Rafiq Tağı-75
Hekayə
İndi Şövkətgildə radio səsi də, stəkan-nəlbəki cingiltisi də xoşbəxtlik əlamətiydi.
Murad anasına gözaydınlığına gələn olduğunu biləndə eyvana çıxdı. Səfurə aşağıdan onun onu görməyini qabaqladı.
– Ay oğul, həmişə eldə-obada! – şənlik məqamıydı deyə Səfurə özünü şən göstərdi. O indiyəcən sevinməyin dadını bilmirdisə də, şən adamlardan şən görünməyi öyrənmişdi.
Nə xarab olub arvad! Şəhərdə onun tayları hələ də qızlıq iddiasındadır.
Onlar keçib alma ağacının yaşıl yarpaqlı bircə budağı altında durdular. Elə bu ağac da geriləyib, bircə budaqlıq kölgəyə hünəri çatır. Yazdan yaza bir budağı çiçəkləyir; bircə budağı alma gətirir.
Uşaqlıqda Murad Səfurə xaladan utanardı, indisə Səfurə – Muraddan.
– Moskvaya haçan qayıdırsan?
– Üzümə xoş baxsalar, qayıtdı yoxdu!
– Dedim özümü göstərərdim…
– Göz üstə, özü də istəyirsən lap elə bu gün! Haran ağrıyır?
– Denən haran ağrımır. Kəndçi adamıq – hər yerimiz çürüyüb.
– Onda qalxaq yuxarı!
– Yox, hələ yox, xala qurban, onsuz hələ buradasan.
Sovxoz işində Səfurə xalanın günorta yeməyi evdən
gətirdiyi bir cüt qaynanmış yumurta, fincanda götürdüyü şor olur. Bir yavanlığı da üzümdü ki, elə kölgəsində oturduğu budaqdan dərirdi. O, yeməyə kalorisinə görə yox, qarın doyurmasına görə qiymət qoyur.
Bu yerin qadını əsas uşaqlıqda gözəl olur, bir az da qızlıqda. Onlar dünyanın zövq-səfasını yalnız övladlarının yeyib doymalarından alandılar. Burda kişili-qadınlı heç bir şəxsin yadına gəlməz ki, anası haçansa özünə təzə paltar alsın; amma onlara almaları yada düşür.
Səfurə evə dönəndə fikirləşirdi: əcəb yaxşı oldu bu gün Murada dərdini çatdırdı. Onun məzuniyyəti qurtaranacan üst-başını təzələdər. İndi cındırından cin hürkür. İnşallah, maaşı üzümüzə gələn həftəyə söz veriblər; özü də nə qədər az olsa, alt paltara ki, çatar. Onda özünü vurar rayon univermağına. Moskvanın xanım-xatın, gül ətirli arvadlarına baxan bir həkimin döşəmə əsgisindən fərqlənməyən uzunluqda ürəyini böyütmək nə lazım. Artıq qalsa, bir dəst də üst paltarı tikdirər. Ya tikdirmək gec başa gələrsə, tikilisini alar.
Amma indiyəcən kənd feldşerlərinə özünü necə var, elə də göstərib. Kül olmasın başlarına – onların nəyindən utanacaq!
Evdəki boğça paltarlarını həm qat kəsib, həm də nəinki havaya, hətta küləyə də versən, onlardan naftalin iyi çəkilməz. Xalqı özünə niyə güldürsün. Bir də o qədimi, qatbaqat tumanlar dəbdən düşüb. Ata evindən gətirilən şeylər nədənsə tez köhnəlir. Boğça paltarları bircə toydantoya, yasdan-yasa geyilmişdilərsə də, köhnəlmişdilər. Elə bil gözəgörünməz məxluqlar geyib köhnəldir, vaxt onları güvə kimi yeyir. Elə dərman da yoxdur ki, onunla vaxtı öldürəsən, pal-paltar təzə qala.
Ayın axırınacan bir də gedər, bu dəfə qonaqla oturar
da, bir stəkan çaylarını içər, olar evin əziz-giramisi. Adam gedib-gələr, olar yaxın. Yoxsa işi düşəndən-düşənə verilən salam-əleykümün bir qara qəpikcə qiyməti yoxdur. Düzdür, Murad onun cəlayi-vətən Yusifiylə bir sinifdə oxuyub, belə qurdlu fikirlər yatıb yuxusuna da girməz. Yenə elə özüdür qəlbiqara. Ancaq Şövkətdən ehtiyat edir. İnsan çiy süd əmib. Deyər, indiyəcən itirib-axtarmazdı, indi oğlum gəlib, şirin olmuşuq. Onun da özünə yox, sənətinə salama gəlir. Neynək, qoy lap Şövkət deyən olsun – sənətinə salama gəlirəm. Sənətkarın yanına gedərlər! Baxar, haqqını alar! Əlbət mən də özümə görə bir kişinin qızıyam; qoy o qoç boyda xoruz ona qurban olsun. Allahın köməkliyilə indiyəcən bir kəsdən üzükölgəli olmamışam, olmaram da.
Səfurə qıçı qıçına dolaşan, yay-qış beli ədyallı arvadlarla, beş-on ilə onlar kimi quru balığa dönəsi qızlarla sovxoz üzümü becərir. Başqa əlac yoxdur, yaşamağın yolu bircə ölüm səmtinə uzanandır. İşləməzsən, qalarsan ac. Gözəl olmağa nə ehtiyac – bu heç kəsin xəyalına gəlmir. Can sağlığı da ki, öz əllərində deyil – kim haçan dəvə kimi xıxdı, xıxdı. Kənd ambulatoriyasındakı başağrı, qarınağrı dərmanları, vitamin və qlükoza da ölüm qabağı almaq üçün deyil, bilmək olmur nə üçündür.
Maaş alanda Səfurə hesablayıb gördü qənd-çaydan
başqa alt paltara da çatacaq, ona görə kefi duruldu. Heç gün batmamış ları xoruzu vurdu qoltuğuna.
Şövkət həyətdə qab-qacaq yuyurdu.
– Deyirəm xoşbəxt adamsan ki, oğul qulluğunda durursan. Mənim dəlim heç əl boyda kağıza da qıymır. – Səfurə quyunun başında xoruzu əlindən buraxıb güldü. – Bu da toyuqlarınızın kişisi.
Xoruz əvvəl yad yerdə dörd yanına boylanıb qanadlarını çırpdı, elə bil idman elədi. Yerli toyuq-cücə ehtiyat üçün kənara çəkildi.
– Sən bacının canı, belə iş görmə, gedəndə tutum, apar evinizə.
– Çox sağ ol səni…
Murad da köynəyini çiyninə salıb həyətə düşdü.
– Ay xala, gəl çıxaq yuxarı, bu gün gərək sənə hökmən baxam, dərman yazam…
– Yox, xala gözlərinə qurban, bu gün yox. İnşallah,
gələn həftə gələrəm.
– Niyə axı, bu həftə qadağandır?
– Azar-bezarım qaçmır ki, qoy bir az da cəm olsunlar.
– Yusifdən nə xəbər?
– Eh, Yusifi danışma, əbləh çıxdı.
– Hara getsələr ha, axır başı vətəndir. – Şövkətin də
dərdi təzələndi.
– Murada nə var, Allaha şükür, Moskva evin içidir.
Bizimki gedib türməyə düşənlərdən də o yana. Barı
məzuniyyətəsə gələ.
– Görərsən, axırda tamam yığışıb gələcəklər, – Şövkət ona təsəlli verməklə özünü də sakit eləyirdi.
Səfurə gedəndə xoruz heç vecinə də almadı. Xoşbəxt məxluqdu ki, ayrılığı anlamırdı. İnsan üçün əsas bəla ayrılıqdır. Murad uzun-uzun ayrılıqların əsas səbəbini imkansızlıqda, kasıblığın üzü qara olsun – onda görürdü. Beş illərlə, on illərlə oğul ananın, ana oğulun üzünə həsrət qalır.
Getsələr, bir-birini görsələr, gərək dilənçi kökünə düşələr.
Gəl üzüm becərmək haqqıyla dünyanın qurtaracağına get, görüm necə gedirsən!
Səfurə evə gedə-gedə fikirləşirdi: sabah bazara dəyər, yalavaclıq alar, bir də əyin-baş. Qız vaxtında özünə paltar aldığıydı, onu da ata puluna. Öz puluna indiyəcən özünə bir geyinəcək almamışdı. Qızlığı yadına düşdüyündən gözləri doldu. Moskva həkiminin yanına gedəndə gərək layiqli geyinəsən.
Evə təzə çatmışdı ki, yoldan onu səslədilər:
– Səfurə!… Ay Səfurə! – səs ölməli briqadirindi, üzünü mürdəşir yumuşun.
– Gəl, nə işdi, gəl həyətə!
Qaranlıqda heç nə görünmədiyindən səs gəlib-gəlib lampa işığında idbar bir sifətə çevrildi.
– Səfurə, yenə plan dolmur axı.
– Dolmur, mən nəçiyəm?
– Gərək yenə kollektiv pul yığaq – hamı bir nəfər kimi.
– Elə hər maaşın başında bir fəlakət dolanır! İndi,
Səfurə, qazandığını ver, başla barmağını sormağa!
– Ay sən də demaqoqsan ha! Bə mükafata düşmək
istəmirsən?
Səfurə qeyzlə gedib otağa girdi, əvvəl işığı yandırdı,
sonra söndürdü, bununla da maaş qoyulduğu yerdən yoxa çıxdı.
Briqadir həyət qapısına çatanda kölgəsi nədənsə atılıb özündən qabaq yola çıxdı.
Təzə paltar Səfurəyə qismət deyilmiş. Gələn maaşacan da Murad qalmaz. Özünü yoxlatdırmaq qaldı gələn ilə. Ancaq gələn ilə nə var axı – cəmi bir il. Bir ilin çox da çox olmamağı onu sakitləşdirdi. Onun zənnincə xəstəlikləri eləydi,
yəqin bir ilə ölməzdi. Həm də o vaxtacan bir az kökələr, bu il elə yaxşı oldu baxdırmadı, qabırğaları sananır, elə bil aclıqdan çıxıb. Xəstə də oldun, ələngə olmayasan.
Bir axşam işdən qayıdanda Şövkətin qızı onunla birgə həyətdə peyda oldu.
– Səfurə xala, qardaşım tapşırdı bizə gələsən.
– Sabah, qızım! De ki…
– Bu gecə gedir axı.
– Bu gün bir az kefsizləmişəm deyə…
– Elə onsuz baxmağa çağırır.
– Yaxşı, gələrəm, get.
Qız evdən aralananda Səfurə dalınca qışqırdı:
– İşdi-şayəd gəlməsəm, yaxşı yol de! De ki, sağ olsun!
Otağa keçib divardakı vinetkada Muradın Yusiflə birgə şəklinə baxdı. Orda Murad lap sütül uşaqdı, qız kimi də bığı yoxdu. İndi, maşallah, kişi ki, kişi – üzünə baxmağa utanırsan.
«Xudahafiz, oğul, yolun pambıq, inşallah, gələn il baxdıraram. Onsuz da hər il gəlirsən, Yusif kimi deyilsən. Mən sarıdan ürəyini sıxma. Gələn ilə paltarımı təzələdərəm, onda xalaya baxarsan. Bir də xudahafiz… xudahafiz…»
Səfurə işıqları söndürüb, qapı-pəncərəni bağlayıb yola çıxdı. Evin yerində indi ev şəklində tünd bir qaranlıq dururdu. Çayın o tayındakı bacısıgilə gedirdi ki, dalınca bir də gəlsələr, evdə tapmasınlar. Ancaq körpüdən keçmək gözünə durmuşdu. Gecələr onun altına doluşan cin-şəyatin elə qız vaxtından onu qorxudur.
İyul 1986-avqust 1988

