Dümağ dünyanın səltənətində,
Ulduz-ulduz adamların yerə axdığını görüb,
Başını qaldırırsan, azman kimi baxırsan.
Baxırsan hələ də tozlu yollara,
Baxırsan qanadlanıb uçan quşlara.
Dolur piyalələr, birdən boşalır.
Hər yerdə son nəfəsin əlləşən izi
Əcəl təniylə.
Onlar üşüməz ki.
Onlar zamandan qopan zərrələrdir
Bilməzlər ki, bu dünyadan inciyə.
Rəqəmlər… onlar ən çox yalan satar insana.
Bir-biri ilə səs-səsə verib öpür zamanın gözündən,
Gözlərini bağladığına görə
Qarışmış fikirlərinə gülür qəhqəhələrlə.
Bir qızın səsində titrəyir qəm.
Bir-birinə qarışıb intəhasızlıq,
Ovcunda uçur vaxt,
İçində titrəyişlər, içində çiy səadət.
Ləbələb dolur Xəzər,
Köpüklər kölgələnir surətində.
Bir baş yamacına əsən küləktək
Sisli yerlərin yatağı göz yaşından dumana dönüb
Qalxır ucalıqlara.
Bir də baxarsan ki,
Ucalıq dediyin qərq edib səni
Hamıtək, heç kim olmusan.
Bir buğ səpələnər göyün üzündən,
Sükutla qapanar təkliyin səsi.
Çığıra-çığıra döyər dizini,
Yorar baxışlarının ayaqlarını,
Addımlar kiriyər, getmək istəməz ta üfüqlərəcən.
Sonra təşbehlənər yaddaşına həkk olan cismindəki aləm,
Düşər gözündə səhmana cansız bir əsər!
Surəti, mənzərəsi, ipə-sapa yatmayan sərlövhələrdə.
Ya xəyal qanadında,
Ya arzular qanadında.

