Rəhim Arazi. Düş

Dissidentin arxivindən
Klv.az Şərur rayonunun Alışar kəndində doğulmuş repressiyaya məruz qalan Nəcəfov Rəhim Cəfər oğlunun (1928-1982) “Düş” poemasını təqdim edir

Düş (kiçik poema)

Müqəddimə

Nədənsə çox zamanlar

Çox zamanlar nədənsə görürəm naşar yuxu
Bir hissəsi dumanlı bir üzü aşkar yuxu
(Doğrunun haqq olduğun zərrə qədər danmıram, fəqət, nə möcüzədisə, “özüm də inanmıram”.)
Bəli! möcüzdü-möcüz, çünki bu sirli diyar
Möcüzələr möcüzü olmağa haqqı var…
Görməyənlər görərsə bu cindarlar ölkəsin
Gözlərinə inanmaz. Zavallılar neyləsin?
Məgər XX əsrin zəkalı insanları
Real varlıq sanarmı; cinlərlə-şeytanları?
Atom yüzilliyində tarix dönsə geriyə
Kim inanar Dikkensin sarsağı, Effriyə?
Feodallıq, quldarlıq, uyarmı həqiqətə?
Təhkimlikdən yoğrulan “mədəni” cəmiyyətə
Əlbəttə, aqil insan təbiidir inanmaz
Çünki, gor yuxusuyla uyuyanlar oyanmaz…
Mən hazıram and içəm şura “ədalətinə”,
Qommunist allahının “xeyirxah” sürətinə,
Çekistlərin rəhminə, iblislərin canına,
Mavzoley qurdlarının ləkəsiz vicdanına,
Rəhbərlərin nitqinə, namuslu mətbuata,
Qərəzsiz təşviqata, müqəddəs təbliğata,
Bolşevik şairlərin əxlaqlı əsərinə,
Müasir Neronların təklikdə hər birinə…
(Bəli, vallah hazıram hər quldura and içəm
Təki, cütayaqlılar deməsin ki, mən gicəm…)
Məcbur etmirəm sizi, röyama inanmayın!
Fəqət, düş gördüyümü, yalvarıram danmayın!
Çünki onu dansanız, mən yazığı hər gecə
O kabuslar gəmirib döndərəcək lap gicə.
Onda, daha da müdhiş cəfəng düşlər görəcəm
Cəhənnəmə dönəcək; hər gündüzüm, hər gecəm…
Adət budur; insanlar bir-biriylə dilləşir
Fikir verib-almaqla qəlbləri yüngülləşir.
Mən də ikiqıçlıyam, dərdimə olun ortaq
Barı bir az gülüşün, sayaqlayanda sarsaq.
Dinləyin, təbiətin ağıllı heyvanları!
Bəzən səfehlərin də sərsəri dastanları,
“Düş” məhsulu olsa da zavallı Effritək
Bəzi sirlər açmağa bəlkə kömək edəcək?..

And içdim ki, ömrümü həsr edib məhəbbətə
Bir də baş qoşmayacam qorxulu siyasətə…
Bu fikrin təsiriylə daldım şirin uyquya…
(gecə səriştələri əleyh oldu duyğuya.
Pozuldu proqramım əhdim olmadı hasil
Labüd amansızmış ax! Bu çox güclü əzazil…)
Gördüm ki, gəldi şeytan başında cin dəstəsi
Barağımı bürüdü iblislər qəhqəhəsi.
Şeytan lağa başladı əl çaldı əcinnələr
Sırtılıb, azqınlaşıb, alçaldı əcinnələr.
Hədəfimə sancıldı: təhqir, rişxənd, kinayə,
İstehza, huyduhuydu, dürtmədən oldu qayə.
Cismim əldən düşüncə qovladılar doyunca
Qapazlayıb, budayıb, tovladılar doyunca.
Yıxdılar, ayaqlayıb qarnımı dizlədilər
Qan çıxdıqca dərində duzlayıb bizlədilər…
Dedim ki, mən yazığın deyin nədi təqsiri
Nədən ötrü edirsiz əyləncələr əsiri?
Şeytan işarə etdi sakitləşdi dəstəsi
Haramzadə başçının eşidildi gur səsi:
Bizim varlığımızı neçin inkar edirsən,
Reallığı buraxıb saxta yola gedirsən?!
Niyə eşq axtarırsan, eşq olmayan diyarda?
Qanmırsanmı ay nadan, qullar dolu bazarda
Sənin qəlp mətahına tapılmaz bir müştəri?
Xarablama havayı dəftəri, ey sərsəri!
İşdən göz açammayan neyləyir məhəbbəti?
Belə vaxtda olarmı, tullamaq siyasəti?
Hər fərdi alıb-satır heyvan sanayır Çodar
Təhqirə göz yumanlar; əclafdır, həm də murdar!
Nədən ötrüdür səndə; göz, qulaq, dil və qələm?
Heyvansansa sözüm yox, otla yulafla, kələm.
Bilə-bilə boynuna boyunduruq hamarla
Görmə, eşitmə, dinmə, şallaqları tumarla.
Qoşul rəzil güruha sürün məhbəslər içrə.
İnsan adı altında ömr et qəfəslər içrə.
“Qürur” masqası gəzdir, xalta keçirt boynuna
Xəyali dilbərləri çağır tövlə qoynuna…
Yox, bəşər oğlusansa qardaşını başa sal
Kütləvi qovğa vaxtı həqarətə qisas al!
Sən ki, yer məxluqusan göylərlə nədir işin?
Qurdlar arasındasan olmalıdır qurd dişin…
Səbrim tükəndi artıq, dedim ki: baba şeytan!
Kimə doqquz gəlirsən? Sənin peşəndir hədyan.
İftiran işə keçməz iyrənc böhtandan usan
Mən Adəm deyiləm ki, cənnətdən qovdurasan?
Soncuqladı ataman, başıma vurdu çəlik
Bir təpik də küpəyib dedi: bu da üstəlik!
Səni qanan bilirdim, lap qanmaz heyvərəsən
Hozusan, pəzəvəngsən, layiqdir gəbərəsən.
Zırpı, ləvənd, yekəpər! Cənnətdirmi qazamat
Adəmkimi səfehə yarardımı o həyat?
Azadlıq təravəti, kim layiqsə onundur.
Səninsə pambıq torba yırtıq parça donundur.
Harda yaşadığını unutdunmu ay qoduq!
Olmaya qudurmusan, yaddan çıxıbdı qulluq?

Ölkən otuz ildir ki, məftil arasındadır
Abadlıq ya azadlıq onun harasındadır?
Doğulandan bu vaxta daddığın qazamatdır
Axmaqsan, məgər sənin gördüklərin həyatdır?
Nə yeyər rəhbəriniz düz sözdən soncuqlayır?
Bu nəhəng ərazini tilsimkimi saxlayır?
Qoymur bir insan baxa üfunətli pəyəyə?
Sizi qoyar baxasız, bir əcnəbi ölkəyə?
Nə yeyər rejiminiz diktatura adlanır?
Sınmayan insanların malı-mülkü odlanır?
Neçin bir partiyadır “əbədi” rəhbəriniz?
Ax! Saymaqla tükənməz hədsizdir dərdləriniz…
Bilmirsənmi, rəisə danışıqsız itaət
Hər tabenin borcudur? Qanuna et riayət!
(Qonstitutsiyada yazıb ulu diqtator
Atanız, rəhbəriniz, müəlliminiz pirat kor)…
Ax! Bu maymaq çekistlər daha olub müftəxor
İbtidai qaydanı pozur sənkimi nankör.
Yirmiyeddi ildir ki, şuralar ölkəsində
Ömür sürən kötüyə, bu heyvan tövləsində
Nə işdirsə bilmirəm, dil öyrədən olmayıb,
Aşılanan doqmalar küt beyninə dolmayıb?!
Bu harda görünüb ki; fanatik, gic, makinə
İnsantək üsyan edib böyüklərlə deyinə?
(Xəbər tutsa bu haldan bötük inkvizitor
Mavzoleyi dağıdıb dirilər qəzəbli kor.
Belə dərdə dözərmi? Xortlayar məzarından
Həmdə ki, lap sağalar kirimək azarından.)
Avamsan həqir uşaq, qiyam fikrindən əl çək!
O fikrin sahiblərin məhbəs qurdu yeyəcək.
Elə qəfəs qurub ki, məharətli o pirat
Burdan salamat halda qurtulammaz bir həyat.
(Qatorjanlar, kölələr, eşşəklər ölkəsində
Yalqız, miskin sədalar boğular öz səsində…)
Allahla tən bölmüşəm kainatın varlığın (çarlığın?)
O, göyləri götürüb, mən həyatın varlığın. (çarlığın?)
Ulduzlarla oynasın çünki, çoçuqdur Allah
Siyasətdə naşıdır, cahil uyuqdur Allah
O, oyuncaq yoğurur kim qıracaq? – işi yox!
Bekarlıqdan yaradır, sairə vərdişi yox.
O qədər qocalıb ki, əqlən dönüb tifilə
Yeknəsəq sənətindən çevrilibdir mitilə.
Zağarlaşıb zavallı kahallıqdan məhv olur.
Rəqqasəsiz şah kimi qəmdən gözü yumulur.
O, bənzəyir ərincək türkün sultanlarına
Siyasəti dəyişir cənnət cananlarına.
Bir pud qızıl, bir niyar, bir də azacıq tərif
Verərlərsə, ölkəni viran qoyar o hərif.
Tənbəllikdə cənublu, ehtirasda şərqlidir
Lap sizin tayınızdır, çox yatmaqda fərqlidir.
Yalqızlıqdan yorulub acıqlanır çox zaman
Səntək hirsdən partlayıb hiddətlənir “qəhrəman”
Fantastik hədələrlə qorxudur məxluqları
Xəlq edib-məhv eləyir, yoxluqdan-yoxluqları.
Əgər əslinə baxsan Allah da uydurmadır
Acizlər müqəvvası; qondarma, qəlp, qurmadır…
Kim ki, fəal deyildir o, ömr etmir, dolanır
Qidasız köpək kimi gödənçiyi bulanır.
Tənbəl, maymaq, yaşamır, mövcuddur heyvan kimi
Sadə yarlıq gəzdirir dünyada insan kimi.
Üsyankarlar, fəallar, bunlardır əsl insan
Mübarizlər var olur – diriölüdür qalan!
Canlılar aləminin yeganə şahı mənəm!
Vahid idarəçisi, əsrin, Allahı mənəm!
Qılıncdan keçirəcəm şəxsiyyət əsirlərin
Qırıb tarmar edəcəm istila zəncirlərin.
Adımdakı ləkəni yuyacam əməlimlə
Yeni həyat quracam öz qocaman əlimlə
Hə-hə! Şübhə edirsən? Gülürsən mənə axmaq?
Al, al, bir də alginən! Qandırandır bu toxmaq.
Əgər sözümü kəssən gözlərini oyacam
O divanə qafanı sorub kuful qoyacam.
(Susdum, çox qorxuludur cırnatmaq bu köpəyi
Çocuqluqdan yadımdan çıxmayıb qız kötəyi
Bununsa dəstəsi var bir xızandır cinləri
Lavatək dəhşətlidir amansızdır kinləri)
Diplomatlıq elminin doktorudur bu lələş
(Daxildən bədəməldir, üzdə; yaltaq və güləş)
Kim tanrıya inansa bir dəfə etdim qəsəm
Elənçi cayılların tamam kökünü kəsəm
And içdim ki, dünyada kim olsa Adəmsayaq
Zəhərli nəfəsimlə boğub edəm başayaq.

Qoy cütayaq heyvanlar məndən başqa allaha
Səcdə edib, yalvarıb, bulaşmasın günaha!..
Müəllimi olmuşam Leninlə-Stalinin
(Həmişə pənahıyam, anlayanla, halinin)
Çörçil də oğurlamış siyasi elmi məndən
Şagirdlərim üstündür hər biri digərindən
Molotov, Qaqanoviç, Xruşşovla-Malenkov
Qommunist rəhbərləri; çeka, Bulqanin, Jukov
Hərgah gündə ön dəfə səcdəyə düşməsələr,
Qocaman əllərimi, yalayıb, öpməsələr,
Misilsiz məharətim dansa onlardan biri,
Hamısını edərəm tək Dallesin əsiri.
(Mütləq diqtaturamı tənzimləmək üçün mən
Yaxşıca dərk edirəm, rezervin də gücün mən)
Çünki, əclaf Stalin qudurub axır zaman
Mütləq monarxlığıma olmuş idi bədgüman
İstəyirdi mənimlə rəqabətə girişsin
Təkcə zoru tanıyan siyasətə girişsin.
Guya ki, bərabərmiş, insan oğlu şeytana
Hər şey mümkün olarmış uzunqulaq heyvana…
O, nankör atamana öyrətdim cığallığı
Mənə qarşı çevirmək istədi dəllallığı.
Yol vermədim dəyyusa, sıpıxa tabelikdən
Dadlı bir zərbə yedi əlimdəki çəlikdən…
Filitlədim, uşaqlar tez onu rədd etdilər.
İnhisarım qaldı saf, maneələr itdilər…
Aykı (Eyzenhauer), qoca Dallesi bir də fəndgir İdeni,
Rezervdə saxlayıram, Çan Kayşiylə, qoy Çini
Təhlükədə əsdirib, zəncirdə saxlasınlar.
Mosqvanı titrədib təndirdə saxlasınlar.
Yoxsa, bic tələbələr qorxmasa ipə yatmaz
Qapdırmaq istəyəndə heç biri haya çatmaz
Məni inkar edərlər dəyənəyim olmasa
Elmimi də yıxarlar bic kələyim olmasa
(Deyəsən dinləyirsən? hikmətlidir bu çəlik
Rəhbəri də, malı da, ram edir şillə-təpik)
Əgər ki, olmasaydı Amerikanın sərt əli
Bir də, məlum Dallesin hədələyən zor dili
Sevimli bolşeviklər udardı bu dünyanı
Mənə zərər verərdi harınların üsyanı

Qılıncını qınında pasladardı cəlladım.
Fəallıq gəbərərdi batardı qiyam səsi
Bağrıma dağ çəkərdi kölələr qəhqəhəsi
Atom, hidrogen çıxıb mümkün deyildir üsyan
Amma vuruşmalara yadırğamayıb insan.
İndiki çaxnaşmada dövlətlər budaşacaq
Hər yerdə milli duyğu qaynayacaq, daşacaq.
Susan məzlum diyarlar hərbdən alacaq təkan
Qeyriiradi halda alovlanacaq üsyan
Dövlətlər, kölələri xüruca qaldıracaq
Kirimiş könüllərə vəlvələ saldıracaq
Onda, səninkimilər işə gələcək bir az
Çanağından çıxacaq; müti, kədərli Araz.
Bu ümumi savaşda Qafqaz da od saçacaq
Yumulmuş kor gözləri hərb alovu açacaq…
Zorakılıq yurduna çevrilib yer kürəsi
Dəyişilir hər ildə dünyanın xəritəsi
Adəm övladları da indi şeytan olubdur
Əziz şagirdlərimsə dönüb düşman olubdur.
Qartalmışam, qorxuram qəfil taxtdan yıxalar
Mənsəbimi qəsb edib məqamıma çıxalar.
Odur ki, axtarıram xam həriflər tovlayam
Yüyənləyib-yallayıb, hərbdən-hərbə qovlayam.
İndi kiçik adam da lazımdır böyüklərə
Siyasət, köçməlidir beyindən iliklərə…
Silahı hazır tutun kim gəlsə yaxın vurun!
Anarxiya yaradın sonrasa nizam qurun!
Elə edin ki, dünya dəyişib geyimini
Fəqət yeni qovğanın gizlicə rüşeymini
Hər vaxt münbit anatək bətnində pünhan etsin
Haçan get əmri versəm təzə qovğaya getsin!
Onda, sümük başları çırparam toxmaqlara
Varlığımı qandırram sənkimi axmaqlara…
Qayda, qanun, ədalət, namus, vicdan, doğruluq
Saxta örtüklərdir ki, görünməsin oğruluq.
Açıq vəhşilik dönüb, mədəni barbarlığa
Ki, xamlar xor baxmasın dəhşətli qəddarlığa.
(Çünki, cana doyanda sürü də qorxuludur
Onu; sarıb, kəsərlər, haçanki yuxuludur)

İndinin timsahları gizlədir dişlərini
Savab adıyla udur mal-insan leşlərini
Yedikcə qan ağlayır guya peşmandır heyvan (!)
(ovlar girir udlağa, təqsir ki düşmür ondan (?))
Qurdlar qoyunu yırtır müdafiə məqsədiylə
Yırtıcılar ot yeyir şikar keçincə ələ.
Tülkü və çaqqal olur çil toyuğun dayısı
Sosyalistlik eləyir kürən şimal ayısı.
Dünən qalstuq taxan sizin hav-hav alabaş
Leninizmi hürüyüb ad alıbdır, vətəndaş (!)
(Korların diyarında taygözlüdən şah olar
İnsanlar cücələşsə, çaqqaldan allah olar.)
Türkə ekiztaydır çiy ət yeyən slavyan
Bir qarından çıxıblar; Əli, Məmməd və İvan.
Fatma olub-Flora, Sonaxanımsa-Sonya
Xədicəyə xaladır ya Tamara ya Tonya.
Rus sözüylə təllənib; qədim, zəngin diliniz
Slavyançın yaranıb köləliyə eliniz.
Qosmopolit ad verib tükünüzü didirlər
Bir yandan da zor ilə qosmopolit edirlər.
Az müddətdə üç dəfə dəyişib əlifbanız
Əcəb demoqratlaşıb, vəhşiləşən dünyanız?!…
Kübrəsi ziyadədir çiçəklənir bu diyar
(Çünki, hər qarışında insan kəmikləri var)
Əcnəbilər müftəcə alır əla dənləri
Xruşşovsa, vədilə doydurur gödənləri.
“Könüllülər” ordusu, “vətənpərvər” kölələr
Xam torpaqda gəbərər həşəratlar kökələr.
Ərizə verib çoxusu gələcəkdir məhbəsə
“Könüllü” quşçuğazlar dolacaqlar qəfəsə.
Quldurlar əmr eləyir boğdurur xalq adıyla
Hər bəlanı törədib-doydurur xalq adıyla
Ucdantutma milləti at yerinə çapırlar
Əmlakını aşkara yağmalayıb qapırlar
Bir firqədən qoyulur müti, kölə deputat
Qorxusundan səs verib məcbur, seçir camaat
Qurbağaya şah olur Ezopun bic ilanı
Dəyənəklə, həq deyə, dedirtdirir yalanı..
“Hər şey öz xoşunladır könüllüdür köləlik”
Dəhşət, xovf, vahimədir, nəsibiniz gündəlik.

Sabah bu düşərgələr yenə gurrah olacaq
Rəislər də könüllü tükünüzü yolacaq
İndi hərb qorxusu var buraxırlar dustağı
Yonca vədiylə hələ işlədirlər ulağı.
Rəhbərlərə lazımdır qalbasa və top əti
(Qanıq canavar bilir nəyin çoxdur ləzzəti.)
Qoyun dərisi alır vergi adıyla rəhbər
Həm özü geyinəcək həmdə ki, qurd nazirlər
(Bəli, haraya qaçsan qurtarmazdır əsarət
Boğazına taxacaq buxovunu siyasət…)
Müasir donuzların Lenin orderi vardır
Xoruzlar da plana uyğun bala çıxardır
Alimdir fərəciklər, normanı dolmaq üçün
Qəzet şrifti yeyir, ilham təb almaq üçün.
(Reqordçular bu sayaq dənsiz yarışa girir
Kürüşnəsi tükənir fəqət məlumat verir –
-ki, mən vətənpərvərəm bədəncə lap camışam
Otuz gündə yüzəlli bala yumurtlamışam)
Eşşəklər şair olub Cavidi bəyənməyir
Xorla anqırışırlar düşür bəyirhabəyir
Qoduq qompozitordur, boz ulaq da bəstəkar
Səhnələrdə ritmiylə şıllaqlaşır sıpalar.
Vurğun, varis çıxıbdır Sabirlə Füzuliyə
Marqsizmi hürüyüb yiyələnib “biliyə”
Mirvarid ya Billuri yaxıb ləbə qırmızı
Olublar Türk xalqının şairə-ləçər qızı.
Meymunların hamısı eynəkli filosofdur.
Siqnalla yatıb duran kələkli filosofdur.
Ulayanda Qremlin qadir dəhşət kabusu
Avazına züy tutur, nazim, nasir ordusu.
Böyükləri bələyir fırıldağa çağalar
İncəsənət xadimi tısbağa-qurbağalar
Çamaq quraşdırmada oldular laureat
Stalindən aldılar yüzmin manat mükafat…
Bir sözlə, heyvansınız, qatışaraq naxıra
Boynunuz bizlənəndə böyürüşünkü: Ura!
Var olsun bizi minən, mərhəba ulu rəhbər!
Süksünümüz gicişir, dəyənəyini göstər!…
Kəs səsini həyasız, antisovet heyvərə!
Tutub buynuzlarından verərəm çeqistlərə.

Quyruğuna süpürgə, qulağına zınqırov
Bağlayaraq verərlər məhbəsə ilkin girov.
Zirzəmidə görəndə D.T.N cəlladını
Könüllü unudarsan murdar etiqadını!
Bir də böhtan deməzsən şura gerçəkliyinə
Sosialist ölkəmizin əlvan çiçəkliyinə.
Bu yurda xor baxanlar ya burjuydur ya casus
Sürük, rədd ol, itil get, bədəməl şərçi kabus!!!
(Qırışmala bir baxın gör necə pəzəvəngdir?!
Bunu kiritmək üçün doqquzqram gərəkdir.)
Müdrik rəhbərlərimiz əla vicdan əhlidir.
Tək-tük xırda rəislər; pozğun, zalim, zəlidir.
Səkkiz il qomsomolun adını daşımışam
Oniki il məktəbdə beynimi aşımışam.
Mənim yanımda heyvan, söymə ulu rəhbəri!
Get başqa yerdə axtar fəsadına müştəri!…
…Sözüm qaldı yarımçıq kəlləmi deşdi əsa
(uf, dəyyus-vələdəznə, səni sevən qan qusa!)
Siqnalı eşitcəyin üstümə düşdü ləşgər
Şıllaq, yumruq, dəyənək, vurdularki o qədər
Öldüm, dirildim, öldüm, axırda da bayıldım…
Möcüzdür, iş zəngini eşitcəyin ayıldım
Silah önündə yenə getdim külüng vurmağa
Yarımcanla işləyib qommunizmi qurmağa…

I gecənin sonu. 5 iyun – 8 iyun 1955

Düş (mabədi)

Bu axşam əsgiltdilər cəzamın on beş ilin
Hamı tövsiyə etdi atam siyasət dilin.
Dedilər ki, hökümət səxavətə gəlibdir
Dəyişdirib rejimi kəramətə gəilbidr.
Çoxdan həlak olsa da düşərgələrdə anan
İndi xəbər tutubdur, ruhu rahatdır, inan!
Yendiriblər “işini” on ildən üç sənəyə
Hərgah cismi düşdüsə gor adlı məngənəyə
Didərgin ruhu ilə canı dinclik tapaçaq
Heç olmasa məzarda xovfdan sərbəst yatacaq.
Qəlbən azad ediblər qərar qət olub daha
Kabuslar verməz əcir artıq o, bigünaha…
Bibin qızı zaçotla qurtarsa da, on ili
Pasport rəislərinin olmuş idi (əsiri) zəlili.

İndi onu da tamam “azad” edir bu qərar
Öz evində işləyib ölməyə tam haqqı var.
Abbasın da cəzası üç il oldu bu gündən
Təqibə son qoyular xof yox olar gözündən…
(Dedim: məzardakının hökmə yox ehtiyacı
Ölünü azad etmək?! – demək şirindir acı?
“Cəzasını çəkənlər” azad edildi, əvət!
Hətta iblis də deməz bu hoqqaya, səxavət.
Hamının hüququ var məccani işləməyə
Varını vergi verib yavan kömbə yeməyə.
Paltar geymək, ya yemək hürriyyət adlanmayır
Gödən zibillə dolsa beyində od yanmayır.
Zəkanın axtardığı azadlıq məşəlini
Qarın, libas, verəmməz o ilahi gəlini.
Sovetdə fərqi yoxdur “azad” ilə dustağın
Mən də bir az qanıram bolşevik fırıldağın.
Boynumuzda xamutu möhkəmlətmək üçün biz
Tam hüquqa malikik, bəli! Yoxdu dərdimiz
İstila pəncəsində diqtatura altında
Çeqist təpiyi ilə bəd senzura altında
Satqın əclaflar içrə qəddar bir şəraitdə
İnsanı qullaşdıran tam təhkimçi mühitdə
Azadlıq adı çəkən; sarsaqla, kəmağıldır
Şuralar “azadlığı” – əsatirdir, nağıldır..)
Nanəcib kütbeyinsən dediyində durursan
Böyük-kiçik qanmayıb günbəgün qudurursan
Səndən nəhəng adamlar məhbəslərdə məhv olub
Danəndə kəllələri qəfəslərdə məhv olub
Böyük hökümətlərin gücü çatmayan eli
Devirmək fikrindədir; miskin, həqir bu dəli (!)
Hətta bu imperiya yıxılsa da nagahan
Sənkimin mehtərlərə möhtac deyildir zaman
Nazir olmaq dilərsən? Bu başla, bu qulaqla?!
Bil ki, heç idarəni bəzəməzlər ulaqla…
Bəli, nazir olmağa çoxdan aludəyəm mən
Rəhbərlikçün yaranıb fəzilətli bu bədən!!!
Siz kimi heyvanlara cöplər də rəhbər olar
Eşşək xəcalət çəkər, yüksək ləyaqəti var…
Kim əsirgər; köləlik, gödən azadlığını?
Kim bacarmaz, cəlladın sadə “ustadlığını”?

Heyvan qanmır nə sayaq hüquq tələb edərlər,
Ac olsa işə getməz. Sizi isə didərlər
Yenə də, qana-qana çomağa sırvanarsız
Daldasa, it kimi zingildəyib yanarsız…
Bəli, çox kəllələri qazamatlar udubdur
Böyük əjdəhaları həşaratlar udubdur
O vaxtın hökmü elə, indininki belədir
Zaman əjdaha yeyir, atomla hamilədir.
İnsan qorxunc sanmayıb qulduru, indiyəcən
Yoxsakı o, qabildir pirata vursun yüyən
İndi xalqlar birləşir bloklar təsis edir
Onca da, bolşeviklər, şivənlə başın didir:
Ki, gəlin biz dinc yaşayaq, vuruşmayaq, sülh edək,
Sistemimiz yarışsın bahəm irəli gedək…
İndi guyaki yoxdur antoqonik ziddiyyət
Ya sinfi mübarizə, yaxud da mütləqiyyət…
Demək, qorxu güc gəlib qoyunu yırtmayır qurd
Yoxsa, müharibəsiz yaşamazdı qanıq yurd.
Nə tez yaddan çıxardız igid Finlandiyanı?
Sülhü güdən udardı məyər, Moldoviyanı?…
Yenə də tənha qaldım dağıldı “siyasilər”
(Həmişə yalqızlaşar acı dilli asilər.)
Əlbəttə, mənə xoşdur iblisin dəyənəyi
Nəinki, “qəmxarların” şirin üzüm tənəyi.
Heç olmasa o iblis şərləməyir insanı
Bunlarınsa rəzildir cər tikanlı böhtanı.
Kim ki, azadlıq sevir guya mənsəb axtarır
Şəxsiyyətindən ötrü xalqı məhvə aparır.
Stalin milyon-milyon sürdürdü leşxanaya
Almana boğazladıb verdi badi-fənaya
Otuz milyon milçəyin olmadı etirazı
Hamısı yetim kimi qəbul etdi qapazı.
Sonradan da bir tikə çörəyə satıldılar
“Ulu” sahiblərinin üstünə atıldılar…
Çeqistlərlə, rəislər minirsə də susurlar
Fəqət mənlə öcəşib, yazdığımı pusurlar
Başlayırlar höcətə iyrəndirirlər məni
Hardasan, şeytan qağa? Çəkəmmirəm qüssəni.
Tez ol harayıma çat! İstəsən hər bir saat
“Sevimli” çəliyini “nazir” başımda çatlat!…

Çox yormuşdu lapatqa xəndək qazan cismimi
Cəhlə davam etmədi könlümün həssas simi
Nəhayətdə danladım yenə özüm-özümü
“Yatağa” sərilcəyin yuxu yumdu gözümü…
… gəldi yenə sitarsız, zineyzadə o məlun
Söylədi: Salam sənə, ey divanə, gic, cünun!
Mənlikbazsan yamanca, ədə, nə eqoistsən?
Hər kəlmədən ürkürsən həqiqi qommunistsən.
Məndən qorxma, getmərəm yolunu oğraşların
Satqınlıqda, zirəkdir cütayaq qardaşların.
Firiştələr insana çox bəla gətirsə də,
Xəlvəti zərər vurub, bir xətər yetirsə də,
Onlar casus olmağı bacarmazlar, ay nadan!
Bu haqda hər xəbisdən; alçaq, murdardır, insan.
Mənliyini cilovla obyeqtiv ol bir qədər
Bir az söhbət edərsə indi şeytanla bəşər
Hər ikisi sevdadan mütləq olar feyizyab
Yaxşını al, pisi at, sonra həqqə et xitab…
Ax! Bildim! Çəkinirsən fəriştə xızanından?
Yaxşı! Sən deyən olsun! Qovaram məkanından.
Onda, tənha söhbətə asudə başlarıq biz
Müştərək anlaşarıq, çox az olar səhvimiz.
– Qovma əcinnələri, qorxmuram, lazım deyil!
Güruhdan pəsinirəm qorxuncdur bu əzrail…
– Hə, indi anlayırsan! Təkcə qalır bir əngəl
Onu da rəf eləsək, iş düzələr a cəncəl!
İndi səni aparıb göstərsəm mavzoleyi
Onda, təsdiq edərsən şeytan deyən hər şeyi.
Gedək! Iki caninin söhbətini dinləyək!
Nifrət edək insana, layiqsə əhsən deyək!
Görək, sən deyən kimi vicdanlıdırmı rəhbər?
Ya məndən də rəzildir, qaniçəndir qurdtəhər?…
– Yox, yox! Ora getmirəm ətraf tüfəngli əskər
Birdə ki, yoxlanışa çata bilmərəm səhər
Onda, izolyatora qapayarlar on gecə
Sonra, başqa məhbəsə yollayarlar gizlicə.
Qidasızlıq, işkəncə, öldürər məni erkən
Ailəmi görməmiş, ölmək istəmirəm mən…
– (Təbiidir qorxaqsan çünki şura əhlisən
Dəhşətin minbir dəfə ziyadədir – nifrətdən.

Stalin doğru deyir qulluğa yaranıbsız
Bütün bəşəriyyətdən seçilib, aranıbsız
Rəhbəriniz həm də siz bu qanlı imperiyadan
Müstəsna edilməzsiz. Xüsusi materiyadan
Başçı da yapılıbdır, siz də toxunmusunuz
Diqtatorun gözüylə çox düz oxunmusunuz..,)
Dəlisən, gicəlmisən? Burda qalır bədənin
Yalnız səfər edəcək nihan xəyalın sənin,
Səhərəcən qayıdıb toxdayacaq bədəndə
O vaxtaçan yurduma rəvan olacam mən də.
Qorxma! Xəyalla ruhu vurammaz; əskər, tüfəng
Bu sadə həqiqəti bilmirdinki, pezəvəng?…
– Yamanca gəvəzəsən, hərzə söz danışmasan
Mətləb aydın olmazmı, bu ki, olduqca asan?!
Tərbiyəsiz, hərcayı əsil bazar oğlusan
Söhbət tərzi bilməkdə düşüncəsiz toğlusan.
– Toğlu, küvər, dübür də sənin rəhbərlərindir
Məndən də çox söyüşgən dil o ləçərlərindir…
Sus! Kiri, cüvəllağı! Çağıraram dəstəmi.
– Artıq ondan qorxmuram özüm ölüm ay “əmi”!
– Aha, idrakın indi səni edir ziyarət
Daha siyasətçisən. Ölmək deyildir dəhşət
(Yaşamaqdan ötəri həlaka hazır olsan
Sənə təhlükə deyil; güruh, rəhbər və şeytan
Budur şura yurdunun əvvəlinci qanunu
Ölüncə qulağında sırğaya döndər bunu…)
Nəhayət razılaşdıq, bitdi qət olan səfər
Gördükkü uzadılmış yan-yana iki rəhbər
Gizləndik bir bucaqda insanla şeytan qoşa
Təlaş içrə diqqətlə gözlər etdi tamaşa
Aradan xeyli keçdi… qurcaşdılar ölülər.
(Bildim ona tabedir bu dünyadakı məhşər,
Doğrudan da səmada xudadır əsl sədir
Yerdəki qiyamətsə, şeytanlara tabedir)
Duasız möcüz etdi şeytan da peyğəmbərtək
Birdən Lenin danışdı, səsi həyəcanlı, titrək…:
– Yosqa! Nə həyasızsan? gürcüstan deyil bura
Rədd ol! Rus diyarından, məni gətirmə zara!
Uddun Trotsqini, Rıqovu, Buxarini
Yeyəmməzsən çopur qurd, təcrübəli Lenini!

Axmaq oldum o zaman səni yaratdım bəla
Şərq zülmünə yurdumu sən elədin mübtəla.
Doğma torpaq mənimdir, mavzoley də mənimdir.
Millətimin qanıyla boyanmış məskənimdir.
Mənim adıma qurmuş slavyanlar bu evi
(Onu da zəbt eləyir bu ifritə şərq devi.
Otuz ildə içdiyi rus qanı bəs deyilmiş
Məkanımı zorlayır quldurlaşmış bu keşiş!
Qancıqkimi aranı qatışdırdı, bu qanmaz!
Vurdurdu bir-birinə millətimi, yaramaz!
Axırda yiyələndi müftəcə səltənətə
İndi də göz dikibdir məndəki həq qismətə.)
İnqilabı doğmuşam, odur ki, fəxri şöhrət
Təkcə mənə çatmalı bunu deyir ədalət.
Xalqımın seçmələrin məzara göndərmişəm
Bu ideya yolunda həyatımı vermişəm.
Hamıya dov gəlmişəm qələm vuruşmasında
Layiq fateh olmuşam yalan quraşmasında.
Qarınları ac görüb vəd ilə doldurmuşam
Varlıların tükünü yoxsula yoldurmuşam.
Fabrik-zavod-fəhlənin, kəndlinin-qara torpaq!
Bu şüarı ilk dəfə mən demişəm, ay axmaq!
Məfkürəcə əzərək; eser, menşevikləri
Əbədi hakim etdim təkcə bolşevikləri
Hakimiyyət yaratdım bir vahid partiyadan
Təzəsini xəlq etdim ölən imperiyadan
Açdım yeni eranın görklü səhifəsini
Qanlara qərq elədim millətlər məhbəsini…
Öldüm, sən oğurladın əməyimin barını
Tabuta sürüklədin slavyan diyarını
Qarət edib boş qoydun inqilab baharını
Döndərdin piratlığa Marqsın meyarını.
Çevirdin dövlətimi qullar səltənətinə
Dadandırdın çeqanı proletar ətinə
Yedi qommunistlərin avanqard dəstəsini
Sümüklərlə təllədi ölüm düşərgəsini,
Uddu qolçomaqları, ziyalı, qananları
Sonra varlı adıyla gəmirdi qalanları.
Mədənilər yeyildi, tükəndi dövlətlilər
Xırpalandı diş altda bütün yağlı-ətlilər

Quyruq adlandı çoxlar, kəsildi lap dibindən
Sonrasa mahir çeqa fil yaratdı çibindən
Burjuy adıyla indi yoxsulu uddu zindan
Belə bic püxtəliyi bacarardımı şeytan?
Sürgündə, düşərgədə yaratdın 50 firqə
Qladiatorları topladın qanlı sirkə
Neron kimi başladın tamaşaya ay alçaq!
Haçanki bir-birini kəsib doğradı dustaq.
Şirnikdirdin oğrunu qancıq üstünə saldın
Maxnoçunu “yaşılla” boğuşdurub ucaldın
Xəspuşların əlinə verdin zor dəyənəyi
Siyasiylə mujiki yedi çıqan köpəyi.
Xalq gəmirdi bir-birin rahat etdin tamaşa
Bir söz deyən olmadı əliqanlı oğraşa
Avropa hakimləri vicdansız laqeyd kimi
Seyr etdi terror şahı bu adamcıl hakimi
Qarışmadı bir güclü heç “daxili işinə”
Əyləncə kimi baxdı yırtıcının dişinə…
Güclə qolxoz quraraq ürkütdün camaatı
Çekistlərlə doldurdun böthançı mətbuatı
Kimdən xoşun gəlmədi suiqəsdçi verdin ad
Günahsız insanları qırıb çatdın a cəllad!
Gürcüləri mindirdin boynuna millətimin
Yoldun qanadlarını müqəddəs şöhrətimin…
Artıq bəsdir, bir utan! Heç olmasa gorda sən,
Qoy doğma mavzoleydə vahid sakin olum mən!..
– Cik-cik öyrətmə mənə; püxtə, keçəl, qurumsaq!
Bir təpik zollayaram gövdən çalar başayaq!
İndi yoxdur dünyada dilə aldanan hərif
Yalnız zora tabedir; həm itaət, həm tərif.
Önündə titrətmişəm yüzmilyonluq elini
Çox asanca kəsərəm; qorxaq, pəltək dilini.
Gorda da rus rəhbəri şərqliyə baş əyməli
(Çünki şərqdə doğulmuş zorakılıq əməli)
Avropa despotları bizim tifilimizdir
İşləyib əldən düşən sadə mitilimizdir…
Nə çox slavyan deyib anqırıb bəyirirsən?
Rus adıyla dəm vurub; asqırıb, gəyirirsən?
Söylə haçan olubdur sizdən ağıllı rəhbər?
Aç tarixi vərəqlə, barı birini göstər!

Gah varyaq gah da Alman sizi idarə edib
Tatar, Monqol, Türk, Polyaq, İsveç, Fransız didib.
Pyotr, Romanovlar! Başdan tam gic olublar.
Məntək, çapıb-talayıb, şaqqalayıb-yolublar.
Terror, sürgün, düşərgə sizin ixtiranızdır
Həmişə qul doğan da əxlaqsız ananınzdır.
Sən söylə nə üçün mübahdır qanla terror?
Özün yaratmadınmı bu üsulu, diqtator?
İnqilab sənsiz oldu, bəs harda sülənirdin?
İşləmirdin, bəs hardan kabab da şülənirdin?
Yoxsul oğlu xaricdə illərlə nə yeyərdi?
Gəzib, kitab oxuyub həm mətbu söz deyərdi?
Milyon səninkimilər küçə süpürməyibmi?
Axırda vərəm tutub qanlar tüpürməyibmi?
Çarı sənmi devirdin, təkəsaqqal binamus?!
Özgənin əməyini qapmadınmı, a dəyyus?!…
Sən özün də minlərlə rusun miskin canını
Gülləyə qurban edib sümürübsən qanını.
Xaç qoyaraq Feliqsin tutduğu siyahıya
Məhkəməsiz, milyonlar uddurmusan çekaya.
Ağ gün adı altında xalqı dara çəkmisən
Bir ailə içində on ədavət əkmisən.
Qırdırmısan qardaşı öz doğma qardaşına
Bu cani fənd iylə də çıxıb dövlət başına
Musiqi avazından zövq almısan diqtator!
Hersoq Albanı ötən, cəllad inkivizitor!
İspanyanın yezuit qanununu sən oğraş
Yaxşı təkmilləşdirib etdin ruslarla qardaş
Robespyerin əlindən alaraq gilyotini
Qremlə sakin etdin Qonvent parazitini.
Ölkəsinə vətəndaş hərbi salmaz düz adam
(Öz aramızdır denən: tülkülükdə ustadam!)..
Düz yol ilə şöhrətə getməyi bilməyirdin
Çünki, yoxdu talantın onçün da bəyirirdin
Eşşək anqırtın ilə uca səda qazandın
Yüksəlmək pilləsinə bu metodla dırmandın…
Məndə də təb yox idi, zorla bu yolu seçdim
Oğrudan oğurladım müftə şərbəti içdim.
Sənin gizli fikrini mən keçirtdim həyata
Neçin bəs hürüyürsən, qan içən “dahi ata”?
Sizə rus qanı içmək guya tamam mübahdır?
Məyər gürcüyə bu iş; qəbahətdir, günahdır?

O vaxt gücün az idi bir az yalmanmalıydın
Bəzən diş qıcırdadıb, bəzən şırvanmalıydın…
Hətta 2 il əqdəm üsyan qaldırdı onlar
Onbeşmin həbs elədim sındı dikbaş boyunlar.
Bu haqda çox sağ olsun Bağırov adlı dəyyus
Lap vaxtında hayıma yetdi vəfalı casus
Bir hissəsi qaçdısa Türkiyəyə qəfildən
Qalanını yerində yaman boğazladım mən…
Bircə Tito heyvərə bicdi əlimdən çıxdı
Çində başım qarışdı oğraş əcəb sıpıxdı…
Ov, vuranın deyildir, zorlayıb tutanındır
Guya bu imperiya sənin öz atanındır?
Nə üçün de şöhrəti sənə verim, ay oğraş?!
Kim daha çox boğubsa, ona çatmalı bozbaş.
Rus xalqının adını mən şana çatdırmışam
Torpağına ikiqat ərazi qatdırmışam.
Sənin yüzəlli milyon qulun vardısa əgər
Səkkizyüzmilyon kölə tək adıma baş əyər.
Üç yüz dəfə adımı gündə çəkib mətbuat
Dühanın kölgəsinə tanrı deyib məxluqat.
Letqom, çılpaq, yalavac, kimdir məndən narazı?
Ura! Deyib hamının udqunmurmu boğazı.
Kütlənin nəzərində zorla hörgü hörmüşəm
Abrizə gedəndə də “tarixi” iş görmüşəm.
Yüzlərlə böyük “şair” süfrəmi yalayıbdır
Məddahlıq jarqonunda itdən pis ulayıbdır.
Keçmişdən də yazanda adım başda çəkilib
Guya həyatdan qabaq tək toxumum əkilib
Günəş də, məndən alıb parıltını, işığı
Mənsiz qoca dünyanın yox imiş yaraşığı…
Öyrətmişəm hamını qramla dolanmağa
Xoşbəxtik, şadıq, deyib; şırvanıb, yalmanmağa.
Sən fabriklə torpağı xalqa vəd etdinsə də,
Məhsul kimə çatacaq? bunu gizlətdinsə də,
Mən aşkara hamını qul etdim hökümətə
Diz çökdürdüm kütləni; terror ilə qüvvətə…
İliç! Nə nanəcibsən? Kor çeşmin görmür ziya?
Varmı, rus dövlətindən böyük bir imperiya?

Bunu kim yaradıbdır? Əclafsan, nankör insan!
Naşükürsən qurumsaq! Bunu unutma bir an!
Alicənabdı Yosqa çünki öz haqqın yeyib
Qədəh qaldıranda da ruslara sağlıq deyib…
– Qırıldama qudurğan, heyvərə, şərq despotu!
(Aldadammazsan onu, – İliç səndən də lotu.)
Qanlı imperiyanı son həddə gətirmisən
Böyütməklə labüddən məhvini yetirmisən
Yaxşıca tanımısan; sərxoş, qorxaq milləti
Sağlığına içməklə eləmisən top əti.
Öddəkdir səninkimi siyasətsizdir ruslar
Sadəlövhdür binədən fərasətsizdir ruslar
Öldür valideynini üzünə gül bir qədər
Cəlladının uğrunda onda ölümə gedər
Allahı, valideyni, araq ilə çomaqdır
Millətim səntəkidir; qanmaz və ……..
-Bəs niyə hürüyürdün? Axmaq, hərcayı keçəl?!
Yaxşıya-yaxşıyam mən, bədəmələ-bədəməl.
-Yalandır! Arsız tula, bəs onda tatarları,
Osetin, inquşları, çeçenlə bulqarları,
Türk-tatar əcdadını neçin qana boyadın?
Məyər bundan da sonra xeyirxahdımı adın?
Polyaq, Latış, Litvalı, Rumın və macarları
Alban, eston, çex, Alman, Moldovan, bolqarları
Bəs onları de görək qırdın axı nə üçün?
Uqrayna-Belorusu, rusu kəsdi ülgücün…
-Müsəlmanlar köhnədən qəddar düşmənimizdir
Hamısı antisovet kinli qənimimizdir
Vuruş çağı əksəri düşdü könüllü əsir
Ələ silah keçirib qazdı ruslara qəbir
Hitlerə at bəzəyib hədiyyə apardılar
Ürəyimə dağ basıb, bağrımı qopardılar.
Əksərinə zərrəcə daha yoxdur etibar
Doxsan faiz yağıdır, hamısı hirsli şahmar…

Heç məyər bilmirsənki Tatarlar illər boyu
Rus ellərinə qarşı axıblar çöllər boyu?
Toxtamış, Dimitrini didərgin salmayıbmı?
Mosqvanı yandırıb işrətə dalmayıbmı?…
Sən almadın; Polyaqdan, Litvalıdan intiqam
Rus xalqının alqışı sənə haramdır, haram.
Məyər çıxarmışdınmı Tevtonları yadından?
Namus, qeyrət çəkməkdə çox əskiksən qadından.
Türklərsə gürcüləri çox qol-qola çatıblar
Oğlanını-qızını bazarlarda satıblar.
Gürcü gözəlləriylə dolub hərəmxanələr
Qürbətdə sızıldaşıb sevimli dürdanələr.
Sisyanovun qanını qoyardımmı yerdə mən?
Dözərdimmi bircə an, yurdum düşən dərdə mən?
-Vəhşisən, dağıdansan, tumar bacarmayırsan
Siyasət aləmində qumar bacarmayırsan
Cənazəmə and içib, pozdun dediklərini
Ruslar sıfraq edəcək sənin yediklərini…
-Bəs sən özün Marqsın yolunu pozmadınmı?
Taleyin uduşunu adına yazmadınmı?…….
Düşdü dar mavzoleydə meyidlərin davası
Naşı tənəffüsümü boğdu zəhər havası
Qaçdım dalabxanadan, canilər məkanından
Yatağıma çatmamış gördüm ki, söküldü dan…
Yüyürdüm aşxanaya horramı aşırmağa
Sonra da vücudumu qonvoya tapşırmağa…

İkinci gecənin sonu. 8/VI-24/VI 1955
İyunun 8-dən 24-nə qədər müddətdə yazılıb.
Uxta


Düş*- duş, yuxu

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Hamlet İsaxanlı. "Xəzər"in sorağında

Bu gün Azərbaycanın ilk özəl təhsil ocağı Xəzər Universitetinin yaradılmasının 35 illiyi tamam olur. Klv.az saytı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, akademik Hamlet İsaxanlının “Xəzər”in necə yarandığını əks etdirən “”Xəzər”in sorağında” adlı kitabını təqdim edir. Kitabı bu linkə daxil olmaqla oxuya bilərsiniz. https://khazar.org/uploads/files/pdf/Xezerin_sora%C4%9F%C4%B1nda.pdf