Mənsurə Əhmədova. Kim bilir…

(Hekayə tipli monoloq)

Birdən elə bil məni kimsə oyatdı. Yuxulu-yuxulu yorğanıma bükülürdüm ki, dünən anama verdiyim “məni sabah tezdən oyat, durub gün doğumunu izdiyəcəm” vədim yadıma düşdü. Tez qanım qaraldı, yəqin, yenə də tənbəllik edib durmamış, vədimə xələf çıxmışdım. Gözucu telefonuma baxdım, saat 4:30 idi, birdən gözümə işıq gəldi. Yoox, tam vaxtında oyanmışdım. Cəld durmaq istədim, amma yerimin hərarəti və yuxunun şirinliyi məni özünə çəkirdi. Lakin bu mənzərəni izləmək eşqi məni yerimdən qaldırdı. Qalxıb yan otağa keçdim. Atam, anam və nənəm ibadət edirdilər. “Sabahınız xeyir”, –  deyib kəpənəkli fincanımda bir fincan bulaq suyu içdim. Qapını açıb təmiz havanı ciyərlərimə çəkdim. Aman Allahım, necə də şəffaf hava var idi. Anidən yadıma bir xatirə düşdü. Dünən bu vaxt bir tərəfdən şəhərin çirkli havasından və səs-küyündən bezib, digər tərəfdən isə bayram tətilindən istifadə edib həvəslə kəndə hazırlaşırdım. Nəysə, artıq burda idim. Çölə çıxıb səhərin tərtəmiz, büllur kimi havasını doya-doya ciyərlərimə çəkirdim. Hava o qədər təmiz idi ki, hətta çirkli havanı udmağa öyrəşmiş nəfəs borum kəskin təsirə məruz qaldı, damağımda zəif görnərti hiss etdim, amma yenə də evə qayıtmadım.

Göy üzünə bir qab zər səpələnmişdi sanki, orada milyonlarla ulduz görünürdü. Gözlərimi şərq tərəfə zilləyib günəşi gözləyirdim, sanki bu dəqiqə çıxıb ürəyimi fərəhlədəcəkdi, lakin o hələ də naz edirdi, bəlkə hələ vaxtı deyildi. Axı təbiətin qanununa qarşı çıxmaq da olmazdı. Bu fikir ağlımdan keçəndə niyəsə məni gülmək tutdu. Axı insanlar adətən təbiətə qarşı gəlir, qanunlarını pozurdular. Gülsəm də, bir tərəfim düşüncə selinə daldı. Bu an pəncərə açıldı atamın səsini eşitdim: “Qızım, orda nə edirsən? Özünü soyuğa vermə”. “Gün doğumunu izləmək istəyirəm, Ata, gələcəm”, – deyə səs verdim. Atam təkid edib: “gəl bir çay iç, isin, sonra çıxıb izdiyərsən”, – dedi. Bu fikir xoşuma gəlmişdi, zatən günəş hələ də naz edirdi, ya da qanunlara uyurdu, kim bilir…

Evə gəlib isti bir çay süzdüm. Bizim evdə sübh dəmlənən çayın dadı bir başqa olur. Nənəm yaman çayxordur, amma elə belə çay içmir ha, rejimlə və yeni dəmlənmiş çay içir. Hamıdan tez durub gününə təzə, ətirli Lənkəran çayı ilə başlayır. Bu gün bəxtim gətirib, mən də o çaydan içəcəkdim. Nəysə, nənəmin cibindən çıxan şokoladla çayı içib tez çölə qaçdım. Budur günəşin şüalarını görürdüm. Dan yeri narınc rəngə boyanırdı. Birdən yadıma uşaqlığım düşdü. Səhərlər tənbəllik edib gec oyanır, gün doğumunu nadir hallarda izləyə bilirdim, amma gün batımını həmişə izləyirdim. Hər dəfə də qərb tərəfdən gün batdıqdan sonra dağların başı narıncı rəngə boyanırdı. Anamı çağırıb:  “Ana, bax göydə yerkökü var”, –  deyirdim. O da gülüb: “hə, qızım, yerköküdü”, –  deyirdi və mən uşaq ağlımla buna ciddi-ciddi  inanırdım. Necə də saf olmuşam.

Budur artıq dağın başında yanan bir top görünürdü. İlahi, necə də gözəl, əsrarəngiz idi. Bu əsl möcüzə olmalı idi. Günəş yavaş-yavaş rəngini açığa doğru dəyişir və daha da yüksəlirdi, ulduzlar isə gizlənirdilər. Görəsən, günəşdən utanırdılar, yoxsa bu da təbiət qanunu idi. Bu fikirdən sonra yenə də güldüm, yox uşaqlıq saflığımdan çıxmışdım artıq. Bu, təbiət qanunu idi.

Mən bu möcüzəvi mənzərəni izləyir, xatirələrə dalırdım bu dəmdə hava da tondan tona daha da açılır, ətraf işıqlandırdı. Artıq dağları, qonşuların evlərini, bağımızı, yasəmən kollarını aydınca görə bilirdim. Birdən üşüdüyümü fərq etdim, məgər qısaqolda imişəm. Beynim necə məşğul olubsa, üşüdüyümü hiss etməmişəm. Evə tərəf yeriməyə başladım, sanki böyük bir xoşbəxtlik yaşamışdım. Gün doğumunu izləmişdim. Dönüb bir də günəşə baxdım, üzərindəki ləkələri sezə bilirdim. Maraqlıdır, bayaq ancaq alovdan ibarət idi, amma indi üzərində ləkələr var. Kim bilir, bəlkə, hər şey belədir. Biz, bəlkə, hər şeyi olduğu kimi yox, məhz vəziyyətlərə görə qiymətləndiririk? Bəlkə, reallıq bizim gördüklərimizdən çox fərqlidir? Elədirsə, “gördüyüm də yalan deyil ki”, – deyib etdiyimiz mübahisələrdə, bəlkə, haqsızıq? Kim bilir…

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Hamlet İsaxanlı. Yaşamağa nə var ki?!