Klv.az saytı “Xas şeirlər” rubrikasına Musa Yaqubun “Ruh söhbəti” şeiri ilə başlayır
Bu dəfə səninçün gül gətirmədim
Amma ürəyimdə qalmadı əhdim –
Qəbirstan gül açıb bu bahar çağı
Arada bir topa lalə ocağı
Elə bil əlimdən düşüb odlanır.
Qaymaq çiçəkləri həndəvərində
Göy otlar içində zərnişan yanır.
Tək bənövşə bitib lap yaxınında,
Mənə deyəcəyin gizli sözündü –
Xırda ləçəklərdə titrəyir səsin
Atam da, anam da yatır yanında,
Necə danışaq ki, eşidilməsin.
Gəl sükut içində mələk dilində,
Bənövşə dilində, lalə dilində,
Gül-çiçək dilində danışaq bu gün.
Cəhənnəm yəqin ki, çiçək bitirməz,
Bu incə çiçəklər cənnətdən gəlib, –
İncədən incə
Kim gedib görüb ki, biz də eləcə,
Gəl cənnət dilində danışaq bu gün.
Cənnət ağacımız tubu dilində,
Təbiət dilində danışaq bu gün.
Bir də qulaq verək o qərib səsə,
Qoyub başımızı gedər-gəlməzə
Daş məhbəs dilində danışaq bu gün.
Sonuncu sözünü tuta bilmədim,
Son nəfəs dilində danışaq bu gün.
Yatır daş altında ömürlər, illər,
Daşlarda çatlar var, torpaqda qatlar,
Xəzəli başında qaldırıb otlar,
Sarmaşıq üstündə hörüb çələnglər,
Yəqin ki, ruhundur bu kəpənəklər –
Kəpənək dilində, ruhun dilində
Bir mələk dilində danışaq bu gün.
Qəbrin min rəng alıb bahar çağından
Bənövşə dilisən, lalə ocağısan.
Asmışam könlümü gül yarpağından
Baxsan ürəyimi tanıyacaqsan.

