Nizami Cəfərov. Azərbaycan ədəbiyyatı tarixinin etnokulturoloji sistemi: təsəvvürlər, mülahizələr…

Ön söz

Humanitariya, məlum olduğu üzrə, üç inkişaf mərhələsindən, yaxud müasir terminlə desək, paradiqmasından keçmişdir: 1) müqayisəli-tarixi, 2) sistem-struktur və 3) antroposentrik. Heç şübhəsiz, Azərbaycan ədəbiyyatının tarixi hər üç paradiqmanın verdiyi metodoloji imkanlar hüdudunda az-çox öyrənilmiş, bəzən həmin metodoloji istiqamətlərə ardıcıl riayət olunmuş, bəzən də “peşəkar” eklektika meydan sulamışdır… Bütün bunlarla yanaşı, xatırlatmağa ayrıca ehtiyac var ki, Azərbaycan ədəbiyyatı tarixşünaslığının sərəncamında həmişə təsvir (və təsnif)dən ibarət elə bir metodoloji arsenal var ki, özünün son dərəcə parlaq “təqdimat” üsulları ilə istənilən yeni elmi paradiqmanı liberallaşdırmaq, hətta “zərərsizləşdirmək” iqtidarına malikdir… Bu isə o deməkdir ki, bizdə təfsilatlı təsvirdən başqa heç bir metodun fəaliyyəti layihə gücünə çatmır. Bir-iki ədəbiyyatşünasın “solo” ifasında gəlib gedir. Ancaq hər halda təsvirin “xor”unu zənginləşdirir… Deməli, biz humanitariyanın (eləcə də milli ədəbiyyat tarixşünaslığının) inkişaf mərhələlərini, yaxud paradiqmalarını ümumi metodoloji imkanlar yox, məhz təsvir metodunun imkanları kontekstində dərk edirik ki, bu, əslində, idrak “daltonizm”idir. Ancaq həm də hesablaşmalı olduğumuz ənənədir.

Əlbəttə, “Azərbaycan ədəbiyyatının etnokulturoloji sistemi” başlığını görən hər bir ciddi elm adamı haqlı olaraq şübhəyə düşə bilər ki, sistem sinxronik anlayışdır, diaxroniyada (tarixdə) sistem olmur… Məsələ burasındadır ki, belə hallarda “dinamik sistem”, yaxud “diaxronik sistem” tipində şərti bir anlayışdan istifadə etmək lazım gəlir. Çünki sözügedən anlayış uydurma deyil, təsviri metoddan həm müqayisəli-tarixi, həm sistem-struktur, həm də antroposentrik metodlara “miras qalmış” elə bir strateji hadisədir ki, onun mahiyyətini anlamaq üçün, düşünmürük ki, müzakirələri elmi idrakın keçdiyi yolun yalnız başlanğıc mərhələsində aparmaq lazım gəlsin.

Azərbaycan ədəbiyyatı tarixinin etnokulturoloji sistemini az-çox aydın konturları ilə təsəvvürdə canlandırmaq üçün, görünür, konseptuallığı şübhə doğurmayan alt sistemləri, yaxud mikrosistemləri üzə çıxararaq bizi maraqlandıran mətləbi onların əlaqə və münasibətlərində axtarmalı olacağıq.

1. “Avesta” söhbəti

Ali məktəblər üçün “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyimizin (Əlyar Səfərli və Xəlil Yusiflinin müəllifi olduğu kifayət qədər mükəmməl dərsliyin) “Ən qədim dövrlərdə Azərbaycan ədəbiyyatı” adlı ilk fəslində “Avesta”ya geniş yer verilir. Və deyilir: “Qədim azərbaycanlıların müqəddəs saydığı kitablardan olan “Avesta” əski ədəbi abidələrdən biridir. Bu əsərdə qədim azərbaycanlıların dini, əxlaqi, ictimai, siyasi, fəlsəfi görüşlərinin bir sıra cəhətləri bədii şəkildə əks etdirilmişdir…”.

İstər-istəməz sual yaranır: “qədim azərbaycanlılar” kimlərdir?.. Əsaslı bir cavab, təbii ki, yoxdur… Onda başqa bir sual meydana çıxır: “Avesta” hansı etnosa məxsusdur?.. Cavab aydındır: İran mənşəli etnosa… Elə isə “Azərbaycan ədəbiyyatı tarixi”ndə “azərbaycanlı” anlayışı ilə bu cür oyun çıxartmağın adı nədir?.. Əgər müəlliflər onu nəzərdə tuturlarsa ki, “Avesta”nın Azərbaycan ədəbiyyatına təsiri olmuşdur, onda “Avesta”dan yox, həmin təsirdən bəhs etmələri bəs deyildimi?.. Azərbaycan ədəbiyyatına “Tövrat”ın, “İncil”in, “Quran”ın təsiri “Avesta”dan da çoxdur…

Dərsliyin “Erkən orta əsrlər ədəbiyyatı” adlı ikinci fəslində qədim türk yazılı abidələrindən danışılır ki, onların erkən orta əsrlər azərbaycanlılarına dəxli yoxdur. Və təbii ki, Azərbaycan ədəbiyyatının tarixi “Kitabi-Dədə Qorqud”dan başlayır.

Etnosla coğrafiyanın “Azərbaycan ədəbiyyat tarixi”ndə (və “Tarix”lərində) bu cür primitiv (sistemsiz!) “uzlaşdırılması” xalqın ədəbiyyatından onun tarixinə keçir. Belə bir təsəvvür yaradılır ki, Azərbaycan xalqı (azərbaycanlılar) İran mənşəlidir… Doğrudanmı, bizə hələ də çatmır ki, ya “Avesta”ya, ya da “Dədə Qorqud”a sahib çıxmalıyıq?.. Ən azından ona görə ki, bu əsərlər bir-birindən tamamilə fərqli etnokulturoloji sistemlərə mənsubdur.

Biz heç də elə düşünmürük ki, ədəbiyyat tarixçilərimizin “Avesta”dan əl çəkmək istəməməsi onunla bağlıdır ki, kökümüzü zorla İran mənşəyinə calasınlar. Görünür, məsələ qədim Azərbaycanı – “Dədə Qorqud”a qədərki Azərbaycanı (və azərbaycanlıları!) heç kimə güzəştə getmək istəmirik… Bu bir… İkincisi, türk etnik- mədəni sisteminə mənsubluğumuza heç bir şübhə olmadığı halda, həmin mənsubluğun metodoloji mahiyyətinə getmək əvəzinə, onu da çox “kobud” texnologiyalarla mənimsəməyə cəhd göstəririk… Niyə?.. Ona görə ki, qədim (ümum-) türk ədəbiyyatının sistemi, diferensiasiya prosesi, həmin prosesin mərhələləri diqqətdən kənarda qalır.

Azərbaycan ədəbiyyatının tarixini “Dədə Qorqud” eposundan nəinki bir neçə min il, hətta bir neçə əsr qədimə aparmaq həmin tarixi ümumtürk ədəbiyyatı tarixi sistemindən çıxarır, elə bir yeni (və uydurma!) sistem təqdim edir ki, onun türklük oriyentasiyası yoxdur.

Deməli, Azərbaycan ədəbiyyatı tarixinin az-çox mükəmməl etnokulturoloji sistemini yaratmaq üçün istər türk, istərsə də qeyri-türk mənşəli ona (həmin sistemə) aid olmayan nə varsa ondan (bu sistemdən) çıxarılmalıdır.

2. “Dədə Qorqud”dan “Koroğlu”ya

“Dədə Qorqud” eposu qədim (ümum-) türk eposunun məhz Azərbaycan coğrafiyasındakı diferensiasiyasının məhsuludur. Əlaqə belədir: yeni coğrafiya, yeni epos və yeni etnos!..

Azərbaycan xalqının iki eposu var: “Dədə Qorqud” və “Koroğlu”. Hər ikisi ümumtürk köklərinə dayanır. “Dədə Qorqud”un həmin kökləri birbaşadır. Ancaq məlum olduğu kimi, “Dədə Qorqud”la “Koroğlu” arasında yazılı ədəbiyyat tariximizin bütöv bir dövrü qərar tutur ki, bu dövrdə Qətran Təbrizi, Xaqani, Nizami, Yunus Əmrə, Nəsimi, Xətai, Füzuli, Məhəmməd Əmani, Saib Təbrizi yaşayıb-yaratmışlar… Bununla belə, “Koroğlu” da köklərini bu ədəbiyyatdan yox, xeyli dərəcədə ümumtürk qaynaqlarından alır.

“Dədə Qorqud”la “Koroğlu”nun müqayisəli-tarixi, sistem-struktur, eləcə də antroposentrik qarşılaşdırması Azərbaycan ədəbiyyatı tarixinin etnokulturoloji (diaxronik) sistemini təsəvvür etməkdə o baxımdan ilkin mərhələdir ki, “Dədə Qorqud”dan “Koroğlu”ya aparan yol bizim bir xalq olaraq ədəbi-bədii təfəkkür tariximizin ana xəttidir. Və hər nə qədər “yerdə qalanı təfərrüatdır” deməyə çətinlik çəksək də, tarixə “sxematik” (təfərrüatsız) baxış həmin ana xətti önə çıxarır.

“Dədə Qorqud”la başlayıb “Koroğlu” ilə bitən nəhəng bir ideya-estetik axını təsəvvür etmək, yəqin ki, mümkünsüzdür… Və bunun məhz axın olduğunu nəzərə alıb epos təfəkkürünün “Koroğlu”dan sonrakı cərəyanı barədə də müəyyən mülahizələr söyləmək olar. Ən mühümü budur ki, XVI əsrdən başlayaraq ədəbiyyata Koroğlu ilə yanaşı, onlarca məhəbbət dastanlarının qəhrəmanı olan “eşq ərləri”də gəlir ki, onların mübarizə, döyüş meydanı cəmiyyətin mənəvi aləmidir.

“Koroğlu” özünəqədərki XI-XVI əsrlərin yazılı ədəbiyyatından yox, ümumtürk qaynaqlarından gəlir dedik. Və bu, prinsip etibarilə belədir. Elə onun nəticəsidir ki, “Koroğlu”nun da, onun orbitində olan möhtəşəm məhəbbət dastanlarının da ümumtürk “analoqlar”ı var… Ancaq məhz XI-XVI əsrlər Azərbaycan yazılı ədəbiyyatının Azərbaycan “Koroğlu”suna (və xüsusilə Azərbaycan məhəbbət dastanlarına) təlqin etdiyi sufi-panteist ideyaların, ümumən ideya-estetik ovqatın rolunu da inkar etmək olmaz.

Əlbəttə, “Dədə Qorqud”la “Koroğlu”nu bir-birinə yaxınlaşdıran, daha doğrusu, bir-birindən çox da aralanmalarına imkan verməyən onların eyni epik- mədəni (nəticə etibarilə, etnokulturoloji) mühitin hadisələri olmasıdırsa, uzaqlaşdıran yeni epoxanın, yeni ictimai-siyasi maraqların, hətta yeni dil-üslub imkanının tələbləridir… “Dədə Qorqud” oturuşmuş bir dövlətin – Oğuzun, “Koroğlu” isə yeni dövlət qurmaq ehtirasının dastanıdır. Və bu özünü Azərbaycan “Koroğlu”sunun digər türkdilli “Koroğlu”lardan müqayisə edilməyəcək qədər xəlqiliyində, realizmində də göstərir… İdeyaların xəlqiliyində, ideyaların realizmində…

“Dədə Qorqud” – “Koroğlu” xətti Azərbaycan ədəbiyyatı tarixinin bel sütunudur.

3. Nizamidən Füzuliyə

Nizami, zahirən nə qədər paradoksal görünsə də, Azərbaycan ədəbiyyatı tarixinin etnokulturoloji sistemini müəyyən edən fundamental yaradıcılıq hadisəsidir. Onun (bu yaradıcılıq fundamentallığının) sözügedən sistemin nə dərəcədə üzvi tərkib hissəsi olduğu barədə bəhs etməzdən əvvəl paradoksallığın özünü nədə göstərdiyini xatırladaq… Birincisi, Nizami farsca yazmış, dünya ədəbi- ictimai fikri məsələnin mahiyyətinə varmadan farsdilli (və İran!) ədəbiyyatının nümayəndəsi hesab etdiyindən o, uzun əsrlər boyu Azərbaycan ədəbiyyatına yadlaşdırılmışdır. Nizaminin hansı xalqa mənsub olduğu yalnız 800 illiyi ərəfəsində ucadan söylənilmiş, ilk növbədə onun həmyerliləri olan nizamişünasların araşdırmaları şair-mütəfəkkirin milli mənsubiyyəti üzərindəki neçə əsrlərin tozunu almışdı… İkinci paradoksallıq Nizami mövzularının Azərbaycan hüdudlarını aşan elə bir miqyasıdır ki, həmin miqyasın məhz azərbaycanlı təfəkkürünün məhsulu olması şübhə doğurmuşdur…

Ancaq Nizami yaradıcılığının (bütün fundamentallığı ilə!) məhz Azərbaycan ədəbiyyatı tarixi etnokulturoloji sisteminin üzvi tərkib hissəsi olması ona görə təkzibedilməzdir ki, 1) o, ideya-məzmunca türk eposuna dayanır; 2) Müsəlman İntibahının üç etnik təzahüründən (ərəb, fars və türk) yalnız üçüncüsünün (türklüyün) hadisəsi kimi çıxış edir; 3) onun tərcümeyi-halının Gəncə (Azərbaycan) “qeydiyyat”ı yaradıcılığında da əks olunur.

Nizami hər nə qədər “Şahnamə” mövzularına müraciət etsə də, onun “Xəmsə”si Firdovsi ilə ruhi-mənəvi polemikadadır: “Əgər o, Aydırsa, biz günəşik, Əgər o, Keyxosrovdursa, biz Əfrasiyabıq”…

Nizamiyə qədərki farsdilli Azərbaycan şairləri – Qətran Təbrizi, Xaqani… Nizamini yetirdikləri kimi, “Xəmsə”nin müəllifi də özündən sonrakı bütün türk klassiklərinə təsir göstərmişdir. O cümlədən də öz həmvətənlərinə…

Yunus Əmrə, Nəsimi, Füzuli – ədəbiyyat tariximizin “Dədə Qorqud” (və Nizami) ilə başlayan fütuhatının davamıdır ki, “Koroğlu”ya (və Milli İntibaha) qədər gəlirlər… Onların təmsil etdikləri yaradıcılıq təkamülünün ibtidasında “xalq sufizmi” dayanır. Bu isə o deməkdir ki, Azərbaycanda anadilli yazılı ədəbiyyat sufizmlə dil açır. Və Azərbaycan ədəbiyyatına ideya-estetik hadisə kimi gələn bu cərəyan öz ömrünü Füzulidə estetik (ideyasız!) hadisə kimi başa vurur… Həmin ideyasızlıq (və estetiklik!) özünü xalq ədəbiyyatında (məhəbbət dastanlarında!) daha qabarıq göstərir…

4. Azərbaycan İntibahı

Azərbaycan ədəbiyyatı tarixinin köhnə dövrdən yeni dövrə keçməsini XVI əsrin əvvəllərindən XVIII əsrin sonlarına qədər, yəni üç əsr davam edən Milli İntibah təmin edir. Biz bu fikri 1988-ci ildə qələmə aldığımız “Azərbaycan İntibahı: problemlər, mülahizələr” məqaləmizdə irəli sürmüşdük. Və sonrakı yazılarımızda da yeri düşdükcə həmin məsələ barəsindəki mövqeyimizi yeni faktlarla möhkəmləndirməyə çalışırıq… Azərbaycan İntibahı təkcə ədəbi hadisə deyil, geniş etnokulturoloji məzmun daşıyır. Azərbaycanda məskunlaşmış müxtəlif türk-oğuz tayfalarının (şamlı, ustaclı, rumlu, təkəli, zülqədər, əfşar, qacar və b.) Şah İsmayıl Xətainin təmsil etdiyi qızılbaşlıq ideologiyası altında birləşərək yaratdıqları Azərbaycan Səfəvilər dövləti, əslində, Azərbaycan İntibahının etnik- siyasi təməllərini atdı. Və bu təməllər o qədər güclü oldu ki, hətta Səfəvilər dövləti süqut edəndən sonra da onun hüdudları daxilində “komplektləşmiş” Azərbaycan xalqı bütöv bir millət olaraq təşəkkülü prosesini davam etdirdi… Əslində, mərkəzləşmiş Azərbaycan dövlətinin meydana çıxması milli passionarlığın ifadəsi idi. Və həmin passionarlıq idi ki, bir tərəfdən, Azərbaycan dilini (Azərbaycan türkcəsini) müstəqil bir xalqın ünsiyyət aktı olaraq gerçəkləşdirdi; digər tərəfdən, “Koroğlu” ilə yanaşı, “Qurbani”, “Tahir – Zöhrə”, “Abbas – Gülgəz”, “Əsli – Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl”, “Alıxan – Pəri” kimi, ondan artıq dastanlar, aşıq ədəbiyyatı nümunələri bütün Azərbaycanı dolaşaraq bu dilin canlı ədəbi coğrafiyasını, həmin coğrafiyada gedən ideya-estetik (prinsip etibarilə, etnokulturoloji!) proseslərin vəhdətini (və özünəməxsusluğunu!) təsdiq etdi… Məhz XVI əsrdən başlayaraq Azərbaycanda İrəvan, Şəki, Quba, Lənkəran, Bakı, Şuşa kimi Milli İntibah şəhərləri yarandı, Təbriz, Gəncə, Dərbənd, Şamaxı… öz tarixi ümumşərq şəhəri simasını yeniləşdirmək məcburiyyəti altında qaldı… Üçdilli “köhnə” Azərbaycan ədəbiyyatı, ilk növbədə, folklorun təsiri ilə birdilli “yeni” ədəbiyyata keçdi ki, bu, ədəbiyyatın metadili olan janrlarda da özünü təzahür etdirdi… Dastanların yazıya alınması (məsələn, “Şəhriyar”ın nümunəsində) xalq ədəbiyyatının klassik ədəbi standartlar səviyyəsinə yüksəlmək iddiasının (və imkanının) faktı idi.

Azərbaycanın ilk Milli İntibah şairi (bəlkə də, İntibahı qabaqlamış şairi!) Şah İsmayıl Xətai oldu. Ondan sonrakı bütün söz ustalarında İntibahdan nə isə vardı… Ancaq onun (Milli İntibahın) zirvəsi, missiyasını, heç şübhəsiz, Molla Pənah Vaqif öz üzərinə aldı… O Vaqif ki, həm son dərəcə böyük həyat eşqi, həm də “mən cahan mülkündə mütləq doğru halət görmədim” ittihamı ilə ədəbiyyatı göylərdən yerə endirdi.

Düşünmürəm ki, Milli Azərbaycan İntibahı anlayışından kənarda Azərbaycan ədəbiyyatı tarixinin etnokulturoloji sistemini (sxemini) necə varsa o cür təsəvvür eləmək mümkün olsun.

5. Pafos… Və Loqos

Milli İntibahın ardınca Azərbaycanda maarifçilik hərəkatı gücləndi. Təhsil, elm, mətbuat, əxlaq-mənəviyyat məsələləri həm Şərq, həm də Qərb təmayüllü ziyalıların meydana çıxması ilə nəticələndi: Abbasqulu ağa Bakıxanov, Mirzə Kazımbəy, Mirzə Fətəli Axundzadə, Seyid Əzim, Həsən bəy Zərdabi… xətti ilə genişlənən hərəkat XIX əsrin sonu, XX əsrin əvvəllərində millətin ən aktual problemləri üzərində (və kifayət qədər kütləvi maraqla!) baş sındırmağa başladı.

XIX əsr Azərbaycan ədəbiyyatını “estetik” ədəbiyyatdan sürətlə uzaqlaşdırıb “ideya” ədəbiyyatına çevirdi. İlk dəfə olaraq Mirzə Fətəlinin şəxsində hər cür dəbdəbəyə qarşı müharibə elan edildi. Və Pafos bütünlüklə Loqosun sərəncamına keçdi… Ancaq bir məsələ vardı ki, elmi-intellektual səviyyə ümumən müsəlman Şərqində, eləcə də Şimalı Rusiyanın, Cənubu isə İranın tərkibində olan Azərbaycanda aşağı olduğuna görə ortaya ciddi problemlər çıxırdı. Onlardan ən əsası milli məktəbin yoxluğu idi. Və ölkədə Şərq və Qərb dünyagörüşlərinin, təfəkkür tərzlərinin meydana gətirdiyi bir-birinə zidd təmayüllər elə idrak böhranı yaratmışdı ki, çox zaman adi məsələlərin belə normal müzakirəsi baş tutmurdu. Kütləvi savadsızlıq da bir tərəfdən… XX əsrin əvvəllərində Azərbaycan xalqının düşdüyü bu acınacaqlı vəziyyəti öz realist Loqosu (və satirik Pafosu) ilə Sabir məhz ədəbiyyatın (poeziyanın) predmetinə, müzakirə deyil, mühakimə obyektinə çevirdi.

“Füyuzat” ilə “Molla Nəsrəddin” jurnallarının (məktəblərinin!) fəaliyyəti ayrıca bir demokratik ideya-publisistik mühit yaratdı ki, onların apardıqları polemika, nəticə etibarilə, azərbaycançılıq ideologiyasının əsaslarını hazırladı. Və həmin ideologiya Azərbaycan Xalq Cümhuriyyətini dünyaya gətirməklə milli mücadilənin miqyasını və ya üfüqlərini müəyyən etdi.

Ümumən, azərbaycançılıq ideologiyasının (türklük, müsəlmanlıq və müasirlik ideallarının) təşəkkülündə Azərbaycan ədəbiyyatı “Dədə Qorqud”dan başlayaraq müstəsna rol oynamışdı. XX əsrin əvvəllərindən etibarən bu rol artıq bilavasitə ictimai-siyasi meydanlarda özünü təsdiq edən ideoloqlara verildiyindən ədəbiyyat tədricən öz ənənəvi funksiyasına – Pafosa qayıtdı. Ancaq bu dəfə kifayət qədər milli ideoloji hazırlıqla – Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Əli Vəliyev, Süleyman Rəhimov, Mirzə İbrahimov, Mehdi Hüseyn, Mir Cəlal, İlyas Əfəndiyev kimi ədəbi şəxsiyyətlərlə…

Azərbaycan ədəbiyyatı tarixinin etnokulturoloji sisteminin dərkində XX əsr həlledici iş gördü. Firidun bəy Köçərli ilə başlayan ədəbiyyat tarixşünaslığı əsrin birinci yarısında onlarca, ikinci yarısında isə yüzlərlə yüksək ixtisaslı mütəxəssisin fəaliyyət göstərdiyi bir elm sahəsinə çevrildi… Ədəbiyyata ardıcıl (və geniş) ictimai maraq onun dəyərini o qədər yüksəltdi ki, hazırda hər hansı xalqı, eləcə də Azərbaycan xalqını, ilk növbədə, onun ədəbiyyatı ilə tanıyırlar. Və təxminən min beş yüz illik tarixi olan Azərbaycan ədəbiyyatı mənsub olduğu xalqı bu gün böyük inamla təqdim edir.

Son söz

Azərbaycan ədəbiyyatı tarixinin etnokulturoloji sistemi barədə az-çox adekvat təsəvvür yaratmaq iddiasına düşərkən biz ənənəvi təsvir metodunun geniş imkanlarından istifadə etməklə yanaşı, sistem-struktur, eləcə də qismən antroposentrik (praqmatik) metoda dayanaraq belə bir qənaətə gəlirik ki, a) həmin sistemin fundamental əsasında “Dədə Qorqud”dan “Koroğlu”ya aparan (və “Koroğlu” ilə davam edən) ideya-estetik axın dayanır; b) Azərbaycan yazılı ədəbiyyatı farsdilli Qətran Təbrizi, Xaqani, Nizamidən başlayıb, Müsəlman dillərində – ərəb, fars və türkcə (Nəsimidən Füzuliyə) davam edərək Azərbaycan türkcəsində yazmaq ənənəsinin yaranmasına (Xətaidən Vaqifə qədər) gedir; c) Milli İntibah türk mənşəli Azərbaycan xalqını ümumşərq (sufi-panteist) məzmunlu “köhnə” ədəbiyyatdan “yeni” ədəbiyyata çıxarır ki, bu da Şərq mədəniyyəti ilə Qərb mədəniyyəti arasında öz oriyentasiyasını müəyyən edən (və get-gedə daha çox milli idealları əks etdirən) bir ədəbiyyatın təkamülünü şərtləndirir.

Edebiyyatqazeti.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 5

Ç Avq 3 , 2022
(magiya və dinin tədqiqi) Fraser J. G. The Golden Bough. London, 1923. /Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/ (davamı) Madaqaskar tarixi müəlliflərindən biri xəbər verir ki, “kişilər savaşdan qayıdanadək qadın və qızlar gecə-gündüz rəqs edir, yatağa uzanmır və evlərdə yemək yemirlər. Və ərləri və nişanlıları müharibədə olduğu müddətdə dünyada heç […]