Xəzər Universitetində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminar keçirilib

18 fevral 2026-cı il tarixində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Xəzər Universitetinin 35 illik yubileyi çərçivəsində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dilinin funksionallığı: müasir yanaşmalar” mövzusunda elmi seminar keçirilib. Tədbir müzakirə formatında təşkil olunub.

Tədbirin moderatoru, Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova giriş sözü ilə Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, ana dilinin milli kimliyin və mədəni yaddaşın əsas dayağı kimi rolundan bəhs edib. O, tədbirin Xəzər Universitetinin 35 illik yubileyi çərçivəsində keçirilməsinin xüsusi rəmzi məna daşıdığını qeyd edib. Azərbaycan dilinin Universitetin bütün ixtisaslarında milliyətindən asılı olmayaraq bütün tələbələrə məcburi fənn olaraq tədris olduğunu vurğulayıb. Bu münasibətlə Xəzər Universitetinin təsisçisi, Direktorlar və qəyyumlar şurasının sədri prof. Hamlet İsaxanlının “Yaşamağa nə var ki?” şeirinin əcnəbi tələbələrin ifasında hazırlanmış videoçarxı nümayiş olunub.

Tədbirdə AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru prof. Nadir Məmmədli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, yazıçı-jurnalist Natiq Məmmədli və Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi,Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, yazıçı, kino-dramaturq,şair İlqar Fəhmi qonaq qismində iştirak ediblər. Prof. Nadir Məmmədli “Alınma sözlərin dilə daxil olma prinsipləri” mövzusunda sözlərin alınma prinsipləri, lüğətlərinin tərtibi meyarları və leksik sistemin zənginləşmə prosesi barədə fikirlərini bölüşüb. Natiq Məmmədli “Azərbaycan dilinin mediada təzahür formaları” mövzusunda rəqəmsal platformaların dilə təsiri, media mətnlərində norma məsələləri və jurnalist məsuliyyəti barədə danışıb. İlqar Fəhmi isə “Müasir dövrdə ədəbi dilin estetik-psixoloji təsirləri” mövzusunda ədəbi dilin obrazlılıq imkanları, poeziyanın dilə təsir mexanizmi və oxucu-mətn münasibətləri üzərində dayanıb.

Məruzələrdən sonra tədbir qarşılıqlı müzakirə mərhələsinə keçib. Tələbə və müəllimlərin sualları ətrafında dil tədrisində mövcud problemlər, tezlik lüğətlərinin tərtibi prinsipləri, süni intellektin dilə təsiri, alınma sözlərin mövcud statusu, media diskursunda dilin inkişafı və tərcümə prosesinin ədəbi dilə təsiri kimi məsələlər geniş müzakirə olunub.

Tədbirin sonunda prof. Hamlet İsaxanlı çıxış edərək mövzuya dilçilik, mətbuat və poeziya prizmasından ümumi baxışını təqdim edib, ana dilinin həm elmi, həm də bədii müstəvidə qorunması və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, qonaqlara və təşkilatçılara təşəkkürünü bildirib.

Tədbir ərzində Musiqi və İncəsənət departamentinin müdiri əməkdar müəllim Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə Xəzər Universitetinin Kamera orkestrinin musiqi təqdimatı bu elmi müzakirəyə xüsusi bədii-estetik çalar qatıb.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Xəzər Universitetində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş bədii-musiqili tədbir keçirilib

20 fevral 2026-cı il tarixində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dillər qovuşanda” adlı bədii-musiqili tədbir keçirilib. Tədbir fərqli dillərin və mədəniyyətlərin söz və sənət vasitəsilə bir araya gəldiyi ortaq düşüncə mühitini nümayiş etdirmək, ana dilinin qorunmasının və inkişafının əhəmiyyətini […]