Abbasəli Əhmədoğlu. Bəhs (بحث)/”Argument”

Hüsndə Yusifə düşməz edə Cânân ilə bəhs,

Ey əzizim! Nə rəva, qul edə Sultân ilə bəhs?

Səcdə qıl yârə göyül, baxma o zâhid sözünə,

Adam ol! Mətləbi qan! Eyləmə Şeytân ilə bəhs!

Dəhənin nöqtə bilib əhli dəqâyiq O Məhin,

Bunda söz yox, nə edim bir neçə nâdân ilə bəhs?

Payi-Cânâna fəda qılmaq üçün vəsl günü

Sibqət etməkdə edər xəstə göyül Cân ilə bəhs.

Sünbülün hâlı pərişan görünür! Yoxsa edib

O yüzü qârə bu gisu-yi pərişân ilə bəhs?

Höccət-i qâtei yox qonça, vəli ağzın açıb

Bilməm eylər dəhən-i yârə nə burhân ilə bəhs?

Şer-i möciz əsər-i Seyyid ilə bəhs qılan

Elə dir kim eliyə aye-yi Qurân ilə bəhs! (4, s. 132-133)

Hz. Yusif (Ə.S.) İrfan aləmində gözəlliyin simgəsi dir. Yusif bəni İsrail peyğəmbərindən biri, Misirin əzizlik məqamına çatmış, Hz. Yəqub (Ə.S.) peyğəmbərin oğlu dır. Onun gözəlliyindən Misir qadınlarına söz açıb Yusifə niyə aşiq olduğunu haqlamaq istəyən Züleyxa qadınları bir məclisə toplayıb əllərinə portağal ilə pıçaq (bıçaq) verir. Yusifi qadınların məclisinə gətirdikdə, həyəcandan hamı portağal yerinə əlini kəsdiyini bilmir. Şair burada birbaşa Yusif surəsinə diqqət çəkmək istəyir.  Bu səhnə əslində insan üçün bir örnək (allegory) dir. Bu örnək insana belə demək  istəyir: Gərçək aşiq məşuqunun – Həqiqətin –  gözəlliyinə vurğun olanlar Həqqin gözəlliyindən başqa heç nəyi, özəllik’lə eşqin əzabını, heç vaxt  görməyib bilməməli dir. Bu dastandan sonra Şirin ilə Fərhad, Leyli ilə Məcnun, onun üzündən Romeo’yla Culiyet və onlara bənzər dastanlar da yaranıb dillər əzbəri olub. Amma Əsli ilə Kərəm dastanı onların hamısından əski, daha dərin mifik anlamlar daşıyır.

Seyyid Əzim Şirvani bu qəzəlinin ilk beytində belə demək istəyir: “Yusuf nə qədər gözəl olsa da, Canan ilə gözəllik yarışına durmamalı dır.” Yusuf bu misrada insan dır, Canan isə Allah. Bir başqa açıdan, Yusuf mürid dir, Canan isə Pir/murad. Əslində, irfan baxışında hər ikisi də Canlar canı Allah illə birləşərək vəhdət məqamına çatdıqda Tövhid yaranır. İkinci misrada şair birinci misranı aydınladır: “ Ey əzizim! Qula nə rəva dır ki Sultan ilə bəhsə girişə?” Bizim Sultan bildiyimiz ərəb dilində “məlik/الملک” olur. Quranda neçə yerdə, örnəyin Cümə surəsi birinci ayə, Həşr surəsi 23-ci ayə, Allah Məlik adlandırılır. Şair bu misrada Quranın neçə yerdə vurğuladığı ayəni ədəbi bir dildə yorulmayır. Bu ayələrin anlamı özlərini bilici bilib Quranın ayələrini sorğulamağa çalışanlara ciddi şəkildə ixtar (xəbərdarlıq) verib bu işdən çəkinməyə çağırır. Örnək üçün Qafir (غافر): 56-ci ayədə buyurur: “Özlərinə bir dəlil gəlməzdən Allahın ayələri üzərində mübahisə edənlər Allah yanında da, iman gətirənlərin yanında da ancaq böyük bir nifrət artırırlar. Allah hər bir təkəbbürlü günahkarın qəlbini belə möhürləyər.” (1, s. 473) Həmin surədə 69-cu ayədə buyurur: “Allahın ayələri üzərində mübahisə edənləri görmürsənmi? Onlar necə də Haqqa qarşı dönük çıxırlar.” (1, s. 475) Şura surəsi, ayə 35-də buyurur: “Bizim ayələrimiz üzərində mübahisə edənlər özləri üçün heç bir qurtuluş yeri olmadığını biləcəklər.” (1, s. 487) Məhəmməd surəsi, 15-23-cü ayələrdə belə insanların mübahisə etmələrini açıqlayaraq 23-cü ayədə buyurur: “Onlar Allahın lənətlədiyi, qulaqlarını kar, gözlərini kor etdiyi kimsələr dirlər.” (1, s. 509)

Nəsimi S. Ə. Şirvanidən öncə qul olmağı başarmayanların sultanı heç vaxt bilməyəcəklərini yazıb buyurur:

“Dəvi-yi məni, Nəsimi, aşiqə nişan gərək

Sən daxı qul olmadın, sultanı bilməzsən, yürü!” (2, s. 345)

İkinci beytdə şair insanı səcdə qılmağa çağırıb deyir: “Yara səcdə qıl, o zahidin sözünə baxma”. Sən zahidə desən “İnsana səcdə qıl” səni hətta məçiddən (Məsciddən) namaz qıldıqdan sonra çıxarkən qəmələyər. Quranı gözəl bir parçaya bürüyüb cehizində evinə xeyir bərəkət kimi gətirən, yola çıxarkən altından keçib öpən, amma heç üzündən oxumağını bilməyən zahid Allahın ona buyurduğu əmri də bilməz. S.Ə. Şirvani belə cahillərə yazığı gələrək “Adam ol! Mətləbi qan!” deyərək Bəqərə surəsi, 34-cü, Əraf surəsi, 11-ci ayələrə birbaşa diqqət etməyimizi istəyir.

Bəqərə surəsi, 34-cü ayədə buyurur: “Bir gün biz mələklərə “Adama səcdə edin!” dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O isə çəkinib təkəbbür edərək kafir oldu.” Əraf surəsi, 11-ci ayədə isə buyurur: “Sizi yaratdıq, sonra sizə surət verdik, sonra da mələklərə dedik: “Adama səcdə edin!” İblisdən başqa hamısı səcdə etdi. O səcdə edənlərdən olmadı.” Zahidlər də İblisin sözünü deyir: “Olan, sən mənə deyirsən, tövbəstafurullah, Allahı qoyub Adama səcdə edim, Kafir?!” Bu səcdəni Həllac, Ariflərin sultanı Nəsimidən tutdu, Əttar, Şəbistəri, Nəimi, Şəms, Rumi, Şah Nemətuulah Vəli, Aşıq Paşa, Y. Əmrə, K.H. Xarəzmi kimi və çoxları vurqulayıb. Bu məqalədə hərəsindən bir örnək gətirsək söz uzanar. Yalnız Nəsimidən bir neçə beyt gətirmək yetərli olar. Nəsimi buyurur:

Üzüvə, ey nur-i Həq! kim ki sücud eylədi

Adı mələk dir anın, div-i pəlid olmadı.” (2, s. 289)

“Sücudə gəlmədi Şeytan, hidayət bulmadı nura,

Sana hər kim sücud etdi, ona Həqdən əta gəldi.” (2, s. 299)

“Əhsən-i Surət” dir Adəm, səcdə qıl insana kim

“Vəbodu iyyahu vəscid” xaliq-ul insan dedi.” (2, s. 309)

Quranda yazılmış, Allahın əmri ilə mələklərin səcdə etdiyi adam kim ola bilər? Ariflərin baxışında varlığını, gözəlliyini, cismini, var-dövlətini, elmini, ağlını, bir söz’lə hər nəyini özündən bilən dev yaxud İblis olar. Tam tərsinə bütün onların hamısını Allahdan bilib Onun varlığında yoxa çıxan isə gərçək adam olar. Bir başqa deyimdə, ikincisi diri insan dır, birincisi isə ölü. Hər nəyi Allahdan bilib Allahın varlığında yox olmaq məqamına “fəna fillah/فنا فی الله” (ingiliscə: annihilation) deyilir. Bu məqama çatan Tur dağındakı yanar yaşıl ağacın məqamına çatır. O yanar yaşıl ağacın dili ilə Allah Musa (Ə.S.) peyğəmbər’lə danışıb “Ənə rəbbük” deyir. (1, Taha surəsi, ayə: 12) O məqama çatmış bütün ariflər “Ənəl-Həq” demək, Mənsur olmaq məqamına çatar. Bu məqamda Allahdan başqa heç nə, heç kim qalmır. Tövhid dəqiqən bu məqama çatmaqda anlam tapır. Yoxsa dildə “Allah-Allah” deyib, namaz qılıb, oruc tutmaq, əldə bir təsbeh oynadıb saqqal uzatmaq, xalqın qanını şüşəyə çəkmək Tövhidə inanmaq dəyil. Şairin, eləcə də bütün ariflərin, mələklərin səcdə etdiyi insan isə adam olmağı basarmış insan dır.

Üçüncü beytdə şair deyir: “Dəqiqlər əhli o Ayın ağzını nöqtə bilib, bunda isə söz yeri qalmır, mən nadan ilə necə dartışım?” Aydan mənzur irfan aləmində birinci yerdə Hz. Məhəmməd (S.Ə.), sonra da pirlər dir. Niyə Ay? Qurandakı Nur Surəsi, ayə 35-də Allah yerin, göylərin nuru təqdim olunur. O günəşin nuru bəşərin qaranlıq gecəsində, başqa söz’lə cahil varlığında, ay günün işığını yerə yanqılayan kimi cahil insana çatdırır. Onun ağzı nöqtə dir. İrfanda bir əlif üç nöqtədən yaranır. Bu hesab’la bütün hərflər nöqtədən başlayır. Peyğəmbərin ağzı nöqtə dir’sə, onun başlatdığı irfan da Quran ya Allahın insana peyğəmbərin ağzı’yla çatdırdığı vəhyin sözü dir. Bu o demək dir ki Peyğəmbər özündən heç nə demir. Nə deyib’sə, Allahın buyurduqları dır. Onun vəzifəsi Allahın buyurduqlarını insana çatdırmaq idi. Quran bunu neçə yerdə vurqulayıb. Haqqə surəsi, 38-50-ci ayələrdə buyurur: “Gördüklərinizə də (38) görmədiklərinizə də and içmirəm (39) Bu sayqıdəyər bir elçinin sözü dir (40) O, yalanyerə inandığınız şair sözü dəyil (41)  O, yalanyerə sizi düşündürən kahin sözü də dəyil (42) O aləmlərin Rəbbi tərəfindən vəhy edilibdir (43) (Məhəmməd) bəzi sözləri özündən uydurub bizdən olduğunu bildirsə idi (44) Onu sağ əlindən tutub (45) sonra da şah damarını kəsərdik (46) Aranızdan heç kəs bunun qabağını ala bilməzdi (47) Doğrudan da bu Quran müttəqilər üçün bir öyüd dir (48) Aranızda Quranı yalan sayanların olduğunu da bilirik (49) və doğrudan da bu Quran kafirlər üçün bir həsrət dir (50). S.Ə. Şirvani buna görə bir neçə nadan ilə dartışmağı gərəkli görmür. Nəsimi babamız da buna görə belə buyurur:

“Əhl-i irfan ilə eylə söhbəti, dana isən,

Heyf ola olmaq müsahib dogma bir nadan ilə.” (2, s. 161)

Bu beytdə “dogm” fəlsəfi anlam dır. Düşüncələrində israr edib yüzdə yüz düz olduğunu vurğulayaraq başqa düşüncələri rədd edən, “toyuğun bir qıçı var,” deyib and içənləri Nəsimi dogma nadan/cahil hesab edir. Fəlsəfədə ingiliscə “dogmatism” dəqiqən bu anlamda işlənir. Bu bizim Türkidən alınma bir sözcük dir.

Dördüncü beytdə şair “vəsl” gününə işarə edir. Bu gün irfan düşüncəsində qiyamət günü yaxud Həqq özü insanların üzünə çıxdığı gün dir. Şirvani kimilər bu görüş üçün can atıb tələsərlər. Çünki onların bütün yaşamı bu üzə baxmaq’la keçib. Başqa yorum’la desək, ariflər bütün yaradılmışları Allahın əslində bir olan fərqli “surətləri” olaraq görüb sevərlər. Bu baxışda Allah Həqqi batildən seçə bilən arif insanın gözündə birbaşa görünməz. Onun gözündə görünmək üçün Allah bütün yaradılmış dünyadakı hər nəyi özünü əks etdirən ayna olaraq yaradıb. Bu aynaların hamısı da arifin qəlbində birləşər. O üzdən arifin qəlbində hər nə Allahın yaradılımışı olduğuna görə, onu əks etdirdiyinə görə sevilməli dir. Gərçək sevginin anlamı da elə bu dır. Onların baxışında pis deyə bir şey yox dır, çünki hər nəyi yaradan Gözəllər gözəlinin Özü dir.

Beşinci beytdə “Sünbülün halı pərişan görünür” yazır. Niyə pərişan? Yoxsa o üzü qara sünbül bu dağınaq saç’la dalaşıbdır? “Gisu-yi pərişan” ya öz doğma dilimizdə desək “dağınaq saç” nə ola bilər? Bu sualın cavabını daha başqa bir pir, bir arif belə yazır:

“چون تو را ایمان به کفر زلف نیست               دعوی دین مسلمانی نکن” (ِ3., qəzəl 1256, s. 406)

“Zülfün küfrünə imanın yox dır’sa, Müsəlmanlıq dininin iddiasını etmə.”

“کفر زلف اوست عالم سربسر          کفر زلف از نور ایمان برفکن” (3., qəzəl 1268, s. 410)

“Aləm başabaş Onun saçının küfrü dir, zülfün küfrünü iman nuru’yla yerə sal.”

Ə. Şirvani beşinci beytdə çox incə amma zəngin bir istiarə işlədir. Sünbülün halı ona görə pərişan, üzü qara dır ki vaxtını bu dünya ilə yarışmaqda, dalaşmaqda heçə verib. Küfr leksik baxımda “həqiqəti ört-bas etmək, gizlətmək” anlamında dır. İnsanın aynadakı üzü görmək yerinə bütün diqqətini aynanın özünə versə, aynadakı üzü görməkdən məhrum olar. Buna görə arifin gözündə dünya bütün gözəllikləri ilə Allahın üzünü gözdən gizlədən zülf kimi simgələnir. Arif o zülfü nə qədər sevsə də, yarın üzünü görmək üçün o gözəllikdən bütün keçməli dir. Bu nədən’lə arifin inamında bu küfrü bilmək əsil iman, əsil müsəlmanlıq dır.

Altıncı beytdə bədii baxımdan çox incə, eyni halda neçəqatlı bir istiarə, bir görüngə (təsvir) var. Qonçanın ağzı niyə açıq dır? Ağzı yırtıq qonçanın gətirəcəyi kəskin, inandırıcı bir dəlil yox dır, ancaq bilmirik nədən ağzını açıb mübahisə edir? Qonça bir gülün hələ yetginləşməmiş kal durumu dır. Arif insan onu qəmələyib öldürən cahilə də gözəl göz’lə baxdığına görə onu gül qonçasına oxşadır. İrfan dünyasındakı mütləq sevgi özünü belə gözəlcəsinə canlandırır. Arifin sonu bilinməyən biliyinin qarşısında heç güclü, inandırıcı bir dəlili olmayan cahil kor kimi tutduğunu buraxmayıb arifə gözünü yumub ağzını açır.

Yeddinci beytdə şeri möcüzə sayılan Seyyid Əzim Şirvani ilə bəhs qılan sanki Quran ilə bəhs edir. Doğrudan da elə dir. Seyyidin yaradıcılığı, özündən öncəki ariflərin əsərləri kimi insan dilindən axıb gəlmiş şerlər kimi dəyil. Əsil ilahi möcüzəsi, Quranın ayələrinin yorumları eyni halda Quranın özü kimi qat-qat anlamlar’la zəngin mətnlər dir. Bu mətnlərin dəqiq nə dediyini bilmək üçün hər nədən öncə – ariflərin vurğuladığı Quranın buyurduğu kimi – Allahın icazəsi olmalı dır. Sonra ağır bir yol getmək gərək dir. O da dünya ədəbiyyatı, mifləri, klasikləri oxuduqdan sonra Quranı ardıcıl oxumaq gərəkir. Əlbəttə yalnız kitab oxumaq’la arif olmaq olası bir iş dəyil, ancaq bütün ariflər bəşər elminin dərinliklərinə varmağı təriqətin başlanışı kimi, riyazət kimi vacib bilirlər. Şairin son beytdə öz dediyindən bir anlam da aydın olur: Onun dediklərini bilməzdən yozmaq (tərsinə yorumlamaq, pis təfsir etmək) şairin düşüncəsinə olan sayqızıslıq, eləcə də ağır sorumluluq dır. Biz bu günahdan Rəbbimizə sığınırıq.

Qaynaqlar:

  1. Quran-ı Kərim, Məlik Fəhəd adına Müshəf-i Şərif Çap mərkəzi, Mədinə: 2024, 604 s.
  2. Nəsiminin Divanı, Tazə gülüstan, üzənləyib önsöz yazan Bəhram Əsədi, Urmiyə: Yaz Nəşr, 2019, 1200 s.
  3. Şah Nemətullah Vəli Divanı, düzənləyib önsöz yazan: Səid Nəfisi, Tehran: Nigah yayınları, 2006, 735 s.
  4. Şirvani S. Ə. Divanı, düzənləyib önsöz yazan: Səid Dadızadə, Təbriz: Nəşr Əxtər, 2018, 608 s.
Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ülvi Babasoy. Maşınların doğduğu insanlar - Seksizim, gənclik, trend olmaq ehtirası

Bu gün hər şey, hətta insan belə gündəlikdir, trenddir. Hər insanın istifadə müddəti var. Günlük, aylıq və ya illik. Hətta birdəfəlik əşya kimi də istifadə edilir. İnsanların özlərini yaxşı və ya pis hiss etmələri belə başqalarına görə müəyyən edilir. Tutaq ki, gənc, gözəl, yaraşıqlı bir qadın və ya kişi sosial […]