) da tutur və qol-qanadlarını sındırıb ölü şalanın yanına qoyur. Şikəst edilmiş həşəratların cır-cırı, şikəst edilmiş buğumlarının titrəşməsi yas yerlərində ağı deyənlərin haray-həşirini və bədən əsdirmələrini simgələyir. Ölü şalanı basdırdıqdan sonra qız o biriləri diri saxlayır ki, onlar ölənədək əzab çəkib ağı desinlər. Saçlarını bir hörüyə bağlayaraq o, basdırdığı şalanın qəbrindən kəndə elə bir halda qayıdır ki, sanki dərd onun belini qırmışdır. Elə bun gündəncə o artıq gələcəyə fərəhlə baxır və şübhə etmir ki, uşaqları ondan çox yaşayacaq: axı onları iki dəfə ağı deyib basdırmaq olmaz ki. Əgər insan onu binəsib edib miskin günə salmış taleyindən gileylidirsə, o, bu binəsiblikdən asanlıqla can qurtara bilər. Bununçün onun bir pens yarımlıq bir cüt ucuz mirvari alması və onları yerə basdırması yetər. Axı yalnız həqiqi varlı insanlar özlərinə mirvariləri yerə atıb basdırmağı rəva bilə bilərlər.

Kontagioz magiya. İndiyədək biz əsas etibarilə simpatik magiyanın bir şaxəsini – homeopatik, və ya imitativ magiyanı nəzərdən keçirirdik. Onun əsas prinsipi – oxşar şey özünə oxşarı doğurur prinsipidir, başqa sözlə, nəticə öz səbəbinə oxşayır. Kontagioz (toxunuşlu) magiya adlandırdığımız başqa bir magiya növü isə ondan çıxış eidr ki, bir dəfə təmasda olmuş şeylər ayrıldıqdan sonra da simpatik (özarası rəğbətli) münasibətdə olmalıdırlar. Onların biri ilə nə baş verirsə-versin, eyni şey o biri ilə də baş verməlidir. Həm kontagioz, həm də homeopatik magiyanın məntiqi önzəmini ideyaların yalançı assosiasiyasıdır. Onun fiziki əsası (əgər sonuncunun mövcudluğundan ümumiyyətlə danışmaq olarsa) – guya bir-birindən uzaqda olan predmetləri birləşdirən və təsirlərini bir-birinə ötürən maddi mühitdir. Kontagioz magiyanın ən adi nümunəsi – guya insan və onun bədən hissələri, tükləri və ya dırnaqları arasında mövcud olan sehrli simpatiyadır. Kimdəsə kiminsə tükləri və ya dırnaqları varsa, guya ki, o istənilən məsafədən onların aid olduğu şəxsə öz iradəsini qəbul etdirə bilər. Bu xurafat, önyarğı bütün dünyada yayılmışdır. Aşağıda biz onu misallarda təsvir edəcəyik.

(davamı var)

                                                                        Tərcüməçi: Obaçı

 

[1] Kits Con (1795-1821) – ingilis romantik şairi

[2] Aristotel (e.ə. 381-322) – qədim yunan filosofu və alimi

[3] Yəni XIX əsrin 80-ci illərinin əvvəlində

 

Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 8 – KLV

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Elnurə Eldarova. Sevgi deyilmi?

(mənsur şeir) Bir düşün, xəyal et körpə səsini, onun nəfəsini, xoş gülüşünü… Bu, sevgi deyilmi? Günəşin doğuşu, çiçək qoxusu, yağışdan sonrakı torpaq qoxusu.. Sevgi deyilmi? Allaha açılmış dualı əllər, ruhları oxşayan həzin nəğmələr, illərdir yazılan saysız romanlar.., bəs bunlar necə, sevgi deyilmi? Sevgini axtarma böyük şeylərdə. Sağ-solun sevgidir büsbütün… Görməyi […]