Nuray Əhədova. Susuz səhranın şəfalı çiçəyi

Bu, sadə bir kitab, və ya film deyil, gerçək həyat hekayəsini bizə çatdıran tarixi bir abidədir. Nəyə görə tarixi abidə? Çünki Varisin adını, onun həyatını analiz etdiyimiz zaman Afrika, orda olan mədəniyyət və sivilizasiyalar insanı heyrətə gətirir. Kitabı oxumağa hazırlaşan zaman mövzu mənə bəlli və aşkar olsa da, bu qədər dərin məna və mahiyyətə malik olacağı ağlıma belə gəlməmişdi.

Dünyada bir-birindən maraqlı, gözəl, sevinc və sevgi dolu, tarixi mahiyyəti rifah gətirən mədəniyyətlər var. Lakin bu dəfə o gözəl mədəniyyətlərdən söz gedə bilməz. Çünki burada vəhşilik, insan həyatına qətliamdan söz gedir. Bütün cəmiyyət, bütün qadınlar susur, hər kəs bu qətliamı “şərəfli” bir yol kimi keçir. Keçə bilməyən, bu acıya dözməyən qadınlar isə ölümlə baş-başa qalır. Lakin bu dəfə Somalinin səhralarının gözəl və şəfalı çiçəyi (mən onu belə adlandırardım) danışdı. O danışdığı üçün bir çox qadın bu qətliamdan qurtuldu.

Əsərləri oxuyan zaman orada olan romantik, realist, və ya poetik üslublara diqqət edirik. Lakin bu əsərdə realist bir həyat özündə romantizim və poetikanı cəmləşdirmişdir. Kitabı oxuduqca yaşanan hər şeyin real olduğuna inanmaq mümkün olmurdu. Lakin dərk edirdim ki, bunların hər biri baş verib! Mədəni və mənəvi dəyərlər hər zaman insanı inkişafa, düşünməyə və irəli getməyə hazırlamalıdır. Burada olan mədəniyyət və qaydalar isə qadınları ölüm selinə tutmuşdu. İndi isə əsərin əsas mahiyyəti haqqında danışaq.

Varis Somali səhrasında, böyük bir ailədə dünyaya gələn və hər Somali sakini kimi yaşam mübarizəsi verən bir qızdır. Oranın sakinləri keçmişi düşünmür, sadəcə qarınlarını doyurmaq, işlərini görmək üçün çoxlu uşaq dünyaya gətirmək, sərvət bildikləri heyvanlarını dolandırmaq və “qadınları sünnət etmək” onlar üçün ən vacib işlərdəndir. Afrikada qadınların sünnət edilməsi barədə nəsə eşitmisiniz? Bəli, qadınların sünnət edilməsi. Onsuz da əsrlər boyu qadınların boynuna zəncir edilmiş “namus” anlayışı bir çox mədəniyyətlərdə fərqli qarşılanarkən Somalidə bu anlayış qadın sünnəti ilə ölçülür. Sünnət olunmamış qadın murdar, əxlaqsız və heç kəsin evlənmək istəmədiyi şəxsdir.

Varis hələ 5 yaşında olanda qadın olmaq məcburiyyətində qalmışdı. Bəli, məhz qadın! 5 yaşında sünnət olunan köçəri Varis o acının nə qədər dəhşətli olduğundan danışır. Səhrada, heç bir gigiyena qaydalarına riayət edilmədən, küt alətlə həyata keçirilən bu prosesi hər bir qadın məsuliyyətlə yerinə yetirməyə məcburdur. Afrikada müxtəlif mədəniyyət və millətlərin təfəkkür təzahürü olan “namus” anlayışı, məhz bu “sünnət” prosesi ilə ölçülürdü. Varis bu dəhşətli hadisədən sonra mübariz bir qadına çevrilir. Sünnət olunan qadın, yəni Varis 13 yaşına çatan zaman atası onu 3 dəvə qarşılığında ona “xoşbəxtlik” bəxş edəcək babası yaşında kişi ilə evləndirmək istəyir. Evə ikinci qadın gətirən ata qızına məsləhət verir: “Sənin üçün ən xeyirlisi budur. O, səni sevəcək, yaxşı həyat verəcək və ən əsası ikinci bir qadına baxmayacaq”. Əslində, Varis satılırdı və bununla razılaşmayan Varis evdən qaçır.

Varis hər zaman qadın təcavüzünün ən parlaq qurbanı kimi görünüb. Atasının ona “nağıl danışan” dostu, yolda yük maşınında ona “kömək edən” yaşlı kişi, bacısının evini tapmağa “yardım edən” əmi, hələ Məryəm xalasının oğlu…, hər biri təkbaşına, özünü qorumaq istəyən, yaşam mübarizəsi verən qadından istifadə etmək istəyirdi. Lakin Varis güclü iradəsi ilə həyatla olduğu kimi onlarla da başa çıxmağı bacarır. O və onun kimi Afrika qadınları bütün dünya qadınlarının sünnət olunduğunu və bunun normal olduğunu zənn edirdilər. Varisin gözünü isə rəfiqəsi açdı. O, Afrikanın müxtəlif yerlərini gəzir, Londona, həyatına böyük uğur gətirən Amerikaya gedir. Yeni insanlar tanıyır, inkişaf edir. Hər kəs ona həsədlə baxır. Amma o hər zaman qarşı cins nümayəndələrindən qaçırdı. Ya sünnət olunduğu bilinərsə?! Bu, onu hər zaman qorxudurdu. Sünnət ənənəsinin heç də hər yerdə olmadığını öyrəndiyi gündən qarşı cinsdən qaçmağa başlamışdı. Dəfələrlə əməliyyat üçün addım atıb geri çəkilsə də, menstruasiya və digər proseslər zamanı çox əziyyət çəkən və buna dözmək məcburiyyətində qalan Varis, nəhayət, əməliyyat masasına oturdu və bu işgəncə dolu həyatdan qurtuldu. Bu qərar Varis üçün çox çətin idi, çünki əməliyyat olunsa, Afrika cəmiyyətində, Somalidə yeri yoxdur. Belə ki, o əsrlərdir sürən “müqəddəs ənənəni” pozmuş olacaqdı. Lakin Varis tək olmadığını və bu acıya, əzaba dözmək məcburiyyətində olmadığını dərk etmişdi. Varis müəyyən müddətdən sonra öz möhtəşəm gözəlliyi ilə dünyaca məşhur modellərdən biri olur. Onun həyatından xəbər tutan BMT-nin üzvləri qadın haqlarının müdafiə olunması üçün ondan dəstək almaq istədiklərini bildirirlər. Bu dəfə Varis susmuş bütün qadınların dilindən danışır. O, BMT-nin keçirdiyi konfransda baş verənləri göz yaşları içində anladır…

Varis insanlığın ən ali zirvəsinə çatmışdı. Onun kimi məşhur model bütün dünyanın marağına səbəb olmuşdu. Lakin o, ailəsinin yanına dönüb burada yaşadıqlarını xatırlayan zaman yenə əvvəlki Varis kimi həyata davam etmişdi. O, fərqli mədəniyyət və insanların hiylə toruna düşməmişdi. Hər zaman əldə etdiyi hər şeyə şükür etməyi və yetinməyi bacarırdı. Bu həyat hekayəsi insanların yaşaya, mübarizə apara və qalib ola biləcəyinə veriləcək ən böyük nümunədir. Cinsəl istismarların təkcə qarşı cinsin deyil, ümumi xalqın qoyduğu qaydalar nəticəsində baş verdiyinin şahidi olduq. Bu günümüz Somalidə olan bu “qətliami yaşamla” eynilik təşkil edir. Fərqindəsinizmi?! Namus sadəcə təfəkkürün qadınlar üzərində formalaşdırdığı bir anlayışdır. Yəni hər kəs bunu belə qəbul edib deyə siz də qəbul edib, buna kölə olmaq məcburiyyətində deyilsiniz! Kitab həqiqətən yaşanmış bir reallıqdan bəhs edir. Eynilə “Cannibals” filmində olduğu kimi, yaşam, orda verilən mübarizə və sonda öz istəyinə qovuşa bilən şəxs.

Varisin arıqlamaq istəyən, yediyi yeməkləri bəyənməyən insanlara dediyi çox gözəl bir söz vardır: “Əgər arıqlamaq istəyirsinizsə, Afrikaya gedin!” Yaşama, əlində olan hər şeyə şükür edən Varis bu sözləri ilə insanlara insanlıq dərsi verirdi.

Bu dünyada hər kəs bir-birindən xəbərsizdir. Bir çox kütlə hələ də bu sünnət hadisəsinə inana bilmir və ya tamamilə xəbərsizdir. Eynilə Afrika qadınlarının bütün dünya qadınlarının sünnət olunduğuna inanması kimi. Varisin və əsərdə nəql edilən ümumi məsələlərin mistikası bir neçə cümlə ilə izah edilməyəcək qədər qəlizdir.

Qısacası, “qadın” və “qadınlıq” qadağalarla, cahil anlayışlarla dolu cəmiyyətin qurbanı olmaq deyil! Mədəniyyət, adət-ənənələrimiz, mənəvi dəyərlərimiz – bütün bunlar insanlara zərər verən şeylərdən qaçınmalıdır. Bir mənəviyyat, bir mədəniyyət, bir adət insan üçün inkişaf və dəyər aşılamalıdır!

Somalidə baş verən sünnət, və ya Azərbaycanda bütün hüquqlarından məhrum edilmiş bir qadın. Bu ikisi arasında heç bir fərq yoxdur. Hər ikisi cəmiyyət və onun ənənə saydığı şeylərin qurbanıdır.

Qadın sünnətləri bu gün də davam etməkdədir. Lakin artıq susmaq deyil, Varis Dirie kimi danışmaq lazımdır. Bir güllə bahar olmaz deyirlər. Lakin o çiçəklər çoxalsa, beyinlərdə olan sussuz səhralar bir-birindən gözəl çiçəklər aça bilər!

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Kosmik ekspansiya: Təcavüz artıq başlayıb?!

Şb Avq 20 , 2022
Fransız ufoloqu Emme Mişel bir dəfə belə bir eksperiment aparmışdır. O, Fransanın xəritəsində UNO müşahidə olunan yerləri qeyd etmişdir. Müəyyən olunmuşdur ki, bir gün ərzində UNO-ların müşahidə olunması barədə məlumatlar xəritədə düz xətt boyunca yerləşən yerlərdən gəlir. Özü də söhbət düz xətt boyunca uçan bir UNO-dan deyil, müxtəlif formaya malik […]