Pərvin Əliyeva. Volterin “Kandid” əsəri ətrafında daxili diskurs

“Volter dövlət başçılarından qat-qat üstün idi

– o, ideyaların başçısı idi”.

(Viktor Hüqo)

XVIII əsrin Fransadakı ən qalmaqallı, ziddiyyətli şəxsiyyətlərindən biri, əsl adı “Fransua-Mari Arue” olan yazıçı, maarifçi, filosof, şair “Volter” təxəllüsü ilə şöhrət qazanmışdır. 84 illik ömrünün (1694-1778) təbəddülatları onun yaradıcılığına təmas edir. Volterin yaradıcılığının nüvəsini dini inanclarla, fəlsəfə ilə bağlı mövzular təşkil edir. Deist olan filosof dini ehkamları inkar etmiş, dünyanı idarə edən tanrının varlığına inanmış, dinin əsas mahiyyətinin insanlara dəyərləri aşılamaqdan ibarət olduğunu görmüşdür. Volterə görə, insan dinin mahiyyətinə nə qədər varmaq istəsə də, sonda sadəcə hansısa ideyaya inanır. Volterin siyasi baxışlarına gəlincə, filosof toplumun ən seçkin insanlarının dövləti idarə etməsinin tərəfdarı idi. Volterə görə insanlıq üçün bir  nicat yolu var: dini xurafatı aradan qaldırmaq. O, ateist olmadığı üçün ona edilən təqiblərə, sürgünlərə, ittihamlara qarşı ömrünün sonuna kimi mübarizə aparıb, hətta ömrünün 50 ildən çoxunu sürgündə keçirib.

Mənim üçün oxuduğum kitablarda təsəvvür önəmlidir. Bu mənada ki, illik hesabatımda özümə “Hansı əsərdən yüksək təəssürat aldın?” sualını verəndə ona cavab verə bilim, hər şeyi səbəb nəticəyə bağlamayım. O səbəb nəticə ki, aralarında əlaqə olmalıdır. Bəs olmursa?!

Söhbətin hansı əsərdən getdiyini yəqin etmiş olarsınız: Volterin “Kandid” əsəri ətrafında daxili diskurs olacaq. Əsəri oxumağa başlayandan bir az sonra rahatca anlayırsan: bir ölçü hissi ilə mövzudakı keyfiyyət arayışdadır, vacibdir ki, bu əsnada bir bəhrə baş vurub durulasan.

“Kandid” məni nədənsə gələcəyə apardı. Niyə gələcək? Çünki mənlik hissini itirmiş istehlakçı cəmiyyətin elə indi də “Hər şey yaxşıdır, bu dünya da mümkün olan ən yaxşı yerdir” deyimini mənə xatırladır. Məhz “Kandid”də bu xətt kəskin keçir.

Volterin “Kandid” əsəri aydınlanma dövrünün ən güclü əsərlərindən biridir. Müasir təndiqçilərin fikrincə, müəllif bu əsərdə təkcə dövrün filosoflarını yox, insanın kor optimizminə sonsuz inamını dağıdır. “Kandid”in müəllifinin “hər şey mümkün olan yaxşı şəkildədir” tezisi dünyanın real faciələri ilə toqquşanda ironik şəkildə çökür. Volter bu ideyanı məhv etmək üçün ardıcıl olaraq qəhrəmanının başına müsibətlər yağdırır: təcavüz, zəlzələ, xəyanət, dini təqiblər.

“Kandid”i oxuyan insan düşünməyə məcburdur, üstəlik, sarkazmın alt qatında yatan ironiyaya gülərək. Zənnimcə, bu, Volterin əsas məqsədidir. O, insanın düşüncə tərzini satira vasitəsilə silkələmək istəyirdi. Volter sanki deyirdi ki, siz dünyanı ağıl və elmlə izah etmək istəyirsiniz, amma insanın bütün müsibətlərlər qarşısında acizliyi hələ də qalmaqdadır. Bununla yanaşı, yazıçı kor optimizmi rədd etsə də, ümidsiz deyil.

Həyat və tale həmişə üz-üzədir. Belədirsə, optimizm insanın özünün aldatmasıdır.

“Kandid”in dili sadədir, sadə olduğu qədər ironiyası soyuqdur. Məsələn, dini inkar etmir, ruhani şəxsləri, dinlə təşkilatlanmanı tənqid edir. Əsərdəki tarixi yanaşma əlamətləri analiktik yanaşma ilə özünü göstərir. Mətn başdan ayağa diskursdur.

İnsan fikrinin, izahının, mühakimə yürütmək bacarığının inkişaf ardıcıllığını “Kandid”in mətn dili ilə bəyanat verdiyini deyə bilərik. Çünki insan gerçəkliyi rəngarəng boyalarla görə bilər. Qəhrəmanın qəfil dəyişimlərlə dolu gözlənilməz həyatına bəxt sınağı kimi baxmaq naşı oxucuya xasdır. Ayıq-sayıq oxucu isə “Kandid” kimi əsərə təkcə öz zövqünə görə qiymət verə bilməz. Çünki əsər həm də öyrədir: “yanılmaqla necə yaşamağı öyrənmək olar?”. Hadisələrin absurd dərəcədə hər addımda fəlakətə çevrilməsi real deyil, hiperboladır. Axı idealist və sadəlövh olmaq Volterin nəyinə lazımdır? Axı o. birmənalı olaraq dinə, siyasi qurulaşlara, müharibələrə, insanların bir-birinə etdiyi zorakılığa qarşı idi. Bu səbəbdən problemleri absurd, bəzən də grotesk şəkildə göstərir, insan cəmiyyətinin acı reallığını, ədalətsizliyini xatırladır. Fəlsəfənin, boş abstraksiyaların faydasızlığı əsərdə mühakimə edilir, Viktor Hüqonun da dediyi kimi, artıq insanların qarşısında gerçəkliyin doğru-düzgün görüntüləri sərgilənir.

Boş nəzəriyyələr, böyük ideyalar insanı problemlərin həllindən uzaqlaşdırır, Panqlosun “bütün pisliklərin səbəbi var” müddəasını alt-üst edir. “Kandid”in dili ilə, əslində, Volter özünün fəlsəfi görüşlərini ifadə edərək deyir ki, insan üçün ən doğru yol dünyanı təhlil etmək yox, gündəlik həyatın özündə tapa biləcəyi, onu xoşbəxt edən xırda, amma mahiyyətcə böyük həqiqətlərdir: məsələn sevgi. Kaniqula baron nəslindən idi, onu Kandidə layiq bilmirlər. Kaniqulanın zorlanması, başına olmazın müsibətlər gəlməsi, Kandidin sevgisindən zərrə azaltmır. Volter üçün sevgi məhz bu dərəcədə ali və fövqəltəbii idi. Kandidin hər şeyin zərurətdən yaranmasını idrak edən təfəkkürü, əlbəttə, 180 dərəcədə dəyişməli, aydınlaşmalı idi. Bəli, o, bəzi hallarda yanıldığının fərqində idi. Müəllimi Panqlos filosof, hikmət mücəssəməsidir. Baş verən bütün hadisələrə münasibətində o da fiaskoya uğrayır. Paketadan sifilis xəstəliyinə tutulan Panqlos bu xəstəliyin Xristofor Kolumb tərəfindən Avropadan gətirildiyini söyləyir. Kandidin dostu Kakambo ilə El-Doradodakı müşahidələri, məhkəmə görmək istədiklərində məlum olur ki, burada məhkəmə yoxdur, qazamat da mövcud deyil. Burada heç kim mühakimə olunmur. Bu məqam qanunun, ya qanunsuzluğun, yaxud utopik cəmiyyətin hansısa çaları idi – bu, oxucunun müəyyən etməyə borclu olduğu saysız suallardandır. Sonra məlum olur ki, burada tiranlıq etmək yasaqdır.

Ədəbiyyat mənəviyyatı bütün ziddiyyətləri ilə göstərir, bu əsərdə ziddiyyətlərin ensiklopediyasına izahlarda məlum olur ki, mənəviyyatın özü də ziddiyyətlidir. Metafizika isə bunu çox vaxt gizlədir. Volterin “Kandid”i bu gizliliyi aşkar edir.

Ədəbiyyat insanın mənəvi həyatını təcrübəyə çevirir. “Kandid” bu təcrübədə həqiqətdə nəyin necə olduğunun təsdiqini axtaran əsərdir. “Kandid” dünyanın həqiqi maskasını çıxarır, həyatın anlam arayışında “həqiqət nədir?” sualına cavab axtarır. Volterin bütün ironiyası öz müqəddəs missiyasında sarsılmaz addımlarla irəliləyir.

İnsanlar baş verən bütün faciələrin fəlsəfədə cavabını axtarkən həyatın öz görünən tərəfləri daha inandırıcıdır. Müasir dövrdə də insan yalnız özünü aldatma ehtiyacını ödəmək üçün yaşamırmı? Bəli. Elə “Kandid”də də Volter insanların yalnız özünün aldatdıqlarını amansızlıqla, kor optimizm əxlaqı ilə üzümüzü çırpır. Əsərdəki konseptuallıq təkrarsız məzmun strategiyalarını təyin edir.

Sərhəd və sərhədsizlik içindəyik. Xoşbəxt dünya illüziyasını başdan-sona inkar edir, bizi qane edəcək heç nəyi tapa bilmirik. Doyumsuzuq, özümüzü aldatma mexanizminə qapdırmışıq. Volterin “Kandid”i mənə bir daha öyrətdi ki, xilas ideyada yox, fəaliyyətdədir. Tanrının insanı bu qədər faciələrlə üz-üzə qoyması, həqiqətən, qanunauyğunluqdur? Əlbəttə, yox. Xaos ilahi deyil, insani mənşəlidir. Əgər əksidirsə, tanrının ədaləti haradadır?

Volter “dünyanın mümkün ola bilən ən yaxşı durumda olması”nı məsxərəyə qoyur, Panqlosun fəlsəfəsinin insanı hərəkətsiz hala gətirdiyini sübuta yetirir. Bu zaman belə qənaətə gələ bilərik ki, Volter fəlsəfəni deyil, əməli müdafiə edir. Bu yerdə iki il əvvəl yazdığım ifadəni təkrarlamaq yerinə düşər: insan yalnız əməldən ibarətdir!

Volter 100 dən çox təxəllüsdən istifadə edib. Onun yaradıcılığı və şəxsiyyəti ilə bağlı yekdil fikrə gəlmək o qədər də asan deyil. Viktor Hüqonun onun haqqında yazdıqları, bəlkə də, kifayətdir ki, onu, az da olsa, anlamağa müyəssər olaq. Fəqət nifrəti inkar edib, sevgini, azad iradəni, insan varlığının mahiyyətinə işıq salan nəsnələri daim özünə şüar bilən bu yaradıcı şəxsiyyəti az-çox tanıya biləcəyimizə inanmaq istəyirəm. Çünki Volter özündən sonra sözün həqiqi mənasında böyük ədəbi irs qoyub gedib.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Xəzər Universitetinin əməkdaşları Hüseyn Əfəndi Qayıbzadəyə həsr olunmuş respublika elmi konfransda iştirak ediblər

22 dekabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında keçirilən “Hüseyn Əfəndi Qayıbzadə irsi – ənənə və maarifçilik kontekstində” mövzusunda respublika elmi konfransında Xəzər Universiteti tərəfdaş və fəal iştirakçı qismində təmsil olunub. XIX əsr Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Hüseyn Əfəndi Qayıbzadənin zəngin elmi-pedaqoji irsinin yenidən dəyərləndirilməsinə həsr olunmuş […]