“Tarix fars olur, fars da tarix”. Bəs dünya? Dünya… dünya isə bir tamaşadır. Bilirəm, ağız büzüb deyəcəksiniz ki, məlum məsələdir. Ancaq bu öləri, ötəri və tamaşavari həyatda ümid edirik həmişə. Yaşamağı, mövcud olmağı. Nərələrdəsə qalmağı. Oğlunu itirmiş bir ananın fəryadında. Bir qadının çarəsiz göz yaşlarında. Bəlkə də, ölümü özü üçün mükafat sananların istəklərində. Efemer kimi saniyəlik, anlıq yaşayan ömürlərdə. Bəzən efemerlərin həyatı, mövcudluğu mənasız görünə bilər. Ancaq elə deyil. Necə ki kəpənəyin qanad çalması gözəlliyi təmsil edir. Eləcə də bir günlük və ya bir saniyəlik ömür xətərsiz, azad və saf olanda gözəllik duyumu yaradır. Əbədi bir köləlik və qabalıq isə…
Sara Oğuzun “Kəpənək ömrü”ndə isə hər şey sadədir. Sadə yazmağın və yaşamağın gözəlliyi və özəlliyi isə necə də gözəldir, nadirdir. Məsələ gözlə görülənlərin “korlar”ın önündə olması idi. Sara xanım insanların yaşamını, düşüncəsini, əslində, o iki cüt gözün arxasında nələr olduğunu sözlərin rəngi ilə ötürür. Səbəbi isə, bəlkə də, həmcins həmdəmliyidir. Lakin açıq və gizli məqamlarsız. Qadın gücünü beton divarlar arasında gizlətmədən. Əksinə, qadın gücü ilə beton divarlar arasında kəpənək gözəlliyi kimi füsunkarlıq saçır. Hekayənin qadın qəhrəmanı mühitinin təsirinə düşmür. Öz sadə həyatını yaşayır. Elə götürək Zeynəbi. Zeynəb öz zəriflik nişanəsi olan ürəyinin səsinə hər daim qulaq asır. Onun həmdəmi ürəyidir. Lakin Zeynəb bəzən sentimental ovqata da köklənir. Bu da başqa bir hissə təkan verir. Mehdiyə olan sevgisini daha da gücləndirir. Zeynəbin arzusu olan kəpənəyin yuxusu isə bəziləri üçün son, bəziləri üçün başlanğıc olur. Əslində, Sara xanım acı həqiqətləri göstərir: ziyalı xanımların maddi ehtiyac məngənəsində sıxılmaları, kəpənək ömrünə çevrilən həyatları və dalana dirən gölməçə gözlü hüznləri…
Sara xanımın həqiqətləri bitmir. “Çərxi fələk” povestində biz ilahi ədalət anlayışını əyani olaraq görə bilirik. Xədicənin qəlbinin qırılması ədaləti hərəkətə gətirir. Onun həyatını məhv edən Ələkbərin cəzası isə saatlarla onun meyitinin keşiyini çəkməsindədir, bəlkə də. Günahkar o deyildi. Razıyam. Fəqət “hər kəs öldürür sevdiyini”. Ələkbərin günahı onu mənən öldürməsidir. Cismin ölümündən betərdir ruhun məhv edilməsi. Sonda Ələkbər bunun fərqinə varıb Xədicənin qatili kimi polislərə təslim olur.
Əsərdə bir sosioloji eyham var. İnsan nəfsinin yenə də can alması. Müharibənin qara günlərinin bitəndən sonra da davam etməsi. Sara xanım rəngarəng qadın arzuları və duyğularını məhv edən boz mühit və düşüncəni təsvir edir. İnsan ürəyini məhv edən bir tablo yaradır. Duyğuların “Quernika”sı deyə bilərik buna.
Sara Oğuzun nəsr dünyasında şablon bölgülərə, mənfi və ya müsbət qəhrəman anlayışına yer yoxdur. Onun bütün mətnlərində kəskin sosioloji tənqid var. Mühitin, despotluğun və insanları əyriliyə sürükləyən korrupsioner təfəkkürün lirik və epik təqdimatı şok effekti yaradır.
Sara Oğuz Cəlil Məmmədquluzadə kimi “balaca adam”la böyük dünya yaradır. Xədicə kimi, Zeynəb kimi qadınların beton divarlara məhkum olmasını təsvir edir. Və “Sən də beton divarlar arasındakı kəpənək kimisən” deyir.
Sara Oğuz nəsrində tarix fars olmaqdan, fars da tarix olmaqdan xilas olur. Çünki sənət daha canlı və gerçək bir tarixi yaradır və deyir: “Özünü kəşf et”.
İlkanə İbrahimbəyli