Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 2

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923. 

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

(davamı)

Borneo adasından olan dayaklardan bəziləri zahının yanına şaman dəvət edirlər, o, onun bədənini ovxalamaqla, yəni rasional bir üsulla doğuşu yüngülləşdirməyə çalışır. Elə bu əsnadaca başqa bir şaman otaqdan kənarda bizə tamamilə irrasional görünə biləcək vasitələrlə elə həmin məqsədə çatmaq üçün səy göstərir. O zahı roluna girir: onun bədəninə sarılmış əski ilə qarnına bağlanmış böyük bir daş ana bətnindəki uşağı təcəssüm etdirir. Gerçək fəaliyyət meydanındakı (otaqdakı) həmkarının qışqırıb söylədiyi göstərişlərə əməl edərək o, dünyaya gələnədək həqiqi körpənin hərəkətlərini dəqiqliklə canlandıraraq xəyali uşağı öz bədəni üzrə yeridib aşağı salır.

Xəyali personajları oynama ilə bağlı elə həmin uşaq oyunu başqa xalqları da doğuşu yamsılamaqdan övladlığa götürmə və hətta ölmüş sayılan adamı həyata qaytarmaq forması kimi istifadə etməyə sövq etmişdir. Əgər siz damarlarında bir damla da olsa sizin qanınızdan olmayan bir oğlanın və ya hətta saqqallı kişinin dünyaya gəlişi qondarma səhnəsini qurursunuzsa, onda primitiv hüquqa və primitiv fəlsəfəyə görə bu oğlan və ya kişi sözün tam mənasında sizin oğlunuz olur. Diodor nağıl edir ki, Zevs öz qısqanc arvadı Heranı Heraklı oğulluğa götürməyə razı saldıqda ilahə yatağa uzanmış və bu cantaraq qəhrəmanı bağrına basaraq, gerçək doğuşu yamsılayaraq onu köynəyindən keçirmiş və yerə salmışdır. Tarixçi əlavə edir ki, övladlığa götürmənin elə həmin üsulu onun müasiri olan barbarlar tərəfindən də təcrübə olunur. Bu adət həmçinin Bolqarıstanda və bosnak türkləri arasında da yayılmışdır. Qadın oğulluğa götürmək istədiyi oğlanı əynindəki köynəyindən keçirir. Bundan sonra o onun oğlu sayılır və ata-analığının bütün sərvətinə varis olur. Saravaklı (Borneo adası, indiki Kalimantan) beravan tayfasından olan qadın yetkin kişi və ya qadını övladlığa götürmək niyyətində olanda çoxlu adam yığır və qonaqlıq verir. Hamının gözü qarşısında hündür yerə qoyulmuş parça örtüklü taxtda oturaraq analıq övladlığa götürdüyü şəxsə arxadan sürünərək öz ayaqlarının arasından keçməyə izn verir. O qabağa keçən kimi onun üzərinə areka palmasının ətirli çiçəklərini sarıyır və qadına bağlayırlar. Sonra, bağlaşmış halda analıq və oğulluq tamaşaçıların gözü qarşısında iməkləyə-iməkləyə evin o biri başına gedib qayıdırlar. Onlar arasında doğum aktının gözönü yamsılanması yolu ilə əmələ gəlmiş bağlılıq çox güclü bir bağlılıqdır; oğulluğun təhqir edilməsi doğma oğlun təhqir edilməsindən daha ağır təhqir sayılır.

Qədim Yunanıstanda səhvən ölü sayılmış və qiyabi dəfn olunmuş adam yeni doğuluş ayinindən keçməyincə ölü sayılırdı. Onu qadının ayaqları arasından keçirir, çimizdirir, bələyir və süd anasının himayəsinə verirdilər. Yalnız bu ayin düpbədüz yerinə yetirildikdən sonra qayıtmış şəxs diri adamlarla sərbəst ünsiyyətə girə bilərdi. Elə eynən bu cür hallarda Qədim Hindistanda ölmüş sayılan adam qayıdışdan sonrakı birinci gecəni bir kəlmə belə demədən yağ və su qarışığı ilə dolu ləyəndə keçirməli idi. O orada uşaq ana bətnində olduğu kimi yumruqları düyülmüş halda otururdu, bu zaman onun üzərində adətən hamilə qadınların üzərində yerinə yetirilən bütün ayinlər icra olunurdu. Ertəsi gün o ləyəndən çıxır və gənc yaşlarından iştirak etdiyi bütün ayinlərdən bir daha keçirdi, o cümlədən, yeni bir nikaha girir və ya lazımi təntənə ilə öz əvvəlki arvadı ilə yenidən evlənirdi.

Homeopatik magiyadan insanların xeyrinə istifadənin başqa bir nümunəsi – azarların sağaldılması və önlənməsidir. Sarılığın müalicəsi üçün qədim hindular homeopatik magiyaya əsaslanan, müfəssəl işlənib hazırlanmış bir mərasim icra edirdilər. Onun başlıca amacı – sarılığın, onun haqqa, xislətə görə xas olduğu sarı rəngli varlıqlara və şeylərə (məsələn, günəşə) keçirilməsi və xəstəyə diri, güclü bir varlıqdan (məsələn, öküzdən) sağlam, qırmızı rəngin ötürülməsidir. Bununçün kahin aşağıdakı duanı (ovsunu) söyləyir: “Qoy qadan-balan və azarın günəşə getsin. Sənə qırmızı öküzün rəngi gəlsin! Ömrün uzun olsun deyə səni qızılı rənglərə boyayaq. Qoy bu adam sağ-əsən və sarı rəngdən azad olsun! Qoy o, tanrısı Rohini olan öküz qüvvəsi ilə dolub daşsın, həm də axı öküzlərin özləri də qırmızıdır (rohinin). Biz sənin sarılığını tutuquşu və torağaylara, habelə çaydaçapanlara keçiririk”. Saralmış xəstəyə sağlamlığın çəhrayı rəngini keçirmək üçün kahin bu sözləri deyə-deyə ona qırmızı öküzün tükü salınmış su verir, heyvanın belinə su tökür və xəstəyə bu suyu içirdir, onu qırmızı öküz dərisi üstündə oturdur və ona bir parça dəri bağlayırdı. Sonra onun dərisinin rəngini yaxşılaşdırmaq üçün (sarımtıllıq tam itənədək) kahin belə edirdi. Əvvəlcə o xəstənin bədəninə başdan ayağadək sarıkökdən hazırlanmış həlməşik yaxır və onu çarpayıya uzadırdı. Sonra o, sarı bir iplə çarpayının ayağına üç sarı quşu – tutuquşunu, torağayı və sarı çaydaçapanı – bağlayırdı. Sonra o, xəstənin üstünə su tökərək sarı həlməşiyi yuyub təmizləyirdi; həlməşiklə birgə, şəksiz ki, xəstəlik də quşlara keçirdi. Xəstəyə birdəfəlik sapasağlam bir görünüş vermək üçün kahin qırmızı bir öküzün bir neçə tükünü qızılı bir vərəqə bükür və onları xəstənin dərisinə yapışdırırdı. Qədimdəkilər həmçinin belə hesab edirdilər ki, tam sağalması üçün xəstənin gözlərini dəniz cüllütünə zilləməsi, bu quşunsa baxışını onun üzərində saxlaması yetər. “Bu quşun təbiəti və temperamenti elədir ki, – Plutarx[1] yazırdı, o, xəstəliyi özünə cəlb edib üzə çıxarır və onun (azarın) axışını (gedişini) baxışı ilə özünə yönəldir.” Quş tacirlərinə dəniz cüllütlərinin bu xassəsi yaxşı məlum idi. Bu quşları satarkən tacirlər onları tam qapalı şəkildə saxlayırdılar ki, hansısa bir sarılıq mərəzlisi onlara baxmasın və havayı müalicə olunmasın. Plinidə[2] başqa bir (ola bilsin, elə həmin) quşun adı çəkilir ki, onu yunanlar ona görə sarılıq quşu adlandırırlar ki, əgər sarılıq xəstəliyi olan ona nəzər salardısa, xəstəlik onu tərk etmiş, quşusa öldürmüş olurdu. Elə həmin müəllif, belə düşünüldüyü kimi, sarılığı sağaldan hansısa daşdan bəhs edir. Belə ki bu daşın rəngi sarılıq xəstəsinin rəngini xatırladırdı.

Homeopatik magiyanın ən böyük məziyyətlərindən biri də odur ki, o, müalicə kursunun xəstə üzərində deyil, həkimin üzərində aparılmasını mümkün edir: sonuncunun onun gözü qarşısında ağrıdan qıvrıldığını görərək xəstə azarın bütün əlamətlərindən azad olur. Məsələn, Fransadakı Parş əyalətinin kəndliləri belə sanırlar ki, mədə və ya bağırsaq xəstəliyi zamanı uzunsürən öyümə-qusmalar o səbəbdən baş verir ki, xəstənin mədəsi, onların təbirincə, “açılıb düşübdür”. Onu yerinə qaytarmaq üçün ara həkimini çağırırlar və o, xəstəliyin əlamətlərini öyrənərək elə oradaca öz mədəsini “açıb düşürməyə” çalışaraq dəhşətli sancılar içində döşəməyə yıxılır. Buna “müvəffəq olduqdan” sonrasa o, yeni qıvrılmalar və üz-göz əymələrlə onu “yerinə  bağlayır” ki, bunun nəticəsində də xəstənin qarnındakı ağrılar sakitləşir. Xəstənin yanına çağrılmış dayaklı ara həkimi yerə yıxılır və özünü ölülüyə vurur. Onunla ölü kimi davranırlar: həsirə bükür, evdən çıxarır və yerə qoyurlar. Bir saatdan sonra başqa bir ara həkimi yalançı xəstəni açıb həsirdən çıxarır və həyata qaytarır. O canlandığından zənn edilir ki, həqiqi xəstələr də sağalacaqdır. Tibb üzrə maraqlı bir əsərdə imperator I Teodisinin Bordolu Marsell adlı saray həkimi şişin homeopatik magiyaya əsaslanan müalicə reseptini verir. Həmin resept belədir. Göyərçinotunun kökünü götürün, onu iki hissəyə bölün; onun birini xəstənin boynuna sarıyın, o birisinisə tüstüyə verin. Tüstü otun kökünü qurutduqca şiş də quruyacaq və yox olacaqdır. Əgər sonradan xəstə öz xilaskarına qarşı nankorluq edərsə, mahir həkim göyərçinotunu suya salaraq ondan asanlıqla əvəz çıxa bilər; otun kökü suyu canına çəkməyə başlayan kimi şiş yenidən əmələ gələcəkdir. Sızanaqlardan əziyyət çəkdiyiniz haldasa elə həmin elm xadimi sizə düşən ulduza baxmağı və o düşdüyü andaca sızanaqları əski və ya əl altında olan başqa bir şeylə silməyi tövsiyə edir. Ulduz göyü tərk etdiyi kimi sızanaqlar da sizin bədəninizi tərk edəcəkdir. Amma ehtiyatlılıq göstərib onları yalın əllə silməyin, yoxsa onlar əlinizə keçər.

Primitiv ovçu və ya balıqçının özünü bol qida ilə təmin etmək üçün gördüyü tədbirlərdə homeopatik və ümumiyyətlə simpatik magiyanın rolu böyükdür. O və dostları tərəfindən çox şey “oxşar şey özünə oxşarı doğurur” prinsipi ilə, yəni umulan nəticənin önniyyətli təqlidi kimi edilir. O biri yandan, çox şeydən ciddi-cəhdlə qaçınırlar, çünki onlar gerçək məhvedici təsir göstərə biləcək şeylə xəyali oxşarlığa malikdirlər.

Simpatik magiya nəzəriyyəsi bol qida əldə etmək məqsədi ilə heç yerdə Mərkəzi Amerikada olduğundan daha sistematik şəkildə həyata keçirilmir. Orada tayfalar totem klanlarına bölünmüş, onların hər birinin üzərində ovsunlu ayinlərin köməyi ilə öz toteminin çoxaldılması məsuliyyəti vardır. Totemlərin əksəriyyəti – yeyilən heyvan və bitkilərdir. İcra olunan ayinlərdən gözlənilən əsas nəticə tayfanın qida və sair gərəkli şeylərlə təchizatı olmalıdır. Çox vaxt ayinlər bu cür nəticənin təqlidi olur. Başqa sözlə, söhbət imitativ və ya homeopatik magiyadan gedir. Belə ki, varramunqa qəbiləsinin ağ kakadu toteminin başçısı əlində bu quşun uyuğunu tutaraq onun kəskin qıyını yamsılamaqla öz toteminin çoxalmasına “kömək edir”. Arandalarda “sürfə” (witchetty grub)[3] totemi kişiləri soydaşlarının yedikləri bu böcəyin sürfəsinin çoxalmasını törətmək üçün ayinlər icra edirlər. Bu cür ayinlərdən biri o pupu yırtıb çıxdığı anda bu böcəyi təsvir edən pantomimdən ibarətdir. Budaqlardan böcəyin sürfəsini andıran uzun və dar bir qurulu düzəldilir. Totemləri bu böcək olan bir neçə kişi onun içərisinə yerləşdirilir. Onlar bu həşəratın keçdiyi müxtəlif mərhələlər barədə mahnı oxuyur. Sonra onlar həşəratın pupdan peyda olması barədə mahnı oxumağa davam edərək iməkləyə-iməkləyə bayıra çıxırlar. Zənn edilir ki, bütün bunlar sürfələrin çoxalmasına təkan verir. Emu klanının kişiləri bu quşun çoxalmasına onunla “yardım edirlər” ki, torpağın üstündə onun, xüsusən də onun bədəninin ən dadlı sayılan hissələrinin müqəddəs təsvirini çəkirlər. Kişilər bu şəklin ətrafında oturub mahnı oxuyurlar. Bundan sonra başlarında emunun uzun boynunu və balaca başını xatırladan geyimlər olan rəqqaslar quşun zahiri görünüşünü təqlid edərək onun durmasını və o yan-bu yana baxaraq boş-boşuna başını yellətməsini yamsılayırlar.

Britaniya Kolumbiyası hinduları əsasən dəniz və göllərinin bol olduğu balıqla qidalanırlar. Balıq lazımi vaxtda gəlmirsə və aclıq düşürsə, metka tayfasının şamanı balığın müqəvvasını düzəldir və onu balığın adətən gəldiyi istiqamətdə suya buraxır. Dua ilə müşayiət olunan bu ayin balığı yubanmadan peyda olmağa şövq etmək üçündür. Torres körfəzi adalarının sakinləri düqon (iri dəniz məməlisi – tərc.qeydi) və tısbağaların oyuqlarından onları ovsunlamaq və öldürtmək üçün istifadə edirlər. Toracilər, Selebes adasının mərkəzi hissəninin aborigenləri, əmindirlər ki, bircinsli şeylər onlara xas mənəvi efir sayəsində bir-birini cəlb edirlər. Buna görə onlar öz evlərində maral və çöl donuzu çənələrini asırlar ki, onları canlandıran ruhlar öz türlərindən olan diri fərdləri çağırıb ov cığırlarına çıxarsınlar. Nias adasında tələyə vəhşi donuz düşəndə, onu tələdən çıxarır və belini o inancla doqquz xəzəl yarpağı ilə sürtürlər ki, doqquz yarpaq ağacdan necə düşmüşdürsə, elə o cür də daha doqquz vəhşi donuz tələyə düşəcəkdir. Saparua, Haruku və Nussa-Laut adalarında (Hindoneziya) balıqçı dənizə tor atmazdan əvvəl meyvələrini quşların iştahla dimdiklədiyi bir ağacı arayıb tapır. Bu ağacdan o möhkəm bir budaq kəsir və ondan öz toruna ən əsas bir dayaq düzəldir. O inanır ki, ağacın meyvələri quşları özünə necə cəlb etmişlərsə, elə bu cür də bu ağacdan kəsilmiş budaq tələyə çoxlu balıq cəlb edəcəkdir.

(davamı var)

                                                                                              Tərcüməçi: Obaçı

 

 

[1]Plutarx (yax. 45 – yax. 127) – qədim yunan  tarixçi yazıçısı.

[2] Böyük Plini (yax. 24-79) – roma yazıçısı və alimi

[3] Yeyilən böcək sürfəsi – tərc. qeydi.

 

Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 3 – KLV

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

İlk Kitap: Gamze Efe. Mesut Örs

Be İyl 18 , 2022
lk kitap söyleşilerimizin bu haftaki konuğu Everest Yayınları’ndan çıkan “Yine de Bir Şansımız Olmalı” adlı kitabıyla Gamze Efe. “İkinci bir şansı hak ettiğine inanan karakterlerin varlığı öykünün odağı diyebilirim.” Kendinizi kısaca tanıtabilir misiniz? Kitaplar hayatınıza nasıl girdi, “okur” olmaktan “yazar” olmaya giden yol nasıl başladı ve ilerledi? – Elbette, avukatım ancak […]