Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 3

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923.

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

(davamı) 

Britaniya Yeni Qvineyasının qərb hissəsinin qəbilələri caduya ovçuya düqonu və ya tısbağanı cıda ilə vurmaqda kömək etmək üçün əl atırlar. Cıdanın sapındakı ucluq qoyulan oyuğa hind qozu palmalarında yaşayan kiçik bir böcəyi qoyurlar. Ovçular sanırlar ki, sancdığı zaman böcək neştərini insanın dərisinə necə batırırsa, elə o cür də cıdanın ucu düqona və ya tısbağaya batacaqdır. Kambocalı ovçunun qurduğu cələyə şikar düşməyəndə o çılpaq soyunur, bir qədər aralanır, sonrasa özü də fərqinə varmadan cələnin üstünə gəlir, ona düşür və belə deyir: “Vay bu nədir?! Deyəsən cələyə düşmüşəm.” Bundan sonra onda inam yaranır ki, cələyə hökmən şikar düşəcəkdir. Bizim nəsil adamlarının yaddaşında elə buna bənzər bir pantonimi şotland dağlıları nümayiş etdirmişlər. Mübarək ata Cems Makdonald nağıl edir ki, uşaqlıq çağlarında o öz yoldaşları ilə Loç-Elayn həndəvərində balıq tutarkən balıq tilova düşməyəndə onlar adətən balıqtutanlardan birini qayıqdan suya atmağı (sanki bu, balıq imiş kimi), sonrasa onu sudan çıxarmağı təcrübə edirlərmiş. Bundan sonra, deyə Makdonald ata iddia edir, -qayığın şirin suda yaxud da şor suda olmasından asılı olaraq, -qarmağa hökmən biri alabalıq, ya da sillok balığı düşərdi. Sincab tələsi qurmazdan öncə hindu-karriyer[1] kiçik bir çubuğu boynuna dayamış halda təqribən on gecəni ocaq başında yalqızlıqda keçirir. Böyük Qalmagera adasının (Yeni Qvineyadan qərbə doğru) şimalında yaşayan qalelolarda ova çıxmazdan əvvəl tüfəngi doldurarkən əməl edilməli olan belə bir qayda indiyədək işləkdir: gülləni tüfəngin lüləsinə salmazdan öncə onu öz ağzına qoymalısan. Belə etməklə sən artıq həmin güllənin vuracağı şikarı yemiş olursan, odur ki, güllə hədəfdən yan keçə bilməz. Timsah tələsinə yem qoymuş və şikar gözləyən malaylı ovçu karri[2] yeməzdən əvvəl həmişə ədviyyatız bişmiş düyü aşından dalbadal üç çimdik götürüb udur və inanır ki, bu, tələ yeminə timsahın boğazından asan keçməyə kömək edir. Habelə o heç bir halda karriden sümükləri çıxarmaz: axı onda tələ yeminin taxılmış olduğu iti uclu çubuq zəifləmiş olar və timsah tələ yemi ilə birgə çıxıb getmiş olardı. Belə olan hallarda saqıncaq, tədbirli ovçu yeməyə başlamazdan əvvəl kimdənsə karridən sümükləri çıxarmağı xahiş edir; əks təqdirdə o, sümüyü udmaq təhlükəsilə timsahı əldən buraxmaq risqi arasında seçim etməli olacaqdır.

Sonuncu qayda, əgər ovçu “oxşar şey özünə oxşarı doğurur” prinsipinə görə şikarı əldən buraxmaq istəmirsə, nədən özünü saxlamalı olduğuna bir misaldır. Simpatik magiyanın bütün sistemi təkcə elə pozitiv göstərişlərdən ibarət deyil, onda çox sayda neqativ göstərişlər, yəni yasaqlar da vardır. O təkcə necə hərəkət etmək lazım olduğundan deyil, həm də nəyin edilməli olmadığından bəhs edir. Pozitiv göstərişlər toplusu ovsunu, neqativ göstərişlərsə tabunu əmələ gətirir. Faktiki olaraq tabu barədə bütün göstərişlər, hər halda onların əksər hissəsi, məhz elə öz böyük oxşarlıq  və təmas qanunları ilə simpatik magiyanın tətbiqinin özəl hallarıdır. Hərçənd, əlbəttə ki, bu qanunlar vəhşi insan tərəfindən yazılı şəkildə formulə edilməmişlərsə və o onları mücərrəd formada dərk etmirsə də, bununla belə o inanır ki, onlar təbiət hadisələrinin gedişini insan iradəsindən tamamilə asılı olmayan bir şəkildə tənzimləyirlər. Vəhşi insan əmindr ki, ona bu qanunlardan birinə uyğun surətdə hərəkət etmək yetər ki, filan-filan nəticələr labüd şəkildə ortaya çıxmış olsun. Amma əgər hansısa hərəkətin nəticələri onun fikrincə arzuolunmaz və ya təhlükəlidirsə, onda o, təbii ki, elə hərəkət etməyə çalışır ki, onlar ona xətər yetirməsin. Başqa sözlə, o səbəb-nəticə əlaqələrinə dair yanlış təsəvvürlərinə uyğun olaraq ona xətər yetirə biləcək şeyi etməkdən qaçınır. Bu cür şeyləri o tabulaşdırır. Beləliklə, tabulaşdırma praktiki magiyanın neqativ tətbiqidir. Pozitiv magiya və ya ovsunun qaydası belədir: “Elə et ki, filan-filan şey baş versin”. Neqativ magiyanın (yaxud da tabunun) qaydasısa belə deyir: “Filan şeyi etmə ki, filan-filan şey baş verməsin”. Pozitiv magiyanın və ya ovsunun məqsədi – elə etməkdir ki, arzuolunan hadisə baş versin, neqativ magiyanın və ya tabunun məqsədisə elə etməkdir ki, arzuolunmaz hadisə baş verməsin. Ancaq belə güman edilir ki, hər iki nəticə (arzulanan və arzulanmayan) oxşarlıq və təmas qanununa uyğun olaraq meydana çıxır. Və arzulanan hadisənin gerçəkdə heç də ovsun ayininin nəticəsi olmadığı kimi qorxduqları hadisə də əslində tabunun pozulmasından irəli gəlmir. Əgər ehtimal edilən şər, qada zəruri şəkildə tabunun pozulmasının ardınca gəlmiş olsaydı, onda bu artıq tabu deyil, əxlaqi göstəriş və ya sağlam düşüncə maksiması olmuş olardı. “Əlini oda vurma” deyimi tabu deyil, sağlam düşüncə qaydasıdır, çünki qadağan olunmuş hərəkət xəyali deyil, gerçək zərər gətirir.

Qısa desək, tabu adlandırdığımız neqativ buyurular elə ovsun, cadu adlandırdığımız pozitiv buyurular qədər faydasız və bihudədir. Bunlar yalnızca elə vahid bir böyük, məhvedici yanılmanın, ideyalar əlaqəsinin yanlış anlanmasının əks qütbləridir. Bu yanılmanın neqativ qütbü – tabu, pozitiv qütbüsə – ovsundur. Əgər biz bütün bu yalançı sistemə nəzəri və əməli magiya adını versək, onda tabunu əməli ovsunun neqativ tərəfi kimi qəbul etmək olar. Bu özarası münasibəti aşağıdakı cədvəl şəklində təqdim etmək olar.

                                                                                                                          Magiya (ovsun, cadu)

 

          nəzəri                                                                      əməli

(yalançı elm kimi magiya)                               (yalançı sənət kimi magiya)                       

 

                                                                pozitiv-magiya                             neqativ-magiya

                                                                və ya ovsun                                  və ya tabu    

Tabu və onun magiyaya münasibəti barədə bu qeydləri mən əbəs yerə etmədim. Mən ovçular, balıqçılar və s. tərəfindən əməl edilən bir neçə tabunu misal gətirmək istəyirəm, bundan öncəsə mən göstərmək istərdim ki, ümumi bir nəzəriyyənin xüsusi misallarından başqa bir şey olmayaraq onlar “simpatik magiya” rubrikası altına düşürlər. Məsələn, eskimoslarda oğlan uşaqlarına ona görə “ipəgirmə” oyunu oynamaq qadağan edilirdi ki, böyüyüb balıqçı olanda onların barmaqlarının qarpunun içində dolaşıb qalacağından qorxurdular. Verilmiş halda tabu, aşkardır ki, homeopatik magiyanın əsasında duran oxşarlıq qanunun tətbiqidir: uşağın barmaqları ipdə və ya “ipəgirmə” [3]oyununda dolaşıb qalır, deməli, o yekə kişi olanda və balina ovlayanda da onun barmaqları ipə dolaşıb qalacaqdır. Karpatlarda yaşayan qutsullarda ovçu arvadı əri ovda olduğu müddətdə ip əyirə bilməz, əks halda şikar cəhrə iyi (oxu) kimi fır-fır fırlanacaq və ovçu onu vura bilməyəcəkdir. Bu halda da tabu oxşarlıq qanunun nəticəsi kimi ortaya çıxır. Qədim İtaliyanın bir çox nahiyələrində qadınlara eşikdə yoldan keçənlərin gözü qarşısında ip əyirmək və hətta cəhrə iyi ilə camaatın qarşısında görsənmək belə yasaq idi, çünki belə hesab edilirdi ki, bu, məhsula ziyan verə bilər. Yəqin ki, düşünürdülər ki, iyin (milin) fırlanması taxıl sünbüllərini fırlandıra bilər və onlar əyri-üyrü bitərlər. Saxalin adasından olan aynlarda da hamilə qadın doğuşa iki ay qalmış ip əyirməyə və yumaq düzəltməyə son qoyurdu, ona görə ki, guya əks təqdirdə yeni doğulan körpənin bağırsaqları sap kimi dolaşa bilər. Hindistan vilayətlərindən birində (Bilaspurda) kattalar şuraya toplaşanda cəhrə hərlətmək ondan ötrü qadağan edilirdi ki, məsələnin müzakirəsi cəhrə iyi kimi sonsuzadək fırlanıb getməsin. Hindoneziya adalarından birində belə bir adət var ki, ona görə ovçunun evinə gələn kimsə içəri dərhal, yubanmadan girməlidir: əks halda guya şikar da ovçunun qurduğu tələlərin üstünə gəlmək əvəzinə dayanıb geri qayıdacaqdır. Selebes adasının mərkəzi hissəsində yaşayan toraci otaylılarında (aborigenlərində) belə bir qayda mövcuddur ki, ona görə heç kəs hamilə qadın yaşayan evin pilləkənində dayana və ya evə girməkdə ləngiyə bilməz, çünki bu, uşağın doğulmasını ləngidə bilər. Sumatra adasının ayrı-ayrı hissələrində boylu qadına qapı qarşısında, yaxud da pilləkənin yuxarı pilləsində durmaq yasaqdır, çünki hesab edilir ki, bu qədər sadə bir yasağa məhəl qoymamaq ona ağır doğuş bahasına başa gələr. Kafur (kamfora) axtarmağa gedən malaylılar quru yemək və üyünməmiş duz yeyirlər. Məsələ ondadır ki, kafur kamfora ağacının gövdəsindəki çatlardan çıxan kiçicik dənlər şəklində əmələ gəlir. Buna görə malay yığıcısında belə bir yəqinlik hasil olunur ki, əgər o, kafur axtarışına yollanarkən yeməkdə narın üyüdülmüş duzdan istifadə edərsə, onda qarşısına çıxan kafur da çox narın olacaqdır. Amma əgər o iri döyülmüş duz yesə, onda kafurun da dənələri iri olacaqdır. Borneo (Kalimantan) adasındakı  kafur yığıcıları penanq palmasının gön kimi möhkəm qıçalarından (gişlərindən) düzəldilmiş qablardan istifadə edirlər. Bütün yığım boyu onlar bu qabları ona görə yumurlar ki, yuduqları halda ağacların üzərindəki kafurun əriyib yox olacağından qorxurlar. Onlarda belə bir inam vardır ki, kafur yığmaq üçün olan qabları yumaq – əmələ gəldikləri ağac gövdələrindən kafur dənəciklərini yumaq deməkdir. Laosun bir qaç bölgələrində əhalinin əsas məşğuliyyəti qırmızı qatran – qırmızı rəngli cücülərin dışladığı qatı özlü maddənin toplanmasıdır. Bu cücülər ağacların cavan budaqlarına əllə qoyulur və onlar seliklərini ora buraxırlar. Qırmızı qatran toplamaqda iştirak edənlərin hamısı yuyunmaqdan, xüsusən də başlarını yumaqdan saqınırlar, çünki inanırlar ki başlarındaki asalaqları (parazitləri) yusalar, ağac budaqlarına buraxdıqları cücüləri hürkütmüş olarlar.

 

(davamı var)

                                                                                                                      Tərcüməçi: Obaçı

 

[1] “Xərəkçilər” – amerikanların Şimal-Qərbi Kanadadakı takulli qəbiləsinə verilmiş ad.

[2] Sarıkök, sarımsaq və sair ədvalarla bişirilmiş plov növü. – tərc. qeydi.

[3]  Uşaq oyunu: barmaqlara sarınmış ipin (sapın) oynayanın əllərindən başqasının əllərinə elə ötürülməsidir ki, bu zaman ayrı-ayrı fiqurlar alınmış olsun. –tərc. qeydi.

 

Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 4 – KLV

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Türkan Mürsəlova. "Qətl günü" romanı və "Yuxu mistikası"

Şb İyl 23 , 2022
Yusif Səmədoğlunun “Qətl günü” romanı dünyanı, varlığı dərk etməyən, nəfsin qurbanı olan, lakin hər dəmdə şeytanı lənətləyən, şeytanla pislikdə yarışa girən ikiayaqlılar haqqında yazılmış, eyni zamanda bədiiliyi, toxunduğu mətləblər baxımından xüsusilə seçilən əsərlərdən hesab olunur. Müəllif dövrlər arasında mükəmməl əlaqə yaratmağa müfəssəl şəkildə nail olur. Yaradılan arxetiplər sayəsində sanki bir-birini […]